Azərbaycana əsl İSLAM Babəkin savaşlarının sayəsində gəlib, ərəb ordusunun yox...
"Alma" "hansı yaxşıdır: Allahsız, yoxsa ağsaqqalsız yerdə oturmaq" sualına cavab axtarışında bulunub. Və sual tam olaraq belə qoyulub: "Azərbaycanlılar dini hisslərində səmimidirmi?"
Qəzetdə suala üç nəfərin fikri verilib. Hacı İlqar İbrahimoğlu "O necə ağsaqqalldır ki, oturduğu yerdə Allah yoxdur?!" deyib; Ağalar Məmmədov, ümumiyyətlə azərbaycanlıların heç bir şeydə səmimi olmadıqların bildirib və Seymur Baycandan bir sitat gətirib: "Milli qəhrəmanı Babək, peyğəmbəri Məhəmməd olan xalqdan hər şey gözləmək olar"; Seymur özü isə fikrini belə ümumiləşdirib: "Oturduğum yerdə nə Allahın, nə ağsaqqalın olmasını istəmirəm" (qrammatik açıdan "istəyirəm" yazılmalıydı - P.).
"Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma..." Bu bizim atalar sözümüzdü. İstənilən atalar sözünə mahiyyətə varmadan yanaşanda belə də cavablar alınmalıdı. Öncə, İlqar bəyin cavabını götürək, incələyək. Cavabın məntiqindən belə çıxır ki, Allahın olmadığı yer var. Və o yerdə oturan adamı ağsaqqal saymaq olmaz. Öncə onu deyim ki, fikir kökündən yanlışdı - ağsaqqala məhz Allahlı yerdə gərək yoxdu, nəinki allahsız. Allahlı, yəni ƏDALƏTLİ yerdə ağsaqqala olsa-olsa rəmzi, ekzotik bir fiqur kimi önəm vermək olar. Əgər dini yöndən yanaşsaq, Allahın olmadığı yer yoxdu - Allah hər bir yerdədi və heç bir yerdə deyil. Lap bəri başdan onu demək gərəkir ki, bu ata sözümüzdə ümumiyyətlə Allahdan söhbət getmir. Zərrəcə! Tam əksinə - söz Allahdan deyil, allahsızlıqdan (təəssüf ki, çoxları bu "allahsız" sözünü də, nədi-nədi önündə bir "Allah" var deyə, böyük hərflərlə yazırlar) və nəticə etabarıyla Şeytandan (bu da xüsusi, bəlkə də lap xüsusi isimdi) - ədalətsizlikdən söhbət gedir. Deməli, bu atalar sözünü belə ifadə eləmək olar: "Şeytan olan yerdə otur, ağsaqqalsız yerdə oturma". Məsələyə bu prizmadan yanaşanda təbii ki, atalar sözündə heç bir ziddiyyət, kafirlik və ya qeyri-səmimilik axtarışına çıxmağa gərək qalmayacaq. Təəssüf ki, bizim oturduğumuz yer həm allahsız, həm də ağsaqqalsız yerdi və bir də təəssüf ki, bəylərdən heç biri buna toxunmayıb və dübarə təəssüf ki, biz ümumiyyətlə OTURMUŞUQ!!!
***
Allah sözüylə allahsızlıq arasında da hər hansı bağ aramaq absurddu. Necə deyərlər, bığın baramaya dəxli yoxdu. Allahsızlığa, allahsız yerə qalanda... bu o demək deyil ki, həmin yerdə Allah yoxdu. Və allahsızlığın nə olduğunu doğru-dürüst təsəvvür eləmək üçün, nə mücərrədliyə, nə metafizikaya, nə də çox uzaqlara boylanıb təsəvvürləri zora salmaq gərək deyil. Bunun üçün bir kərə öz Azərbaycanımızı göz önünə gətirmək yetərlidi. Allahsız deyilən yer elə bizim bu məmləkətdi...Ən faciəli yan odu ki və o qədər faciəlidi ki, hətta bizim müdrik atalarımız bu qədərini görməyib - yer-ölkə həm allahsız ola, həm də ağsaqqalsız... - vah-vah, görsəydilər, bunu da nəzərə alardılar o söz boğçasında. Bu yerdəncə dərhal ata sözünün ikinci hissəsində adı anılan ağsaqqal məsələsinə aydınlıq gəlməlidi. Bu ata sözünün türk təfəkkürünün meyvəsi olduğunu dərk eləmədən, mahiyyətə varmaq imkansız bir zaddı. Türk dünyabaxışında ağsaqqal təkcə saqqalı ağ olan pirani bir qoca, ya da hansısa bir tayfa-qəbilə başçısı deyil. Onların, Vahid demişkən, bizdə minəcən cədvəli var və bu adamlar sadəcə bioloji ata və ağsaqqal olmaqdan, allahsızlığa göz yummaqdan, bizi "nə qədər ki, dövran belədi "H.Ə." de, dünya düzələndə "yox"unu deyərsən"ə yönəltməkdən başqa bir şeyə yaramırlar. Onlarla bir yerdə oturmaq Şeytanla bir oturmağa tən olmasa da, adamın əxlaqını pozur, adamı allahsızlıqla barışdırır. Ata sözümüzdəki o "ağsaqqal" deyilən məxluq isə bir ərən, ərdəmli, öndə gedən, xalqı arxasınca aparıb işığa - azadlığa qovuşdura bilən, bu yolda çarpışan, savaşan, savaşları yönləndirə bilən bir ƏR-di. Ki... bu gün Azərbaycanda o ƏR-AĞSAQQAL gözə dəymir. Məncə bu Ata sözümüzün məğzi-canı aydınlaşmağa başlayır. Deməli, Azərbaycan adlı allahsız və ağsaqqalsız bir məmləkətdə oturmaq küfrə bərabərdi. "Qalx ayağa, Azərbaycan" kəlməsi də bu anlama gəlir - oturmaq olmaz, oturmaq Şeytana sitayişin ta kəndisidi ki... bu dünyada, inananlar üçün o dünyada da cəhənnəm əzabı bəs-bəlli, göz qabağında! *** Beləcə, SÖZ-ü astar üzünə çevirə-çevirə gedib çıxırıq sözün yaranış zamanına. Bəri başdan Seymurun sitat gətirilən "Milli qəhrəmanı Babək, peyğəmbəri Məhəmməd olan xalqdan hər şey gözləmək olar" cümləsi haqda onu deyək ki, bu EL dililə desək, sofu, ELLİN-lərin ağzıyla desək, yalnızca sofist bir deyimdi; çox üzdən deyilmiş, sadəcə səy-küy yaratmağa hesablanmış növbəti bər-bəzəkli bir fikirdi. Çoxlarını narahat eləyir bu sual: "Biz necə millətik ki, qəhrəmanımız Babəkdi, dinimiz islam?" Hətta bəziləri bunu millətimizin unikallığına da yozur. Yox, burda heç bir unikallıqdan, nə də paradoksdan söhbət gedə bilməz. O çağdan bu çağa baxsaq, elə bir xalq yaradıcılığı nümunəsinə rast gəlməyəcəyik ki, orda Babək heç olmasa, haqq etdiyi qədərdə vəsf edilsin, ən azı, anılsın. Bunu görməyəcəyik. Demək, biz dini inancımızda səmimi, milli hisslərimizdə küt olmuşuq. Təbii ki, təəssüf doğurur. Üzü bəri gəlib sovet dönəminə çıxanda qəfildən qarşımızda Məzdəklə, Cavanşirlə, Babəklə bağlı nəhəng bir qalereya, nəhəng bir sərgi çıxacaq və bunun da QIRMIZI RƏNG verilmiş NİYƏSİ hamıya bəlli olsa gərək...Babəkin qırmızısı süngü ucunda azadlıq ixrac eləyən bolşevikin qırmızısından deyildi əslində. Babək AYAĞA QALXANDA artıq neçə illərdi ki, islam hələ Azərbaycana gəlib çıxmasa da, adının üstünə bir islam yarlığı yapışdırmış vəhşi ərəb ordusu çoxdan Azərbaycanda, ermənilərin hiylələri sayəsində bütün Azərbaycan-Albaniya maddi-mənəvi mədəniyyət nümunələrini dağıtmaq, çapmaq, talamaq, təhrif eləmək, xalqı soymaqla allahsızlıqla məşğul idi. Bunu Azərbaycan valisinə həzrəti Əlinin yazdığı məktub da sübut eləyir. Bu məqamda müsəlman adı daşıyan Həsən-Babəkə sadəcə bir ağsaqqal kimi yanaşmaqla ziddiyəti çözə bilərik. Babək allahsızlıq eləyən yaddellilərə dözməyib oturmadı və ayağa qalxdı. Bu elə Məhəmməd peyğəmbərin istədiyi: "Haqsızlıq önündə susan canlı Şeytandır" və bəlli ata sözümüzün qandırmağa çalışdığı idi...Gəlin, qəbul eləməyə çalışaq ki, Babək Allaha yox, allahsızlığa qarşı savaşırdı, Azərbaycana da əsl İSLAM Babəkin savaşlarının sayəsində gəlib, ərəb ordusunun yox.
***
Sonda gəlib çıxırıq azərbaycanlıların dində qeyri-səmimilik məsələsinə. Qeyri-səmimilik insan xislətində İÇ-i gizlətmək üçün istifadə olunan psixoloji haldı. Dindən və insanın öz-özüylə münasibətlərindən başqa istənilən məqamda səmimi olmamaq mümkündü. Adamın özüylə bağlı hər şey aydındı. Dərinə varsaq, görərik ki, dində ümumiyyətlə səmimi və ya qeyri səmimi olmaq sorunu yoxdu. Lap "Nəsimi" filmində deyildi kimi: "Var kamil insan, var cahil insan". Sırf dinə gələndə, hacı olmursan, lap 10 qat hacı ol, var inanclı insan, var inancsız. Dində qeyri-səmimilik ona görə absurddu ki, Allahı aldatmaq imkansızdı. Allahı aldatmaq imkansızdı! Heç olmasa, özümüzü aldatmayaq.
Açar sözlər:
Yazar:
PARVİZ | Tarix: Yanvar 29, 2008 23:17 |
intellektual |
| Baxış sayı: 112