Füzuli, qələm sevdasın
qələm tək başə salmışsan,
Gedən başın, əgər başdan
gedirməzsən bu sevdayi...
Boğazımda qəhər düyünlənib; udqunmaq belə zor! Ama bu kədərdən deyil, nəyinsə qəhrini çəkməkdən də deyil. Hardaydı o bəxtəvərlik?
Sırf tarixi bilinsin deyim ki, Elçibəy gedib dövranı Heydər Əliyev zamandan qətrə-qətrə dövr alandan, ardıyca ləhzə-ləhzə “izm”i gələndən kişiliyini itirməyən dostlar - içi mənqarışıq yay kimi son həddə kimi çəkildikcə-çəkilib qaldıq. Insan gücünün, insan içinin sonunacan dartılıb darılmış, gər-gər gərilib gərginləşmiş kamanın zəhmli halı üzümüzdə, içimizdə donub qaldı. Kədərin son dayanacağında dayanıb-durduq. Dayanacaq basırığında cibgirlər kədərimizi çaldı. O gündən biz kədərsizik. Bizim nəsil insani hissləri talanmış bir ömür yaşamaqda. Bizim üzümüzdə görünən də kədər deyil, 14 il əvvəl gərilmiş kədərin şəklidi.
Qənimətin həbsi də kədər gətirmədi, deyim, dostlar sevinsin, onu həbsə atanlar sevinəmməsin. O kədərləniləsi adam da deyildi. Kədər onda da xatirə çərçivəsinə salınmış üzü şüşəli ağ-qara şəkil şəklindəydi. Üzündən çəkilməyən gülüş də o şümal şəklə yapışa bilməyən bir meh kimi dolaşıb-dolaşıb ona qayıdırdı, gəl ki, heç cür üzünə yapışmırdı.
Məclislərimizin birində mənə xitabən belə demişdi: “Pərviz mənim ovcumun içində böyüyən bir müriddi, mən onu özümün mürşidim hesab eləyirəm...” Stop! Stop! Dur! Bir də o cümləni oxuyun, ey qafil insanlar. Sizin Qənimət Zahiddə anlayammadığınız hər şey bu cümlədə yazılıb. Sizi Qənimətdə çaşdıran ən incə məqam da, onu qorxusundan həbsə atdırdığınız sirli qüvvə də bu kəlmədədi. Siz bu fəlsəfəni anlasaydınız, özünüzü gözdən salmaz, Zahidi içəri atmazdınız. Bu onun həyatı, həyat tərzi, dünyabaxışı, dünyayla qeyri-bərabər döyüşdə istinad nöqtəsidi.
“Azadlıq”ı da yönəldən baş redaktor Qənimət Zahid deyil, redaktorlar deyil, onun bu cümləsidi. Qənimət “Azadlıq”a gəldi də, getdi də... bu qəzet onun deyil, bu cümlənin sayəsində yaşadı. Bu cümləni dərk eləməyənlər “Azadlıq”da qalammadı... azad qalammadı və getdi.
Qənimət Zahidi nahaq həbs elədiniz, çox nahaq! Qənimət kimdi ki? Sizin həbs elədiyiniz Qənimət sıradan bir yazar, bir jurnalist, bir mücahid, bir baş redaktordu - sadəcə: sı-ra-dan. Qənimətdə sizin boğmaq istədiyiniz, tutmaq, öldürmək, satın almaq istədiyiniz özünüzün də bilmədiyiniz o bir CÜMLƏdi. O cümləni şərləmək isə imkansız!
Bu “işraqilik fəlsəfəsi” deyilsə də, ama bir işıq fəlsəfəsidi - hardan, kimdən başlayıb harda, kimdə bitdiyi bilinməz. Əvvəli, sonu yoxdu - çünki Allahdan başlayıb, Allahda bitər. Bu, qapanmayan bir dövrədi. Bu cərəyanı hansısa naqillər deyil, ruhlar ötürür. Sizin elektrik montyorunuzun iti ağızlı kəlbətini bu ruhi xətləri kəsə bilməz.
Hamımızı həbsə atsanız da xeyri yoxdu. Biz hamımız həm mürşid, həm müridkən “neylərsən bizə, neylərsən”, ey dili-qafil?..
Bu adamın qəzetində vəzifə bölgüsü də şərtidi. Sənədlərdəki qrafalar boş qalmasın deyə düşünülüb. Bu qəzeti bağlamaqla da nəyəsə nail olmaq mümkün deyil. Axırına çıxmadığınız bir adam qalsa belə, getdiyi yeni iş yerinə də o bir cümləylə gedəcək.
Boğazımda qəhər düyünlənib. Hamının boğazında qəhər düyümləri görürəm. Bütün Azərbaycanı təlaş içində görürəm. Son həddəcən yayı gərmiş əlin barmaqlarını axır ki, gücdən, heydən düşmüş görürəm. Dartılmış kaman darılma içində. Ox buraxılmaq üzrə. Kədər foto-etüdü şəkillənmədə, canlanmada, dirilmədə, böyümədə, çərçivənin şüşələri çartaçartla sınmada. Millət insani hisslər keçirməyə başlamaqda. Sınmış şüşələrdə əlinizin qaralmış qanını görürəm...
Buraxın Qənimət Zahidi!
Açar sözlər:
Yazar:
PARVİZ | Tarix: Noyabr 29, 2007 23:51 |
Publisistika |
| Baxış sayı: 95