Budur fərqi, könül, məhşər gününün
ruzi-hicrandan,
Kim ol can döndərər cismə,
bu cismi ayırar candan...
Dəvəçi rayonundan qara xəbər çoxdan gəlmişdi - o xəbərlər indi Azərbaycanın hər yerindən, hər gün, hər saat gəlir, ölkə yalnız qara xəbərlərlə dolub-daşan nəhəng poçt qutusuna dönüb - indi isə Dağ Bilici kəndindən şok xəbər gəldi; itkin düşmüş iki bacıdan - Məcidovalardan birinin - “tapılaraq” dəfn edilmiş Nailənin cəsədi sən demə, Nailənin deyilmiş...
Atası Zamir kişi hələ əvvəlcədən tapılan cəsədin qızına aid olmamasında israrlıymışsa da, dinləyən olmayıb. Axır ki, hüquq-mühafizə orqanları meyitin ekskumasiyasına (qəbrin açılaraq yenidən ekspertizadan keçirilməsinə) qərar veriblər. Meyitin boyu 161-162 santimetr müəyyən olunub. Valideynlərinin bildirdiyinə görə isə, Nailənin boyu 135 sm. olub... Müstəntiq Saatov talesiz qızcığazların valideynlərinə ekspertizanın nəticələri haqda 1 ay müddətində cavab verəcəyini bildirib.
Bu şok xəbər Azərbaycan gerçəkliklərinin ən ümumiləşmiş obrazıdı.
Mən bir şeyə məəttəl qaldım. Nə əcəb möhtərəm cənablar belə bir iddiada bulunmayıblar ki, meyit dəfn olunandan sonra 27 sm. boy atıb?.. Iddia ölkəmiz üçün o qədər təbii, o qədər real səslənərdi ki... Bu iqtidardan nə desən gözləmək olar. Əgər Qənimət Zahidin bir şilləsiylə hüquq-mühafizə orqanlarının igid oğlu Vüsalın almacıq sümüyünün sındığı iddia olunursa, cəsədin boy atması, inkişafdan qalmamasını da eyni uğurla irəli sürüb qəbul etdirmək olar.
Əhalisinin 95 faizi zillət, məşəqqət içində yaşayan bir ölkənin dünyada analoqu olmayan bir sürətlə inkişaf etdiyi utanıb-qızarmadan, dəfələrlə, elə həmin əhalinin şax üzünə qızıl-qırmızı söylənilirsə, nədən cəsədin boy atması inandırıcı olmasın?
Müstəqil medianı boğanlar Azərbaycanda müstəqil medianın inkişafı üçün hər cür münbit şərait yaratdıqlarını iddia edirlərsə, cəsədin inkişafında nədən israr etməsinlər? Ola bilsin ki, münbit şərait deyəndə YAP hakimiyyət yetkililəri jurnalistlər üçün hazırladıqları məzar torpaqlarını ürəklərində tuturlar - ola bilər, ancaq lazım gəlsə!
Insanların sərbəst toplaşmaq azadlığına yağı kəsilən qorxaq, Qafqazın jandarmı rolunu ifa eləməyə iki əlli razı olan hakimiyyət vicdan əzabı çəkmədən hər cür demokratik azadlıqları təmin elədiklərindən dəm vurursa... eh, qardaşlar, hansını deyəsən? Məgər birdi, ikidi?
Ən mistik məqamsa, qəbirdən çıxanla qəbrə qoyulan cəsədin özgə-özgə olmasıdı. Burda da təəccüblü nəsə axtarmaq lazım deyil. Hətta bu Azərbaycan belə, ataların yaratdığı əsl Azərbaycan deyil. Sadəcə burda əksinədi - ekskumasiya olunan Azərbaycanın balacalaşdığı görünür.
Biz özümüz belə özümüzə özgələşmiş adamlarıq. Daha nə mən mənəm, nə sən sən...
Hər şey özlüyündən çıxıb, dəyişib. Həm özünə özgə olub, həm dünyaya. Özümüz özümüzü tanımırıq. Dünya bizi hardan tanısın, necə tanısın?
Avand tərs olub, astar - üz. Məhbəsdə azadlıqdı, azadlıq zindan. Kişilərdə qadın başlanqıcı, qadınlarda kişi. Bir saat əvvəl səninlə bir barrikadada yaxasını cıran mücahidin başı az sonra “ağqvardiyaçıların” cərgəsində boy verir.
Heç kim özü kimi kişi, heç kim özü kimi nakişi olaraq qalmaq istəmir. Hamı özünü gizlədir. Özündən qorxanı var, özündən zəhləsi gedəni var, özünü qorumaq istəyəni var. Ama deyəsən rəhmətlik Elçibəy demişkən, hər şeyin zamana ehtiyacı var. Öz evində, özlüyündə, yuxusunda, yorğanının altında, isti sobasının qırağında hökumətə YOX, özgə yerdə H.Ə. deyənlər lazım gələndə, şərait yaranan kimi ÖZünü üzə çıxaracaq. Özünü bayraq kimi millətin gözünə soxacaq.
Buna mimekriya deyirlər - əxlaqsızcasına şəraitə uyğunlaşma.
Bu məmləkətdə qəbrə qoyulanla qəbirdən çıxanın özgə-özgə olmasına heç şaşırmayın...
Açar sözlər:
Yazar:
PARVİZ | Tarix: Noyabr 29, 2007 23:56 |
Publisistika |
| Baxış sayı: 106