Sevilməyə bir stansiya qalmış
(povest)
BEŞİNCİ KƏLMƏ
"Diqqət-diqqət!
Birinci xətdən yola çıxan sürət qatarına minik başa çatır! Sərnişinlərdən xahiş olunur ki, fikirlərini cəmləsinlər..."
Səs cansızdı; lent yazısı olduğu gün kimi aydındı; ən maraqlısısa oydu ki, yazı nəsə ağzıbağlı dəmir qutu içində lentə alınmışdı.
Dörddcə vaqonluq qatar gözalabildiyindən çox iri, çox da nəhəng gəldi gözünə; azmanlığı gözə sığmasa da, duyulandı.
Qatar sinədolusu üç-dörd kərə ah çəkdi, köks ötürdü, - yolçuları ötürən yox idi, - dəli qıyya çəkdi, üç-dörd yol dartınıb yola düşdü; qatarın əzəmətini və gözəlliyini son dəfə gözdən keçirib sonuncu vaqona atlandı, içərini süzməyə macal tapmamış zülmət çökdü; qatar tunelə girdi; belə tezliklə tunelə çatmanın nəsə əcayib olduğunu düşündü; qatar sürət qatarıydısa da bu, imkansızdı; elə sonuncu oturacaqdaca özünə yer rahladı; yanı oturacağın taxtasına keçəndə bunun köhnə metro qatarı olduğunu zənn elədi və canı tunel çaşqınlığından azcana qurtuldu. Bütün vağzalı ələk-vələk eləyib can dərmanı diri-gözlü bir adam balası-adam görə bilməməsini düşünə-düşünə mürgülədi; bircə dayanacaq sonra düşəsiydi - qatarın qıcırtılı, ətürpərdən əyləcindən oyanacağına tam əmindi. Həmişəki kimi...
Yuxuda qatarı gördü; rels üstə iki-iki sıramla düzülmüş təkərlər adam qafiləsinə bənzəyirdi və elə bil çiyinlərində vaqonları deyil, gümüşü, gün işığında par-par parıldayıb bərq vuran dörd heybətli tabut aparırdılar; relslərin üstüylə elə şütüyürdülər ki, çiyni tabutlu bu qafilə qıvrıla-qıvrıla gedən əjdaha ilana oxşayırdı; içəri boruvariydi və bu zülmət borunun lap baş tərəfindən adamı çəkən bir nur topası və SƏS gəlirdi; tabutunmu, ilanınmı içində olduğunu yuxudaca kəsdirib dik atıldı. Vaqonda adda-budda, bir-iki öləzimiş işıq yanırdı; içəridəkiləri aydın seçmək imkansızdı; yolçular kölgə kimi görünürdüsə də, özü təki hamının eyni vaxtda dik qalxdığını gördü və dərhal ağlına gəldi ki, deyəsən elə hamı eyni yuxunu görüb; bu da nəyəsə işarə, ya da bir xəbərdarlıqdı: yəni səhv gəldiyini düşünənlər düşə bilərlər... Və qalxıb cəld qapıya sarı cumdu; səhv gəlməsə belə, gözü bu qatardan su içmədi; mütləq düşmək gərəkdi!
Qapıya çatar-çatmaz yarı kövrək, yarı sərt; yarı acıqlı, yarı mehriban; yarı acı, yarı şirin; yarı sevincək, yarı nisgilli; yarı umudlandıran, yarı qəribsədən SƏS topasına bələndi: "Məni tək buraxma, - Səs inildədi, - məni tək buraxma. Gəl, gedək mənnən". Bu səs topası bəlkə min tanış səsdən bükülən bir gül dəmətiydi. Daş da bu Səsi atıb gedəmməzdi...
Qatar hərəkətləndi; üzünü bağlanmış qapının aynalarına söykəyib ac gözlərlə perronu süzdü - bir də görməyəcək kimi; qulağında perrondan cansız, dumbultulu bir səs qaldı: "Minik xəttindən kənara çəkilin, qatar yola düşür!" Perronsa bom-boşuydu...
Qatarda ilişdirib saxlayan o Səsi axtara-axtara hərlənib-fırlanıb bayaqki yerinə gəlib çıxdı və...
- A! Sən burda neynirsən, hə?!! - soruşmağıyla qatarın öləziyən işıqları da sönüb lap zülmət saldı; arvadının yanından ölümcül qorxmuş körpə qışqırığı gəldi: "ATA!!!" Və: "Əziz qonaqlar, indi də məclisimizə BƏY PLOVU daxil olur. Bəyimizi alqışlayaq!" - kimsə mikrofonla elan elədi. Bir anın içində sönən lampaların yerində şamlar peyda oldu; adam-kölgələrin sayı dörd dəfə artdı, özünün də; yenə qadınını gördü. Qadının iki kölgəsi vardı, uşaqsa elə bircə dənəydi. Qatar yuxuda gördüyü kimi boruvariydi və adamların üzləri, bədənləri də bu boruya mütənasib, əyri güzgülərdəki kimi uzununa dartılmış görükürdü. Çevrilib arvadını da belə görəndə ürəyi ağzına gəldi. Özünü qusmaqdan güclə saxladı.
- Kişi, toya salmalı pulun varmı? - arvadı "YOX!" cavabı alacağının vahiməsi içində ümidsiz-ümidsiz soruşdu.
- Nə pul-pul salmısan? Hardandı pul? Görüm Allah bu prezidnti öldürsün!!! Allah məni öldürsün! Pul nə gəzir məndə? - Kişinin səsi vaqonu başına götürdü. - Bu toy da hardan çıxdı?
- Yavaş ay kişi! - Qadın kişini dümsüklədi. - Toy elə prezidentin oğlunundu. Bizim hamımızındı. Bütün ölkə burdadı. Bir də, görmürsən ki, hamı ayaq üstə ölübdü? Yarı qorxudan, yarı sevincdən... Deyir, ancaq toyda özünü can-dildən öldürənlər, əldən-ayaqdan gedənlər, yaxşı nəmər salanlar dirilə biləcək.
Kişi diqətlə arvadının üzünə baxdı; doğurdan da bu üzdə, bu gözdə həyat nişanəsi yox idi. Bilmərrə.
Bir azdan toyun tamadası - ölkənin ən ünlü, ən sanlı aktyoru az qala hayqıra-hayqıra, ağzından saçılan tüpürcəyi məclisin üstünə çiləyə-çiləyə Prezidentin gəldiyini xəbər verdi; məclis uğuldadı, ləngərləndi; birdən-birə əllərdə şüarlar, prezidentin növbənöv şəkilləri əks olunmuş plakatlar peyda oldu; hansısa bir əlin işarəsiylə adamlar "hurrey" deyib qarasına, Prezidenti görməzə-bilməzə bir nöqtəyə cumuşdu; polis maşınlarının sirenaları vaqonu başına götürdü; polis dəstələri camaatı itələyə-itələyə geri oturtmağa başladı; basabas düşdü, ayaq altda qalanların fəryadları, inilti-ufultular, bir yandan da səsindən qulaq tutulan musiqinin qarışığından yaranan vahimə vaqonu cəhənnəmə çevirdi. Oğlan yerindəcə quruyub qalmışdı; yemək stolu dağılıb it aşı kimi qarışmışdı, ağ süfrələrin üstündə qan ləkələri, qana bələnmiş ayaq izləri sıralanmışdı; Adamlarsa hələ də prezidentin adını heca-heca qışqırıb atəşfəşanlıq nümayişini bitirmək fikrində olmadıqlarını canfəşanlıqla sərgiləməyə çalışırdılar.
Deyəsən yavaş-yavaş sakitlik bərpa edildi; hətta stolların üstü də əntiqə şəkildə qaydaya salındı. Ölən və yaralananlar zərrəcə nəzərə çarpdırılmadan aradan çıxarıldı; eninə-uzununa döşəməyə yayılan qan gölməçələri peşəkar rəssamların sehirli fırçalarıyla al-əlvan naxışlara, prezidentin qədəmlərinə atılmış qərənfil və qızılgüllərə çevrildi; hamı xoşbəxtcəsinə yeməkdəydi, deyəsən, iştahları lap açılmışdı.
Məclis yenidən ayaqüstə əl çalmağa, yenidən alqışlar yağdırmağa başlamışdı; SÖZÜ prezident almışdı deyəsən. Ancaq xeyli alqışdan sonra da prezident görünmədi; fikirlərini, xalqa müraciətinin mətnini aktyor səsləndirəcəkdi; adamlar məyuslaşdılar.
Aktyor əvvəlcə mətni başdan-ayağa gözdən keçirib bir-iki kərə boğazını arıtladı, yüksək pafos və ifadəli əl hərəkətiylə oxumağa başladı:
"AİLƏ - bu qurum az qala dünyanın yarısında OCAQ kimi qavranılır. Məncə, bu çox düzgün seçilən ifadədi; ən azı ona görə ki, burda YANMAQ, QOVRULMAQ, ÇABALAMAQ, ƏL-QOL ATMAQ, FIR-FIR FIRLANMAQ VAR; prosesdə bircə fərq üzə çıxır ki, bu sadalananlar ocağın içində, ya çölündə baş verir; di gəl bu da heç nəyi dəyişmir - hər şey OCAĞIN, AİLƏ QAZANININ başında, dövrəsində hərəkətlənir. "Xoşbəxt ailə", "bədbəxt ailə" də bu nöqtədə bölünür; OCAĞının, QAZANının çölündəkilər birincilərə, o birilər ikincilərə aiddi. İçəridə olanlar üçün bu OCAĞIN adı QIR QAZANIDI; kiminin ocağı SEVİNC, kiminin ocağı QARA ƏLƏMLƏR İÇİNDƏ adamların özlərini bişirir.
SÖNMÜŞ OCAQlar da var... Adamı ən çox yandıran da belələridi; burda KÜLdən başqa bir şey gözə dəymir...
Bir də var, "OCAQ YOXDU"... Bu ən əzablısı və ən gözəlidi; bu, ibtidai AZADLIĞIN ta kəndisidi, xas özüdü, qatışıqsız, saf özüdü və həm də ÇİYDİ; ən İbtidailər şeyləri bişirməzdilər...
...Bu günsə daha bir OCAQ QALANIR! Yeni bir AİLƏ qurulur. Biz hamımız BİR AİLƏYİK! Bu, bizim hamımızın ailəsidi..."
"BİR AİLƏ... QIR QAZANI..." - Ömrü boyu onun-bunun yazdığını oxuyan bu it oğlu, - oğlan düşündü, - deyəsən bu gün ilk dəfə öz ürəyindəkiləri yazıb, özgələrinə oxudur; gözəl fikirlər olmasa da, gözəl etirafdı - onu da öz dilindən eşitmək qismət olmadı. "QIR QAZANI... QIR QAZANI..." - Ürəyində təkrarladı. Bədəni alışıb-yanmağa başladı. Görən necə olmuşdu ki, bu xeyli vaxtda belə cəhənnəm istisində məhv olduğunu duymamışdı? Adamlara nəzər saldı; deyəsən heç kimin bir-birindən, elə bir-birinin gözü qarşısındaca, elə stol arxasındaca dondurma kimi əriyib axmasından, yeməklərə qarışmasından xəbəri yoxdu; o isə doğrudan-doğruya əriyib yerə girirdi...
Artist mətnin sonuna yaxınlaşırdı: "Gəlin, badələrimizi qaldıraq bu möhtəşəm AİLƏMİZİN..." - Oğlanı ildırım vurdu elə bil; çevrilib arvadı və uşağı səmtə baxdı; heç biri yoxdu; arvadının yoxluğuna nə qədər həyacanlandısa... "QIR QAZANI... QIR QAZANI..." birdən-birə bir elə də sevindi; hətta ürəyindən xoş bir hiss keçdi: "Kaş, heç tapılmayaydılar. Axı deyən lazım, ay axmaq qadın, sənin bu toyda nə ölümün? Öl indi! Çox toy-toy deyirdin! Yazıq körpəni də gicbəsərliyinin badına verdin"; - ürəyi hələ də dəlicə çırpınırdı - bilmirdi sevindiyindəndi, ya hirsindən...
...Qalxıb adam-adam, üz-üz məclisi aramağa başladı; ailəsinin, arvad-uşağının öldüsünü-qaldısını bilmək istəyirdi; ancaq bu dartılmış, sifətlikdən çıxmış sifətlərin içində üzmü tanımaq olardı? Aramağına ara verməksə hələ ki, ağlına gəlmədi.
"İlahi, doğrudan da bütün ölkə burdaymış ki... Əlimə bundan gözəl girəvə nə vaxt düşəcək? - Bir xeyli arayışdan sonra qan-tər içində bunları düşünürdü. - Yavrum! Mən mütləq səni tapacam, mütləq! Bu vaqonda olmasan da, o birində olarsan..."
Birdən gözləri Prezidentə sataşdı; mumiyalanmış fironlara oxşayırdı; dalda bir yerdə tək-tənha oturmuşdu; gözləri gürzə gözü kimi qorxuncdu, elə bil quyu dibindən görünürdü; ara-bir kiprik çalırdı, deyəsən mürgüləyirdi; gözünün qıyıyla da oğluna baxmırdı. Elə hərəkətsiz, elə qorxusuz-hürküsüz oturmuşdu ki, deyərdin daşdan yonulub; görünür cangüdənləri hardasa bir az aralıdan güdük çəkirdilər; qanı it qanına döndü: "Bir az da burda qalsam, - fikirləşdi, - deyəsən bu əriməklə bir damcım da ələ gəlməyəcək..." Qaçmaq üçün fürsət aramağa başladı. Və bilirdi ki, Prezidenti Qoruma Dəstəsinin qoluzorluları bütün dəlmə-deşikləri bağlayıb içəri, dışarı kimsəni buraxmırlar; bir buraxılış nöqtəsi vardı ki, ora yaxınlaşmağa da bir kimsənin cürəti çatmazdı və əslində bu toy-bayramı buraxıb çıxası adamın yoxluğu da bəs-bəlliydi; bununçün gərək yalnız dəli olmalıydın. Çıxış imkansızdı, di gəl, nədənsə, ürəyi durmadan sevincdən atlanırdı... Bir baş çıxış nöqtəsinə doğru addımladı.
- Həmin adamdı... - Qorumanlardan hansınınsa o birinə pıçıldadığı sözü eşitmədən, gözünü yana belə çevirmədən, dim-dik, hər an ürəyinin başına saplanacaq gülləni gözləyə-gözləyə xətti keçdi - əngəlsiz-flansız.
DÖRDÜNCÜ KƏLMƏ
Bu başdan vaqona ayaq basan kimi o biri başda kimsə əcayib, sevincək bir səs çıxardı; elə bil illər sonra sahibini tapan it zingildədi; adamları yara-yara gəlib çatdı. Sarmaşıb oğlanın o üzündən, bu üzündən öpdü: - Xoş gəldin, - dedi, - nə vaxtdı sənin yolunu gözləyirəm.
Adam bütün vaqondakılar kimi hərəkətliydi, danışdıqca əl-qolunu ölçürdü, di gəl gözləri ölmüşdü; ondan bəlliydi ki, yuxuda gördüyü o işıq bu adamın da gözünə düşmüşdü və qənşərindəkini də özünə çəkirdi. Adamın üzünə ən azı bir neçə gün ülgüc dəyməmişdi, saçları pırtlaşıqdı, haçansa, bəlkə də bu yolçuluğa qədər sığallanıb saç yağıyla darandığı sezilirdi; yəqin ki, kimsə bu işə usanmadan, təmkinlə, həm də xeyli vaxt sərf eləyirmiş; bunu, üstündən bir belə keçməyilə şam işığında hələ də gücünü itirmədən bərq vuran saç yağının parıltısından təsəvvür eləmək elə də çətin deyildi, belə şey hələm-hələm adamın əlinə düşə bilməzdi; bəlkə də dərhal boynuna sarmaşan bu insanı özündən aralayıb arayışını davam etdirərdi - ilk anda ürəyindən elə bu da keçmişdi - ancaq indi təkcə elə bu yağ, adama qarşı hörmət və inam yaratmağa bəs elədi.
- Ürəyim mənə deyirdi ki, vaqona ilk girəcək adam əsil sən istəyəndi, özü də lap xasından. - Adam səsini qısıb ağzını oğlanın qulağına söykədi. - Sən bir fikir ver, gör, vaqon qarışqa kimi, min cür həşərat yığını kimi necə qaynaşır. Diqqətlə bax! Özü də hamısı tavanı, döşəməni, divarlardakı dır-deşiyi, oturacaqların altını-üstünü axtarır. Bilirsənmi nəyi? Ağlına gələrmi?
- ...
- MƏNİ axtarırlar... Bəli, MƏNİ!!! Di gəl aralarında ola-ola, gözlərinə girə-girə də tapammırlar, heç tapammayacaqlar da, - dedi və əlinin içini bir yol üzüyuxarı, bir yol da üzüaşağı üzünə çəkib aşkar sevindiyinə işarə vurdu. Oğlan eyhamı anladı; sonuncu vaqondakılar kimi bu adamın da üzü, bədəninin üzdə qalan və yəqin ki, qalmayan bütün əzaları dairəvi şəkildə dartılmış görünürdü; di gəl yenə də öz əzəlki əzəmətini, ləyaqətini saxlamışdı; bu vaqonda da hamı bu sifətdəydi, çoxu da adamda ikrah yaradırdı. - Görürsən ki, heç kim məni içində gəzmir, - kişi pıçıltılı söhbətinə davam elədi, - bu heç yuxularına da girməz. Çünki özləri də bilmədən bilirlər ki, heç biri məni ürəyinə salmayıb; heç itməyimi də salmırlar ürəklərinə. Xüsusi və rəsmi tanışlıq olmasa bu qatarda heç kimi tanımaq, hansısa cizgisinə görə ayırd eləmək mümkün deyil; etirafı nə qədər ağır olsa da... heç mənim özümü də. İçində olmayanı və İçi olmayanı aramaq burda qara sevdadan betər şeydi. Hə, bu puçluğun içində onlar məni axtarır, mən, DOST gəzirəm.
Vaqona təzə girən adam ürəkləndi; deyəsən, o da əsl sirr açılası adama rast düşmüşdü və xatırladı ki, sən demə, onun da belə birisinə ehtiyacı varmış, elə bu qatardakı sərgərdan yolçuluq da bundan başqa heç nəyin-nəsi deyil:
- Mən Sizə bir sirr gəlmək istəyirəm. Düzü, bilmirəm bu, nə qədər yerinə düşər... ancaq...
Yaşlı adam sevincindən içini çəkdi; əlini-əlinə vurub ağzını marçıldatdı... Gözündəki işıq yaş selinin içində ləngər vurdu. - Necə yəni "yerinə düşərmi"? Nə yer, adam balası, mən sənə xahiş eləyirəm, yalvarıram... Otuz ildən çoxdu ki, bir insan balası insan mənə kiçik sirrini belə açmayıb. Buyur, oğlum, buyur!
- Mən isə DOSTumu axtarıram.
... Bir sübh namazı çağında dostuma bəlli olur ki, sözü tükənib-tükənib bənd olub beşcə kəlmənin ümidinə. Yəni beşcə sözü qalıb dünyada; dünyaya, adamlara, özünə deyəsi. Bəlkə də heç kimə deyiləsi deyildi. Kim bilir? Beşinci kəlmə dodağından qopan kimi, o da ömrün ağzından qopacaqdı. Amma o beşcə söz nə idi, KİMƏ, NƏYƏ, NECƏ, NƏ VAXT DEYİLƏCƏKDİ, - bilən bir kimsə yox idi - söz yiyəsi qarışıq. Sözü tapmağa nə qədər desə, lap belə sonsuzadək möhlət verilir. Ogündən dostum dərvişlər kimi diyar-diyar dolaşır, adamların ağzını arayır ki, belədə kim nə deyərdi? Bu məsələ agah olanacan ona elə gəlirmiş ki, ürəyində o qədər qiymətli, siqlətli söz var ki, deməklə bitən deyil; sadəcə, vaxt yoxdu, şərait yoxdu buna; iş ortaya çıxan kimi düşünür-düşünür, bilmir nə desin; çaşıb qalır, az qalır ürəyi partlasın. Sonra bu iş özünə də maraqlı gəlir və payi-piyada yollara çıxır. Ancaq bildiyimə görə, hələ bir kimsə bircə kəlmə tapıb deyə bilməyib. Hamı deyir ki, söz çoxdu, ancaq nə biləsən, beş kəlmənin hansı ən əsasdı və Agah eləyənin gözündə bunun hansı gözəldi, bunun hansı Ona daha çox layiqdi?
İndi mənə elə gəlir ki, o BEŞ KƏLMƏNİN izinə ancaq bu qatarla düşmək olar; o Kəlmələrin sorağını da ancaq bu qatardan almaq olar; deməli, o da bu qatardadı. Bəs, Siz...
- Mənə "SİZ" demə! Otuz ildən çoxdu ki, mənə SƏN deyən olmayıb. Hətta... Daha bundan o yanası yoxdu ki... qadınım belə mənə SİZ deyərdi...
- Yaxşı, bəs Siz... eee, sən onun yerinə olsaydın... nə deyərdin?
- Mənə elə gəlir ki, bu qatarda mənim qədər bədbəxt adam tapa bilməzsən. Bilirsən necə bezmişəm? Biləmməzsən!
Birincisi onu deyim ki, çoxları məni, öz işində yəqin ki, səni də, iş görməməkdə günahlandırır, ya da günahlandıracaq. İş, hərəkətdi; düzdü, indi biz hərəkət eləmirik, dərdləşirik; qatar ki, hərəkətdədi. Bəli, o bizsiz də hərəkət eləyə bilər, ancaq üzü hara? Bax, məsələ də bundadı. Sən onlara fikir vermə, çünki o tənqidçilər özləri də indi bizimlə bu qatardadı və mən səni əmin eləyirəm ki, onlar bu dəqiqə burda heç də bizdən şərəfli, abırlı bir işlə məşğul ola bilməzlər. Burda heç kim heç kimdən sürətli gedə bilməz, hamı qatarın sürətindən asılıdı...
Burda ən önəmlisi sifətini qoruya bilməkdi. Bax, bu vaqonda öz sifətini qoruya bilmiş bir adam tapa bilməzsən. Mən məhz bu vaqonu deyirəm. Hələ ki o birilərində olmamışam, deyə bilmərəm. Mən elə bunu da görmək istəyirəm, öz gözlərimlə.
“Bezmişəm” - dedim. Ancaq neynəyim ki, mənim GERİYƏ YOLUM YOXDU! BİR İŞIQ UCUYCAN DA YOXDU! Axı nə qədər o xarabada maskalanmışların arasında dolaşmaq olar? Camaatın içinə də onların, onların yalanlarının kölgəsində çıxmaq olar? Deyirsən ki, əşi, bu da bir fürsətdi; sadə camaatın arasına çıxırsan da; əllərini sıx, dərdlərini dinlə, hallarına yan, kədərlərini bölüş, sevinclərinə şərik ol... Ama yox! Axırda baxıb görürsən ki, bunlar sadə, avam xalq olsa da, mənim qarşıma maska geyindirib göndəriblər. Bu sadələr aktyorluqdan xəbəri olmayan, sadəcə qrimlənib, bir-iki də söz öyrənib səhnəyə çıxarılan, təsadüfən küçədən tutulmuş avara-sərgərdan adamlara bənzəyirlər. Rollarını elə naşı oynayırlar; mətni elə pis ifadə eləyirlər; maskaları da ki, ən ucuzundan, ən cındırından - yırtıqlarından kirli üzlərini sezirsən! Baxırsan, ürəyin bulanır; elə o camaatın üstünəcə qusmaq istəyirsən; yazığın gəlir. Ama neynəyəsən, bunu heç cür aradan qaldırmaq olmur; ətrafındakılar da, camaatın özü də bunu istəyir; adamlar aldanmağı xoşlayır; bunu əllərindən almaq istəmirəm, onda gərək başqasını verəsən - o da ki, hələ imkansız!
Adamın söhbəti xeyli rəvan gəlsə də, oğlan hələ ki, bir şey anlaya bilmirdi. Bunu da dilə gətirdi:
- Axı, sənin işinin adı nədi?
- Aman Allah, necə də unutmuşam, yoxsa heç danışdıqlırımın bir qəpiklik mənası olmayacaqdı. Hə, mən PREZİDENTƏM...
- NƏ?!! - Oğlan qışqırdı və tez də əliylə ağzını qapadı. Hamı bir anda dönüb baxdı, deyəsən şübhələndilər. Üzü onlara axın başlayırdı ki, nəsə qarışıqlıq düşdü; hamı geri döndü; bir yerə top oldular.
- Daha biri öldü. Yəni geri dönməyi əlindən çıxdı, - özünü prezident adlandıran adam izah elədi, - indi pəncərəni açıb qatardan tullayacaqlar. Adamlar darıxırlar ki, bu qaranlıq tunel nə zaman bitəcək; zəiflər, əsəbləri dözməyənlər bir-bir canını tapşırır; hamı da ki, məni söyür. Axı burda mənlik nə var...
Oğlan fikirləşdi ki, bu da inandığım adamın ikinci yalanı. Ancaq bu, birincinin yanında çox xırda məsələdi: "Az əvvəl prezidenti sonuncu vaqonda, toy məclisində, oğlunun toyunda qoyub bura keçmişəm. Mən bura keçəndəsə sən, vaqonun o başından cumub yanıma gəlibsən; özün də səhərdən məni ələ salmaqla məşğulsan. Dərinin boğazından çıxarılmasını istəmirsənsə, bir də belə qələtlər eləmə! Məndən yaşlı da olsan, deməyə məcburam. Sənə yazığım gəlir. Kimin adından istifadə elədiyini yaxşı düşün..."
Adam xeyli fikrə getdi; deyəsən oğlanın sözləri şəstinə dəydi; ürəyində nəyisə götür-qoy eləyirdi. Oğlan aralanmaq istəyəndə adam fikirdən ayıldı və arxadan oğlanın qolundan yapışdı: - Dayan, - dedi, elə bil bayaqdan ürəyində özü-özüylə danışdıqlarının davamını səsə çevirdi, - hə, sən düz deyirsən, haqlısan. Mən razı. Ancaq bir təklifim var. Vaqonun o başında bar var. Ucuzxana bir yerdi. Pivə içə-içə söhbətimizi davam etdirək. Sənin Dostun haqda da danışarıq. Düzdü, pivələrinə su qatırlar, ancaq mən bu pivəni dünyanın heç bir pivəsinə dəyişmərəm.
...Bar doğrudan da çox səliqəsizdi; milçək əlindən göz açmalı deyildi; xidmətçilər də kirin-pasın içindəydi. O adam sevincindən az qala milçəkləri belə tutub bağrına basmaq istəyirdi; içi içinə sığmırdı, elə bil bu dəqiqə azadlığın çjxluğundan partlayacaqdı; xidmətçi qadının tərli, yağ daman gombul əndamınısa məmnuniyyətlə gözünə təpərdi; pivə sifariş verən kimi bura hansı söhbətin ardından gəldiklərini xatırlayıb tutuldu və hardan başlamaq üçün xeyli fikirləşdi. Sükutu oğlan pozdu; əhvalı hələ də pozuq idi: - Hə, deməli siz cənab prezidentsiniz... - Üzündəki istehzanı lap aydınlığına qədər sezdirməyə çalışdı; saymazyanalıqla ucuz siqaretindən birini yandırıb acgözlüklə sümürməyə başladı.
- Siqaretindən olar? - ...Yandırıb dərin bir qullab vurdu, tüstünü ciyərinin ən dərin güşəsinə sümürdü. - Hə, Sizin o sonuncu vaqonda gördüyünüz doğrudan da prezident olub... Ancaq, necə deyərlər, yalançı-palançı. O mənim əvəzedicimdi; daha doğrusu... - Ağzını yenə oğlanın qulağına sökəyib pıçıldadı. - Qatar yola düşən gündən bəri onu yerimdə qoyub qaçmışam. Axı sənə dedim ki, bezmişəm; qoyursan ki, sözümü danışım...
- Yaxşı, bəs o toy söhbəti nədi? Bayaq deyirdiniz, "hamı məni söyür, ancaq burda mənlik nə var?.." Axı camaatı toya çağıran da Sizsiniz, daha doğrusu prezident?
- Hə, bunu da düz deyirsən; ancaq onda, mən səndən bir şey soruşum: - Adamlara necə demək olar ki, ölüm qatarıyla yola çıxırıq,- yol bəlkə də gedər-gəlməzə gedir, - hə, necə demək olar? Kim olursan ol, bunun heç bir fərqi yoxdu; bütün ölkəni buna zorlamaq olmaz, bu mümkün deyil; adamları güllənin qabağına qoyub bilmərrə qırmaq olar, ancaq bunu eləmək YOX! (Yox, düşünmə ki, bu prezident olsaydı, sirrlərini mənə açmazdı; sanki hesabat verirəm, eləmi? Fikirləşirsən ki, haqlı olan sübut eləməz; mən isə səhərdən bəri özümü yırtıram ki, səni nə təhərsə inandırım. Mən sözü kimə və nə üçün dediyimi bilirəm. Bu sözümdənsə qorxub eləmə...) Bax, belədə hiylə köməyə gəlir; bir təsəvvürünə gətir: "Prezident hamını gözünün ağı-qarası olan bircə oğlunun toyuna dəvət eləyir!" - bu cür toydan kimsə qaçarmı?
Qoy bunu da sənə deyim, məlumun olsun: mənim heç oğlum-zadım da yoxdu, yerli-dibli; mən sonsuzam; daha doğrusu mənə oğul doğa bilməyən arvadımı itirəndən sonra el gözünə evlənmədim. Və sonsuz qaldım.
Hiylə məsələsinin ustalığından adamın prezident olmasına bir az inandısa da, yenə şübhələri qaldı:
- Mən bəyi öz gözlərimlə gördüm, buna nə sözünüz?
- Orda gördüyün "prezident" mənim əkiztayım, halalca qardaşımdı. Toy həqiqi toydu, bəy də gerçəkdən bəydi; o həmən qardaşımın oğludu, özünü də prezident oğlu bilir; çünki mənim əkiz qardaşımın olmasından da heçcə kimin xəbəri yoxdu; burdakılarsa, necə deyərlər, mənim əyan-əşrəfimdi ki, bugünkü toy haqda bir şey bilmirlər; ona görə də indi məni axtarırlar, canlarına birə düşüb.
- Axı o preizidentin sifəti öz sifətiydi: hamının tanıdığı sifət...
- O indi maskadadı; yoxsa camaata necə izah eləmək olardı ki, hamı kimi onun da üzü burda belə görünür; adamlara elə gəlir ki, heç nə prezidentə əsər eləyə bilməz; maskasını çıxarsa, indi gördüyün bu adamın eyni olacaq. - Prezident özünü göstərdi.
Ürəyindəki şübhə toxumları əridi və anidən canına üşütmə gəldi; bədəni əsməyə başladı; söz demək istədi, dili topuq çaldı: KİMİNLƏ üzbəüz oturduğunu indi-indi dərk eləyirdi. Birtəhər özünü toparladı:
- Cənab prezident...
- Mənə prezident demə!
- Oldu cənab prezident! - Söz ağzından çıxan kimi, duruxdu, çaşdı, məəttəl qaldı, özünə nifrət elədi; düşündü ki, dünyanın işinə bax e, gözümü açandan adamı prezident görmüşəm; heç vaxt da onu prezident saymamışam. Hamının yanında da bunu açıq-açığına demişəm ki, o, sadəcə ŞARLATANDI. İndi qənşərimə çıxmağıyla dilim qarnıma girdi. Canıma vic-vicə düşdü. İşə bax ki, üzünə dəqiqə başı "cənab prezident" deməyənləri aşkar gözümçıxdıya salan adam indi xahiş eləyir ki, ona SƏN deyim...
- Hə... Sizdən... Səndən bir şey soruşmaq istəyirəm...
- ...
- Adam niyə Sizdən qorxur? Mənə elə gəlir ki, xahiş eləyirəm sözümü düz başa düşün, siz olmasanız belə, oxşarınız bundan belə hələ on illərlə hakimiyyəti əlində saxlaya bilər; yəqin elə o qorxunun hesabına; adamları artıq sizi yıxmağın mümkünsüzlüyünə tam inandıra bilibsiz; inciməyin, adam hətta düşünəndə belə, dəli olmağa qalır...
- Hə, bu da düzdü; düşünəndə adamı vahimə basır, elə özümü də; mən axı sənə dedim ki, bezmişəm; di gəl geriyə yol yoxdu. Bunun çox sadə bir cavabı var: Mən adamlara olmazın zülmlər eləmişəm, ən xırda üsyanı belə, deyim ki, üsyan olmayana da qəsdən üsyan adı qoyub qan içində boğmuşam; heç kəs səsini də çıxara bilməyib, çıxaranı da yenə o söz! ona görə də məndən belə qorxurlar. Ama sən elə bilmə ki, mən kürsü dəlisi olmuşam, yox, yox, yox... Sadəcə, mən bir yolun ağına düşmüşdüm, hamı kimi, çörək yoluna; bir də gördüm ki, elə o ağ-qara adamlar məni itələyə-itələyə gətirib bura çıxarıblar. Sonra özümü də bəzi şeylərə inandırdılar; o şeylərə ki, bu xalq indi inanır; onu, yenə deyirəm, elə o adamların özləri əvvəlcə mənə təlqin eləyib məni inandırdılar; sanki mənim üzərimdə qanlı bir başlanğıcın eksperimentini, sınağını apardılar və sonunda istədiklərinə nail oldular. Bilirsən, xalq belədi, hətta inanmaq məsələsini də əvvəlcə kiminsə üzərində həyata keçirir. Məni inandıra bilməsəydilər, heç özləri də inanmayacaqdılar. Oda düşdüyümü çox sonralar anladım. Hə, mən zülmlər, sitəmlər eləməsəydim, məndən qorxulmazdı, bu ən sadə cavabdı, ama onu soruşmaq lazımdı ki, mən niyə zülmkarlıq eləmişəm və hələ də yolumdan dönmürəm? Ancaq mən səni bir şeyə də əmin edirəm ki, bu zülmlər bundan sonra daha da artacaq, çünki günü-gündən mən daha çox bezirəm.
Oğlanın gözləri kəlləsinə çıxmışdı. Heç cür inanmağı gəlmirdi. "Əcəb xarici qəzetlərə ötürüləsi materialdı, - düşünürdü, - kefin istəyən paranı ödəyərlər. Ancaq heç kişilikdən olmazdı. Kişi məni adam bilib ürək açır, mən də gör, nə düşünürəm".
Bu cür səmimi söhbətdən sonra əsməcəsi hələ də çəkilməmişdi, əksinə, getdikcə şiddətlənirdi və prezidentin üzü də get-gedə gözünə dartılmış, uzunsov deyil, əsil simasında görükürdü. Prezidentsə nə qədər qəzəblə danışsa da içindən uşaq kimi sevinir, sevincindən dodaqları qaçırdı; qəzəbli sifətdə sevinc cizgiləri qəribə bir uyuşmamazlıq yaradırdı; işin içindən xəbərsiz adam bü üzü görsə, bağrı çatlayardı; prezidentsə yüngülləşə-yüngülləşə dərindən köks ötürürdü.
- Mən də İNSANAM!!! Eşidirsən, İNSANNNN!
Sən otuz il metroyla gedə bilməmənin faciəsini anlayırsanmı? Mən də hamı kimi basabas, tər iyindən beyin çatladan metro vaqonlarında hər gün mürgüləyə-mürgüləyə evdən işə, arğın-yorğun işdən evə dönmək itəyirəm; istəyirəm əzib mənim də suyumu çıxarsınlar, cibimdəki üç-beş quruşumu soysunlar, bəli, məhz soy-sun-lar, qəhərdən boğulmağa qalım; kədərdən yeri-göyü, adamları, Allahı söyüm; hər şeydən usananda baş götürüb qaçmağa üz qoyum; elektrik qatarında ölkəni xaraba günə qoyanları lənətləyə-lənətləyə mazutlu çöllərdən, işıqsız qəsəbələrdən ötüb keçim; dilənçilər mənə əl açsın, verməyə heç nəyim olmasın, xəcalətimdən hazırcavablıq göstərim, dilənçini qovum, ya da son quruşumu verib rəhmdilliyimdən ləzzət alım...
Dostlarla qəpiyi-qəpiyə, manatı-manata calayıb gecə-gündüz bilmədən, meyxanalarda, gecə barlarında içib sərxoş olmaq, əyyaşlıq eləmək, hələ gözəlliyinin kölgəsində məst olan, gələcəyinin əzablarından, barların isti kandarlarından ayaqlarının qırılacağı gündən xəbərsiz sütül, həyatın özü qədər çılpaq həyat qızlarının ağuşunda mürgüləmək istəyirəm.
Məni aylarla, bəlkə də illərlə arxasınca süründürəcək halal süd əmmiş bir qız sevmək istəyirəm...
- Sən mənim dostumu tanımırdın məgər? - oğlan anidən araya söz qatdı və deyəsən elə səhərdən fikri-zikri Dostunun yanındaymış, - axı biz hamımız belə bilirik ki, sənin bilmədiyin, ən azı xəbər tutmadığın, hətta tanımadığın az-çox tanınmış bir adam ola bilməz?..
- Mən gözəl şerlər, hekayələr oxumaq istəyirəm; onlar isə mənə avara, cındır şairlərin mədhiyyələr yazılmış nəfis basılmış kitablarını gətirirlər; mən isə yalnız qusmaq istəyəndə bu kitabların üzünü açıram, di gəl bunu açıb-ağarda bilmirəm; olmaz, başa düşürsən, olmaz! Yox, tanımamışam onu; tanısam bəlkə də övladlığa götürərdim...
Harda qalmışdım...
Hə, rəsmi qəbullar, səfərlər; ürəyim istəmədən, dəlicəsinə darıxa-darıxa saatlarla boş-boş, mənasız çıxışlar yapmaq; adamın ödünü ağzına gətirən "sürəkli alqışlar"... Nifrət elədiyin, bəzən lap iyrəndiyin xadimlərlə qol-boyun görüşüb yalandan hırıldamaq, jurnalistlərin üzünə saxta-saxta gülümsəyib poz vermək, irişə-irişə danışmaq... Hamısından cana doymuşam...
- Axı xalq, ölkə bu kürsünü sənə etibar eləyibsə, sən də bəzi cüzi şeylərdən keçməlisən...
- Xalqa adam canını verər; AZADLIĞINI isə heç kimə vermək olmaz; Azadlıq adamın namusudu, həə, bax bundan ötrü bütün xalqı qurban vermək olar...
Mən illər boyu buna görə zülmlər vermişəm. Adamların Azadlığına paxıllıq çəkmişəm, qısqanmışam əlim yetməyən bu afəti, hamıya qısqanmışam. Və görəndə ki, heç kim onu nə anlayır, nə qədrini bilir, onda daha da qədddarlaşmışam. Bildinmi, cocuq?..
Sənin müxalifətin "AZADLIQ" bağırır; xalqa da Azadlıq vermək istəyirlər; budurmu azadlıq? Özünün bir metroya girmək azadlığı olmayan adam kiməsə azadlıq verə bilərmi? Yox, onların istədiyi başqadı; Azadlıq istəyən kürsüyə can atmaz! Əgər sən xalq yolunda Azadlığından keçməyə hazırsansa, onda gərək namussuzluğunu boynuna alıb, bir də belə şeylərdən dəm vurmayasan; onda da xalq, öz namussuzluğunu etiraf eləmiş adamı seçərmi? Xalq üçün sənin bu qurbanı kimin yolunda verməyinin heç bir əhəmiyyəti yoxdu. Mən belə şeylərdən xəbərsiz, ağzı hələ azadlığın isti yerində olan şərəfli, ləyaqətli müxalifləri çox sevirəm, olmayan balamdan da çox! Buna görə də onlara daha çox zülmlər eləyirəm, təhqirlər, böhtanlar yağdırıram; Mən o adamların metro üzünə həsrət qalmalarını istəmirəm...
Artıq prezident də, oğlan da sərxoşlaşmışdılar. Oğlan prezidentin bəzi fikirlərini bölüşməsə də, qəlbini qırmaq, araya qan-qaraçılıq salmaq istəmirdi. "Onsuz da heç bir mənası yoxdu", - düşünürdü. Birdən prezidentin gözləri işıldadı, verəcəyi ideyanın ləzzətindən bəri başdan dirçəlib şəhadət barmağını yuxarı qaldırdı:
- Gedirik bazlığa!
Oğlan şalvarının yan cibindən əzik-üzük olmuş telefon dəftərçəsini çıxardı; əli əsə-əsə vərəqləri çevirməyə başladı. Barın alaqaranlığında nömrələri seçmək olmurdu.
- Olmalıdı, - dedi, - tanışlardan biri nəsə bir nömrə yazmışdı deyəsən...
*******************************************************
Povestin qalan 2 hissəsini siz istədiyiniz halda bloqa yerləşdirəcəyəm. Təşəkkürlər!
Açar sözlər: po-vest
Yazar:
PARVİZ | Tarix: Yanvar 30, 2008 0:29 |
proza |
| Baxış sayı: 158