www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

    Bəri başdan deyirəm ki, mən heç kimin Yeni Ilini qutlamayacam, yəni təbrik eləməyəcəm.
    Təvəllüdümün iki il öncəsindən bəri Azərbaycana yeni il gəlməyib. O iki ildən sonra isə mən gəlmişəm Azərbaycana - “dünyaya gəlmişəm” ona görə yazmıram ki, biz dünyada yaşamırıq, biz dünyada deyilik, biz bu dünyadan deyilik, biz dünyada yoxuq, dünya üçün yoxuq - ən azı, mən yoxam. Mənim haçansa dünyaya gəlib-gəlməyəcəyimi bir Allah bilir. Bəli bizim dünya dediyimiz Azərbaycandı - istəyirsən elə yoz, istəyirsən belə...

    Qanunla götürsən, mənim doğulduğum tarix - ay bütün dünyada yeni il sayılır - yanvarın “yeni” adı üstündədi. Ancaq burdan üzü o ilə boylananda görürəm ki, yox, mən yeni ildə yox, köhnə, heç vaxt təzələnməyəcək qart illərin başlanğıcında doğulmuşam.
    Artıq 38 ildi ki, bu ölkəyə yeni il gəlmir. Illəri işarələyən iri rəqəmlər də sayğac göstəricisi olmaqdan artıq bir şey deyil. Bu rəqəmlərin heç birinin adı nə Yeni ildi, nə Təzə il - uzaq başı təzə sayğac rəqəmidi.
    Mən indi hansı Yeni il münasibətilə kimisə bayramlayım? Axı o illərin heç biri bu xalqa təzə bir şey gətirməyib - təzə-təzə dərdlərdən, torpaq itkisindən, ölümdən-itimdən, səfalətdən, aclıqdan, problemlərdən, manqurtlaşmadan, mənəvi deqradasiyadan, əxlaqi aşınmadan başqa!..
    Bu illərin heç biri bizlərin olmayıb. Bu illər bir ailənin illəridi. Qonşunun evində bişəndən sənə nə?
    Tanıdığım heç bir şərəfli adam bu illərdən pay götürməyib. Üzümüzə gələn ildən də nəsə gözləməyə dəyməz. Kəsəyən yenə də bizim əsəblərmizi gəmirməklə məşğul olacaq.
    Biz bircə Yeni il də yaşamadıq! Biz bizi il-il öldürən illəri öldürməklə, illərin meyidini sürüməklə, illəri çürütməklə məşğul olduq. Mən hələ də məəttəl qalıram ki, ən əcayib və cılız ittihamlarla bizləri zindanlara atan bu hakimiyyət - bütün bu “Yeni il”lərin tək və şəriksiz sahibi - nə əcəb bizlərə yalnız onların şəxsi əmlakı olan illərin qatili kimi cinayət işi açdırıb ömürlük (ILLƏRSIZ!) həbsə atdırmayıb? Hətta mənim bu cinayətimi sübut eləyəcək öz əlimlə yazdığım şeri də əşyayi-dəlil kimi götürüb “delo”ma tikə bilərlər:

“Bir il də öldürdün getdi,
Bu gün çıxır ili, adam!
Sənə ömürlük iş düşür,
Ay illər qatili adam!"

    Bax belə... Bununçün də mən Yeni Il adına kimisə təbrik eləməyə bir yüngülvari səbəb belə tapa bilmirəm.
    Bizim ən böyük fəlakətimizsə öldürdüyümüz bu “təzə” illəri illərlə torpağa tapşıra bilməməyimizdi. Illərin iylənmiş nəşini içimizdə gizlədib daşımaqdan Azərbaycana dəhşətli üfunət yayılıb. Öldürdüyü Illəri basdırmağa isə kimsənin cəsarəti çatmır. Hamı qatil ikən, hamının qatilliyi hamıya bəlliykən kimsə ayağa qalxıb, xalqı başına cəm eləyib ölünü üzə çıxarmaqda, ölünü qara torpağa gömməkdə BIRINCI OLMAQ istəmir.  Hamı kiminsə birinci olacağı anı gözləyir. Nə yaman şeymiş can qorxusu!!!
    Hətta uşaqlar da “Yeni il”ə, onun Şaxta Babasına inana bilmirlər; Azərbaycanda təbii nə var ki, inanasan da?
    Iki gün qabaq uşaq Azdramanın yanından keçəndə görüb Şaxta Babanı.  Yazıq körpə heyrət içindəydi: “Ata,- deyir,- elə şey olarmı? Saxta baba (cocuq ”Ş" deyə bilmir) meyxana deyirdi?.."
    Sabahı gün isə Şaxta Baba məktəblərinə gəlibmiş, vaxtı keçmiş konfetləri əritməyə... Uşaq yenə axşam yapışdı yaxamdan: “Ata məni aldada bilməzlər. Saxta Baba sənin qara şalvarından geymişdi. Ayaqqabısı da səninkindəndi. O necə Saxta Babadı?”
    Balası, fikir eləmə, sən öz sualının cavabını elə özün verirsən. Çünki o baba Saxta Babadı. Bizim bütün babalarımız kimi!
    Mən Sizi “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətiylə qutlayıram. Gəl ki, bu da köhnə illərdən qalıb...


Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Dekabr 30, 2007 23:52 | Publisistika | Şərhlər(0) | Baxış sayı: 109

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha