www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

Kimsə bizi yenə bilməz!!!

Intiqam hissiylə alışıb yanan, hirsindən-hikkəsindən hədəqəsindən çıxmış gözlərini qan tutmuş, qudurduqca quduzlaşan rejim, hələ biri qisasçılıq əsasında aldığı 3 ili çəkib qurtarmamış, biri üçün prokurorun “en” qədər yüngülləşdirici halları nəzərə alaraq istədiyi 5 il işi hakim təsdiq eləməmiş “Azadlıq”ın daha bir uşağını öz təpikləri altına saldı; mənəvi buxovlarla boğduğu azmış kimi fotoaparatının şnuru ilə boğub nəfəsini kəsmək istədi; kasıblıq məngənəsində sıxmaqla yazva hədiyyə elədiyi mədəsinə piylənmiş məmurlar öz bahalı, Azərbaycan insanının boğazından çıxardığı dəridən tikilmiş uzunboğaz çəkmələriylə zərbələr endirdi və o çəkmələri onun boğazına dirəyib nəfəsini kəsmək istədi...

Bu rejim, balalarını ordudan, hər cür istidən-soyuqdan qoruyub özləri kimi daha neçə-neçə parazit zəli bəsləyən harınlamış məmurların timsalında bir daha AZADLIĞI boğmağa cəhd göstərdi. Təsadüfi şahidlərin (onlar azyaşlı uşaqlardı və nə yaxşı ki, yaşlı - qurumuş başlı deyillər) çəkdiyi videoyazıdan görünür ki, onlar - kiməsə nökərçiliklə ağu qazanan bu adamlar ordu sıralarını cəmi-cümlətanı bir neçə il əvvəl tərk eləmiş uşağı sadəcə cəzalandırmaq yox, axırına çıxmaq istəyirmişlər.

Aqil Xəlili - əzilən, tapdanan, alçaldılan, təhqir olunan vətəndaşlarımızın dərdlərini kimsədən çəkinmədən, kimsədən rüşvət alıb susmadan yazan, Azərbaycan mediasında nəsli kəsilməkdə olan 5 reportyordan birini xilas eləyən isə təsadüf yox, zərurət olub - qat-qat piy bağlamış məmurun təntiməsi.

Bu, bəlkə də yeganə ümidimizdi bizim - artıq bu rejimin qulları tutduqları haram əti daşıya və Allahın yaratdığı insan kimi yaşaya bilmirlər. Daha tövşüyürlər, nəfəsləri tıxanır, ləhləyirlər, qollarının heyi çəkilir, tosun ayaqları ardlarınca gəlməkdən boyun qaçırır, çöl donuzu kimi boyunlarını sağa, sola döndərə bilmirlər.

Rejim öz aqoniyasını yaşayır; hikkəsindən hər tərəfini qapır. Diri-diri uda bildiyini udur, uda bilmədiyini dişləm-dişləm eləyir.

Bu rejim zənn eləyir ki, daha Azərbaycan insanının kişiliyini, heysiyyatını, müqavimət əzmini, mənliyini sındırıb, qırıb qurtarıb və keçib ağacları qırmağa. Indi də gözəl Zeytun Bağlarını doğrayır, elliklə qırır, hətta kökünü yandırır. Torpağını isə, Aqilə insanlığa sığmayan şəkildə işgəncələr verənlərə barı bir kəlmə “Allah xatirinə durun” deməyə kişilikləri çatmayan, alacaqları 3-5 quruşun müqabilində ağacları cani-dildən biçən fəhlələrin hadisədən 10 dəqiqə əvvəl dedikləri kimi, sotunu 30000 dollara satırlar.

Bu rejim bu ölkənin ağacının da, insanının da, tarixinin də qəsdinə durub - kökünü kəsməyincə durana oxşamır. Aqilin çəkdiyi şəkillərdə genosidə uğramış zeytunluq görünür və yenicə kəsilmiş bir kötüyün üstünə çalınmış sapı özündən olan cəllad baltaları... O baltalar bu ağacların qarnından çıxıb. O baltaları işlədənlər səsi içində qırılmış bu millətin bətnindən.

***

Bu rejim öz amansızlığına, qolunun zoruna, irin-qan olası sərvətinə, haçansa burnundan piltə-piltə gələcək varına, taxt-tacına vurğun olub gedib. Bir gün elə bu vurğunluqdan onu vurğu vuracağından xəbərsizdi. Bu rejim anlamır ki, biz Zeytun bağı deyilik. Bizi qırıb-qurtarmaq, kökümüzə balta çalmaq, nəslimizi yer üzündən, göy üzündən, külli-cahandan kəsmək mümkün deyil. Biz böyük Nazimin dediyi kimi, Gülhanə parkında bir ceviz ağacı da deyilik - polis bunun farkında ola, ya olmaya. Biz bir tükənməz AZADLIQ BAĞI-yıq!

Özümüz-özümüzü yeməsək, kimsə bizi yenə bilməz!!!

Çalın baltanızı, çalın... Qolunuza qüvvət olmasın...


Açar sözlər: azadlıq-bağı 

Yazar: PARVİZ | Tarix: Fevral 23, 2008 14:26 | Publisistika | Şərhlər(1) | Baxış sayı: 211

Şərhlər

1
Fuad yazıb:

Sizdən
http://fd979.livejournal.com/18258.html
url-ə keçməyinizi xahiş edirəm

Fevral 26, 2008 23:08

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha