www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

    Bizi “Azərbaycan” sözü birləşdirir... biz Azərbaycanı heç sözdə belə, birləşdirə bilməsək də. Bəs bizi Azərbaycanda birləşdirən nəsə varmı?
    Var! Həm də o qədər çox ki...

     Ölkə korrupsiya yavaxanasına bənzəyir. Biz hamımız bu yavaxanada yaşayırıq. Bu yavaxanada birləşirik. Hamı bir nəfər kimi bu və ya başqa formada korrupsiyaya bulaşıb. Korrupsiya da siqaret kimidi - ona qurşanandan çox, qurşanmayana ziyan verir. Bir yavaxananın damı altında hamı eyni tüstünü, eyni havanı, eyni zəhəri udur.
     Bizi məhəkəmələr birləşdirir - ayaşırı birimizi həbs eləyəndə; məhkəmənin qənşərinə yığışıb yayda əriyə-əriyə, qışda titrəyə-titrəyə, payızda tökülə-tökülə, yazda növbəti həbslərə tumurcuqlaya-tumurcuqlaya, tum çırtlaya-çırtlaya qardaşımızın buraxılacağını ümidsizcə gözləyəndə. Aylarla, bəzən illərlə görmədiyimiz dost-tanışlarla birləşib dərdləşirik. Zarafatlaşırıq. Baxırsan, elə ürəkdən, elə səs-küylü, elə candan, elə içdən gülüşürük ki, hətta polislərin də pisinə gedir. Düşünürlər ki, axı bu jurnalistlər necə gülə bilirlər - qardaşları həbs olunub, müdafiəsinə gəliblər, özü də şaqqanaqla?.. Qardaşlar, bilin ki, biz illərlə içimizdə qalan təbii ehtiyacımızı... gülüşümüzü bir görüşdə özümüzdən xaric eləməyə çalışırıq. Yoxsa dağıllıq. Axı bizim hamı kimi şadlığımıza yığışıb bölüşməli günümüz yoxdu. Biz yalnız tutulandan-tutulana görüşürük. Arxayın olun ki, hakimiyyətin sayəsində bundan belə intensiv görüşmək imkanımız olacaq. Hökumət bu iddiasında qərarlıdı - Füzulinin “Şikayətnamə”sində deyildiyi kimi, çünki (Qərb) katiblərini razı salıblar.
     Son jurnalist həbsiylə bağlı elə bir nüfuzlu Qərb təşkilatı qalmadı ki, Azərbaycan hökumətinə öz tənqidi fikirlərini bildirməsin. Qrant qırmaqdan sərməst olmuş Azərbaycan QHT-ləri də hayqırdılar. Professional jurnalistlərin cərgəsinə adi bir reket yazarın salınması əslində, bu təşkilatların iç üzünü ortaya qoydu. Qoy qrantdan başqa yüksək idealı olmayan bu müdafiəçilər də məni məhkəməyə versin. Məni böhtanda, şərəf və ləyaqət təhqirində suçlasınlar, tutdursunlar. Axı Əli Həsənov ərz elədi ki, bizim millət Qafqaz temperamentlidi, dəliqanlıdı, təhqirə dözən deyil (bariz nümunəsi də odu ki, namusumuzu belə alçaltmış erməniləri gör necə cəzalandırıb öz şərəf və ləyaqətimizi xilas eləmişik).
     Şəxsən mənə elə gəlir ki, növbəti həbs olunan, şərlənən, cibinə heroin atılan jurnalist kim olacaqsa (Allah hamıdan iraq eləsin - özümüzü inandıraq ki, Allah da Qərb kimi bu hakimiyyətlə danışıqlara getməyib - sadəcə, hələ 40 illik səbriylə məşğuldu), lap elə “qoy mən olum alma dərən” - vəkildən də, QHT-lərin müdafiəsindən də, Qərbin yalanpıçı bəyanatlarından da imtina edəcəyəm. Hətta cibimə rüşvət və ya nəşə soxulsa, ona da etiraz etməyəcəyəm. Onsuz da bütün bəyanatlar puç və mənasızdı. Dəyirman öz işindədi, çax-çax baş aparır - bizim də, hökumətin də.
     Hüquq müdafiəçilərinin, satqın jurnalist və ikiüzlü beynəlxalq qurumların qəzetçilərin bədbəxtçiliyi üzərində öz həyatlarını təmtəraq içində qurmalarına imkan verməyəcəyəm. Qoy öz artistliklərini “reket jurnalistlərin” müdafiəsində nümayiş elətdirsinlər. Qoy öz qazanclarını, qrantlarını, xaricdə sığınacaqlarını “reket”lərin sayəsində əldə etsinlər. Məncə, belədə bir-birini çox gözəl tamamlaya bilərlər.
     Xəyanət, satqınlıq, kişiliyini vara-dövlətə satmaq, qrant maxinasiyaları, qrant mafiyaları və s. və i.a. dəyərlər və bütün bunlara susmağımız...
     Və bütün bunlara qarşı ucaltdığımız yalançı səsimiz...
     Və hər şeyin sonunda - bizi “Azərcell” birləşdirir.
     Mənim operatorumun adısa “Bakcell”di...
 

     Bu yazı “Azercell”in “Bizi birləşdirən dəyər” yazı müsabiqəsinə təqdim edilməmək üçün yazılıb. Istəsələr, götürə bilərlər.


Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Noyabr 25, 2007 14:08 | Publisistika | Şərhlər(0) | Baxış sayı: 97

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha