***
Üstünüzə sağlıq, bir dəfə yamanca xəstələnmişdim. Qızdırmanın içində qovurulur, sancıdan ilan vurmuş ilan kimi qıvrılırdım. Ən ağrıkəsici, yuxugətirici iynələr belə zərrəcə təsir göstərmədi. Onda xahiş elədim ki, hekayələrimdən birini üstümdə oxusunlar. Hekayə əzəli və əbədi yurda köç üstə olan, arxasınca gələsi səmavi atların fınxırtısını duyan, nallarının səsini damarlarında eşidən, ağızlarından çıxan ilahi buğdan vücudu tərləyən bir sürgünlünün yad, yəni bizim dildə son "sağ olun" kəlməsini deyəcəyi anı səbirsizliklə gözlədiyi bir vəsfi-hal idi. Ricam qəribə qarşılansa da, anındaca yerinə yetirildi və inanın ki, məni yarı yoldan geri qaytardı. O hekayə mənim ən sevdiyim, ən ağrılı və həm də ən alınmayan hekayəmdi...
***
Mən heç vaxt ölümlərə ağlaya bilməmişəm. İndi də eləyəm. Allah hamıya iraq eləsin. Mən bütün qanuni - yəni adam kimi ölümlərə, haqdan gələn ölümlərə, o ölümü ölənlərə sevinmişəm. Və həmişə də Allahacan əmin olmuşam ki, heç kim, o gedənin burda qalan ən əzizi də məncən yanmır. Daha doğrusu heç kim məncə sevinmir. Heç kim məncə ona yaxın deyil. Məndən başqa heç kim onunla söhbətləşib fikrini bölmür. Hamı vay-şivəndə, üz cırdıda, saç yolduda. Ağı deyib ağlamada. Yaxa yırtıb, sinələri dağlamada. Mənə qərib gəlir. Ağı deyən "bizi qoyub getdin" -deyir. Biri onu vəfasızlıqda suçlandırır, biri daşürəklilikdə. Mərhum kimin hansı işinə yarayırmışsa, kimin hansı daxili-hissi, xarici, duyğusal tələbatına cavab verirmişsə onu dilə gətirib, onu ağlayırlar. Mən bunların yalan olduğunu vurğulamaq fikrində deyiləm, əsla! Və qoy kimsə hisslərini təhqir elədiyimi də ağlına gətirməsin. Bu dünyada heç kimin ölüsü heç kiminkindən az deyil, çoxdu. Mən gedən üçün ağlaşmanı, qan-yaş ələtməni başqa cür anlayıram. Məncə ağlaşma həmişə olub, olacaq və olmalıdı da! Sadəcə bu ağlaşmanın məzmunu, məramı, məqsədi və nədəni dəyişib. İlk insan ölümünə də göz yaşı axıdılıb, mən buna əminəm. Ancaq o zaman ağrının, kədərin qaynağı başqa idi. İlk insan ölümü Qabilin suçuyla, Habilin həyata göz yummağıyla başladı. Adəm və Həvva göz yaşı tökdülər. Yox, Habilin qətlinə ağlamırdılar. Göydən yerə endirilmiş bu iki suçlu varlıq burda qalmalarına dərdlənmişdilər. Habil Adəm və Həvva ananın görüb də qovulduqları, indi də həsrətilə qovurulduqları o yerə gedirdi. Sonra Həvvanın getməsinə ağladı Adəm. Sonra, sonra... Və zaman ötdükcə bu ağlamanın xalis mənası unuduldu. Əminəm ki, adamlar elə indi də özləri də bilmədən bu mənayla ağlayırlar.
***
Doğum gününü hər il qeyd elədiyim bir yazım var. Hər gün bir cümləlik olsa belə, boyunu artırdığım, bir fikirlik belə olsa, üz cizgisini dəyişdirdiyim, üzücü, mənasız qəzetçilik çalışmalarımdan vaxt tapıb heç olmasa, iki sətirlik tərbiyə verib böyütdüyüm bu yazını inşaallah evləndirməyi də düşünürəm. Gözəl, əxlaqlı bir kitaba köçürəcəyim bu yazının canı "adamı ölməyə də qoymurlar" deyimidi. Adamı ona görə ölməyə qoymurlar ki, qısqanırlar. Özləri də bilmədən qısqanırlar. Və guya səni sevirlər.
***
Belə bir qeydim də var: "Bəşər doğuluşdan mazoxistdi. Yaşamağı çox sevir..."
Yox, mən heç vaxt insan öldürməyi təbii, normal bir hal saymamışam. Ancaq gic-gici qeydlər eləməyimdən də qalmıram.
"Yaşamaq mazoxist, yaşatmaq sadist aktlardı"
(Belə bir sxem alınır:)
Yaşamaq - M
Yaşatmaq - S
Onda, ÖLDÜRMƏK - humanizm
Tanrıdan böyük humanist yox!
Açar sözlər: xatakar-fikirler-dili
Yazar:
PARVİZ | Tarix: Fevral 20, 2008 22:11 |
intellektual |
| Baxış sayı: 195