www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

İran və çal-çağır

 

"Şeytan diyor ki, bağır, bağır..."

 

Bu böyük dünyada üç dövlətdən heç vaxt (yapist iqtidarın yox, millətin Azərbaycanı üçün) heç nə yaxşı bir şey gözləməmişəm - İran, Rusiya, Ermənistan...

Fikir verdinizsə, hətta Ermənistanı axırda yazmışam. Məncə, şərhə gərək yoxdu.

İrandan nəsə gözləməyi isə öz payıma əbləhlik sayıram. "Nəsə" deyəndə təbii ki, yüksək materiyalardan söhbət gedir. Əlbəttə, saqqız, plasmast aftafa-ləyən, təsbeh, canamaz, zombiləşdirilmiş casus mollalar, ağ ölüm, ağ nöyüt, qara çadra gözləmək olar İran İslam Respublikasından. Ancaq din qardaşlığı, peyğəmbərin buyurduğu inanc həmrəyliyi, tarixi bağlılıqdan söhbət belə gedə bilməz. Ermənistanla dostluğu möhkəmlətmək lazımdı ki, sabah Azərbaycan nadinclik-filan eləsə, karına gəlsin. Azərbaycana İslamın, daha doğrusu vəhşi ərəblərin gəldiyi ilk çağlarda xilafətin yürütdüyü siyasəti tətbiq eləmək gərəkdi. Necə ki, bədəvilər qədim Alban mədəniyyətini dağıtmaq üçün xeyir-duanı, rus demişkən, "dobro"nu ermənilərə vermişdilər.

Tehranda Xocalı soyqırımının anım mərasiminin dağıdılması məni zərrəcə təəccübləndirmədi. Əgər hələ də İranın bizə bu cür münasibətinə kimsə təəccüblənirsə, mən də buna təəccüblənirəm.

Bu məqamda bir nüans düşündürür məni - ölkəmizdə İrana xüsusi simpatiya bəsləməsiylə həmişə seçilən dindarların reaksiyası. Dillərindən İran, İslam birliyi, Xomeyni, İsrailə ölüm, Əmrikaya ölüm kəlmələri düşməyən qardaşlarımız görəsən buna nə deyirlər?

Hər hansı bir dövlətin bayrağının yandırılması kimi şit, cəfəng, yalançı qəhramanlıq, bayağı və ədəbsiz aktların qəti əleyhinəyəm. Bu cür aksiyaya meylli olanların öz bayrağına hörmət elədiyinə belə inanmıram. İstənilən bayrağın arxasında hansısa qotur və müvəqqəti hakimiyyət yox, bir xalqın şərəfli tarixi, verdiyi qurbanlar, axıtdığı vətənpərvər qanlar durur. Ayağının altına sərilən yunan bayrağını qaldırıb bunu yapanları töhmətləyən dahi Atatürk yəqin ki, o bayraq yandıranların heç birindən əskik vətənpərvər deyildi... Belə yumşaq deyirəm ki, möhtərəm "bayraqdar"larımızın (daha doğrusu bayrağı dara çəkənlərimizin) əziz xətrinə dəyməyim, axı onların xətri çox kövrək olur.

Ancaq madam ki, bu iş ənənəyə çevrilib, Xocalı anım mərasimini dağıdanların da bayrağı yandırılacaqmı? Heç olmasa, yığışıb bizə bu düşmən kimi yanaşanlara, ermənipərəst münasibət sərgiləyənlərə bir yüngülvari bəyanatdan-zaddan ünvanlayacaqlarmı?

Hələ ki, səs-səmir yoxdu. Nə dövlətdən, nə də bayraqdarlardan. Xarici İşlər nazirliyinin sözçüsü Xəzər İbrahim də deyir ki, xəbərimiz yoxdu. Bəs sizin nədən xəbəriniz var? Necə olur, Eynullanın bir yazısından ölkəmizdəki xarici diplomatların Rixter şkalasıyla sıfır tam mində bir bal gücündə həyəcanlanmasından anında xəbər tuturdunuz, ora-bura məktub yollayırdınız, İranın bu əməlindən bixəbərsiniz? Elə isə sizin işinizin-gücünüzün adı nədir?

 

...Bu ölkədə nəyə baxıb həvəslənəsən? Kimə ümid bağlayıb və hansı sabah üçün yaşayasan, savaşasan? Bunun hökuməti çalır, məmuru çalır, oliqarxı çalır, teisti-ateisti çalır, teokratı, avtokratı, demokratı çalır, böyüyü çalır, kiçiyi çalır, kişisi-qadını, dostu-düşməni, alimi-bisavadı, deputatı-kolxozçusu, yazıçısı-şairi-manısı... hamısı çalır. Ruhumuz dişləm-dişləmdi, qançırdı, qanımız zəhərdi. Qələt eləyib xəfifcə kiminsə ayağını tapdayırsan - dərhal çalır. Kəsəsi, ölkədə çal-çağırdı. İran da çalır. Ancaq səsi çıxan yoxdu. Oynayanlar var...


Açar sözlər: iran-və-çal-çağır 

Yazar: PARVİZ | Tarix: Fevral 28, 2008 21:55 | Publisistika | Şərhlər(10) | Baxış sayı: 227

Şərhlər

1
Dəfnə yazıb:


Salam Pərviz bəy.

Bu cal-cağirin bir faydasi oldu ki bloqunuz yeniləndi...

Cox da pessimizmə qapilmayin. Kim hardan pul alirsa, oranin sifarişini calir. Bu dunyanin hər yerində belədir. Azərbaycanda isə təbii ki, hər şeyin şiti cixarilmiş formadadir.

Rəhmətlik Şah Ismayil deyirdi ki:
-Xətaiyəm bir haləm
Əlif üstündə daləm
Sufiyəm təriqətdə
Həqiqətdə abdaləm.

Görürsünüz necə yüz illərdir ki bizim halimiz, həqiqətimiz və təriqətimiz fərqli - fərqlidir.
Amma bu pessimizmə qapilmanin faydasi da ola bilərdi. Təzə şerlər yazmaq kimi...

smile

Fevral 29, 2008 20:14
2
Pərviz yazıb:

Dəfnə xanım, vallah düzü bir az təəccüblənirəm də. Elə bil yanımda, hətta pis çıxmasın, içimdəsən. Fədakarlıq haqda essemdən sonra qapılmışdım pessimizmə. Aqil Xəlil döyüləndə dözmədim yazdım, bir də bu yazı. Bu gün də "ZİBİL"i yazdım.
Sən kimsən bilmirəm, ama məni görürsən - necə lazımdı - istər elə, istər belə.
Yox, doğrusu çaşıram bu tanışlığa. O şeyi ki, mənimlə daim dost ünsiyyətində olanlar - Qan Turalı, Seymur Həzi və b. bilir, sən də bilirsən. Nə isə. Bunun bir elə önəmi yoxdu. Əsas fakturadı - mənim və sənin yazdıqlarımız.
Sən mənə öz yazılarından göndər.

Fevral 29, 2008 23:41
3
Dəfnə yazıb:

Pərviz bəy
deyəsən məni şərh yazmamağa vadar edəcəksiziniz. Yəni ki, bu səhifəyə gəlib musiqini dinləyim, yazilarınızı, şerlərinizi oxuyum və gedim. (Yeri gəlmişkən səhifə açılanda səslənən musiqi yazilar açılanda niyə kəsilir?)
Dəfnənin kimliyini araşdirmağa taxılıb qalmayin, lütfən.

Mart 2, 2008 14:15
4
Dəfnə yazıb:

Fakturalardan-siz demişkən yazdıqlarınızdan əhvalınızı duymaq mümkündür. Bununçun mütləq sizi görmək gərək deyil. Dostlarınızı və sizi ümumiyyətlə tanımıram, görməyim isə mümkünsüzdür. Kitabinizi axtaranda sizin haqqinizda müxtəlif adamlardan bunları eşitmişəm-"yaxşı oğlandır", "tərbiyəli adamdır", "istedad generatorudur", ".... qəzetdə işləyəndə maraqli təklifləri olurdu". Vəssəlam.
Mənim yazdıqıarim-azəribloqda bir neçə səhifəyə ara-sıra yazilmış şərhlərdən ibarətdir.
Dəfnənin kimliyini düşünməkdənsə yeni yazılar, şerlər yazın.
Siz dəfnə xanım kimi yox, məsələn zeytun bəy kimi yanaşın. Önəmlisi odur ki, içində bir az ədəbiyyat ruhu, azadlıq nisgili olan bir nəfər var, "Azad ruh" adlı səhifəyə gəlir, yeni nəsə oxumaq istəyir. smile

Mart 2, 2008 15:01
5
Pərviz yazıb:

Dəfnə xanım (Zeytun bəy)!
Yeri gəlmişkən, Zeytun məsələsi ağlıma gəlmişdi, sadəcə yazmağa vaxtım olmadı. Nə isə. bunlari boşlayaq. Əsas olan yenə də deyirəm - takrar çıxmasın - fakturadı, faktdı. O fakt da sizsiz. Sizin cinsiniz, kimliyiniz yox, mövcudluğunuzdu. Siz artıq məni bir kimlik kimi yox, dəfnə çələngi arxasında gizlənmiş bir obraz kimi düşünməyə məcbur eləyə bildiniz. Bu, hətta bir romanın adı da ola bilməyə yarayır: "Dəfnə çələngi dalında gizlənmiş adam".
əlkə də kitabımdakı "O" hekayəsini oxuyubsan. Cinsi məlum olmayan adam. Polis "O"-nun cinsini soruşanda qonşular tərəddüdlə çiyinlərni çəkib "bilmirik,- deyirlər,- deyəsən yazıçıydı"... Bax belə DəfnəBəyim xanım!
Bir əün evdə qalmaq xoşbəxtliyindən yararlanıb bu gün roman üçün çox maraqlı məqamlar tapdım.

Mart 2, 2008 18:53
6
Dəfnə yazıb:


Bir xətani düzəldim- istedadlidir, ideya generatorudur – söyləmişdilər.
Və bir də Qənimətdən sonra yetim qaldi Pərviz, ona bir diz gərəkdir ki başini qoyub ağlasin- bunu da kitabinizi bağişladiğıniz dostlarinizdan biri deyib. Düzü, bilmirəm şeklinizdən görünən qaşqabaqli, aciqli halinizla kövrəkliyinizi bir araya necə siğişdirmaq olar?

"O"nun kimliyini bildirən iki sitat gətirimmi? – "Eçilər elçi daçini yağir etmişdiler". "Ilk və son əri." smile

"Dəfnə çələngi dalında gizlənmiş adam" adli bir kitab yazmaniz da çox gozəldi. Nəhayət ki, neçə ildən sonra da olsa istedadinizi yeyən pessimizminizə qalib gələ bildiniz.
Bilmirəm sizə nə arzulayim...
Bəlkə yeni kitabinizda Kafkanin təsirinə düşməməyinizi...

Bilirsiniz bugünki gənclərimizdə müşahidə etdiyim ən ağrili yerdir.
Istedadsiz gənclərimiz hansisa ulduzlarin 2 saatliq kinoda gördükləri qəhrəmanlarin təsirinə düşür, onlari yamsilamağa çaliirlar. Bunu geyimlərində, davranışlarinda əks etdirirlər və öz mənlərini tamam itirirlər.
İstedadi olanlarimiz da yenə kiminsə təsirinə taxilib qalirlar.
Əlbəttə ki mütaliə etmək, oxu çevrəsini genişləndirmək təqdirlayiqdir.
Amma öz istedadini da kiminsə cizdiği çərivəyə qapatmaq nəyə lazimdi axi?
Səmimi deyim ki, məqsədim sizi ittiham etmək deyil.
Məsələn Aqşin. Niyə o Kafkanin adini özününküləşdiriməlidr? Aqşin özü olmaqdan niyə utanmalidi?
Qabriella Mistral Tolstoy, Dostoyevski və Çexovun "dünya ədəbiyyatinda fovqəladə hadisə" hesab etdiyi kitablarini oxumaqçun verir yeniyetmə P.Nerudaya. Neriuda etiraf edir ki onlardan bəhrələnib. Amma Pablo olaraq yazib və özü kimi taninib.

Mart 3, 2008 13:35
7
Pərviz yazıb:

Dəfnə, bu Kafka söhbətinin belə geniş yayılmasına deyim ki, özüm şərait yaratmışam - Kafka haqda yazdığım esse ilə... Bir növ dəlinin yadına daş salmışam.
Mən romanı 26 yaşımda, hekayələrimi buna qədər yazmışam. Bu o çağım idi ki, Kafkanı oxumamışdım (təəssüf ki). Kafkanın kitabı bundan sonra əlimə keçdi - Rəşad Məcid hədiyyə elədi, ancaq Adil Mirseyid söz vermişdi. Əsəd Cahangirlə söhbətimdə ona dedim ki, oxşarlıq, lap elə təqlid axtaranda da gərək bir az professional və dəqiq olasan. Belə çıxır ki, bu araşdırmaçılar heç Kafkanı da doğru-düzgün anlaya bilməyiblər. Mən bu bezikdirici məsələni ciddi saysaydım, Rafiqin o giriş sözündəki K. ilə bağlı hissəni çıxardardım.
Hə, Əsədə dedim ki, əgər mənim kimisə təqlid eləməyimi, ya təsirləndiyimi axtarmaq istəyirdinizsə, barı düz tapaydınız da! Məndə əgər təsir varsa və yəqin ki, var - kiminsə təsirinə düşmədən və ya üslubundan yararlanmadan 26 yaşında roman yazmış elə bir yazıçı tanımıram - mənim yararlandığım adam isə... Herman Hessedi, öz "Yalquzaq"ıyla, öz masqarad elementləriylə. Əsəd dedi ki, hə, heç ağlıma gəlməmişdi...
Xeyli əvvəllər Zamin Hacı ya "YOL", ya da "XƏZƏR" dərgisinə məndən müsahibə götürmüşdü. Kimləri sevdiyimi soruşmusdu. Poeziyada Füzuli, nəsrdə Dostoyevski - öz ədəbiyyatıyla, Kafka - həyatıyla,- demişdim. Hətta Hessenin adını çəkməmişdim - qorxduğum yer o idi, bunu ilk dəfə sənə açıram. Çünki yaradıcı adamın özü qədər heç kim onu tanıya bilməz. Bəlkə də adamları yanıldan yazılarımdakı kədər, daha doğrusu, Kafkanın həyatında yaşadığı pessimizm, ümidsizlik və ən əsası ədəbiyyata həddən ziyadə tutqululuğunun yansımaları olub.
aqşinin Kafkayla bağlılığı haqda səndən eşidirəm.
Məni indiyəcən məhsuldar işləməyə qoymayan isə mənim pessimizmim yox, maksimalist olmağım, sözə aşırı tələbkarlığım və imkansızlığım olub.
Dəfnə, şeir xoşuna gəldimi?

Mart 4, 2008 0:03
8
Dəfnə yazıb:


Pərviz bəy,
səmimi etiraf edim-sadaladiqlarinizın yalniz adlarini eşitmişəm və bəzi yazdiqlarini oxumuşam. Kitabınızdan və və sizdən olanlarina rast gəlməmişəm. Təkcə Adil müəllimdən savayi. Təxminən bir il əvvəl yaxin bir adama bir şey lazim olduğu üçün Adil muəllimlə görüşhməli oldum. Yenisey Aqşin azeribloqda açdiği səhifədə adini- K. göstərib.

Sizin çevrənizdəkiləri tanimiram. Sizə nə deyildiyi, hansi iradlar tutulduğundan xəbərsizdim. Üzüldüm-döyənək olmuş mövzuya təkrar toxunub ağrinizi artirmaq istəməzdim. Qaçdiğiniz, qorxduğunuz işi bir də mən başiniza açdim. Yalnizca öz təəssüratlarimi yazmişdim. Anladim-...mövzusunu qapadaq...

Axir ki Füzulini belece seven birini de gördüyümə sevindim...Desəm ki, enerjim tükənəndə Füzulinin qarısını döyürəm-gülməzsiniz?
Şer xosuma geldi! "Dəfnəl"i roman-dan nə səs-soraq var?
Sizə daha iki sualim- Niyə məhz kilkə? Və doğrudanmi "arvad alan ümid alir"? Yoxsa bu ancaq sinanlara aiddir?

Mart 4, 2008 13:12
9
pərviz yazıb:

Dəfnə, sənə cavabı Dəfnəli şeir-də yazacam. Axşama qədər. Sağlıqla qal.

Mart 4, 2008 15:13
10
sensizolmaz yazıb:

salamlar pərviz bəy mənim əziz dostum
post üçün çox sağol

gözəl blogun var çox istərdim sizinən dost olam və sizin gözəl blogunuzu dost bloguma yazam və sizdə məni öz blogunuza keçid verəsiz .

mənə şərh yazmaqla fikrini bildir

TƏBRİZDƏN İBRAHİM

ibrahim.tabriz@box.az

http://elaqe.tk
activedunya.tk
filtersindiran.tk

Mart 20, 2008 23:30

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha