Mario Pyuzoya
İnsanın ümidi öləndə özü də ölür, deyirlər. Ümidsiz adamsa ölmür. Ölmək təzələşməkdi. Pessimistə: "Vallah, çürüyəcəksən, öləcəksən", - deyirlər. Onu çürüdən - təzələşə bilməməsi, öldürən - ölə bilməməsidi. Təzələşə bilmədiyindən o, ölü kimi görünür. Min il yaşasa da eyni təəssürat bağışlayır. Qaxac olmuş baxışları dəyişmədən uzaqlara, min-min il sonraya baxır. Baxır, baxır, baxır... Və çox aydın görür. Apaydın. Eynən indiki zülmətin qaxaclaşımış min-min il sonrakı "indisini". Və qiyam başlayır. Pessimistimiz öldürməyə ümid gəzir. Ümid dilənməyə qalxır - içindən, çölündən. Tapa bilmir. Qiyam qızışır. Başlayır özünə cəza verməyə. Ölüm arzulayır. Ölüm də tərs kimi, gəlmir ki, gəlmir. Öz əsərlərində (istər söz, istər təsviri, istər səs sənətində) ölümü yazır, ölümdən yazır. Ölümü təqlid eləyir. Hər əsərində öldüyünü özünə təlqin eləyir. Bununla, diriləşməyə, təzələşməyə can atır. Optimist oxucu heç şübhəsiz yanlış anlayır - sənətkarın ölümə səslədiyini düşünür. Bu əsər də, müəllif də ona vərəmli, qara, xəstə təxəyyüllü gəlir. Çünki bu əsər onun təhtəlşüurla istədiyinə cavab vermir. Və verə də bilməz. Axı o nikbindi, ümidlidi. Gündə yüz ümid öldürüb min ümid istehsal eləyir. O, gerçək yaşam içində ölməkdən, doymuş məhlul kimi toxdu. Bu əsərlər təbii ki, ürəyini bulandırmalıdı.
Pessimist oxucu isə əksinə. O, vitamin çatışmamazlığı keçirən xəstə kimidi - ölümdən korluq çəkir, o oxucu da vitamin kursu alan xəstə kimi hər belə yazıdan cana gəlir. Ölüb-dirilir. "Ölüb-dirilmək" ifadəsi də bu irreal, əslində tam real məntiqdən doğulub. Yəni ölmək dirilik gətirir. Heç kim "dirilib-ölmək" demir, axı deyə də bilməz. Gülərlər.
Yazı-pozusunda ölümdən, tabutdan, məzardan geninə-boluna istifadə eləyən modabazları ataq bir qırağa. Onlar ən yaxşı halda bu avitaminozun canını bilməyən nikbin oxuculardı ki, küyə düşüb, dəb xatirinə qələmə qurşanırlar.
Hər varlığın ömür payı var Tanrıdan. Və hər varlıq öz ömür payı içində diridi. Doqquz ay ana bətnində yaşayan canlı öz ömrünü başa vurunca həm öz məkanı, həm öz zamanı, bütün yaşam tərzi, düşüncəsi və ya düşüncəsizliyi və həm də ən əsası, öz formasıyla vidalaşır. O demək ki, ölür. O ölməsə, biz doğula bilməzdik, deyilmi...
Doğulub boya-başa çatmış insan otuzunu, qırxını, yetmişini,.. bitirincə dünyasını dəyişir. Eynən ana bətnindəki varlıq dünyasını dəyişən kimi. Yəqin ki, yeni bir dünyaya doğulur. İstər, hər dində bir cür deyildiyi kimi, ruhlar aləminə uçub qiyaməti gözləsin, istər torpağa qarışıb bitkilərdə yaşasın, hansısa bir heyvanda doğulsun, istərsə də işığa çevrilsin... Əsas odu ki, biz buna "öldü" deyirik.
Hə, yenə qayıdaq ölə bilməyən pessimistimizə. Onun ümidi yoxdu, dedik. O, diri qalmaqdan bezir, dedik. O, əsərlə ölür, dedik. Axı necə! Adam düşünür-daşınır, fikirləşir-fikirləşir, sonunda bu fikirləri özünə ümid eləyir. Düşüncələrindən, xəyallarından ÜMİD düzüb-qoşur özünə. Deməli, indi onun əlində öldürə biləcəyi xammal - saman çöpü təndə nəhəng son ümid var. Ölümün işi məkanı, zamanı, formanı dəyişməkdisə, dəyişir. Sizcə nə dəyişir...
Məncə, SÖZ!
Söz deyilirsə, yazı yazılırsa... Söz adamı sözdən ona görə ikiəlli yapışır ki, sözü anasından-atasından, bacısından-qardaşından, arvadından-uşağından çox istəyir. Nə var, nə var sən təzələnəcəksən deyə heç vaxt, heç biri canını qıymaz sənə. Bu mümkün olsa belə, zərrəcə xeyri dəyən deyil. Söz isə qul kimi əmrinə müntəzirdi. Öl desən, öləcək. Mum kimi əriyəcək qarşında. Nə istəsən yapacaq. Təki sən kişi ol, adam ol, söz adamı ol, təki onu sevə-sevə öldürməyi bacar. Tam mənasıyla SÖZ-ə tutqulu olman gərək! Söz təşnə qadın kimidi: öldür, deyir, dirildim səni.
...Sözü sevməyən adam çox rahat yazır. Ağrısız yazır. Sevmədiyini öldürməyə nə var ki... Elə bil yiyəsiz it öldürürsən.
Beləcə, pessimist özünü aldadıb dünyanı, optimist dünyanı aldadıb özünü qurtarır. İnsan ölənəcən ümid öldürür. Pessimistin ümidi olmur... Optimist isə hər ümidi ölüncə yenisi doğulandı. Yüz il də olsa, ölə-ölə yaşayır. Pessimist yaşayıb ölür.
Gün gəlib yetişir ki, sözlə aldanan, sözlə toxtayan adam daha özünü aldada bilmir. Morfi kimi, sözə immunitet yaranır canında. Daha sözlə uya bilmir, daha sözə uya bilmir. Daha söz öldürmək it öldürmək kimi iyrənc olur. Və onda gəlir Allahın verdiyi cana qıyma qiyamı.
Ölməzlərin çoxu pessimist olub.
İnsan nəsə öldürməlidi. Ya sözü, ya özü... Padşahlar ölüm hökmünü qaldırır. Tanrı öldürməyi yasaq buyurur. İnsan da, padşah da, Tanrı da öldürməkdən qalmır. İnsan Tanrını, Tanrı insanı, padşahsa hər ikisini öldürür. Hamı təkbaşına qırmaq istəyir.
Kitabıma yazdığım "ön söz"ü kiçik bir ricam kimi qəbul eləyin:
"Söz yazılırsa bu, ölür deməkdi. Ölünü dəfn eləmək bəşərin və həmçinin müsəlmanın pozulmaz bir işidi. Dəfn eləməsən, "evdə saxlasan", qaldıqca çürüyüb iylənəcək, infeksiyası canına yoluxacaq, ağrısı başına vuracaq. Yazının dəfni çap olunmağıdı. Çap yalnız və yalnız bununçün gərəkdi. Ki, qoy hamı bilsin və o məzarı yad eləsin. "Yad eləmək" dediyim, oxumaqdı. Yad eləyin... Ancaq deyəsən, belə bir söz də var: - Ölünün haqqında pis danışmazlar. Pis olubsa belə..."
Açar sözlər: pessimist
Yazar:
PARVİZ | Tarix: Fevral 20, 2008 0:34 |
intellektual |
| Baxış sayı: 135