HƏDİYYƏ ADAMLAR KİMİ...
SALAM Allahın adıdı. Demək, bu gün Allahın günüdü. ADının günüdü. Səninsə GÜNÜN yoxdu.
Nə mal, nə mülknən gəlmişəm,
Nə dəmət gülnən gəlmişəm.
Təm-tək, boş əlnən gəlmişəm
Hədiyyə adamlar kimi.
(Özüm)
"Yatırsan ayılıb xoş gün görəsən,
Ayılıb görürsən yenə gün çıxıb..."
Sənin heç Doğum günün də yoxdu. Sən hər gün doğulanlardansan. HƏRGÜN sənin doğum günündü. Hər gün olsa belə, səni təbrikləmək bizimçün çox asandı. Allah üzümüzə baxıb. Səxavətini bizdən əsirgəməyib. Səni qutlamağa dostlarına bolluca BOŞ ƏL verib - boş əl dəməti. Elə gözəl büküb əlimizi, elə gözəl büküb ki... Sənə hədiyyə vermək az qala bizimçün salam vermək yerindədi. Hətta görənlər çaş da salır. Allah hər gün doğulan adamı yaradanda ona hədiyyə çatdırmağın yolunu da gözəlcə düşünüb. Mən ən azı elə buna görə Allahı sevirəm.
Kirayə qaldığın TƏK otaqlı mənzildə BOŞ ƏL dəmətlərin əlindən əl tərpətmək mümkün deyil. "Səndə çiçək teeez solur..." Ama bizim bu boş əllər solmur da barı "süpürgə bağlayasan"; heç olmaya dostlarının cibini süpürməyə, adamların ürəyini - axı toz basıb hamısını. Sənin dostlarına Allahın lütfü onların əllərini büküb də boşluğunu həmişəyaşıl saxlamağında görünür. "Allahın daş zərləri başıma şeş qoşa düşür..." - Allaha minnətdar olmağa biz də əsas tapmışıq. Min şükür.
...Mən sənin əzəmətin, böyüklüyün, adının qüdrəti qarşısında baş əyirəm: bu ölkədə, sən demə, səndən böyük kimsə yoxmuş; İlahi, tapanda necə sevinmişəm; yeganə adam sənmişsən ki, adamlar bir-birinə sənin adını verir, işlərini sənin adını çəkəndən sonra aşırırlar. Bizdə ünsiyyət vasitəsi də dil deyil, elə sənin adınmış. Mən bu ölkədə adamların Şeytanlaşacağından qorxurdum; indi baxıb görürəm ki, YOX! Əksinə hamı Salamlaşır. Hətta məmləkətin bir-birinə düşmən kəsilən şairləri də başlayıb salamlaşmağa. Qorxmursan ki?
Mənə görə, Allah Azərbaycan şerinə iki kərə SALAM göndərib; birini FÜZULİlə, birini də SALAMla. Göndərən sağ olsun.
SALAM Allahın adıdı. Demək, bu gün Allahın günüdü. ADının günüdü. Allahın doğum günü olmaz, adamın ad!
Mən Allaha sənin şerlərini aparacam təbrikə, sənəsə BOM-BOŞ ƏLİMİ: əllərimi vermərəm; hədiyyə verilən çiçəklər TƏK olur, QARDAŞIM! Allahın Yerə hədiyyə göndərdiyi ADAMLAR kimi, TƏM-TƏK...
Açar sözlər: salam-sarvan
Yazar:
PARVİZ | Tarix: Oktyabr 10, 2007 23:40 |
DOSTLAR ÜÇÜN |
| Baxış sayı: 117