İT QORXAĞI
Sən bir söz adamısan. Və... Sən atandan qorxursan. İt yiyəsindən qorxan kimi. Atanla ucadan danışmağa qorxursan. Sən astadan danışanda atan qışqırır ki, kişisən, cüyüldəmə, bərk danış! Qorxursan. İndi nə danışa bilirsən, nə susa!
Atandan qorxuram. Atandan qorxduğun üçün prezidentdən də qorxursan. Prezidentindən ta JEK müdirinəcən. Atan həmişə səninlədi, sənin içindədi. Sən həmişə də qorxacaqsan. Ancaq sən atanı da, prezidenti də sevmək istərdin.
İndi sən özün də atasan. Ancaq sən elə indi də atanın uşağı olduğuna görə, qorxu hələ də sənin atandı: sən uşağından da qorxursan. Atan atasından qorxmamışdı... Sən hələ də ufacıq bir uşaqsan...
Sən cindən-şeytandan, cin-şeytanın həmyerlisi müsəlmandan qorxmursan; qorxu sənin qanında deyil ki, canındadı; qanı dəyişmək olar, canı yox. Sən qan dəyişdirməkdən də qorxursan.
"İgidin alçalaraq qorxaqlığa enməyindənsə, ucalıb dəliliyə çatması daha az ziyan gətirər" ("Don Kixot"). Sən ucalıqdan, yüksəklikdən də qorxursanm, başın hərlənir... Yıxılıb ölsən, atan başını kəsər!
...Ata uşağın zərvəsidi. Dünyanın ən uca, ən qəlbi zərvəsi. Yaşının hələ suçsuz zamanında atan səni boynuna alıb gəzdirəndə: "Bərk yapış, - deyərdi, - yıxılarsan!" Sən hələ bu sözlərin mənasını analamasan da, zəhmindən qorxmaq gərəkdiyini kəsdirərdin və başlardın qorxmağa. Yerə baxmağa qorxardın. Yer sənə çox-çox aşağıda görünərdi.
Sən alçaqlıqdan da, aşağı enməkdən də qorxursan. Öz sısqa, cocuq, bir qarışlıq tutumunla qığıldaya-qığıldaya döşəmədə sürünüb əl-ayağa dolaşanda atan qışqırardı ki, götürün bunu yerdən, indi ayağımın altında qalıb cırtı çıxacaq!!!
İndi nə alçaq ola bilirsən, nə uca... Nə sürünə bilirsən, nə uça! Nə yerə enə bilirsən, nə göyə qalxa. Nə aşağı, nə yuxarı baxırsan. Gözlərini bərk-bərk sıxıb isitməlilər kimi tir-tir əsirsən. Şaqqaşaq dişin-dişinə dəyir. Yerlə göy arasında qalıbsan - avara-sərgərdan. Nə Yerlisən, nə Göylü. Nə şəhərlisən, nə köylü...
...Sanki yazmaq, düşünmək, pıçıldamaq, ağlamaq üçün illərdən bəri qurduğun dünyan uçub, dünyasız qalıbsan. İçin qupuquru, bomboş, çürük, hörümçək toru...
...Aha! Dəlicə yazmaq istəyirsən. İçindəki hörümçək toruna nəsə ilişib deyəsən, tor gərilib-boşalır. Sən bir hörümçək olaraq, işini yerinə yetirməlisən. Ancaq, nə fayda!
"Bu nədi yazıbsan gic-gic, - atan deyəcək, - kişi yazıçıdı. Get, özüvə iş tap, bala! Bizi də, özüvü də girinc eləmə. Sən day yekə kişisən. Yaraşmaz belə şeylər. Camaatı üstümüzə güldürmə..."
Sənin də qol-qanadın yanına düşəcək və bir xeyli heç nə yaza bilməyəcəksən. Məsələn, balıq tutmağa gedəcəksən, tay-tuşla gözdən-könüldən irağa çəkilib dərdləşməyə, mərdləşməyə uçacaqsan. Atan çıldıracaq: - Adını şair qoyub, tüfeyli-tüfeyli gəzməyinə bax! Gör hələ kimlərnən oturub-durur... Niyə yazmırsan bala? Nədi sənə mane olan?
Ata Tanrının, adət-ənənənin və əxlaqın surəti-üzü çıxarılmış heybətli şəklidi. Hər hansı dartışmada Atanı yenmək imkansız - SÖZ-ü də yenənnməzsən. Atayla zarafatlaşmaq çətin - sözlə oynaya biləcəksənmi?
Sən Sözdən qorxursan. Ata da sözdü, öyrəndiyin ilk iki sözdən biri. Və söz səninçün ATA-dı. Atan qədər sevirsən SÖZ-ü. Sən bu sözdən qorxduğunçün SÖZDƏN də qorxursan. Söz deməyə qorxursan. Sözünü sözlə deməyə qorxursan.
Sən hər nəfəsini Atanla alırsan. Nəfəs almağa qorxursan. Boğulursan. Səninçün atayla yaşamaq zülümdü! Atasız yaşamaq ölümdü...
Elə burdaca, burdanca çıxan məntiqi nəticə ilə ömrünə nöqtə qoymaq istyirsən. Qorxursan. Əvəzində, heç olmasa yazının sonuna NÖQTƏ qoyursan ki, bir balaca toxtayasan. Və bilirsən ki, bu nöqtə vergüldən o yana getməyəcək...
Sən peşəkarlığa yol getmək istəyirsən, mənim zavallı və azərbaycanlı qələm qardaşım...
Açar sözlər: peşəkarliq
Yazar:
PARVİZ | Tarix: Fevral 22, 2008 11:29 |
intellektual |
| Baxış sayı: 122