Hara gedirsən, kimi dindirirsən, halın xəbər alırsan, “nə var, nə yox” soruşursan, bircə bunu eşidirsən: “Əşşi, hər şeyin zibili çıxıb!”
Hamının “ağsaqqal” çağırdığı bir kişi ruşvətlə dövlət qulluğuna vəzifəyə qoydurduğu cavan oğlunu bir məhrəm adamı kimi sənə göstərib deyir: “Zibil oğlu zibil, adımı bütün hampa-havar içində biabır eləyib. Deyir, öldürsən də, rüşvət almayacam. A bala, bu zibilliyi təmizləmək sənəmi qalıb? Axı mən səni bu vəzifəyə qoydurmaq üçün onun-bunun şeyini... nədi o, bığını yağlayanda sən isti ocağın qırağında gözlərini bərəldib boş-boş kitab oxuyurdun. Mən 5 il ətək-ətək pul töküb səni bununçünmü oxutmuşdum?..”
Qərəz, JEK-dən hökumətə qədər hara getsən, qarşına zibil çıxacaq; kimin işini qurdalasan – adi kəndlisindən nazirinəcən – zibili çıxacaq, çünki mövcud rejim elə bir şərait yaradıb ki, hamı ucdantutma zibilə bulaşsın, dövlətdən oğurlamağa qurşansın, adının üstündə hazır cinayət əməli olsun, bunu kəndlisi də, müəllimi-ziyalısı-həkimi, sağlamı-xəstəsi, polisi-hakimi-prokuroru-naziri... və ən sonda... korrupsiyaya qarşı idarə qulluqçularının özü belə; ki... başını qaldıranın zibil işini açıb qoysunlar qənşərinə papağı kimi, qoy oturub fikirləşsin. Bax, elə buna gərə də millət səsini çıxarmır – ay nə bilim, deyirlər, camaatın halı yoxdu qalxmağa, nə bilim mübariz xalq deyilik və ya mübarizə əzmimizi qırıblar, laqeydləşmişik.
Təpədən-dırnağa oğru olduğu rəsmən bəlli olan millətdən fəallıq ummaq məntiqə sığmır. Və hansısa möcüzə nəticəsində işlər yoluna düşməsə, xaricdən-zaddan bu zibilləri gəlib bizsiz yığışdıran olmasa... onda hesab eləyin ki, bizimki qaldı qiyamətə. Ölkəni zibillədikcə zibilləyəcəklər. Havası da, suyu da, yeri də, göyü də, qanunu-qaydası, bu günü-keçmişi-tarixi, mədəniyyəti-incəsənəti, namusu-qeyrəti-əxlaqı, insanlığı... sonunda isə RUHU zibillənəcək bu məmləkətin. Ondan sonra fələyin də bizi xilas eləməyə gücü yetməyəcək.
Əgər bu millət qurşandığı bütün zir-zibilə balalarını sağ-salamat sabaha çıxarmaqdan ötrü qatlaşırsa, çox nahaq! Bilsinlər ki, onların zəhmətinin bəhrəsi, o balalarının da öz balalarını eynən ağsaqqal ataları kimi sabaha sağ-salim çıxarmaq üçün həmin o oğurluqlara – zibilə bulaşıb, onun üfunətinə dözmək olacaq . Zibildən zibil törəyəcəyinə şübhəniz olmasın. Balarınızın bu nəsibi üçünmü zibilə HƏ deyirsiniz?..
Zibildən zibil törəyəcəyi – bu, dialektikanın qanunudu. Ancaq hamıya gün kimi aydındı ki, YAP-ist hakimiyyət dialektika-mialektika hərləmir. Onlarınki sinergetikadı, dialektikanın tam əksi – burda zibildən zibil törəmir, zibil başqa bir produksiya üçün xammaldı. Yəni lazım gəlsə, zibildən konfet düzəltmək olar. Boşuna deyil ki, dilimizdə bunun eyni olan bir ifadə də var, özünüz bilirsiniz və ayıbdı deyə, təkrarlamıram.
Bax, elə bunu nəzərə alan hökumət qərara gəlib ki, İqtisadi İnkişaf Nazirliyinə ayrılmış 98 milyon manatln 62.6 milyon manatını ZİBİL EMALI ZAVODU-nun tikintisinə xərclənsin. Yəni dediyim odu ki, millət gözün aydın, səninçün daha bir Zibil emal eləyən zavod tikəcəklər.
Ölkə büdcəsini zibil kimi dağıdırdılar, bundan belə onu rəsmən zibilçün xərcləyəcklər. İndi onlar deyəcəklər ki, ölkədə zibil itinə tök, ama görün sizə bu zibildən nələr düzəldəcəyik, ağzınız aralı qalacaq. Zibildən tikiləcək ucuz kostyum-köynəklər geyəcək, bal kimi konfetlər yeyəcək, yeni iş yerlərindən yararlanmaqla zibildən çıxan çörəklə balalarınızın başını saxlayacaqsınız. Ta nə istəyirsiniz? Yaşayın da bəy balası bəy kimi...
Ancaq mən dialektikaya inanıram. Arxayın ola bilərsiniz ki, bu zavodun da zibili çıxacaq. İnanmırsızsa, neftimizi yada salın – o da zibil kimi deyildimi?..
Açar sözlər: zibil-emalı-zavodu
Yazar:
PARVİZ | Tarix: Fevral 29, 2008 21:03 |
Publisistika |
| Baxış sayı: 131