“Xaqani-33" deyəndə, bu dünyanın gedişatından az-çox xəbəri olan istənilən adamın ağlına “Azadlıq” qəzeti, Azadlıq, Azadlıq hərakatı, “Azadlıq”ın daim “suka”lardan tutmuş inqilabçılara qədər dolub-daşan, azadlıq yanğısını heç olmasa öz çayıyla soyudan məşhur çayxana gəlirDI. “DI” ona görə ki, bu, artıq keçmişdə qaldı. “Xaqani-33" daha hansısa obyektin ünvanı deyil, sadəcə boşluğu, xarabalığı, toz-dumanı, minlərlə insanın ağır texnika ilə başına qapazlar salınmış, xurd-xəşil edilmiş AZADLIQ xatirələrini ifadə eləyir.
“Xaqani-33"-ün kunfəkun edilməsi başdan-ayağa rəmzlərlə doludur. Bu vəhşi akt özündə HƏIZM və Azadlıq arasında olan bütün münasibətlərə işıq salır. Bu iki məfhumun antoqonizmini sərgiləyir. Fakt göstərir ki, HƏIZM öz ağır, tırtıllı maşınlarıyla Azadlıq adına nə varsa, üstündən keçmək, onu xıncım-xıncım eləmək, ən kiçik nişanəsini belə nəinki yer üzündən, yaddaşlardan belə silib-süpürmək istəyir.
“Xaqani-33" deyəndə ”Azadlıq", “Azadlıq” deyəndə isə ağla Qənimət Zahid gəlir. Qənimət Zahid həbs edildi - ən “cındır” ittihamla... Yox, bu cür “cındır həbslər” onunçün deyil ki, Avropaya jurnalistlərin yazılarına görə həbs və təqib olunmadıqlarını göstərsinlər - bunu iqtidarın siması Əli Həsənov öz cəngavər çıxışıyla ap-açıq bəyan da elədi. Bu “cındır motivlər”lə hökumət Azadlıq mücahidlərinə hətta öz həbslərindən həzz almağı da qıymır. Açıq, kişiyana siyasi həbslər insanları daha da mübarizləşdirə bilər axı!
Qənimət bəyin ardıyca “Xaqani-33" dağıdılmağa başladı. Sirr deyil ki, hələlik yalnız xarabalığı ifadə eləyən bu ünvanda hansısa oliqarx hansısa ultramüasir bir bina ucaldacaq. ”Xaqani-33" bundan belə demokratiyanı, azadlığı deyil, xalqın azadlığının xarabalıqları üzərində ucaldılmış meşşan-burjuy təfəkkürünü, zəminsiz oliqarx estetikasını ifadə eləyəcək, harınlıq assosiasiyası doğuracaq.
“Xaqani-33" bir tarixi memarlıq abidəsi, dirigözlü bir TARIX idi. Bu tarixi ”Azadlıq"ın gözünə soxaraq “Xaqani”nidən didərgin salmışdılar. Bu ölkədə Azadlıq da didərginlərin siyahısına salınmalıdı!
TARIX-XAQANI-AZADLIQ... Bu üç söz birlikdə müqəddəs üçlük keyfiyyətindəydi. “Mədain xərabələri”ni yazanda böyük Xaqani əlbəttə bir gün adına daşlaşmış ünvanın necə xaraba qoyulacağından xəbərdar ola bilməzdi. Ancaq dünyanın dürlü-dürlü işləri olur. Şair özü bilməsə də, o kəlmələri ona nazil eləyən Ilahi bir gün müqəddəs üçlüyün necə dağıdılacağını xəbər vermişdi.
Dünyanın yaranışını təşkil eləyən dörd ünsür var. Hələ ki qarşımızda bu dörd ünsürdən üçünün simvolunu görürük:
Tarix - torpaqdı, Xaqani - ruh-hava, Azadlıq isə oddu. Bəs dördüncüsü? Darıxmayın, o da var...
“Xaqani-33"də, “Azadlıq”ın həyətində bir hovuz vardı; o hövuzun daim təzələnən, oksigenlə zəngin suyu, suyunda da qırmızı balıqları vardı... Bu hovuz öz balıqları, öz suyuyla birgə dördüncü ünsürüydü. Dörd ünsürdən bir DÜNYA yaranmışdı. Azərbaycanın içində bir adaydı bu dünya - Odlu, torpaqlı, havalı, sulu DÜNYA... Adamlı, balıqlı dünya. O dünyanın adı “Xaqani-33" idi. Azərbaycandan küsənlər bu DÜNYAya gələrdilər...
Xaqani-33-ü dağıtdılar. Deməli, HƏIZM dünyanı dağıdır və öz gücünü kirli barmaq kimi dünyanın gözünə soxur.
O dünyanın adamlarını öldürdülər, sındırdılar, zindanlara basdılar, satın aldılar, alıb da satdılar; daşını-torpağını kürüdülər; ocaqlarını söndürdülər.
Məni bircə o düşündürür ki, o ünvanın ən sadiq, ən pak, ən gözəl, ən hərəkətli, ən riyasız o qırmızı balıqlarını neynədilər görəsən? Susuz qoyub öldürdülərmi, şişə çəkib kabab elədilərmi? Ya tutub AZADLIĞI sökənlərin qızıl hovuzlarına qatdılar?
Məni ancaq o qırmızı balıqların fikri götürüb...
Açar sözlər:
Yazar:
PARVİZ | Tarix: Noyabr 28, 2007 10:55 |
Publisistika |
| Baxış sayı: 117