Şərəfli mətbuat kəsimi yarımçıq prezident əfvindən danışır. Hətta məhbəsdən çıxan, il sonunda doğmalarına qovuşan yazar-jurnalistlərimiz də bunu elə beləcə də qiymətləndirirlər. Bizimlə həmkar olan dörd qələm sahibinin qəzetlərə verdiyi açıqlamanı oxudum... və nə qədər təəccüblü olsa da sevindim. Deyir, Allah kasıbı bu cür sevindirir: kasıb əvvəl bir şeyini itirir, dərd çəkir, sonra tapıb sevinir. Olmazmıydı, onlar heç həbsə atılmayaydılar, zindanda kimsəmiz olmayaydı, bizim də kədərlənməyimizə bir gərək qalmayaydı. Yox, olmazdı, çünki bu ölkənin prezidenti (başqa institutların adını ona görə yazmıram ki, avtoritar rejimlərdə sadəcə bir baş olur) xalqının şərəfli kəsimini, kasıb, imkansız hissəsini sevindirməyin başqa yolunu bilmir, bilirsə də bir az dolayı və zəhmət tələb eləyən yolunu bilir ki, ona da adamda həvəs lazımdı; bilinən yol bircə budu - kimisə içəri basdırırsan, sonra buraxıb onları xoşbəxt eləyirsən; ondan beş-altı kəlmə xoş söz qoparırsan, sənə humanizminə görə təşəkkür eləyirlər. Sən də indiyəcən aldığın qisasdan, qisas müddətində çəkdirdiyin əzablardan, ardıyca da minnətdarlıq nitqlərindən həzz alıb özün də sevinirsən, çilə çəkdirdiklərin də.
Təşəkkür eləyənlər niyə təşəkkür elədiklərini bilirlər; bunu hamı anlayır. Bu, tələb olunan və zorən təşəkkürdü. Mən bircə şeyi anlamıram - o təşəkkürü qoparanlar bilirlərmi ki, bu dua-səna postmodern mahiyyətlidi?.. Bu dua-səna sadəcə inamsızlığın, hətta "qarımış qızın ərə getmə prosesində yaşadığı inamsızlığ"ın, bir saat sonraya qarantiyanın olmamasının, hələ gedib evə çatmamış geri qaytarıla bilmə ehtimalının görküdü. Axı bu rejimə zərrəcə etibar eləmək olmaz! Necə ki, qarımış qız ancaq zifah gecəsinin səhəri axır ki, demişdi: "Hə... İndi inandım!"
Dərd ondadı ki, ərə gedən qarımış qızın inmsızlıq məsələsi də (bu qarımış qız məsəli Azərbaycan xalq yaradıcılığında ən üzücü inamsızlığın rəmzidi) indiki rejimdə inamsızlığın yanında toya getməlidi!
Çox yox, yeddi-səkkiz sətir əvvəldə yazdım ki, əfv olunanların şüuraltısında "hələ evə gedib çatmamış geri qaytarıla bilmək" şübhəsi yatır və bu qeyri-şüuri pıçıltılardan "zorən təşəkkür" doğur. Buyurun sizə nümunə də göstərim: şikəst əfv verilən gün və sabahısı işçi qrupunun üzvləri - bu qrupda sərgi keyfiyyətli eşələnmələrlə millətin gözünə kül üfürən hüquq müdafiəçiləri qəti olaraq qrupun dağıldığını, bu qrupdan ayrıldıqlarını bəyan elədilər. İnanmağımız gəlmədi! Və elə 5 dəqiqə əvvəl xəbər çatdı ki, huquq müdafiəçiləri öz postlarında qalırlar. İndi gördünüzmü ərə gedən qız bunların yanında hətta ən dəbdəbəli toya belə getməlidi!
Qeyri-şüuri xəbərləmədən doğan daha iki məqam var. Bunlar da insanın öz şüurunun yox, şüuruna hansısa məchul mənbədənmi, təcrübədənmi ötürülən pıçıltıların törəməsi və ya siqnalı, xəbərdarlığı sayılsa gərək; yalnız qismən sosial azadlığına qovuşan qələmdaşlarımızdan biri - Yaşar Ağazadə, bundan sonra işinin həbsdə qalan həmkarlarının azadlığa çıxması üçün mübarizə aparmaq olacağını vurğulayıb. Yaşar bəy belə deyir, əslində isə bilir: hələ neçə-neçə jurnalist tutulacaq və o, bir qəzetçi kimi bununla uğraşmalı olacaq; hüquq müdafiəçiləri də işçi qrupda qalır və bilir: hələ neçə-neçə jurnalist tutulacaq və onlar da tutulanların sayəsində işsiz qalmayacaqlar.
Dekabrın 26-da Qənimət Zahidin məhkəməsində hakim müşavirə fasiləsinə gedəndə zalda qəfəsə girib şəkil çəkdirmək keçmişdi içimdən. Düşündüm ki, madam ki, məhkəmədə təqsirləndirilən şəxslərin şəklini çəkməyə imkan vermirlər, onsuz da bu günlərdən bizim hamımızçün var, yaxşısı indidən qəfəsə girib şəkil çəkdirməkdi ki, sabah qəzetlər istifadə eləyə bilsinlər.
Di, hələlik. 2008-də görüşə bilsək...
Açar sözlər:
Yazar:
PARVİZ | Tarix: Dekabr 31, 2007 0:01 |
Publisistika |
| Baxış sayı: 108