www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

Mübarizlə hin itaətsizliyi

  

Onun adı Mübarizdi; eyni adlı, “ə” saitiylə bitən verilişi yoxdu; heç ömrünü də eyni adlı saymaq olmaz. Onunku olsa-olsa, passiv seyrçilikdi - ilk baxışdan düşünə bilərsən. Ancaq mən, onu illərdən bəri tanıyan bir adam səni inandırıram ki, o, passiv seyrçi deyil, dərindən götür-qoy eləyəndə, hökumətlərə, iqtidarlara, prezidentlərə... bütün dünyaya, Tanrının özünə belə, passiv itaətsizlikdədi.

***

...Məmmədəmin Rəsulzadə adına BDU-da tarix fakültəsində oxuyurdu. Qəbul olunanda, iki yüz partiya dəyişib sonunda YAPist olan, indi gecə-gündüz sarı-mavi kanallardan millətə din-iman, haqq-ədalət, düzlük və tarix dərsi verən bir professora filan qədər saymışdılar da; onunçün yox ki, onun başı yoxdu, yox, onunçün ki, onun dolu başını kəsməsinlər. Sonuncu kursda oxuyanda əlahəzrət dövlət başçısı Rəsulzadəni BDU-dan qovanda Mübarizin də bir kəsiri əmələ gəlmişdi. 50-cə dollar istədilər ki, işi düzüb-qoşsunlar; Rəsulzadənin universitetdən qovulmasına görə dilləşdiyi, hökumətin “qiryət”ini çəkib onu qanlayan dana müəllimi yola gətirsinlər. İstəmədi. “Mənə belə universitet gərək deyil”,- dedi. Və bir də nəinki BDU-ya, heç Bakıya sarı üz tutmadı. Tüpürüb getdi.

***

Bir zamanlar onu meydanlarda görərdilər. Yumruğunu Leninin kəlləsinə doğru düyümləyərdi, “Koroğlu” uvertürasını dinləyəndə ehtizaza gələrdi, ölkəsinin haçan azad olacağını düşünüb qəmlənər, gözündən gildir-gildir yaş axardı. Onu görərdilər...

İndi onu, ancaq yanında vəfalı və qocaman köpəyi Lenin (itinə bu adı verdiyinə görə, sadiq kommunist, orta məktəbin tarix müəllimi Məhəmməd onun kolxoz sədri olan atasına gileylənmişdi; Mübarizə təsir eləməyin imkansız olduğunu görəndə rayon “KQB”sinə hirs və göz yaşıyla dolu şikayət məktubu yazmışdı; iş ondadı ki, həmin zamanlar KQB dəyişib olmuşdu MTN və Məhəmməd müəllimin “Lenin”ini Mübarizin balaca dostunun üstündən götürə bilməmişdi (Lenin o vaxt hələ şirin, yavru bir küçük idi); görünür Leninin adını yaşatmaq elə onu yıxanların boynuna düşübmüş), çiynində tüfəng “acı”ya sarı gedəndə (bizlərdə türkün ÇÖL-ünə həm də belə deyirlər), əkin-biçin vaxtı əkinəcəkdə qan-tərə batmış, halal, namuslu çörəyi üçün yalnız torpağa diz çöküb, baş əyən yerdə görmək olar. Mübarizin bu məzmunda bir şüarı da vardı: “Mən sizin şərəfsiz hökumətlərə əyilməkdənsə, xiyara, badımcana əyilməyi daha şərəfli sayıram!”

***

Bir inəyi, üç keçisi, iki qoyunu, 10 toyuğu, 4 ördəyi, sonbeşik oğlu, dörd qızı, bir SEVGİSİ var. Sonbeşiyi dünyaya gəlib yetişənə kimi, Mübarizin kəndin stolovasında dediyi bir söz canlı eksponat kimi onun başına yığışan yeniyetmələrin dilində əzbər olmuşdu: “Azərbaycanımı azad görməyincə qılıncımı qınına qoymayacam!!!”

Qalan vaxtları onu həmən o stolovada taparsan. İmkanlı mollalar kəndin bütün dükanlarından arağı yığışdırıblar. Qarşılığında isə dükan yiyələrinin yaxınları öləndə pulsuz yas çadırı verirlər. Bu stolova kənddə hökumətin və iranpərəst mollaların əlindən qurtulub qalmış sonuncu AZADLIQ QALASI-dı. Bu kənddə azadlıq demək, ha stolova demək – heç fərqi yoxdu.

“Bu bədbəxt müsəlman da ki, maşallah, ancaq ölümə maya qoyur. Adamın bu dünyasında yanan barmağına bir çimdik sidik belə axıtmazlar. Heç deməzlər, toyunuzun mağarı bizdən. Fəaliyyətlərini ancaq adamların meyitinə hesablayırlar”,- bunu Mübariz deyir.

Mübarizə isə, kənddə “seyid” deyirlər. Hərəkatdan qalma saqqalına görə. Təbii ki, o vaxtdan bu vaxtda saqqalına maya qoymağı yaddan çıxarmayıb, qoxsa ona Seyid yox, bəhabi deyərdilər.

“Seyid” Lenindən başqasına ürək qızdırmır. Onun ürək qızdırmadıqları isə ürəyini yalnız ona açmaq istəyir; adamlardan kimin adam olmağı gəlsə, Seyidə zəng vurur (telefonu da Seyidə o uşaqlardan biri bəxşiş eləyib; bəxşiş deyəndə ki, Sibirdə olanda kababçısı olduğu kafedə yeyib-içib açarını itirmiş bir rusu masasından qalxandan sonra izləyib-izləyib şamlıqda boynundan dartıb qopardığı mobil telefonu Seyidə göndərmişdi ki, Seyid, başuva dönüm, telefonu həmişə açıq saxla, konturdan qızırqalanma, o mənlikdi, təki ürəyim istəyəndə sənin səsini eşidə bilim): “Seyid, ayağının altında ölək; gəl bir boğazımızı yaşlayaq; ölmüşük, gəl bizi dirilt, diriltmirsənsə, ölümüzü yerdən götür”. Seyid isə ömründə “HƏ” deyən olmasa da, desə-desə nəşəxora, oğruya, ən aşağılanmış adama HƏ deyib çağırışa gedəcək. “Mən prezidentə “HƏ” deyincə, onlara deyərəm. Bilirəm ki, bunların heç olmasa ayda bir dəfə adam olmaqları tutur”.

Hər dəfə Seyidin belə məclislərindən bir həftə keçənəcən kənddə kriminal olay baş vermir... Mollaların ardıcıl israrlarına və türlü-türlü şeytanlamalarına rəğmən, stolovanın indiyəcən qapadılmamasının gizli və anlaşılmaz səbəbi rüşvətdən sonra bəlkə də elə tək budu.

İçəndə Seyidin uzun-uzadı bir nitq irad eləyəcəyini də qabaqcadan hər kəs bilir və dözür - necə deyərlər, könlü adam olmaq istəyənin qulağı Seyiddə gərək... 

Seyid növbəti “100”-ünü vurub, rumkanı masaya oturdandan sonra araq nəfəs yoluna getməsin deyə, içinə çəkdiyi nəfəsini Füzulinin beytiylə azad eləyib, göyə qaytarır:

- Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,

Aldanma ki, şair sözü əlbəttə yalandır.

Masa yoldaşları ağzını göyə ayırıb Seyidin eşqdən danışacağını düşünürlər. Seyid isə məni - məhbəsdən yenicə buraxılıb kəndə qayıtmış uşaqlıq dostunu - Fədayılı cavanlara tanıdıb sözünün ardını xırdalamağa başlayır:

- Bu beytdə dünyanın ən obrazlı paradokslarından birinin yatdığını tutmusuzmu? Bəlkə də hə, bəlkə də yox. Onda keçək mətləbə.

Xalqımız haqqın nazilsə də üzülməyəcəyinə inanmırmış... Tamamailə doğrudu. Fəlakət də ondadı ki, yalan deyil, məhz, doğrudu. Ama guya bu, çox böyük keyfiyyətmiş. Deyəsən, kimsə fərqinə varmayıb - elə millətin evini yıxan da bu inamdı. Bu "inam"lı fraza isə, tənbəlliyin, yat-yatılığın, milli mənliyin yoxluğunun, hansısa məchul son ana - indilər dəbdə olan "X" gününə cəfəng, heç bir reallığa əsaslanmayan dəmdəməki, fatalist bir ümid, özünə yox, bütün məsuliyyəti Allahın boynuna atmağın, zərurətə deyil, möcüzəvi təsadüfə bel bağlamağın üstünü malalayan, quşbeyin təfəkkürdən doğan bic-bicə bir "kəlam"dı; "hər şey yaxşı olacaq" kimi sərsəm məntiqdən çıxan zay nəticədi.- Cavanlardan biri axıb getmiş gözlərini it zillətiynən açıb Mübarizi qucaqlayıb üzündən öpür və: - Fikir eləmə, Seyid, hər şey yaxşı olacaq.- Seyid onu yerinə oturdub sözünə davam eləyir:

- Bax bu “kəlam” hərəkətin, özünə güvənin, aktivliyin başının altına qoyulan pərqu yastıqdı. Elə bu kəlama inana-inana da bişərəf, riyakar, ikiüzlülər ordusu əlini-qolunu yanına salıb bütün zamanlarda işi haqqın üzülmə məqamına gətirib çıxarıb. Bıçaq sümüyə, su boğaza dirənəndə isə kimlərinsə fədakarlığına əşhədü-billah gərək yaranıb. İsrarla kimlərdənsə fədakarlıq, mücahidlik tələb olunub. Onların başını bişirmək üçün qəhrəmanlıq nağılları, igidlik dastanları düzülüb-qoşulub.

Mübariz danışır, arabir dönüb yanındakılara baxır, onların baxışlarını mənə sarı yönəltməyə çalışır - eynən Tutanxamonun mumiyasını göstərib onun tarixçəsini danışan bir muzey bələdçisi kimi. Öz həssas qəlbiylə mənim çaş nəzərlərimi göydəcə tutur və siqaret tüstüsündən yaşarmış gözünü silib bir baş soğanı ağzına dürtüşdürüb çeynəməyə başlayır, səsinin tonunu bir az yumşaldıb davam eləyir:

- O da həqiqətdi ki, "üzülmə məqamında Haqqı ayrı-ayrı fədakar insanların qəhrəmanlıq sayılacaq şəxsi nümunəsi xilas edir". Akt, nəticəsinə görə dəyərləndirilə bilər. Ümumi və qlobal planda nəticə ürəkaçan deyil. Bəs görək, fərdi aspektdə fədakar insanların nəsibi nə olur? Ümumiyyətlə, onlar "XİLAS"dan sonranın bəhrələrini dadırlarmı? Təbii ki, dadırlar - həm bu, həm "o" dünyada - öz məzarlarında, - Seyidin ağzından soğanaqlı, noxudu bir qəhqəhə qopur, - lap filmdə deyildiyi kimi: "On dörd gün sonra Sovet hakimiyyəti qələbə çaldı. Təəssüf ki, Qatır Məmməd o günləri görmədi".

Əslində isə, sual belə qoyulsa gərək: fədakarlar bütövlükdə haçansa bir gün görürlərmi? - Yer-yerdən, hətta yanaşı masalardan da  “Yox-yox” qışqırırlar. Yörədəkilərə bi nəzər fırladır: - Nədən, hə, nədən? Xalqın yolunda canından keçdiyinə görə... Pah! Kişilər altruistmişlər. - Sonuncu kəlməyə hamı gözünü döyür. - Öz mənafelərini qoyub ümumun (xalqın) mənafeyini güdürlərmiş. Hansı xalqın? 20 qəpiyə "məmməd" deyən, "el üçün ağlayan gözündən olar" deyən, yolunda başını qoymuş oğulları üçün səsini belə çıxarmayan, hə mi?

Yorğanının altında nənəm də haqdan odlu-alovlu danışacaq qədər fədakardı. Kişi deyərəm tevelər öz toppuza oxşar mikrofonlarını gözünə soxanda "haqq" deyəsən. Misal gətirim: xəstəxanada yatan, parası olmadığından müalicə ala bilməyən bir qoca, bir dəfə bu jurnalist dostumuzu PAZ.TV-dən zənn eləyib dövlət başçısının bəy tərifinə başlayır. Tv-dən yox, “müxalif qəzetdən" olduğunu bilən kimi valı tam tərsinə çevirib ah-fəğan eləyir. "Amandı, ölürəm, - deyir, - mənə kömək eləyin, pulsuz müalicə nə gəzir? Bu hökumət qanımızı şüşəyə tutub!" - deyir. Bununçünmü gözündən olmalısan? Dəyərmi? Həmin xalqdan siyasətə dəxli olmayan əllicə adam bir araya gəlib onun yolunda gözündən olanların müdafiəsi üçün küçələrə çıxıbmı? Gözünü yox, bircə kirpiyini yelə veribmi? Verəcəkmi... Xeyir, onlar tevelərə intervü verirlər. Verəcəklər də. Vermək zamanasıdı, qardaş! Bəlkə yalan deyirəm, dillənsəniz hə?!.

- Seyid, bizi bu andır siyasətə qatma, Allah özü hər şeyi düzüb-qoşacaq.

- Allah? - Seyidin elə bil dədəsinə söyürlər. - Allahmı dedin?.. Fədakar insan da elə Xeyir Allahıyla Şər Allahının arasında qalıb. Xeyir Allahı onu onsuz da öz ordusundan bilib yanan barmağına işəməz belə. Bu Allahın gözü Şər ordusunun əsgərlərinə, iki düşmən cəbhənin arasında veyl-veyl, avara-sərgərdan dolaşıb açıq-aydın kimin səflərində olmaq istədiyini ustalıqla gizlədib qiymətini qaldıranlara dikilib: "Özümünkü onsuz da özümünküdü". O, məhrumiyyət içində can versə də olar, axı onlar fədakardırlar. (Bu yerdə Seyiddən isteriyalı bir əülüş qopur.) Bu, onların vəzifəsidi, ölməyib neyləyəsidi ki?.. Tarixdə bu yanaşmanın da örnəyi var. Hətta haqq dini sayılan islamda da sonradan, lap sonradan şər tərəfdən üz çevirib gələn satqınlara daha çox üstünlük, imtiyaz... necə deyərlər "lqot"lar verilib. Satqın satqındı – istər şəri, istər xeyiri satsın. İşə bax ki, tərslikdən də fədainin əsil qiymətini məhz şər verə bilir, bu gün də elədi deyən, fədailər günü-gündən Şər Allahının cəbhəsində görünürlər. Şər Allahı fədakarların qiymətini bu dünyada verməyə inanır. O dünya, olmayan o dünya isə onluq deyil. Xeyir tərəf fədainin hər şeyini alır və heç nə vermir. Şər isə bircə ruhunu alır, bədəlini isə necə lazımdı ödəyir. Görəsən, Xeyir Allahı nədən narazıdı? Necə deyərlər, "Qazı yedi qazı, elədi Gülnazı, keçdi arazı... qazı yenə nədən narazı?" Fədakarlıq belə dəyərlidisə, görəsən nədən Allah özü fədakarlığı öz simasında sınaqdan keçirib ölmür?

Fədakar - böyük zamanın aləti belə deyil də, barı təsəlli tapasan; kiçik, haqqın üzülmə anında 5 dəqiqəlik istifadə üçün qullanılan "bir(cə) dəfəlik" qoruyucudan başqa nəyə yarayır ki? Ona hətta adam da demirlər, adı üstündədi bəs-bəlli - Fədakar... qoruyucu... qurtarıcı... Xilaskar... Onun nəsibi vur-tut əhlikef insanlığı Şeytanla izdivacdan daşındırmaq da yox, Şeytanın batinindəki virusa yoluxmaqdan qorumaq, aldığı həzzin burnundan gəlməsinə yol verməməkdi. Həzz anları bitdimi, qurtardımı, fədakarın da atılma anı yetişdi. Ta növbəti əlaqəyə kimi... ta haqqın növbəti incəlmə məqamınacan. İnsanlığın hiperseksual Şeytana sevgisinin sonu isə görünmür...

- Sən indi bunu burda dedin, bir də bir yerdə ağzına alma, - mən - dünən məhbəsdən çıxmış adam bir az da dostumu sancmaq üçün sözlərimi xüsusi ifadələrlə seçirəm. Ama öz incikliyimi elə də sezdirmək istəmirəm, uşaqlıqdan şit zarafatlardan az döşəməmişik bir-birimizin qabırğasına. Yenə də incimiş halımı ələ verməməkçün diqqəti lap uzağa - paytaxta qədər yönəldirəm, - Çaladze eşitsə, fədailəri təhqir elədiyinə görə səni haqq divanına verəcək. Onun əlindən qurtarmaq isə hələ heç kimə nəsib olmayıb.

- Çaladze kimdi? - Səid bu gürcü familini iki-üç kərə özüyçün təkrarlayıb çaş-çaş soruşur və bu familin bizə nə qədər dəxli olduğunu kəsdirmək istəyir.

- Çaladze? Baaa... Bilmirsən ki? Sağ ol da! Belə dostsan da... Məni Azərbaycan xalqını təhqir elədiyimə görə tutduran adam...

- Əşşi, cəhənnəm olsun hamısı. Sənin də bu gic-gici zarafatlarından heç olmaz da. Mənim sözümü kəsmə. Fədayıl, qardaş, nədən danışırdım? Hə... fədakar... Fədakarlıq... Fədakar... Sən hətta "heç kim" də deyil, "heç nə"sən. Sən yalnız öz ümumbəşəri xidmətinlə yalnızca tarixin bom-boz səhifələrinə bir naxış, bir ornament və bərbəzək kimi düşünülübsən. Sən heç bir zaman sənin olmamış və olmayacaq Tarixin bazarda daha yaxşı işə getməsinə xidmət eləyən parlaq rənglər yığnağısan. Sənin fədakarlığının bəhrəsini tarix alverçiləri görür. Başını elə piyləyiblər ki, hətta sən ağıllı çıxıb bunları görə-görə, yenə də öz fədakarlığından əl götürmürsən. Sən də özünü bir şey sanırsan. Əslində, heç öz xəbərin də yoxdu ki, sən sadəcə özünəvurğunun biri, "yaxşı oğlan olmaq" kompleksi içində hayıl-mayıl olan əbləhin təkisən, - Seyid üzrxahlıq eləyirmiş kimi mırıldanır, - “sən” deməyimdən incimirsən? -  Cavab istəyənə oxşamır və, - neçə şəxs əvəzliyi vardı?.. SƏN, SİZ, O, Onlar, BİZ... “Mən” yoxdu, başa düşürsən, yoxdu “mən”, mən də yoxam! Bu fədakarlıq kimi işlər ortaya çıxanda “mən” olmur bizim millətdə. Başqa şəxslər hallandırılır. 

Fədakarlıq...

Mübarizin gözü sonradan bizimlə əyləşmək üçün izn alan, tanımadığı yad, pivə içməkdən “namazqılan” olduğuna görə imtina eləmiş adamın masaya qoyulmuş noxudu canavar kimi təpişdirməyinə, sirkdəymiş kimi göyə atıb ağzıyla tutmağa çalışmasına, sanki bunu yanındakılara sərgiləyib bundan həzz almasına baxıb açıqdan-açığa qıcıqlanır. Mən onun fikrini ləlöyün qonaqdan yayındırmaq üçün deyirəm:

- Dostlardan biri dedi ki, romantika dövrü keçdi, mən daha quru loppağa yazmaq istəmirəm. Mənim də çörəyim bundan çıxır. Balalarım gözünü mənim romantizmimə yox, nə yazacağıma yox, yazacaqlarımdan alacağım qonorara dikiblər. Mən onu tam haqlı sayaraq yenə də öz sərsəm fədakarlığımda, romantizmimdə qalıram.

- Qalmağina, qal... - Seyid sözümü kəsib, gizlətmədən mənə rişxənd eləyir. - Ancaq sizdən o fədakarlıq tələb eləyənlərdən də soruşmağı unutma (özü də gör, məsələ gəlib nə qədər primitiv gerçəkliyə ürcah olur): - Mənim fədakarlığımla təhsil nazirinin ikisini birdən üçüncü sinif şagirdlərinə bir manatdan satdırdığı-sırıdığı Nəsrəddin Tusi rəsmli həndəsə dəftərlərinin pulunu direktora çatdırmaq olarmı?

Hə, bax, sizdən, elə həm də bunun üçün fədakarlıq tələb oluna bilər və bəlkə də elə bununçün də romantik olaraq qalırıq. – Seyid göz-görəsi şəxsləri qarışdırır. Görünür bu onun hansı cərgədə olmaqla bağlı tərəddüdlərindən doğur. Yanındakılarsa bunun fərqində belə deyillər. -Ancaq nə nazir müəllim, nə onun "vergi yığan fərisey" direktorları romantik deyil və bizim romantizmimə də yaxın durmurlar. Sən deyəcəksən ki, mən yenə də fədakar olaraq qalacam, "kişi tüpürdüyünü yalamaz". Ancaq məndən romantizm umanlara da, mənim romantizmimə qanunsuz yolla satılan 12 vərəq dəftər belə verməyən rejimə də nifrət eləyirəm. Ancaq unutma ki, fədakar, həyatının hansısa bir anında, tüpürdüyünü yalamasa da, kişinin sözü bir olar, desə də, öz fədakarlığına mütləq tüpürəcək. Bu da rejimlərin, bu rejimləri başımıza çıxaranların qələbəsi və cinayətidi. - Seyid burda oturanların sanki hamısı fədakar və yaradıcı adammış kimi masada oturanları, hətta namazqılan foksçunu da süzüb: - İçdən bağlı olduğun Yaradıcılıq gözəl şeydi, qardaşlar, illah da onun maddi bəhrəsini evinə daşıyanda... – deyir.

Onu da deyim ki, mən yaradıcılığa Mübarizin yazdığını biləndən sonra başlamışam. Bundan xəbər tutanda əməlli-başlı heyrətlənmişdim - adi bir adamın da yaza biləcəyinə heç cür inana bilmirdim. Mübariz də bunu bilir və bir ustad kimi bundan həzz alır. Mən isə hələ də adi adamın necə yaza bildiyinin heyrəti içindəyəm...

- Bizdən fədakarlıq umanların hamısına, - şəhadət barmağını göyə tuşlayır, - fədakarlıq arzulayıram - ayda "80 şirvan"a ailə başı dolandırmaq, nazir müəllimlərin yanında gözü kölgəli qalmaq şərtilə...

Seyid əlinin birini alnına dayayıb, o biri əliylə pivə bakalını götürüb bir nəfəsə başına çəkdi, namazqılanın ağzından yan keçib masaya düşmüş iki gilə noxudu götürüb hirsli-hirsli duza batırıb ağzına atdı və udmadan bir xeyli çeynədi ki, pivənin acılığını ötürsün. Dərin bir “oxqay” deyib ona diqqətlə baxanlara açıqlama verdi:

- Dədəm deyirdi ki, soyuq bir şey içəndə əlini alnına qoysan, su başına çıxmaz. Hə, qardaşlar...

Gəlib o yerə dirəndik ki, qərara gələk, nəticə çıxaraq. Şükr ki, bütün bu çarəsizlik çıxmazında yenə də bir SAMAN ÇÖPÜ varmış. Və neynəyəsən ki, İnsan oğlu hələ ki, bundan yaxşısını düşünüb tapa bilməyib. O da... DEMOKRATİYADI! O zad ki, onun var olduğu yer və zamanlarda Tanrının verdiyi ömrü adam kimi yaşamaq üçün nə FƏDAKARLIĞA, nə də Qorxaqlığa, Alçaqlığa, Dəyusluğa (qısacası ingiliscə - QAD - hər iki mənasında) gərək var. Bax, elə bununçün də "fədakar" olmağa dəyər...

Dəyməzmi?.. Bunu mən sizə deyirəm – Seyid... Peyğəmbər övladı...

***

Gecə yarı, evə qayıdanda (şəhərdən hörmətli qonağı olduğunu bilə-bilə) çörək almağı unutduğu (kənddə təndir çörəyi bişirməyi rəsmən qadağan eləyiblər) məlum olanda qadını onun boynunu qucaqlayıb deyir: ”Mənim dəli kişim...” Elə deyir ki, guya kişisi evə beş kisə un alıb gətirib və hətta kişisi özü də bu boyda sevgiyə layiq olmadığını ürəyindən keçirib qızarıb-pörtür, başının dazlaşmış yerləri işıldayır, tər puçurları görünür və üzünü uşaqlarıyla hal-əhval tutmağa girişmiş mənə tutub tez də sözü azdırır: “Əşşi, az boş-boş danış. Dur çıxaq həyətə, gör dünyada nələr var...”

Məni öz təvazökar toyuq hininə aparır. Mürgülü toyuqlar gəlişimizin səbəbini bilmədən sevinb, gəlişimizi sürəkli alqışlarla qarşılayırlar və Seyidin hər öskürəyindən sonra alqışlamağı davam etdirirlər. İçəridə yanan odun sobasının istisi və qaldırdığı məxməri hin qoxusu adamı xoşhallandırır. “Gəl özümüzün olsa da bir toyuq oğurlayaq,- Seyid 32 sinif yoldaşımız haqda uzun-uzadı hekayətlərini danışıb bitirəndən sonra deyir,- mən - heç, ay bədbəxt, mən tarixdən çoxdan silinmişəm, qovulmuşam tarixdən. Barı sənin adına tarixdə bir oğurluq yazılsın. - Seyid çolpalardan birini ustufluca tutur.- Özü də elə eləməliyik ki, oğurluğun izi qalsın, - deyir, - mütləq qalsın, - ov bıçağıyla bismillahsiz-zadsız toyuğun başını kəsib qanını göz tutan bir yerə axıdır. - Nə bilirsən, bəlkə elə o dünyada oğurluğa görə cəza yox, mükafat-filan düşür... Bu hökumət, bu hacılar, məşədilər bizdən az bilmir ki...”

Hindən çıxırıq. Hələ ki, hara gedəcəyimizi götür-qoy eləməmişik. Seçmək üçün azından dörd variant var. Mən hinə qayıtmağı seçərdim...    

24.03.2008


Açar sözlər: mübarizlə-hin-itaətsizliyi-tam-mətn 

Yazar: PARVİZ | Tarix: Aprel 3, 2008 22:41 | proza | Şərhlər(0) | Baxış sayı: 138

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha