www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

Əsər qəhrəmanı ...

Ona görə sən şairdən nasirdən, yazı ya əsər yazandan çox, əsər qəhrəmanına oxşayırsan - bir az dəlisov, bir az mürgülü; bir az qəliz, bir az sadəlövh; bir az xilaskar, bir az inkivizitor; bir az xəyalpərvər, bir az hissiz; bir az real, bir az irreal... Bir az mömin, bir az asi! Bir az uşaq, bir az qoca...

Qəbr kimi dar qaranlıq, nəm çəkməkdən saralmış divarlarında həyulələr, kabuslar, qara kölgələr oynaşan otağına qapılıb gün işığına belə nifrət eləyən xəstə, vərəmli nihilistlər kimi, çölünə qapı bağlayıb, içinə pərçimlənibsən. Heç olmasa ildə bir dışarı da çıxmırsan ki, barı qapın açılıb-örtülüncə içinə bir damcı işıq düşə. Gəzilməkdən içinin daşı çıxıb. Neçə çarıq yırtıbsan içində dolaşmaqdan. İçində ayağın dəyməyən bir yer qalmayıb.

Yorğan-döşəyə içində girib, içində yataqdan qalxırsan. Səhəri içində yeyib, içində işə yolanırsan. 1000 dənə yeri dəyişibsən. At kimi çalışsan da, heç kim görmür, görmək istəyən belə görə bilmir. Axı yazıqlar necə görsünlər... Dostları belə inandıra bilməzsən. Səsin özün kimi qırılıb içində hərlənəcək-hərlənəcək, sonunda yenə özünə qalacaq. Səni eşidə bilməyəcəklər. Axı, necə eşitsinlər...

Sən tənbəl məsuliyyətsiz bir mirzə, bir katibsən. Yaxanı çaki-giriban eləyib aləmə sərgiləməyincə el nədi, heç məni inandıra bilməzsən. bu yat-yatı varlığınla, vücudunla sübh səhərdən ta şami-qəribandan da o yana, yəni məsəlçün saatın onikisinə, ikisinə, üçünə lap dördünəcən zamanını çalışmaqla keçirirsənsə sən buna məcbursansa; it kimi əldən düşüb evə dönürsənsə; bu yükün altında yenə nəsə yaza bilirsənsə, qardaşım, mən sənə qibtə eləyirəm, mən sənə səcdəyə düşürəm! Sən Füzulidən , Dostoyevskidən , Kafkadan, Kamüdən , Markesdən Folknerdən böyüksən!

Atam, inan mənə ki, böyüksən... Amma sən heç Anar belə ola bilməyəcəksən.

gəl ki, Dostoyevski, Füzuli, Markes gününün 15 saatını illərlə reportyorluğa başqa bu kimi cəfəng, adamın fiziki şirəsini çəkən çalışmalara sərf etsəydilər, sənin dırnağın da ola bilməzdilər! Bilərdilərmi?

Sənin millətin , kim deyir-desin, öz ömrünün qəhrəmanıdı. Özü baş qəhrəmanı. O, öz ömrünü yazan deyil, yaradan deyil; yalnızca yazılmış, çizilmiş, yaradılmış ömrünün, tarixinin ən yaxşı halda, elə baş qəhramanıdı.

Öz ömrünü yaratmaq, öz tarixini yazmaq istəyəndə , uzaq başı, əsər içində əsər yazan bir obraza bənzəyir. Onun bir fərdi kimi, özü guya bir balaca irəli getmək şansı olan biri kimi, sən öz əsərinin qəhrəmanısan. Əsərinin qəhrəmanına bənzəyirsən. Bundandı ki, sən sənin millətindən olan sənlər hamısı - elə dindirdiyin deyir ki, mən ÖZÜMÜ yazıram. Yaxınlaracan elə sən beləcə demirdinmi? İmkanın olsaydı, indi utanıb-çəkinmədən eləcə

deyərdin. "YOX"mu deyirsən? Onda bir sirrinin üstünü açmağa məcburam. Gündəliyindəki qeydi yadına salımmı... "O, əvvələr yalnız özünü yazırdı. düşünürdü ki, həmişə bu yolu gedəcək.

...İndi o, yaza bilmir! Çünki ÖZÜ yoxdu..."

Deyəcəksən ki, başqası haqda yazmışam. İnanmaram. Çünki, biz hamımız əsər qəhrəmanıyıq, yazsaq özümüz haqda yazırıq. Əsər qəhrəmanı o əsərin içində yazdığı əsərdə o əsərə dəxli olmayan bir şey yaza bilərmi? Oxucular da belə fikirləşməyə, bu məntiqlə düşünməyə öyrəşiblər. Hər hansı bir yazarı oxuyanda əsərdə bütün baş verənlərin yazarın öz başına gəldiyini düşünürlər başlayırlar onu sevməyə ya nifrət eləməyə.

Sən bir əsər qəhrəmanı kimi həmişə sevməyə məhkumsan. Füzuli həmişə sevən biri, yəni Məcnun olsaydı, Füzuli olmaz, ola bilməzdi. Sənsə ən fərəhli halda Məcnunsan, yazmağın da Məcnunun "Leyli Məcnun"da qəzəllər söyləməsinə bənzəyir. Bunun da suçu Füzulidədi ki, sənə yazmağı yox, sevməyi miras qoyub.


Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Yanvar 29, 2008 1:01 | intellektual | Şərhlər(0) | Baxış sayı: 94

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha