Günün sitatı yenə də Vüsal Həsənovdan gəldi (günümüzə bax da ilahi, gör GÜNün sitatı kimdən gəlir!). Qənimət Zahidlə bağlı keçirilən məhkəmənin hazırlıq iclasında bu adam deyib ki, mən iddia qaldırıram, mənim şərəf və ləyaqətimi təhqir elədiyi üçün (evin yıxılsın “şərəf və ləyaqət”, nə günlərə qaldın sən!) “Azadlıq” qəzetini məhkəməyə verib bağlatdıracam... Müasir jurnalistlərin təbirincə desək, daha sonra əlavə eləyərək deyib: “Çünki ”Azadlıq" qəzeti yazıb ki, mən, yəni Vüsal Həsənov Azərbaycan Yazıçılar Ittifaqının üzvüyəm. Bu, yalandı. Mən üzvlük vəsiqəsi 300-500 dollara satılan bir təşkilata üzv olmağım haqqında dərc olunmuş xəbəri öz şərəf və ləyaqətim üçün təhqir hesab eləyirəm".
Buyurun, ağalar, necədi sizinçün? Indi bilmirsən kimin gününə ağlayasan - “şərəf və ləyaqəti” təhqir olunan Vüsalamı (görün AYB-a üzv olmaq nə dərəcədə biabırçı və AYIB bir işdi ki, hətta bu şəxs bu haqda təsəvvürü belə özüyçün AYIB sayır), yaxud üzvü olmaq AYIB sayılan AYB-yəmi? Və görəsən nə vaxtdan AYB-yə üzv olmaq təhqir sayılır? Çaşıb qalırsan. Ancaq etiraf eləyək ki, xəbər çox maraqlıdı.
Ikinci maraqlı sitat isə,- elə bunun özündə də çox maraqlı nüanslar var,- Sevgiladədən gəldi.
Sevgiladə haqda qeyri-rəsmi arayış (arayışı kopyalamaq, yaymaq, harasa təqdim eləmək qəti qadağandır (“çünki”si az sonra)): Ilkin ifadələrində Vüsalın nişanlısı, sonradan “təsadüfən” Azərbaycan nəşriyyatının qənşərindən ötüb keçərkən Qənimət Zahidə tuş gələn, “təsadüfi” bir gəncin milli qeyrəti sayəsində namusunu hifz eləyən və nəhayət... bir xanım-xatın millət qızı.
Bəli, sitat Sevgiladədən gəldi bir başa məhkəməyə. (Yeri gəlmişkən, “Sevgiladə” adının mənası deyilənə görə, sevgidən də ötə, o yana, lap yuxarı, hətta sevgini tozda qoyan mənasına gəlir) Sevgiladə öz ərizəsində yazır ki, mən Qənimət Zahidlə üzləşmədə aparılmış video çəkilişin vəkillərə verilməsinə, məhkəmədə təsvirlərin baxılmasına etiraz eləyirəm. Gələcəkdə YENƏ DƏ ailə qurmaq fikrim var. Bu kaset kiminsə əlinə keçə bilər və məni şantaj edə bilərlər...
Buyurun, cənablar! Indi gördünüzmü Azərbaycan hüquq-mühafizə orqanları kimlərin sözüylə oturub-durur, kimlərin sözüylə qərar çıxarır və kimlərin haqqında həbs-qətimkan tədbirini dəyişmir?!.
Vüsal məhkəmədə durub yenə israr eləyir ki, guya o boyda “şkafı” Qənimət al-qanına batırıb. Hər şey bir yana qalsın - qanun da, ədalət də - bu şəxs hələ o boyda cüssəsinə, mənliyinə necə sığışdırır ki, mitilinə çırpıldığını dilə gətirir? Xalqımızın belə anlarda çox qədim və sınanılmış and vermə üsulları var - bunun söyüşlü və mədəni formaları var. Özünü kişi sayan hər bir azərbaycanlı belə məqamda heç nəyə baxmadan həqiqəti deyir. Məsələn, mədəni şəkildə deyirlər: “De ki, namusum haqqı, bu belə olub!” “De ki, atamın-anamın ölmüşü...” Namus varsa, cavab bəllidi. Bu millət Allaha, Qurana yalandan and içsə belə, namus, ata-ana məsələsinə yalandan and içməz.
Məsələnin bir az vulqar tərəfi də var. Ama ən kəsərlisi də budu. Məsələn deyirlər: “Yalançının?..” Adam düzdüsə, deyir: “Beş də artıq!” Yox, düz deyilsə, ən azı susur. Bax elə bu məntiqlə də atalarımız deyib ki, susmaq razılıq əlamətidi.
Yadıma mərhum Əliyevlə bağlı bir hadisə düşdü. Ona qarşı “pripiska” məsələləriylə bağlı komissiya yaratmaq istəyənlərə üzünü tutub dedi: “Siz indi nə komissiya yaradırsınız? Ayıb deyilmi?” Yox, ay rəhmətliyini oğlu. Qoyub getdiyiniz bu rejimdə heç nə ayıb deyil. Heç Qənimətin şərlənmə yoluyla tutulması da. Istəyirsiz mən də Vüsaldan soruşum: “Ayıb deyilmi?”
- ...
Açar sözlər:
Yazar:
PARVİZ | Tarix: Dekabr 29, 2007 0:51 |
Publisistika |
| Baxış sayı: 111