www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

Allahlar, Fədakarlıq, Saman çöpü...

Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,

Aldanma ki, şair sözü əlbəttə yalandır.

Bu beytdə dünyanın ən obrazlı paradokslarından birinin yatdığını tutmusuzmu? Bəlkə də hə, bəlkə də yox. Onda keçək mətləbə.

ONLAR...

Xalqımız haqqın nazilsə də üzülməyəcəyinə inanmırmış. Tamamailə doğrudu. Fəlakət də ondadı ki, yalan deyil, məhz, doğrudu. Ama guya bu çox böyük keyfiyyətmiş. Deyəsən, kimsə fərqinə varmayıb - elə millətin evini yıxan da bu inamdı. Bu "inam"lı fraza isə, tənbəlliyin, yat-yatılığın, milli mənliyin yoxluğunun, hansısa məchul son ana - indilər dəbdə olan "X" gününə cəfəng, heç bir reallığa əsaslanmayan dəmdəməki, fatalist bir ümid, özünə yox, bütün məsuliyyəti Allahın boynuna atmağın, zərurətə deyil, möcüzəvi təsadüfə bel bağlamağın üstünü malalayan, quşbeyin təfəkkürdən doğan bic-bicə bir "kəlam"dı; "hər şey yaxşı olacaq" kimi sərsəm məntiqdən çıxan zay nəticədi. Hərəkətin, özünə güvənin, aktivliyin başının altına qoyulan pərqu yastıqdı. Elə bu kəlama inana-inana da bişərəf, riyakar, ikiüzlülər ordusu əlini-qolunu yanına salıb bütün zamanlarda işi haqqın üzülmə məqamına gətirib çıxarıb. Bıçaq sümüyə, su boğaza dirənəndə isə kimlərinsə fədakarlığına əşhədü-billah gərək yaranıb. İsrarla kimlərdənsə fədakarlıq, mücahidlik tələb olunub. Onların başını bişirmək üçün qəhrəmanlıq nağılları, igidlik dastanları düzülüb-qoşulub.

O da həqiqətdi ki, "üzülmə məqamında Haqqı ayrı-ayrı fədakar insanların qəhrəmanlıq sayılacaq şəxsi nümunəsi xilas edir". Akt nəticəsinə görə dəyərləndirilə bilər. Ümumi və qlobal planda nəticə ürəkaçan deyil. Bəs görək, fərdi aspektdə fədakar insanların nəsibi nə olur? Ümumiyyətlə, onlar "XİLAS"dan sonranın bəhrələrini dadırlarmı? Təbii ki, dadırlar - həm bu, həm "o" dünyada - öz məzarlarında. Lap filmdə deyildiyi kimi: "14 gün sonra Sovet hakimiyyəti qələbə çaldı. Təəsüf ki, Qatır Məmməd o günləri görmədi". Əslində isə sual belə qoyulsa gərək: fədakarlar bütövlükdə haçansa bir gün görürlərmi? Nədən? Xalqın yolunda canından keçdiyinə görə. Pah! Kişilər altruistmişlər. Öz mənafelərini qoyub ümumun (xalqın) mənafeyini güdürlərmiş. Hansı xalqın? 20 qəpiyə "məmməd" deyən, "el üçün ağlayan gözündən olar" deyən, Elmar üçün, Qənimət üçün səsini belə çıxarmayan, hə mi?

Yorğanının altında nənəm də haqdan odlu-alovlu danışacaq qədər fədakardı. Kişi deyərəm Az.Tv, Lider öz toppuza oxşar mikrofonlarını gözünə soxanda "haqq" deyəsən. Misal gətirim: xəstəxanada yatan, parası olmadığından müalicə ala bilməyən bir qoca, əməkdaşımızı PAZ.TV-dən zənn eləyib dövlət başçısının bəy tərifinə başlayır. Tv-dən yox, "Azadlıq"dan olduğunu bilən kimi valı tam tərsinə çevirib ah-fəğan eləyir. "Amandı, ölürəm,- deyir,- mənə kömək eləyin, pulsuz müalicə nə gəzir? Bu hökumət qanımızı şüşəyə tutub!"- deyir. Bununçünmü gözündən olmalısan? Dəyərmi? Həmin xalqdan siyasətə dəxli olmayan əllicə adam bir araya gəlib onun yolunda gözündən olanların müdafiəsi üçün küçələrə çıxıbmı? Gözünü yox, bircə kirpiyini yelə veribmi? Verəcəkmi... Xeyir, onlar tevelərə intervü verirlər. Verəcəklər də.

Fədakar insan Xeyir Allahıyla Şər Allahının arasında qalıb. Xeyir Allahı onu onsuz da öz ordusundan bilib yanan barmağına bir damcı sidik belə axıtmaz. Bu Allahın gözü Şər ordusunun əsgərlərinə, iki düşmən cəbhənin arasında veyil-veyil, avara-sərgərdan dolaşıb açıq-aydın kimin səflərində olmaq istədiyini ustalıqla gizlədib qiymətini qaldıranlara dikilib: "Özümkü onsuz da özümküdü". O, mərhumiyyət içində can versə də olar, axı onlar fədakardılar. Bu, onların vəzifəsidi, ölməyib neyləyəsidi ki?.. Tarixdə bu yanaşmanın da örnəyi var. Hətta haqq dini olan islamda da sonradan, lap sonradan şər tərəfdən üz çevirib gələn satqınlara daha çox üstünlük, imtiyaz... necə deyərlər "lqot"lar verilib. İşə bax ki, fədainin əsil qiymətini məhz şər verə bilir, bu gün də elədi deyən, fədailər günü-gündən Şər Allahının cəbhəsində görünürlər. Şər Allahı fədakarlırın qiymətini bu dünyada verməyə inanır. O dünya, olmayan o dünya isə onluq deyil. Xeyir tərəf fədainin hər şeyini alır və heç nə vermir. Şər isə bircə ruhunu alır, bədəlini isə necə lazımdı ödəyir. Görəsən, Xeyir Allahı nədən narazıdı? "Qazı yenə nədən narazı?" Fədakarlıq belə dəyərlidirsə, nədən o özü fədakarlığı öz simasında sınaqdan keçirib ölmür?

Fədakar - böyük zamanın aləti belə deyil də, barı təsəlli tapasan; kiçik, haqqın üzülmə anında 5 dəqiqəlik istifadə üçün qullanılan "bir(cə) dəfəlik" qoruyucudan başqa nəyə yarayır ki? Ona hətta adam da demirlər, adı üstündədi bəs-bəlli - Fədakar... qoruyucu... qurtarıcı... Xilaskar... Onun nəsibi vur-tut əhlikef insanlığı Şeytanla izdivacdan daşındırmaq da yox, Şeytanın batinindəki virusa yoluxmaqdan qorumaq, aldığı həzzin burnundan gəlməsinə yol verməməkdi. Həzz anları bitdimi, qurtardımı, fədakarın da atılma anı yetişdi. Ta növbəti əlaqəyə kimi... ta haqqın növbəti incəlmə məqamınacan. İnsanlığın hiperseksual Şeytana sevgisinin sonu isə görünmür...

SƏN...

Fədakarlıq... Fədakar... Sən hətta "heç kim" də deyil, "heç nə"sən. Sən yalnız öz ümumbəşəri xidmətinlə yalnızca tarixin bom-boz səhifələrinə bir naxış, bir ornament və bər-bəzək kimi düşünülübsən. Sən heç bir zaman sənin olmamış və olmayacaq Tarixin bazarda daha yaxşı işə getməsinə xidmət eləyən parlaq rənglər yığnağısan. Sənin fədakarlığının bəhrəsini tarix alverçiləri görür. Başını elə piyləyiblər ki, hətta sən ağıllı çıxıb bunları görə-görə, yenə də öz fədakarlığından əl götürmürsən. Sən də özünü bir şey sanırsan. Əslində, heç öz xəbərin də yoxdu ki, sən sadəcə özünəvurğunun biri, "yaxşı oğlan olmaq" kompleksi içində hayıl-mayıl olan əbləhin təkisən.

MƏN, SİZ, O - BİZ...

Fədakarlıq...

Hörmətli dostlarımızdan biri dedi ki, romantika dövrü keçdi, mən daha quru loppağa yazmaq istəmirəm. Mənim də çörəyim bundan çıxır. Balalarım gözünü mənim romantizmimə yox, nə yazacağıma yox, yazacacaqlarımdan alacağım qonorara dikiblər. Mən onu tam haqlı sayaraq yenə də öz sərsəm fədakarlığımda, romantizmimdə qalıram. Ancaq bizdən fədakarlıq tələb eləyənlərdən soruşuram (görün, məsələ gəlib nə qədər primitiv gerçəkliyə ürcah olur): - Mənim fədakarlığımla Misir müəllimin ikisini birdən 4-cü sinif şagirdlərinə bir manatdan satdırdığı-sırıdığı Nəsrəddin Tusi rəsmli həndəsə dəftərlərinin pulunu direktora çatdırmaq olarmı? Bax, elə bizdən həm də bunun üçün fədakarlıq tələb oluna bilər və bəlkə də elə bununçün də romantik olaraq qalırıq. Ancaq nə Misir müəllim, nə onun "vergi yığan fərisey" direktorları romantik deyil və mənim romantizmimə də yaxın durmurlar. Mən yenə də "kişi tüpürdüyünü yalamaz" deyibən fədakar olaraq qalacam. Ancaq məndən romantizm umanlara da, mənim romantizmimə qanunsuz yolla satılan 12 vərəq dəftər belə verməyən rejimə də nifrət eləyirəm. Tüpürdüyümü yalamasam da, kişinin sözü bir olar, desəm də, öz fədakarlığıma tüpürürəm. Bu da rejimin, bu rejimi başımıza çıxaranların qələbəsi və cinayətidi.

İçdən bağlı olduğun Yaradıcılıq gözəl şeydi, qardaşlar, illah da onun maddi bəhrəsini evinə daşıyanda...

Bizdən fədakarlıq umanların hamısına fədakarlıq arzulayıram - ayda "80 şirvan"a ailə başı dolandırmaq, Misir Mərdanov müəllimin yanında gözü kölgəli qalmaq şərtilə...

SON

Gəlib o yerə dirəndik ki, qərara gələk, nəticə çıxaraq. Şükr ki, bütün bu çarəsizlik çıxmazında yenə də bir SAMAN ÇÖPÜ varmış. Və neynəyəsən ki, İnsan oğlu hələ ki, bundan yaxşısını düşünüb tapa bilməyib. O da... DEMOKRATİYADI! O zad ki, onun var olduğu yer və zamanlarda Tanrının verdiyi ömrü adam kimi yaşamaq üçün nə FƏDAKARLIĞA, nə də Qorxaqlığa, Alçaqlığa, Dəyusluğa (qısacası ingiliscə - QAD - hər iki mənasında) gərək var. Bax, elə bununçün də "fədakar" olmağa dəyər...

Dəyməzmi?..


Açar sözlər: roman-kimi 

Yazar: PARVİZ | Tarix: Fevral 15, 2008 23:11 | intellektual | Şərhlər(1) | Baxış sayı: 143

Şərhlər

1
kama yazıb:

mənim alnına fədakarlıq yazılan millətə yazığım gəlir...

Fevral 24, 2008 0:19

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha