Namussuz ər...
Simsar yoldaşlardan birinin xanımı uzun sürən isti və qızğın dartışmamızın sonunda dəlil-sübutların qarşısında təslim olduğunu hiss elətdirsə də, açıq etirafı özünə sığışdıra bilmədi və çarəsizlik həyəcanı, çıxılmazlıq şiddəti içində belə dedi: "Ay Allah, vicdanlı, namuslu ər mənəmi qalmışdı?"
Xanım bayaqdan bəri ərinə, onun həyatda tutduğu yola qiyam eləyirdisə, artıq bu sözlərin ərə zərrəcə dəxli yox idi, bu, bir başa Yaradana üsyandı. Xanım daha bu anlarda qarşısında ərini və ərinin dostunu yox, Tanrının, Allahın, Təbiətin, hər kimi olur-olsun, Yaradıcının özünü görürdü, O-nunla çəkişirdi deyə, biz özümüzü yuyulmamış çömçə kimi ortalığa atıb, kişilik ləyaqətimizin təhqir olunduğunu qızara-bozara gözə soxmağa cəhd eləmədik...
Söhbətin motivi Dədəm Qorqudun "Könlün yücə tutan ərdə dövlət olmaz" deyimiydi...
Onu da yazım ki, əgər bu xanım bacı ziyalı və görklü olmasaydı, sıradan bir azərbaycanlı fatmanisə olsaydı, nə məğlub olardı, nə də yenildiyini, bizimlə gizlində də olsa razılaşdığını sezdirərdi.
Düşünürsən: görəsən, hətta ƏRİN özünü də yox,- bu məqamda ƏR çox aşağı instansiyadı,- bir başa Tanrını ittiham eləyə bilmək üçün vicdanlı və namuslu əri-kişisi olmaq nə qədər əsas verir, nədən qaynaqlanır, vicdan və namus nə vaxtdan qınaq obyekti olub, savadlı və bütün parametrlərdə Allaha tapınan bir xanım nədən bu tip üsyana qalxır və nəhayət, dünyanın hansı millətində bu qəbil suallar verən qadınlar var?..
Bu cür ziyalı xanımlar ölkəmizdə istisnadır, çox azdır və qapıldıqları bu qiyam momenti də ani, ötəri, bir ümidsizlik anında sürən sualın özü qədər qısadır. Onlar elə bu sualdan bir saat sonra yenə də şərə, cəhalətə, qaranlığa, vicdansızlığa, namussuzluğa, əliəyriliyə, korrupsiyaya, diktaturaya, avtoritarizmə, klan-tayfa rejiminə ərlərindən az sinə gərməyəcək, övladlarına yenə də həyatda mərd və şərəfli yaşamağı təlqin eləyəcək, onlara öz atalarını, atalarının satılmamış, sınmamış, əyilməmiş, bir tikə halal, ama acı həyat yaşatsa da bal kimi şirin çörək qazanan, namuslu olduğuna görə öldürülən, şikəst edilən, məhbəslərə atılan dostlarını, YOLDAŞLARINI, əqidədaşlarını, həmfikirlərini nümunə göstərəcək, onlara haqq sevgisi aşılayacaqlar. Ancaq nə yazıqlar ki, bu xanımlar həddən ziyadə azdırlar və hətta ərləri kimi inqilabçılardan yüz min dəfə az. Nəzərə alanda ki, hələ bu cür ƏRLƏRin özləri nə qədər azdırlar... adamın indidən bu millət ola bilməmiş kütlənin gələcəyi üçün oturub zülüm-zülüm ağlamağı gəlir, eynən öz qadını kimi üzünü qiyamət gününə kimi heç bir dərdə dəva olmağa məsul olmayan Allaha tutub, eynən o ritorik sualı təkrarlamağı gəlir: "Ay Allah, bu təpəgöz devlər bizəmi qalmışdı?.. Bu vicdansız, bu namussuz insan yığınlarıyla eyni torpaqda, eyni millət adıyla doğulmaq, qaranlıq sabahlardan başqa heç nəyə bəslənilməyəcək ümidlər bizəmi qalmışdı?.."
Ağlamaq-ağlamaq istəyirsən. Zar-zar. Bu gün üçün yox, sabah üçün! Lap Füzulinin dediyi kimi:
Axır günün əvvəl eyləyib yad,
Axıtdı sirişkü, qıldı fəryad.
Ama ağlamaq kişilikdən deyil. "Ağladıqca kişi qeyrətsiz olur, Necə ki ağladı İran, oldu..."
Neynəyək dostlar? Anası, bacısı, arvadı... namuslu ərinə namussuz kimi baxan, dəli, günahkar, bivec sayan, gecəsini-günüzünü göy əskiyə düyünləyən, övladlarını namuslu, yəni namussuz atalarının yolu ilə getməkdən çəkindirən bu kütlə millətin iqbalı necə olacaq?
Oturub o 3-5 ziyalı xanımın yetişdirəcəkləri şərəfli övladları gözləməkdən başqa əlimizdən nə gəlir? Ona da ki, azından bir min il gözləmək gərək ki, artsınlar, bir yol bulsunlar. Ama nə fayda? Fatmanisələrin də balaları artacaq axı... Həm də bu həşaratlar çoşqa balası kimi çoxalırlar.
Ey vah! Yandıq desənə...
Açar sözlər: namussuz-ər
Yazar:
PARVİZ | Tarix: Mart 26, 2008 0:08 |
intellektual |
| Baxış sayı: 131