www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

Mükafatı alanda düşündüm ki, keşkə onu Şecai alaydı...

Onlara elə gəlir ki, Yazıçılar Ittifaqıyla mübarizə aparmaq ədəbiyyatla məşğul olmaq deməkdi...

80-ə yaxın tanınmış şairin qatıldığı festivaldan “Altun ödül”ü Azərbaycana gətirən şair Rüstəm Behrudi ilə söhbət...

Bizim göyümüz...

Mən onu “Dar ağacı”ndan tanıyırdım, o məni “çörək ağacım”dan - yəni “Azadlıq”dakı künc yazılarımdan. Onu hamı tanıyır, məni heç özüm də əməlli-başlı tanımıram. Biz tanış olmalıydıq ki, söhbətimiz alınsın. Şairin məqamı göylərdi və biz də elə göydə tanış olduq. Ancaq neyləyəsən ki, indiki Azərbaycan şairi üçün göy anlamı ən uzağı bir sərnişin təyyarəsinin yerdən aralana biləcəyi məsafəni ifadə eləyir. Biz isə vur-tut “Azərnəşr”in 9-cu mərtəbəsində qərar tutmuşduq.
Bizim GÖY-ümüz balaca bir otaqdı - uçuq-sökük. Sanki bu otağa pəncərələri ona görə qoyublar ki, bayırdakı pərakəndə küləyin əlini-ayağını yığıb hamısını bir yolluğa içəri salsın, xəncər kimi boynumuzun kökünə saplasın. Bu ölkənin küləkləri də elə bil yalnız can almaq qəsdindədi...
Onu hamı tanıyır. Necə də tanımasın? Bütün türkdilli şairlər üçün təsis olunmuş “Altun ödül”ü, bu vaxta qədər Azərbaycan ədəbiyyatının ən böyük mükafatını məmləkətə gətirmiş bir şairi necə tanımamaq olar?
Mən Pərviz - saqqalı ağ şair Rüstəm Behrudi ilə - ağsaqqal şairlə tanış oluram. Tanışlıqda iştirak eləmək istəyən varsa, buyura bilər - sözümüz hamının üzünə açıqdı.

- Rüstəm bəy, söhbətimizə, daha doğrusu, tanışlığımıza sırf son festivalla - şeir bayramıydı, müsabiqəydi nəydi - başlayaq. Bu barədə məlumat verərdiniz ki, bunun mahiyyəti nədi, dövriliyi necədi? Amma əsas məsələ odu ki, bu gün biz tanış oluruq.

- Mən də çox şad oldum. Əslində, incimə, mən sənin şeirlərini oxudum və gördüm ki, sən bitkin bir şairsən. Ancaq niyə indiyə qədər mən sənin şeirlərini oxumamışam, bu mənim üçün də çox maraqlıdı?..

- Günah məndədi. Ara-bir düşünürəm ki, elə bil mən dünyaya da özümün bu dünyada olduğumu unutdurmaq üçün gəlmişəm.

- O doğrudu. Ancaq nə deyirlərsə desinlər, mən görmüşəm onu, bütün şairlər, istəyir ən çox sevdiyim Artur Rembo olsun, lap Füzuli ya Nəsimi olsun, mütləq qanlarında bir şöhrət azarı olub. Hətta Quranda belə bir şey var. Deyir ki, Allah bəndələri niyə yaratdı? Ona səcdə etmək. Başa düşürsünüz, ona səcdə etmək üçün yaratdı. Bəndələri boş yerə yaratmadı. Şair də şeir yazır ki, onu tanısınlar və sevsinlər. Ona görə yazmır a, bu daxili bir tələbatdı.

- Bu bir az paradoksal görünür ki, mənə itaət etmək üçün kimisə yaradıram.

- Ay sağ ol, hə.

- Bir qədər paradoksal görünür. Amma...

- Amma Quranın mahiyyəti odu. Yəni Allah bəndələri ona görə yaradıb. Şair də şeiri ona görə yaradır ki, onun içində baş verənlərdən başqalarının da xəbəri olsun. Mən hesab edirəm ki, şairlərin içində az və ya çox, mütləq bir şöhrət hissi olur. Indi ağıllı adamlar onu öldürürlər içlərində, hə. Ağıllı olmayan adamlar ya öldürürlər, ya maskalayırlar. Daha çox maskalayırlar. Öldürən adam bizdə çox azdır. Nəsə bir formasını tapırlar, mütləq forma tapılır.

- Özümüz də istəmədən yaxşı ki, söhbətin əvvəli elə şeirdən başladı. Razılaşdıq ki, festivalla bağlı informasiyadan başlayaq, amma yenə də poeziya irəli çıxdı. Amma keçək sırf xəbərə - oxucularımızın xatirinə. Sizin gedib, uğurla qayıtdığınız, mükafatını alıb özünüzlə gətirdiyiniz həmin törən nə tədbir idi, harada keçirilirdi, iştirakçıları kimlərdi, yəni, bizimçün bəlli olsa da, oxucularımız üçün bir daha xatırladaq.

- Mən deyim də, deməli, bu tədbir Türkiyə Yazarlar Birliyi dedikləri bir qurumun iki-üç ildən bir keçirdiyi çox böyük bir şeir festivalıdır. Və bu şeir festivalının özəlliyi və gözəlliyi hardadır əslində. Yəni bu şeir festivalına tək Türkiyədən yox, dünyanın harasında yaşayırsa yaşasın, fərqi yoxdur, türk dilində danışan, yazan şairlər dəvət olunur. Və bu festival keçirildi Makedoniyanın Skorpi şəhərində.

- Üzr istəyirəm məkan necə seçilir?

- Yəni onu Türkiyə özü seçir. Bu dəfə niyə Makedoniyada seçmişdilər? Çünki Makedoniya özəl bir yerdir. Orada bir körpü var, onun üstündə 5-10 ildən bir yığışıb dünyanın istənilən bir şairi öz dilində şeir oxuyur. Ona görə özəldir. Festivala 80-ə yaxın şair qatılmışdı, dünyanın hər yerindən. Dünyanın tanınan şairləri. Məsələn, Hollandiyadan, Ingiltərədən, Isveçdən, Fransadan, Amerikadan, keçmiş Sovetlər birliyindən. Təbii ki, türk dilində yazan. Azərbaycandan iki nəfəri dəvət etmişdilər. Ramiz Rövşənlə məni. Ramiz Rövşənin problemi çıxdı gedə bilmədi, mən getdim həmin tədbirə. Şairlərdən əlavə, orada bir jüri də var idi.

- Jürinin etnik tərkibi necəydi?

- Ancaq türklər. Yəni türkdilli alim və şairlər.

- Orada dil baxımından anlaşma necə gedirdi?

- Mən bir şey deyim. Makedoniya Makedoniyalı Isgəndərin doğulduğu bir məmləkətdir, yəni bir vaxt dünyanı fəth edən fatehin vətənidir ora. Kiçik bir ölkədir - 2 milyon əhalisi var. Orada 10 minə, bəlkə də 50 minə yaxın (məndə dəqiq statistika yoxdur) türk yaşayır. 50-52-ci illərdə Makedoniya ayrıca bir respublikaya çevrilib. Hələ Yuqoslaviyanın vaxtında. Əhalisinin 70 faizi makedonlardı, qalanı isə arnaudlar deyilən, müsəlman və xristian albanlardı. Əhalinin say tərkibi belədi. Təbii ki, həmin dövlətdə bu tədbir keçirildiyindən açılış makedon dilində oldu və sinxron tərcümə getdi. Tədbiri Makedoniyanın mədəniyyət naziri açdı.

- Tərcümə yəqin ki, osmanlıca oldu.

- Yəni osmanlı ləhcəsində tərcümə oldu. Makedoniyanın mədəniyyət nazirindən sonra Türkiyə Yazarlar Birliyinin şərəf (fəxri) sədri Məmməd Doğan təbriklə çıxış etdi, bu tədbiri alqışladı. Sonradan Türkiyə Yazarlar Birliyinin rəsmi sədri Hicabi tədbiri açıq elan etdi və sonradan təbrikləri səsləndirdi. Yəni çox ölkələrin həm hökumət adamlarının, həm mədəniyyət adamlarının təbriklərini oxudu. Ondan sonra festival başladı.

- Festival bağlı məkanda keçirilirdi?

- Hə, onların çox məşhur bir oteli var - Kontinental. Orada keçirilirdi.

- Iştirakçılar ancaq şairlər idi?

- Əsas şairlər idi. Amma yerli camaat da festivalda iştirak edirdi, oturub qulaq asırdılar. Mən sizə maraqlı bir şey deyim ki, Makedoniyada cəmi-cümlətanı 50-100 min türk yaşamasına baxmayaraq, orada türk dilində universitet var. Həmin universitetin tələbə və müəllim heyəti, hətta makedoniyalıların böyük əksəriyyəti türk dilində bilir. Hansı şəhərə getsən görərsən ki, daha çox türkcə danışırlar. Yəni onlardan da qatılan var idi tədbirə. Festivalın birinci və ikinci günü şairlərin hamısı şeir oxudu.

- Və təbii ki, jüri də qulaq asırdı. Bəs hərəyə neçə şeir oxunurdu?

- Hərəyə bir şeir oxuyurdular. Sonradan da başqa şəhərlərdə görüşlər oldu. Təkcə mən şeir oxudum. Çünki birinci ödülü alan adam şeir oxumalı idi. Bu tədbirin gedişində mən nəyin şahidi oldum? Əslində bizim türkdilli poeziya doğrudan da çox böyük sürətlə inkişaf etməyə başlayıb. Irandan Həsən Şecai adında bir şairin oxuduğu şeir məni ovsunlamışdı. Yəni təmiz postmodern olan bir şeir. Gördüm ki, yox bunlar artıq “aftafa-ləyən”dən qurtarıblar. Qafa artıq həmin qafa deyil.

- Yəni vərdiş elədiyimiz klassik şeir üslubu deyildi.

- Klassik şeir üslubundan birdəfəlik üzülüşüblər. Ola bilsin ki, Iranda o cür yazan var. Amma bütövlükdə artıq düşüncə tərzi dəyişib. Məsələn, mən dediyim o Həsən Şecai adlı şair. Sonradan gördüm ki, o həm də dünyanın çox məşhur şair və yazıçılarının kitablarını fars dilinə çevirib, Azərbaycan dilinə yox, fars dilinə.

- O, Cənubi Azərbaycanda yaşayır?

- Tehranda. Amma türkdü.

- Deməli, ora Azərbaycandan üç şair dəvət olunmuşdu və onun ikisi iştirak edirdi.

- Hə. Orada ən çox sevilən adam da elə Həsən Şecai idi. Dedi ki, nə yaxşı, azərbaycanlı aldı bu ödülü. Deməli, bu təkcə sənə verilməyib, həm də mənə verilib - mən də azərbaycanlıyam axı.

- Siz bayaq dediniz ki, hətta mən mükafatı alanda düşündüm ki, keşkə onu Şecai alaydı...

- Mən doğrudan da istəyirdim. And olsun Allaha, o alsaydı mən daha çox sevinərdim. Niyə? Ən azından Cənubi Azərbaycanda 35-40 milyon azərbaycanlının yaşadığı bəlli olacaqdı. Elə deyilmi? Çünki oradakı o zaman, vaxt darlığında mükafatı o götürsəydi, ona artıq vaxt ayıracaqdılar baş ödülü aldığına görə və o da Cənubumuzu daha yaxşı tanıdacaqdı.

- Rüstəm bəy, bu festivalın sonunda - indi bu ödülü bir nəfər alıb, bu, aydın məsələdi, haqqında ayrıca söhbət edəcəyik,- orada iştirak edən şairlərin birgə toplusunun çap olunacağıyla bağlı bir qərar oldumu?

- Hə. Festivalda oxunan şeirlərin hamısı yəqin ki, yaxın vaxtlarda bir kitab halında çap ediləcək.

- Yəqin sizə də göndərərlər.

- Mütləq mənə göndərəcəklər. Çünki məndən şəkil də aldılar, sonra əlavə şeirlər istədilər, mən kitabımı bağışladım. O mütləq bir toplu halında çıxacaq.

- Festivalda alınan ödülün forması...

- Heykəl şəklində idi. Ən maraqlısı bu ödülün Şah Ismayıl Xətainin büstü olmasıdı.

- Doğrudanmı?

- Bəli. Bu da ən sevndirici haldı. O iranlı mənə deyirdi ki, Şah Ismayıl Xətainin büstünü başqa bir şair alsaydı, bu bizimçün çox ağır olardı. Yaxşı ki, sən aldın. Haradasa 40-45 qram ağırlığında qızıl heykəldi.
Heç ağlıma gəlməzdi ki, 80 nəfərin içində bu ödülü mənə verərlər. Əslində mən özümdən arxayın deyildim. Təbii ki, mən bilirdim məni Türkiyədə oxuyurlar, şeirlərimi sevirlər. Amma çox böyük şairlər vardı. Onlar da ala bilərdi. Onların da haqqıydı. Amma deyəndə ki, Azərbaycan şairi Rüstəm Behrudi... təbii ki, çox qeyri-adi bir hiss keçirdim.

- Təbii ki, zəhmətin bəhrəsini görmək hər bir şəxs üçün xoşdu.

- Doğrudan da belədi. Gözəl bir şeydi.

- Bəs pul mükafatı?

- Yox, pul mükafatı yox idi. Amma ödülün özü çox qiymətli mükafatdı. Nə qədər mənəvi dəyəri varsa, o qədər də maddi dəyəri var. Türkiyə Yazarlar Birliyinin sədri deyəndə ki, bu, saf qızıldan hazırlanıb, mən bir az şübhə etmişdim. Fikirləşdim ki, şairə bu boyda ödülü vermək onu yoldan çıxarmaqdır. Sonradan bu ödülü mən aldım. Və gördüm ki, bunun təkcə adı “altun ödül” deyil. Özü də qızıldandı.

- Bundan əvvəlkilər də qızıl olub?

- Çox qəribədir ki, bu ilk dəfədi. Əvvəlkilər sadəcə olaraq diplom şəklində olub. Fəxri fərmanlar verilib, birinci yer, ikinci yer və s.

- Oradan Azərbaycan necə görünürdü? Axı biz bütün parametrlərdə “dünya şöhrətli”yik, analoqumuz yoxdu...

- Oradan Azərbaycan necə görünürdü? Axı biz bütün parametrlərdə “dünya şöhrətli”yik, analoqumuz yoxdu...

- Azərbaycan oradan heç görsənmirdi... Onların mədəniyyət naziri tədbirə qatılmışdı. Azərbaycan deyəndə, təbii ki, ödül mənə təqdim ediləndə, baxdım ki, bir qədər duruxdu. Sonradan anladım ki, bu adam Azərbaycanın sadəcə Türkiyənin bir parçası olduğunu zənn eləyirmiş...

- Rüstəm bəy, Orta çağlar Şərq ədəbiyyatında üslub deyilən bir şey olmayıb... Yəni Şərq üçün xarakterik deyil bu üslub məsələsi. Sonradan Avropadan gəldi. Bu günkü gündə siz necə qəbul edirsiniz “üslub”u, “fərqlənmə”ni?

- Bax mən sənin kitabını oxuyanda Rafiq Tağını xatırladım. Rafiq Tağıda bir fərqlənmə meyli vardı. Onu elə bir məqaləsinə görə həbs etdilər. O da Avropa dəyərlərini üstün götürürdü.
Mən həmişə demişəm ki, sözə görə kimisə həbs etmək günahdı. Mən sənə maraqlı bir şey deyim. Avropa dəyəri fikri maraqlı deyil əslində. Əsas mahiyyətdi. Mən sənə başqa bir şey deyim. Çin mədəniyyəti, yapon mədəniyyəti, düşüncə tərzi Avropadan geridədirmi? Yox. Mənə elə gəlir ki, ədəbiyyatda dediyiniz o böyük dəyərlər var ki, Avropadan gəlmədi bizə, mən onları qəbul etmirəm. Mənim üçün şeiri sərbəst vəzndə, əruz və ya heca vəznində yaz, fərqi yoxdu. Içində bir şey olsun. Yəni mahiyyətində bir şey olsun. Forma əsas şərt deyil. Əsas o misraların daşıdığı məna yüküdü.
Indi bizim cavanlar postmodernist ədəbiyyat yaradırlar. Mən oxuyuram. Məsələn orada iki üç nəfər uşaq var. Özlərini tanımıram, şeirlərini oxumuşam. Oxuyuram ləzzət alıram. Amma bir də görürsən elə şeylər yazırlar ki, adamın əli-ayağı soyuyur. Yəni bu artıq fərqlənmək istəyidi. Görüntü şəklində fərqlənməklə korlayırlar. Sən tanıyırsan onları?

- Çox az.

- Dünyagörüşləri fərqlidi, istedadlıdırlar, di gəl ki, iddiaları böyükdü. Allah da heç vaxt iddialı adamı sevməz. Onlar bilmirlər ki, Allahın düşməni iddiası olan adamdı.

- Bəs, faktura, ortaya qoyulan məhsul necədi?

- Çox aşağıdı. Məsələn bunlar özlərindən əvvəlki ədəbi nəslin üzərinə elə hücuma keçirlər ki, sanki Qarabağı almağa gedirlər. Yəni Qarabağı almağa elə getməzlər. Bunlardan əvvəl böyük ədəbi nəsil var da. Bunları tam inkar etmək doğru deyil. Məsələn bunlar Anarı, hətta mən qızlardan birinin yazısını oxumuşdum, Ramiz Rövşən haqqında yazmışdı, Əkrəmi nə bilim kimi, kimi inkar edirlər. Demirəm onlar pis yazırlar. Amma əsas odu ki, qoy onlar Anarın yazdığı “Molla Nəsrəddin 66" və ya başqasını, yaxud Əkrəmin ”Mənim nəğməkar bibim" kimi əsər yazıb ortaya qoysunlar.

- Mən faktura deyəndə onu nəzərdə tuturdum.

- Bəli. Mən səninlə tamamilə razıyam. Sən elə bir şey yaz ki, Əkrəmin yazıdqlarını yerə qoyub, səninkini oxusunlar. Ancaq bununla belə, ədəbiyyat yerində durmur. Bəlkə onlar da haqlıdı? Amma bu şəkildə yox da.

- Kimin haqlı olmasını nə göstərəcək?

- O yazacaqları əsər və cəmiyyət. Oxucular göstərəcək. 10 ildən sonra onların haqlı olub-olmaması bilincək.

***
- Rüstəm bəy ortaya nəsə məhsul qoymaqdan söhbət getdi. Məsələn, bu günün yazarları - demək olar ki, hamısı - ya sosial zərurət üzündən, ya hansısa vətəndaşlıq mövqeyinə görə müncər olublar qəzetlərə. Səhər işə gəlib, gecə saat ikidə əldən düşmüş şəkildə evə gedirsə, bu adam sizin dediyiniz hansı ədəbi məhsulu ortaya qoya bilər?

- Mən sizə deyim. Dünyanın ən böyük şairləri belə qəzetlərdə çalışır. Məsələn, Türkiyə şairlərinin çoxu jurnal və ya qəzetlərdə çalışırlar. Başqa işləri yoxdu. Mən elələrini tanıyıram, ticarətlə də məşğul olurlar. Artur Rembo işləməyib qəzetdə?

- Mən Azərbaycan reallığını nəzərdə tuturdum...

- Azərbaycan şeiri və reallığı haqqında danışmaq bir az gülünc məsələdi. Kim nə deyir desin. Deyirlər, şair dərd çəkər. Amma bütün həyatını dərdlə keçirən adam axı necə başqa şeylər düşünə bilər? Kasıbçılıq içində olan adamın bütün günü fikri uşağının, ailəsinin, qohum-qardaşının yanındadısa, bu nə cür şeir yaza bilər? Nizami Gəncəvi çox böyük bir kəndin sahibi idi. Lev Tolstoy o qədər əsər yazıb. Amma o, qraf yox, sıradan bir adam olsaydı, yazdığı kitabların əl yazması üçün kağız belə tapa bilməzdi. Onun xoşbəxtliyi qraf və zəngin olmağındaydı.

- O zaman belə çıxır ki, fiziki cəhətdən yazmaq mümkün deyilsə, Azərbaycanın hazırkı ədəbi səhifələri ağ qalacaq?

- Mütləq. Bütün zamanlarda belə olub. Ancaq zaman gəlir hər şey öz yoluna düşür.

***

- Sizcə səhifələrin ağ qalmaması üçün nə etmək lazımdı? Dövlət hansı addımları atmalıdı? Yalançı bir təqaüd də düzüb-qoşublar...

- Hökumətin ayrıdığı təqaüd ədəbiyyatın xeyrinə yox, onun ziyanına işləyən bir şeydi.

- Mən bu barədə yazmışdım.

- Niyə ziyanına işləyən bir şeydi? Görəsən şairlərə təqaüd ayıran Yazıçılar Ittifaqı, Mədəniyyət Nazirliyi hansı metodlarla yaradıcı adamları qiymətləndirirlər? Bu şair ondan yaxşıdı, digəri pis? Bu, düzgün ölçü deyil.

- Birinci ölçüləri odur ki, gərək Yazıçılar Ittifaqının üzvü olasan.

- Cəfəngiyyatdı.

- Itifaqın üzvü olmayanlar təqaüd siyahısına salınmırlar.

- Yazıçılar Ittifaqını açıq bazara çeviriblər. Azərbaycanda Yazıçılar Itifaqının 1000-dən çox üzvü var. Bu anormal şeydi. Ölkədə beş-on nəfər şair olar. Lap olsun 100 nəfər. Axı bu rəqəm heç cür min ola bilməz. Bu, Azərbaycan xalqına parodiyadı. Yazıçılar Ittifaqı Azərbaycan xalqının ən böyük parodiyasıdı. Yadınızdadırsa, 1995-ci ildə yazıçılarla Heydər Əliyevin görüşü keçirilmişdi. O zaman mən dedim ki, Azərbaycanda Yazıçılar Ittifaqına ehtiyac yoxdu. Yerdən biri replika atdı ki, sənə kim icazə verib bu barədə danışmağa? O adama dedim ki, mən sənin bir əsərini belə oxumamışam, səni yazıçı saymıram. “Tanınmış” yazıçı idi. Dünyanın heç bir ölkəsində, MDB məkanından başqa, dövlət himayəsində olan belə bir rəsmi qurum yoxdu. Yazıçılar Birliyinə ehtiyacın olub-olmaması mənim problemim deyil. Mən ora nə gedirəm, nə gəlirəm. Amma yenə mən o fikirdəyəm ki, bu cavanların bu cürə iddialı olmağı, həm də köhnə nəslin üstünə hücum çəkmələri düzgün deyil. Onlar həyatlarının 10 ilini Anara qarşı mübarizədə keçiriblər. Bunlar nə vaxt yazı yazıblar, nə vaxt ədəbiyyatla məşğul olublar? Onlara elə gəlir ki, Yazıçılar Ittifaqıyla mübarizə aparmaq ədəbiyyatla məşğul olmaq deməkdir. Mən bunu düzgün qəbul etmirəm.

***

- Bu yaxınlarda Bakıda türk xalqlarının qurultayı keçirildi. Sizi orada görmədik...

- Azərbaycandan lazım olan adamların heç birini çağırmamışdılar. Mən sizə bir şeyi deyim. Türk xalqlarının ilk qurultayında iştirak etmişəm. Tədbir Antalyada keçirilirdi.
Mən bu sonuncu qurultaya da baxdım - televizorda. Zaman-zaman türk millətinin, türkçülüyün, Azərbaycan dövlətçiliyinin əleyhinə çıxış edən adamları mən o qurultayda gördüm. Vaxtilə onlar məni türkçülükdə ittiham edirdilər. Şeirlərimin birində türk sözü işlətmişdim. Dostum Abbas Abdulla da şeirləri vermişdi. Bunun üstündə məni dara çəkən adamlar həmin qurultayda birinci sırada oturmuşdular.
Türkçülüyün şamanizmlə bağlı nə ədəbiyyatı varsa, onları mən yazmışam. Onları ilk dəfə türk dünyasının poeziyasına mən gətirmişəm. Bunu türk alimləri də etiraf edirlər. Onlar deyirlər şamanizmi mən gətirmişəm, dar ağacını mən gətirmişəm. Əgər bu qurultayda mən iştirak etmirəmsə, mən onu heç qurultay saymıram.

- Siz bu tədbiri sırf görüntü hesab etmirsiniz ki?

- Əlbəttə bu qurultay görüntüdən başqa bir şey deyil. Nə oldu o qurultayın son nəticəsi?
Həmişə belə olur. Həmişə bütün həyatını bir işə sərf edən adamlar həmin iş sona çatanda orada olmurlar. Yəqin bilərsiniz, Bakıda Mirzə Ələkbər Sabirə heykəl qoyanda Mirzə Cəlili açılışa dəvət etmədilər. Halbuki bu təklif Mirzə Cəlildən gəlmişdi. Məgər Sabir 1906-cı ilə qədər şeir yazmayıb? Sabir onda heç görsənmirdi. Sabiri Sabir edən Mirzə Cəlil, “Molla Nəsrəddin” jurnalı olub. Hər halda Azərbaycanda türkçülük dalğasını inkişaf etdirən üç kişidən biri mənəm.

- Bir deyim var, deyirlər inqilabı dahilər hazırlayır, fanatlar həyata keçirir...

- Mən həmin tədbirdə sir-sifətindən hiyləgərlik, nadanlıq yağan adamları gördüm. Onların türkçülüyə heç bir aidiyyəti yoxdu. Əslində həmin adamların tədbirə qatılması qurultaya parodiyadı. Orada ya Kamil Vəli, ya da Anar kimi adamlar iştirak etməliydi. Onların bu istiqamətdə böyük xidmətləri olub. Mən yalnız bir şeyi bilirəm ki, türk dünyası çox böyük təhlükə içindədi.

- Nə təhlükədi bu?

- Təsəvvür edin, türk parlamentində bir kürd çıxıb Atatürk, Türkiyə əleyhinə istənilən sözü deyə bilir. Və başlarının üzərində də 30 min türkün qanını tökən Abdullah Öcalanın portretini qaldırırlar. Bu, əslində Türkiyənin böyük fəlakət ərəfəsində olduğunu göstərir.

- Adekvat olaraq Azərbaycan parlametində də bir türk deputat qalxaraq sözünü açıq deyə bilmir.

- Azərbaycan parlamenti əslində parlament deyil. Ora ancaq göstərişlə seçilən adamlardan təşkil olunub. Orada heç kimin, hətta müxalifət deputatlarının belə öz şəxsi fikri ola bilməz. Çünki müxalifətdən seçilən deputatların özləri belə hökumətin icazəsi ilə seçiliblər. Hansı Rüstəm Behrudi kimi 2000 səs toplaya, təbliğat apara bilərdi? Seçilən deputatların 99 faizindən daha çox mən məşhur idim. Mən niyə seçilmədim? Onlar təyinatla seçilən adamlardı, heç zaman söz deyə bilməzlər. Hərdən Pənah Hüseyn durub danışır, ancaq onların heç biri müstəqil söz deməyə hazır insanlar deyil. Təsəvvür edin bu parlament PKK-nın terror təşkilatı olub-olmamasıyla bağlı bir qərar qəbul edə bilmir. Bu nə cür parlamentdi, dostluqdu? Burada nəsə bir əmma var. Bizim parlamentdə kürd sorunluğu var. Nə mənada? Hətta gör Azərbaycan, bu millət nə günə qalıb ki, vəzifə almaq, var-dövlət qazanmaq, nəsə əldə etmək üçün türklər tanıyıram ki, deyir, mən kürdəm. Nə var onların işi bu dəqiqə işləyir. Bu artıq millətə təhqirdi. Türk bir işə girmək üçün deyir, mən kürdəm... Azərbaycan parlamentində belə adamlar çoxdu.

***

- Rüstəm bəy, Sizin zaman-zaman jurnalistlərin həbsi ilə bağlı fikirlərinizi eşitmişik. Sonuncu həbs olunan jurnalist dostunuz Qənimət Zahiddi.

- Dünyanın heç yerində belə bir şey baş vermir. Azərbaycanda ən böyük müxalifət qəzetinin, haqq-ədalət işini görən mətbuat orqanının rəhbərini bu ittihamla həbs etmək həm çox komikdi, həm də çox dəhşətlidi. Biz Qənimətlə uzun illərin dostuyuq. Mən onu yaxşı tanıyıram. O heç kimə əl qaldırmaz. Qənimət hətta özü özünü sığortalamaq üçün, belə demək mümkünsə, həccə getdi. Bu indiki iqtidarın çox böyük faciəsidi.

- Bayaqdan sizə 2 zəng oldu - birində sizi yeyib-içməyə, o birində isə yas məclisinə dəvət edirdilər.

- Həyatın mahiyyəti budu. Sənin də kitabında oxudum. Orada sual verilir. Insan nə axtarır? Özünün mahiyyətini. Bütün dünyada böyük ədəbiyyatın mahiyyəti nədi? Insanın zaman və ölümlə qarşılaşmağı. Kim qarşılaşmadan doğan heyrəti anlayırsa, şairdi. Anlamırsa...


Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Dekabr 6, 2007 23:50 | müsahibə | Şərhlər(0) | Baxış sayı: 119

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha