Hər il 20 yanvarda Şəhidlər Xiyabanını kütlə şəklində ziyarət eləməklə, hər Aşurada zəncir vurub qan çıxarmaqla, "ya Hüseyn, vay Hüseyn" deməklə iş bitmir!
Bitmir, mənim əziz qardaşlarım! Bitmir, bitmir... uzandıqca uzanır. Uzanır, qardaşım!
20 yanvarda SSRİ-ni dağıtmaq istəyənlər başqa 15 qardaş kimi Azərbaycan xalqına da bir açıq-saçıq dərs verməklə anlatmağa çalışdı: "Bax, budur, - dedi,- sizin sevimli SSSR-iniz, sizin böyük qardaşınız, şanlı, əziz Respublikanız..."
Rus rusluğuyla bizə ağıl və Azadlıq dərsi verirdi, 80 ildə öldürülmüş mübarizə və özgürlük hissimizi qəflət yuxusundan oyatmağa çalışırdı. Hər hansı oyunlar oynanıldığından asılı olmayaraq rus-faşist ordusunun qarşısına əliyalın çıxanlar əsl ərənlər idi. Məqsədi qətliam törətmək olan bu faşistlər isə mahiyyətcə və özləri də bilmədən humanist missiya həyata keçirirdilər.
137 şəhid... Bu üç rəqəm və bir sözün içində önəmlisi o bir sözdü - bu bir sözün qənşərində 137 yox, 1 rəqəmi yazılsaydı da, bu söz öz əzəmətini itirməyəcəkdi. Şərə qarşı duran bir fərd-şəhid belə, millətin üzünü millətlər içində ağ eləmək iqtidarındadı. Bir Elmar Hüseynov dünyaya bizim AZAD SÖZ tutqulusu olduğumuzu isbatlayır. 137-yə qalanda... Bu sayda insan elə günü bu gün də, hər gün sıralarımızdan əskilir - yol, istehsalat qəzaları; zəhərlənmələr, qətllər, intihar və s. və i.a... Mən haçansa Azərbaycanda Mixail Qorbaçova heykəl qoyulacağına əminəm!
***
20 yanvar bizim aldığımız ən gözəl tarix dərsidi. Bu dərs Azərbaycan Tv-lərinin interpretasiyasında hər il bir dəfə yenidən millətə təkrar keçirilir və artıq ilk dərsin tam əksinə olaraq... İmperiyanın verdiyi dərs bizləri kişiliyə, azadlığa, qorxmazlığa səsləyirdisə, bu təkrar dərslər millətin gözünü qırmağa, onu azadlıq uğrunda savaşdan, şərə qarşı vuruşdan çəkindirməyə yönəlib. 20 yanvar törəninin bütün mahiyyəti, bu matəm günüylə bağlı cəmi verilişlər - vizual təsvirlər yalnız bu məqsədi güdür. Bu təsvirlər adama yalnız bu məntiqi təlqin eləyir: şərə asi çıxsan, azadlıq istəsən, bax, səni də bu aqibət gözləyir!
Hadisədən 18 il ötüb, mənsə hələ də Şəhidlər Xiyabanında olmamışam. Xüsusən də 20 yanvar günü Xiyabana getməyi qəti düzgün hesab eləmirəm. Bu gün alınan dərsdən hesabat günüdü; biz hər il hansı üzlə, hansı hesabatla onların hüzuruna gedək? Haqqımız çatırmı? Deyəsən, adamlar bu məntiqi anlamağa başlayıb; bu ilki matəm günü ziyarətçilər xeyli seyrəkləşmişdilər. Vicdan adamlara pıçıldamağa başlayıb: üzümüz yoxdu ora ayaq basmağa...
***
Əlbəttə, Tv-lərin o dərsi yeni "ujas film" interpretasiyasında millətə yeritməsi tam anlaşılandı; təbii ki, 1994-dən bəri YAPistlərin xalqa tutduğu divan çarxlarını seyrçi üçün fırlatmaq əks effekt verərdi; YAP bu gözqırma kampaniyasını daha doğru yolla - 20 yanvar kadrlarının semiotik diliylə xalqın təhtəlşüuruna yeridir.
***
20 yanvarla bağlı ağlaşma kadrlarının içində yəqin ki, gözdən qaçmış bir kadra sataşdı gözüm. Bir neçə nəfər yığışıb qırmızı sovet pasportlarını yandırır. Pasportlardan biri kameraya yaxınlaşdırılıb iri planda göstərilir. Bu hansısa şəhidin pasportudu; güllə adamın şəklinin düz alnının ortasını dəlib keçib. Və yəqin ki, düz ürəyinin başına sancılıb. Çünki bizim bütün qırmızı biletlərimiz Süleyman Rüstəmin yazdığı kimi, "sol cibimdə, ürəyimin başında..." olub.
Düşmənin ürəyimizə sıxdığı güllənin bizim qırmızı pasportumuzda alnımızın tən ortasını dəlib keçməyi boşuna deyil. Bu da dərsdi, köləlik yazılmış alın yazımızı pozmağa bir cəhddi.
O günlər, lap düzü qızıl imperiyanın bağlı-bağatlı, barlı-bəhərli dövründə Süleyman Rüstəmin yazdıqları... bu gün nə qədər anlaşılmaz olsa da, qardaşımız Həmid Herisçidə üzə çıxır. Həmid bəy alnına qırmızı rusun özünün qızıl güllə çaxdığı qırmızı sovet pasportuna mərsiyə yazır (məgər sovet pasportundan savayı ekzotik xiffət doğuran bir ədəbi predmetmi qəhətdi?). Pioner qalstukuna ağı deyir. Solçuluqdan, Stalinin astar üzü olan Trotskidən nəql eləyir. Kitabının adını "SSSR" qoyur. Neobolşevik poeziyasının əsasını qoyduğunu söyləyir...
Anlaşılandı. Ancaq hara qədər... Amorflaşan, simasını itirən burjua cəmiyyətlərində belə solaxay paranormal etiraz görüntülərinə zaman-zaman və hər bir ölkədə rast gəlinib. Bə dadaistlər nədi... Gəl ki, bunlar SOL yox, SOLAXAY görsənişlərlə üzə çıxıb. Bu günün Azərbaycanında isə nəinki sol, hətta belə solaxay görsənişlərə də ehtiyac yoxdu. Etiraz sərgiləmək üçün hər cür imkan var, təbii ki, məhbəsi gözə almaq şərtilə. Məhbəsi gözə alanlar, məhbəsin içində oturanlar da mövcuddu. Ordan-burdan imitasiyalı, gerçəkliyə zərrəcə aidiyyəti olmayan təzahüratlara heçcə gərək yoxdu. Çe Gevaradan ideal-büt düzəltməyə də hacət yox! Azərbaycanın tarixi, bu gün də sayılmaqla, çegevaralardan bir basırıq qatar kimidi. Əgər Azərbaycanın çegevaraları sizi qane eləmirsə, o zaman, lütfən, özünüz Çe Gevara olun!
Ölmüş bütləri rahat buraxsaq yey! Ölülər bizi yalnız öz arxalarınca apara bilərlər. Hecə ki, aparırlar...
Bir də unutmaq lazım deyil ki, həmin komondante Çe Gevara bu gün Azərbaycanda olsaydı, indi mütləq çoxdan susdurmuşdular, satın almışdılar... İndi neçə illərdi komandante ya DİN-in, ya MTN, ya FHN, ya da lap bəd ayaqda, Tacikistanda-zadda Azərbaycanın fəxri səfiri idi...
***
Bax, belə, dostlar! Ədəbiyyata qalanda isə... ədəbiyyatın yeri tamam ayrıdı; o, nə solçu, nə sağçı ola bilər; ədəbiyyat SOLdan sağda, SAĞdan soldadı...
Qaldı ki, törənlərə... Nə qədər ki, bu matəm törənləri mahiyyətini dəyişib Qəhrəmanlıq Bayramlarına çevrilməyəcək (söhbət zərrəcə ondan getmir ki, bu gün sevinməliyik, fəxr eləməliyik bu günlə, yox)... heç nə bitməyəcək; uzanacaq, uzanacaq, qardaşlar, çooox uzanacaq! Necə ki, 1200 ildən çoxdu islam dünyası xroniki istibdaddan olmazın məşəqqətlər çəkir. Biz bu tarix dərslərindən "əla" almadıqca, boşu-boşuna gəlib dərsdə oturduqca... ölkəmizdə "hər gün Aşura, hər yer Kərbəla" olacaq...
Açar sözlər:
Yazar:
PARVİZ | Tarix: Yanvar 23, 2008 17:40 |
intellektual |
| Baxış sayı: 116