www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh
 
     Sübh-alaçatıdan pərdəsiz pəncərəmdən düşən işıq aman vermir ki, gözüm adam kimi bir çimir yuxu alsın; ayıldığımı görən uşaq da anında başımın üstünü kəsdirir ki, məktəbdə 10 manat pərdə pulu istəyiblər. Özü də yaxşı yol tapıblar: sinif müəlliminə tapşırılır: sən uşaqlara de ki, mən sənin pulunu özümdən qoyub vermişəm, indi sən məktəbə yox, mənə borclusan. Uşaq da, uşağın dədə-nənəsi də qalır çar-naçar - müəllimə cibindən pul qoyubsa, verilməlidi. “Neynək,-deyirəm,- mən bu gün Misir Mərdanov əmiyə bir məktub yazıb 10 man. borc istəyərəm, o da versə, aparıb verərsən direktor əmiyə”.

Nə isə. Mən pərdədən yox işıqdan danışırdım. Deməli, bu işıq ki var, yuxunun düşmənidi. Mil kimi, adamın gözünü deşir, qızıl-qırmızı üzünə dirənir ki, bəsdi yatdın, ay bədbəxt, ayıl. Gün günortanın belinə çıxıb, sən isə dovşan kimi hələ uyqudasan. Mən isə, görüləcək nə qədər vacib işim olduğunu bilə-bilə, gözlərimi kip sıxıb özümü yatmağa məcbur eləyirəm. Necə deyərlər, xalqımızın bu haqda da çox müdrik bir sözü var: “Bala baldan şirindi, yuxu baladan da şirindi”.
Çox yazarlarımız, ziyalı-aydınlarımız var ki, millətimizin “əcəb uyqulu” olmasından daim şikayətlənirlər. Özləri başıxarab olduqlarından başqalarının da yatmasından bərk narahat olurlar. Camaatın şirin yuxusunu camaata qısqanırlar. Itəyirlər ki, hamı onlar kimi xoruz banından qalxıb bir asqırsın, öskürsün. Bunun hamısı paxıllıqdandı. Balam, özün yata bilmirsən, day camaatın yuxusuna niyə zəhər qatırsan? Binəvalar hansı xoş günlərinə ayılsınlar? Ayılsalar görəcəklər ki, həmin dərd-sər, həmin əzab-əziyyət, həmin müsibət - hələ üstünə bir az da gəlib - bir az yağın üstünə, bir az çörəyin, bir az soğanın, bir az xiyarın. Həmən-həməndi, beş də artıq... hakimiyyət də elə həmən hakimiyyətdi - bir az da qudurmuş, bir az da harınlamış və doymaq yerinə bir az da acmış. Yox aşna, keçməz, millətin gözünü qamaşdırmayın, qoy mışıl-mışıl yatıb, şirin-şəkər röyalar görsün. Görsün ki, kimsə, hansısa partiya, hansısa mücərrəd müxalifət anlayışlı bir məxluqat onların yerinə qalxıb da, sözünü deyib də, döyülüb də, çırpılıb da... sözündən dönməyib, geri çəkilməyib; mübarizə aparıb, xalqın dərdini dilə gətirib, dözməyib millətin acılarına və azad seçki keçirilməsinə nail olub, əhalinin yuxudaca verdiyi səslərin hesabına gəlib hakimiyyətə, bolluq yaradıb, demokratiyanı bərqərar eləyib və millətin qanına susamış hakimiyyəti göndərib tarixin arxivinə.
Hakimiyyət demişkən, mən hələ də o fikrimdə israrlıyam ki, indiki hakimiyyət əsl xalq hakimiyyətidi. Bu aclıq-maclıq yaradır ha, bu da boş şeydi və zərrəcə xalqa qarşı yönəlməyib. Kim deyirsə ki, bunlar xalqın axırına çıxmaq istəyirlər, inanmayın! Küfrdü! Siyasi savadsızlıq və siyasi acizlikdən irəli gəlir. Bu acındanqırma siyasəti necə xalqa qarşı yönələ bilər ki, xalq yuxudadı? Yuxuda acından ölən kimdi?..
Bunu humanist hökumət və onun müdrik başbilənləri, möhtərəm oliqarxlar, vətənpərvər monopolistlər və sabotajçılar millətin şəkər yuxusuna haram qatan o aydınları, göz qamaşdıran işıqlı adamları - kəsəsi o demaqoqları aradan götürmək üçün düşünüblər ki, millət rahat-rahat uyuya bilsin.
Qənimət Zahidi həbs eləyiblər! Pah, “Lider” kanalı demişkən, nə böyük şey olub ki, belə hay-küy salıblar? Yazıq hökumət, öz xeyrindən imtina eləyib ölkənin işığını, qazını kəsib ucuz-ucuzuna göndərir Gürcüstana-zada ki, millətin yuxusuna əngəl olmasın. Hökumət yazıq canına cəfa basıb millətə “bayu-bayu” oxuyan yerdə, bu yandan Qənimət Zahid adlı birisi gecənin zülmətində durub deyir ki, ayılın, mən generatoram, sizə işıq verəcəm - özü də pulsuz-parasız. Indi yan, Qənimət, görüm necə yanırsan!
Görürsüz də, Gürcüstan necə sakit yuxu üzünə həsrət qalıb? Millət oyaq, ayaq üstə. Hamısı da işığın bolluğundandı...
Bağışlayın, deyəsən sizi bir az yuxudan elədim...


Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Noyabr 23, 2007 0:09 | Publisistika | Şərhlər(0) | Baxış sayı: 99

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha