www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

Ruzi-hicrandır sevin, ey murği-ruhim kim, bu gün

Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm.

    “Duyduq, duymadıq” deməyin, ey əhali!
Bu gün Yasamal rayon Məhkəməsində saat 10.00-da Qənimət Zahidin məhkəməsidi!

    Ey əhali! O Qənimət Zahidin məhkəməsidi ki, o adam sənin seçdiyin millət vəkili olmasa da, Allahın bu millət üçün seçdiyi bir vəkildi.
    Ey əhali! Sən indiyə qədər bəlkə də hələ bir millət vəkilini özün seçməmisən. Hətta sənin seçmək istədiyini belə, səndən qabaq sənə vəkil təyin eləyiblər. Millətin SƏSinə bu dərəcədə sayğısızlıq olan məmləkətlərdə Allah millət vəkili məsələsinə qarışmasa da (belə idbar məsələlər Məzahir Pənahov kimilərin ixtiyarına verilir ki, o dünyada hesabı sorulsun), millətin vəkillərini özü seçir - seçir ki, o dünyada əvəzini versin.
    Ey əhali! Sənə vəkil təyin olunan vəkillər səni 5 ildə bir kərə yada salırsa, Qənimət kimi vəkillərin işi, həyat tərzi yalnız Allahı, yəni elə dolayısıyla səni düşünməkdən ibarətdi. Bu ölkədə qəzəbə də elə Allahı, yəni onun məzlum bəndələrini düşünənlər gəlirlər. Allahın vəkil seçiminə qarışması özünü ölkəsinin Allahı sayan padşahları cin atına mindirir. Qənimət Zahidə divan tutmaq istəyənlər, əslində, tövbə-əstəğfirullah, Allaha divan qurmaq istəyənlərdi. Bu balaca tanrıçaların məntiqi budu: “Kimsə mənim qullarıma vəkillik eləyəmməz!”
    Ey əhali! Səni qınayanlar çoxdu. Dostunu-düşmənini tanımırsan, deyə. Küfrdü, bidətdi bu! Qənimət Zahidin həbsindən keçən iki aydan “bi cıqqan” az sürədə mən bir daha buna şahid odum. Sən öz vəkilini 100 ağaclıqdan tanıyırsan.  Keçən bu zaman ərzində Qənimət Zahidin zindana atıldığını bilə-bilə bütün şikayət və dəstək məktublarını başqa bir redaktorun, müavinin adına göndərmədin. Poçtumuza daxil olan bütün məktublar “Hörmətli, Qənimət bəy”lə başlayıb, “Bizə yardım edin, Qənimət bəy”lə bitir. Bu ölkənin insanı yalnız gerçək saydığı vəkilinə, ona boş-boş nağıllar danışanları qamçılayan simsarlarına belə müraciət eləyə bilər.
    Ey əhali! Sənin məhbus saymadığın adama, səninlə yanaşı addımladığına inandığın vəkilinə allahsızların kəsdiyi 200 il “işi” belə sevə-sevə çəkmək, “içəri”də çürümək yox, “içəri”dən o iş kəsənləri çürütmək, çatdatmaq olar!
    Ey əhali! Duymamış olmazsan. Ölüm cəzasına məhkum edilmiş Sokratın qadını əriylə son görüşündə ağlayıb-sızlayanda, “səni günahsız yerə həbs elədilər” deyib nifrinlər yağdıranda Sokrat acıqlanmışdı: “Məgər sən mənim haqlı yerəmi həbs olunmağımı istəyirdin?”
    Ey əhali! Sən də sevin! Sənin vəkilini bu gün günah üstdə yox, günahsızlıq üstə suçlayırlar. Sənin Qənimətin haqlı yerə suçlansaydı, daha o Qənimət olmazdı ki? Bu ölkədə suçlanmaq yalnız suçsuzlar üçün düşünülüb. Suçun yoxdusa, ən azı acından ölməyə məhkumsan.
    Deyirsən, yalançı, oyuncaq millət vəkillərinin toxunulmazlıq hüququ var, nədən Allahdan gələn vəkillərin bu hüququ olmasın? Yox, atam millət, yavrum millət! Sənin vəkillərinin alnına səni toxunulmazlıq hüququ olmadan, tək və silahsız, tam savunmasız qorumaq düşüb. Dövlətin toxunulmazlıq hüququ yalnız toxunulası adamlara verilir.
    Ey əhali! Bu gün Qəniməti Vüsal Həsənovun sözüylə mühakimə eləyəcəklər. O Vüsal ki, Qənimət Zahidəcən bulaşmadığı bir çirkab, ilişmədiyi təmiz bir adam qalmayıb. Bu da bu hakimiyyətin özəlliyindən biridi: onlar yalnız vüsal kimilərə inanarlar. Qənimətin onu 2 dəqiqənin içində al qanına qəltan elədiyini deyir Vüsal; hadisədən sonra onu görənlərsə, onun üzündə bir çimdik qan görmədiklərini deyirlər. Həqiqət bu ki, hətta Qənimət onu xurd-xəşil eləsəydi belə, yenə kimsə qan görməyəcəkdi. Çünki, Vüsalın, onun ilhamvericilərinin QANI YOXDU!!!
    EY ƏHALI! Qansızların qurduğu divanı izləmək istəyirsənmi? Elə isə, “duyduq, duymadıq” deməyin, saat 10.00-da, Yasamal məhkəməsində görüşənədək...


Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Dekabr 26, 2007 23:24 | Publisistika | Şərhlər(0) | Baxış sayı: 103

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha