www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

Bizə daha nə göstərəcəklər...

Ölkələrin "birinci kişisi" ifadəsi olmasa da, "birinci xanımı", "birinci ledisi" olur. Bəzi TV-lərinsə belə bir sloqanı olur: Ailənizin TV-si. Lider də ölkəmizin birinci ailəsinin (birinci ledi olursa, birinci ailə nədən olmasın?) TV-sidi.

Liderinsə devizi belədi: "Biz sizə göstərərik".

Bu kəlmə nə vaxt işlədilir? Nümunə verirəm: "Mən sənə göstərərəm Qoçu Əsgər!" Bu ifadə o vaxt dilə gətirilir ki, artıq buna qədər o kəlməni işlədənə nə isə xoşagəlməz bir akt icra edilib. İndi bu ona deyir ki, bir nol sənin xeyrinə, oyunu sən apardın. Ama növbəti addımda, taymda, raundda, savaşda daha mən udacam, mən sənə mənə sataşmağın nə olduğunu göstərəcəm. İndi görək Liderə biz neynəmişik və o bizə neynəyəcək. Nə göstərəcək? Və təbii ki, Azərbaycan dilini az-çox bilən adam bilir ki, bu ifadə hədə-qorxu, hərbə-zorba anlamı daşıyır və hələlik əzilmiş durumda olanın dilindən səsləndirilir. Və aydındı ki, həmin tərəf sənin üçün heç də xoş perspektiv vəd eləmir...

Mənim TeVem mənim fikrimi, mənim mesajımı yayır, səninki sənin, onunku onun, bizimki bizim və onlaracan eynən elə. Bu dünyanın bütün TeVelərində belədi və burda xoşagəlməz heç nə yoxdu. Ancaq məsələ ondadı ki, kimin fikri nədi və kim nə istəyir...

Az əvvəl gətirdiyim nümunədə (Allah Üzeyir bəyə rəhmət eləsin ki, bizimçün bəs qədər belə nümunələr qoyub gedib) Qoçu Əsgər öz "şestyorka"sı Baloğlanla tacir Kəbleyinin meyvə-tərəvəz "vitrin"inə yanaşanda Qoçunun keçisi izn almadan tacirin kişmişini yeməyə başlayır. Kəbleyi keçinin qulağından tutub deyir: "Ay Allahın heyvanı, bu səninçün ehsan deyil" və keçini mələdir. Qoçu Əsgər tacirin qulağından bir taraz şillə vurub keçisini incitməyin nə demək olduğunu başa salır və tacir o zaman bu sözləri deyir: "Mən sənə göstərərəm, Qoçu Əsgər!"

İndi baxaq görək, biz bu TeVeni harda incitmişik və bu TV bizə nə göstərəcək və ya nə göstərir... Dolayısıyla bizim basdığımız bunların hansı yaralı yerləridi?

Bunların pərakəndə, cocuq kimi sadəlövh, hər şeyə inanan xalqla (xalqın inamıyla bağlı ayrı bir yazıda ayrıca bəhs edəcəyik, ömür bizə 5-6 gün də HƏ desə) işləri yoxdu; artıq xalqın işini bitiriblər. İndi nəinki xalq, heç "dağınıq kütləyik" deməyə də adamın dili gəlmir; artıq bu ölkədə sadəcə saya oturmuş öləri fərdlər və və bu fərdlərin mini ailələri var - hətta sülalə, tayfa birlikləri də yoxdu - yəni cəm halında konkret bir fikrə inanan, bir məfkurə və əqidəni, bir siyasi iradəni daşıyan, birlikdə qərarlar verib onu müdafiə eləyə bilən on-on beş nəfərlik dəstə də qalmayıb. Bununçün də hakimiyyət mütəmadi olaraq bölgələrə turnelər təşkil eləyir, işi bitmiş, hipnoz altında olan həmin o mini ailələri toplayıb dəyişməz mətnləri təsdiqlənmiş, yalnızca blanklarda olduğu kimi bölgə adları qrafası boş saxlanılan xütbələr oxuyur və işini bitmiş sayıb paytaxta - yenə eyni şövq və ilhamla məmləkətin altını-üstünü talayıb bitirməyə və bu yolda yeganə əngəl olan azad söz carçılarına, hələ də gipnoza düşməyənlərə həddini göstərməyə qayıdır. Bu niyyət heç də gizli saxlanılmır və işin maraq doğuran tərəfi də elə budu - hədə artıq tam açıq müstəviyə keçib. Bunu efirdən də bəyan eləyirlər, küçələrdəki bilbordlardan da... İş o yerə çatıb ki, hətta şəffaf xanım Röya da öz konsertinə bu sloqanın proyeksiyasını seçib: "Biz sizə göstərərik...". Röya şəffaf və xoşagəlimli bir müğənni xanımdı, indiyəcən göstərdiyini göstərib, məncə bundan sonra da göstərəcəyinə kimsə ağız büzməz...

Ölkədə tam ikihakimiyyətlilik yaranıb. Biri Yapist iqtidar, biri də hər cür hakimiyyətdən bilmərrə məhrum Azad Media. Biri yeyir, biri deyir. Başqa heç nə yoxdu, heç kim yoxdu...

Liderin göstərdiklərini görmüşük... bundan sonra yaxşı şeylər göstərəcəklərinə inanan qoy əbədi daşa dönsün. Daha göstərməli bir şey də qalmayıb, zatən...


Açar sözlər: bizə-daha-nə-göstərəcəklər 

Yazar: PARVİZ | Tarix: Mart 28, 2008 22:46 | Publisistika | Şərhlər(1) | Baxış sayı: 131

Şərhlər

1
ibrahim yazıb:

salam mənim əziz dostum
pərviz vallah inan ki başim şuluq olur ona görə ayri fikir eləmə

pərviz sualin nəyidi sənin

Mart 29, 2008 15:10

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha