Mübarizlə hin itaətsizliyi
(köşə-hekayə. İxtisarla)
Onun adı Mübarizdi; eyni adlı, “ə” saitiylə bitən verilişi yoxdu; heç ömrünü də eyni adlı saymaq olmaz. Onunku olsa-olsa, passiv seyrçilikdi - ilk baxışdan düşünə bilərsən. Ancaq mən, onu illərdən bəri tanıyan bir adam səni inandırıram ki, o passiv seyrçi deyil, dərindən götür-qoy eləyəndə, hökumətlərə, iqtidarlara, prezidentlərə... bütün dünyaya, Tanrının özünə belə passiv itaətsizlikdədi.
...Məmmədəmin Rəsulzadə adına BDU-da tarix fakültəsində oxuyurdu. Qəbul olunanda, 200 partiya dəyişib sonunda YAPist olan, indi gecə-gündüz mavi kanallardan millətə din-iman, haqq-ədalət, düzlük dərsi verən bir professora flan qədər saymışdılar da; onunçün yox ki, onun başı yoxdu, yox, onunçün ki, onun başını kəsməsinlər. Sonuncu kursda oxuyanda əlahəzrət dövlət başçısı Rəsulzadəni BDU-dan kənar eləyəndə Mübarizin də bir kəsiri əmələ gəlmişdi. 50-cə manat istədilər ki, işi düzüb qoşsunlar, Rəsulzadənin universitetdən qovulmasına görə dilləşdiyi hökumətin “qiryət”ini çəkib onu qanlayan dana müəllimi yola gətirsinlər. İstəmədi. Mənə belə universitet gərək deyil, dedi. Və bir də BDU-ya sarı, Bakıya sarı üz tutmadı. Tüpürüb getdi.
Bir zamanlar onu meydanlarda görərdilər. Yumruğunu Leninin kəlləsinə doğru düyümləyərdi, “Koroğlu” uvertürasını dinləyəndə gözündən gildir-gildir yaş axardı. Onu görərdilər...
İndi onu ancaq yanında vəfalı köpəyi, çiynində tüfəng acıya sarı gedəndə (bizlərdə türkün ÇÖL-ünə həm də belə deyirlər), əkin-biçin vaxtı tarlada qan-tərə batmış, halal, namuslu çörəyi üçün yalnız torpağa diz çöküb, baş əyən yerdə görmək olar.
Bir inəyi, üç keçisi, iki qoyunu, 10 toyuğu, 4 ördəyi, sonbeşik oğlu, dord qızı, bir SEVGİSİ var. Sonbeşiyi dünyaya gəlib yetişənə kimi, Mübarizin kəndin stolovasında dediyi bir söz canlı eksponat kimi onun başına yığışan yeniyetmələrin dilində əzbər olmuşdu: “Azərbaycanımı azad görməyincə qılıncımı qınına qoymayacam!!!”
Qalan vaxtları onu həmən o stolovada tapmaq olar. İmkanlı mollalar kəndin bütün dükanlarından arağı yığışdırıblar. Qarşılığında isə dükan yiyələrinin yaxınları öləndə pulsuz yas çadırı verirlər. Bu ctolova kənddə hökumətin və iranpərəst mollaların əlindən qurtulub qalmış sonuncu AZADLIQ QALASI-dı.
“Bu bədbəxtlər də ki, maşallah, ancaq ölümə maya qoyurlar. Adamın bu dünyasında yanan barmağına bir çimdik sidik belə axıtmazlar. Heç deməzlər, toyunuzun mağarı bizdən. Fəaliyyətlərini ancaq adamların meyitinə hesablayırlar”,- bunu Mübariz deyir.
Mübarizə isə, hamı “seyid” deyir. Hərəkatdan qalma saqqalına görə. “Seyid” itindən başqasına ürək qızdırmır. Onun ürək qızdırmadıqları isə ürəyini yalnız ona açmaq istəyir; kimin adam olmağı gəlsə, Seyidə zəng vurur: “Seyid, ayağının altında ölək; gəl bir boğazımızı yaşlayaq; ölmüşük, gəl bizi dirilt, diriltmirsənsə, ölümüzü yerdən götür”. Seyid isə ömründə “HƏ” deyən olmasa da, desə-desə nəşəxora, oğruya, ən aşağılanmış adama HƏ deyib çağırışa gedəcək. Seyidin belə məclislərindən bir həftə keçənəcən kənddə kriminal baş vermir...
Qadını onun boynunu qucaqlayıb deyir: ”Mənim dəli kişim...” Elə deyir ki, hətta Seyid özü bu boyda sevgiyə layiq olmadığını ürəyindən keçirib qızarıb-pörtür, başının dazlaşmış yerləri işıldayır, tər puçurları görünür və üzünü mənə tutub tez də sözü azdırır: “Əşşi, az boş-boş danış. Dur çıxaq həyətə...”
Məni təvazökar toyuq hininə aparır. Mürgülü toyuqlar gəlişimizin səbəbini bilmədən sevinirlər. İçəridə yanan odun sobasının istisi və qaldırdığı məxməri hin qoxusu adamı xoşhallandırır. “Gəl özümüzün olsa da bir toyuq oğurlayaq,- deyir,- mən heç, ay bədbəxt, mən tarixdən çoxdan silinmişəm. Barı sənin adına tarixdə bir oğurluq yazılsın. - Seyid çolpalardan birini ustufluca tutur.- Özü də elə eləməliyik ki, oğurluğun izi qalsın,- deyir, ov bıçağıyla bismillasiz-zadsız toyuğun başını kəsib qanını göz tutan bir yerə axıdır. - Nə bilirsən, bəlkə elə o dünyada oğurluğa görə cəza yox, mükafat-flan düşür... Bu hökumət, bu hacılar, məşədilər bizdən az bilmir ki...”
Hindən çıxırıq. Hələ ki, hara gedəcəyimizi götür-qoy eləməmişik. Mən hinə qayıtmağı seçərdim...
Açar sözlər: qəttəzə-hekayə
Yazar:
PARVİZ | Tarix: Mart 24, 2008 19:21 |
proza |
| Baxış sayı: 183