(novella)
Evinizdən çıxıb aküçəylə gedirsiz. Haraya gedəcəyiniz hələ özünüzə də bəlli deyil. Ama inamlı addımlarla, yolunuzda bir qarış sağa-sola sapmadan irəliləyirsiz. Arabir hiss eləyirsiz ki, sanki kimsə sizi qarabaqara izləyir. Hətta bir neçə kərə o, sizinlə üzbəüz də gəlib üzünüzə ötəri, di gəl ağır bir nəzər salıb ötür. Fərqinə varsanız da, içinizdən gizilti keçmir. Adamın dörd ayrı səmtdən rastınıza çıxması şübhələrinizin üstündən qələm çəkir.
Bu zaman qəfildən yanınızda tanımadığınız, ancaq nəyə görəsə sözünə inanmamağın söz qonusu olmayacağı bir adam peyda olur və sizinlə yanaşı addımlaya-addımlaya, üzünü sizə yox, yana tutub ardınızca “quyruq” düşdüyündən sizi xəbərdar eləyir, hətta “quyruğ”un adını da deyir. Bu adı elə səsləndirir ki, elə bil bu ad sizə çox şey deməlidi, sizin fikirlərinizi, hələ bu andan belə haraya getməli olduğunuzu da məntiqi şəkildə istiqamətləndirməlidi. Bu ad, məsələnin nə dərəcədə ciddi olduğu və nə niyyət güdməsi haqda sizə heç nə deməsə də, həqiqətən bir çaşqın ovqat, az qala vurnuxma yaradır.
Beyninizi qurdalaya-qurdalaya bu ad haqda informasiya çıxırmağa çalışırsız. Heç nə alınmasa da, artıq gedəcəyiniz ünvanın adı özü-özünə alınır...
Kitabxanaya getməliymişsiniz! Nəsə, hansısa bir kitabı qiraət eləməyə... Bu hansı kitabdı ki, yüz ildə bir kərə yadınıza düşməyən kitabxanaya üz tutmağa sizi vadar eləyib?..
Bu dəqiqlik yanınıza qısılıb sizi məşum təqibdən agah eləyən “simsar” adam böyrünüzdən aralanan kimi yaranır və sizi həmin kitabxanayaca yönləndirir.
Kitabxanaya yetişdiyiniz məqamda “quyruq” bir anda gözdən itir; havadan belə fikir asılıb qalır: “quyruğ”un missiyası sadəcə elə bundan ibarətmiş - sizi kitabxanaya ötürmək.
Düşünürsünüz: niyə məhz kitabxanaya? Bu “quyruq”ların insanın ağzını qısnayıb hansı çirkab yuvasına, hansı işgəncələr zirzəmisinə desən “ötürməsinə” inanmaq olar, bircə kitabxanaya yox da!
Içəri girirsiz. Girişdə kimsə mane olmur, yolunuzu kəsmir, sizdən hər hansı bir sənəd istəmir. Hələ də hansı kitabı götürəcəyinizi kəsdirə bilməsəz də, kiçik nəfəsliyə yanaşırsız. Günlərdən bəri gözləyirmişlər kimi, bacadan bir əl çıxıb sizə kitab uzadır.
Qeyri-ixtiyari kitabı vərəqləyir, ama tamam-kamal başqa şey fikirləşirsiz:
- Məni kitabxanaya salan adam mənə nə çatdırmaq istəyir? Məni bu kitabxanaya nə bağlayır?
Dayan-dayan... Nədən qiraət zalında məndən başqa bir kimsə yoxdu? Deyəsən, bu ölkədə nəinki başqasının kitabını, heç özü öz kitabını oxuyan da qalmayıb.
Dur, qardaş, dayan! Yaxşı, bəs bu kitabxananın ən sadiq oxucusu; yox, ziyarətçisi; yox, ziyarətçisi də yox, kitabxanadaca oturub kitabxananın fond ehtiyatını canlı şəkildə, birbaşa “yayım”la zənginləşdirən RAFIQ TAĞI hanı?
Kitabxana sözü sizdə mexaniki olaraq “kitabxanaçılığı” bitirmiş QƏNIMƏT ZAHID haqda assosiasiya doğurur və heç olmasa buraya çay içməyə gələn Qənimətin yoxluğunu düşünürsüz...
Deyəsən, məsələ bu iki vicdanlı kitab əhliylə bitmir. Dahası var və həm də nə “daha”sı! Kitaba vurulmuş möhürə baxırsınız. Ateist, cəhalət düşməni olan mütəffəkkirin adını daşıyan bu kitab evinin möhüründə indi sadəcə “Milli” yazılıb - yəni soyad var, ad yoxdu.
Elə bu vədə “quyruq” qarşınızda peyda olur. Hələ bayırdaykən kişilik qüruruna, heysiyyatına qısılıb bir quru imdad diləməməyinizdən it kimi peşman olub təpənizə döyürsünüz - ürəyinizdə. Adam arın-arxayın sizə yaxınlaşır. Sizi zərrəcə çəkinmədən aramağa, sonra asta-asta boğmağa başlayır. Yox, deyəsən, vəziyyət ciddidi. Axır ki, kimisə köməyə çağırmaq qərarına gəlirsiz. Qışqırırsız, həm də “pomoqite” deyə... Səsiniz çıxmır. Çıxmır, çıxmır. Sanki bu qiraət zalı elə düzəldilib ki, burda heç kimin səsi çıxmasın.
Çığırır, çığırır, çağırırsız. Heç kim səsə gəlmir, imdada yetişmir. Bircə qadınınızdan savayı...

Açar sözlər:
Yazar:
PARVİZ | Tarix: Dekabr 25, 2007 23:47 |
proza |
| Baxış sayı: 106