YA RƏŞİD ŞERİF, YA YARADAN!
Düz on aydı ki, heç nə yazmamışam.
Adının uğuruna inancla başlayıram.
Rəşid Şerif, sərginə getdim uşaqlarla. Gəlin, birincidən başlayıb baxaq, dedim. Razılaşdıq. Ancaq birincini tapa bilmədik. Və "57"-dən başladıq.
57 - "Dəniz. Balıqçı" - Düzü, o balıqçının o dənizdən nəsə tutacağı heç cür ağlıma girmədi.
Hə, Rəşid Şerif, yaxşı yadıma düşdü. Görəsən, hökumətin bu sərgidən xəbəri varmı? "26-lar" poemasını xatırlayırsanmı, hə? "O xəbər tutsaydı bütün sədləri, bütün cəbhələri vurub yarardı..." Yaxşı ki...
41-də sən "Quyu"nun içindəydin.
44-də isə, "AğacIN portreti". O gün, o portreti çəkən gün nə qədər mutlu olduğunu duyuram. Ağac özü öz portretini çəkdirməyə gəlibmiş yanına. Adam kimi danışırmış. Sən də "Ağac portreti" yox, "Ağacın portreti" qoymusan o rəsmin adını. Məsələn, "Rəşidin portreti".
Rəşid Şerif, təxminən iki-üç il öncə, bir gün, "bir qarışqa yuvasında, qarış-qarış həvəsində, qarışqanın əvəzində hamıdan küsülü qaldım..." Və düşündüm ki, darıxma, qarışqa qardaş, bir gün sən də adam kimi yaşamalı olacaqsan. Bir də belə baxıram, çox çəkməz sən, sən qarışqa, çiyninə alıb bu adamları daşımalı olacaqsan. Hə, Rəşid Şerif, sənin "Qarışqalar cığırı"nı görəndə, dedim, elə Rəşid bu cığırı mənim düşündüklərim üçün salıb, fil yolu boyda, qarışqalar üçün yox. Deməli, yol da hazırdı, o gün gəlib çatıb...
20-də səni "YUXU"da gördüm. Sən uçursan. İşıq lap ovcunun içindədi. Başın GÜLLÜKLƏRDƏ itib. Sən uçursan. Yuxuda...
"Vaqif", "Rauf", "Ramazan" - Vaqif də, Ramazan da yaradırdı. "Rauf" isə İlahinin yaratdıqlarındandı. "Ramazan"a baxanda Ramazan özü gəlib çıxdı. Dedim, elə sənə baxırdım, gəldin. - Nə bildin mənəm, - dedi, təəccübləndi, - Qəribədi, Azər də tapdı... - Bir az susub, - Əsərin adı "Ramazan"dı, - dedim.
Və peşman oldum.
Rəşid, saqqalın zor tutur səni, mənim də saqqalım elə olsaydı, lap zor olardı... Hər səni görəndə saqqal haqda soruşmaq istəsəm də, utanıram.
Rəşid, mən də evlənməyəcəkdim...
Rəşid Şerif, bizim "Azad söz" nə vaxtdı ki, çıxmır. Dörd sayını birtəhər quraşdırıb buraxmışıq, beşincinin də adamların üzünü görəcəyinə heç bir ümidim yoxdu, çünki o qəzet səndən, məndən və bir də bizdən başqa heç kimə lazım deyil... Sən Zamin Hacını tanıyırsanmı? İndi rayona gedib. Sənin sərginə gələ bilməyəcək. Yaxşı, Adil Mirseyidi necə? Çoxdandı Adil Mirseyid yoxdu. Görmürəm.
Sənin sərgindən çıxdıq. Yarıçılpaq, pişik balasıtək hamar qızlar fikrimi dağıtdı, qoymadı sənin rəsmlərini düşünüm. Lənət şeytana.
Yadıma Orxanın (Rəşid Şerifin güllərinə) "On iki həpəndin həppi-əndi" yazısı düşdü. Mənimsə yazılarımın heç biri onun yadına düşmür.
Özü şən, səsi isə çox yorğundu son vaxtlar. Orxan səni SƏHƏRƏ dəvət etmişdi, getdinmi? Hə, "Səhər" adlı kitabı çıxdı onun. Almısanmı? Alıb oxumusanmı?
Rəşid, bukinistdə Munkun, Rembrantın, Pikasso, Pisarro, Velaskesin gözəl albomları satılırdı. Hərəsi 200-250 dollara.
Səndən bir xahişim var. Mənə bir şəkil çək. Adı "Üç (4, 5, 6, ...) sərçə"; - Təkcə bir qarış budaq, üstündə də üç (...) sərçənin hərəsinin bir ayağının yalnız bircə barmağı görünsün o rəsmdə, vəssalam. Bilirəm, çəkməyəcəksən.
Kaş, bir rəssam dostum olaydı...
"Azadlığ"ın bu yazı çıxan sayında sənin karikaturan gedəcəkmi? Elə istəyirəm ki...
S.A. (Sözardı). Vatman üzərində ofset boya üsulu ilə, "quru fırça" üsulundan faydalanmaqla çəkilmiş əsərlərinin ilk fərdi yaradıcılıq sərgisinin prezentasiyasına da gəlib çatdım. (Mən bu sözləri anlamadım - vatman, ofset boya...).
Bu dəfə sənin 1-ci rəsmini tapa bildim - "Balıq" - pivəylə zor gedərdi, heyf ki, pivə yox idi "şvedski stolda". Hələ ki, stol açıq elan olunmamışdı Vaqiflə salamlaşanda, o, Kərbəladan nəsə dedi, mən isə 3-cü "Sudan gəlir"in önündəydim.
Rəsmin üstünə ağcaqanad qonmuşdu.
Sənin xoşbəxtliyindən dəvət olunan ziyalıların çoxu gəlməmişdi. Gələnlər də bəs eləyirdi.
Mən siqaret çəkmək istəyirdim, utanırdım. Yanımızda dayanmış xanım çəkməsəydi, külüm çıxacaqdı... (Rəşid, eşitməmisən, AXC-nin 3-cü qurultayında bir xanım siqaret yandırıb yeni proqramın müəllifi Hüseynbala Səlimova deyib ki, bəy, sənin proqramında milli kolorit çatışmır...)
S.S. (Son söz). Dişimi çəkdirib gəlmişdim. Heç nə yeyə bilmədim. Ona görə də heç nə həzm eləmədim. Neynim?.. Heyf!!!
26-27 iyun, 1995-ci il
Açar sözlər:
Yazar:
PARVİZ | Tarix: Oktyabr 10, 2007 23:28 |
DOSTLAR ÜÇÜN |
| Baxış sayı: 118