www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh
“ÖZÜMDƏN YAXŞI YAZIÇI 
 
TANIMIRAM...”
 
 
 
Ramin DEKO-nun “PROLOQ” qəzetində Pərvizlə müsahibəsi

- Pərviz, siz elə indi də gəncsiniz, ancaq 26 yaşında nöqtəsini qoyub, 29 yaşında kitab kimi oxucuların öhdəsinə verdiyiniz "Öləngi" romanı oxucuların yaddaşına pərçimlənib. Bu romanın ucbatından bir müddət Rusiyada yaşasan da, QAYITDIN. Və qayıdıb Azərbaycan ədəbi camsində hansı dəyişiklikləri hiss elədin?

- Ədəbi camianın bir qütbü var ki, orda min il keçsə də dəyişiklik gözləməyə dəyməz. O dəstədə o yenilik ola bilər ki, kimsə dünyasını dəyişə və ya hansısa uğursuz bir gənc şöhrət və bəzi imtiyazlar eşqinə o ünvana üz tuta. Oradakı yeniləşmə bütün hallarda yerdəyişmə hesabına başa gəlir. Söhbət Sovet İttifaqının son ideoloji qalalarından olan Yazıçılar İttifaqından gedir. Ölmüş bir orqanizmin hansısa üzvünün, orqanının sağ qalması nə dialektikaya, yəqin ki, nə də sinergetikaya sığır. Bu obyekti yalnız muzey eksponatı kimi qəbul eləyib, dəyər vermək olar, vəssalam. Bu anlamda mən bu ittifaqla deyişənləri anlamıram. Elə bil “Lenin movzoleyi”nə gedib, Leninin bihörmət müqəvvasıyla didişməyə başlayırsan.

Qayıdandan sonra qulağıma ilk çatan “postmodernistlər” söhbəti oldu. Və deyim ki, köhnədən mənimlə bir qurumda olan 90-cıları çıxmaqla, bu uşaqların heç biri mənə tanış deyildi. Yazdıqları bir cümlədən belə, xəbərim yoxdu. Desəm ki, indi onlarla, yaradıcılıqlarıyla tam tanışam, yox. Adda-budda tapıb oxumuşam. Bu uşaqların haqqında kim danışır-danışsın, birinci söyüşcül və biədəb olmalarını - təbii ki, yaradıcılıqlarından söhbət gedir - eşidirsən. Bundan rahatsızlıq keçirməyə dəyməz. Zaman hər şeyi yonqarlayıb qaydasına salacaq. Əsas odu ki, istedad olsun, o da bu cavanların maşallah, çoxunda var. Mən hətta bu adamlarla fəxr eləməyə də vaxt tapıram. Özlərini postmodernist adlandıran bu uşaqlarda məni heyran eləyən isə, onların postmodernistliyi yox, çox sərbəst olmalarıdı. Baxmayaraq ki, klaviaturayla yazırlar, mən deyərdim ki, onların qələmi sözün həqiqi mənasında DİYİRCƏKLİDİ.

- Sizin kitabınızda belə bir fikir yer alıb: "Sözü olmayanlar gəvəzələyir". Sizcə, indiki yazarların əksəriyyəti "GƏVƏZƏLƏMƏKLƏ" məşğul deyillərmi?

- Yox, bu söz heç bir zaman üçün deyilməyib. Sözü olmayan dünya durduqca gəvəzələyəcək. Sözü kolbasa kimi bir düzdən istehsal eləməklə məşğul olacaq.

- Adətən şair, yazıçılar Tanrının "dediklərinin" ifadəçiləri kimi özlərini təqdim edirlər. Azərbaycanın yetərincə xalq şairi və yazıçısı var. Onlar yuxarıdakı fikri doğruldurlarmı?

- Xalq şairi və ya xalq yazıçısı hökumətin, uzaqbaşı xalqın dediklərinin ifadəçisi ola bilər. Allaha şükür, xalq lal-dinməz oturub yerində, dinib-danışana oxşamır və deyəsən min il keçsə də ağzından kəlbətindən çəkib bir söz çıxarmasan, heç danışmayacaq da. Deməli xalqı da qoyuruq bir qırağa. Qalır hökumətin dedikləri və arabir də öz demək istədikləri - onu da necə ifadə eləyirlər, yenə də bir Allah bilir.

Bir də, mən bilmirəm kim belə sarsaq bir fikirdədi. Ancaq mənim nəinki ədəbiyyat, bütün sahələri əhatə eləyən o “ifadəçi olmaqla” bağlı ayrıca fikrim var. Fəzadan asılıb qalmış və ya fəzanın hansısa bir sferasında yerləşdirilmiş bir TAM İNFORMASİYA var. O, tamdı. Zamansızdı. Üçölçülü də deyil. Yaradıcı insanlar - istənilən sahədən olan - yəni o informasiya dalğalarını antenaları tuta bilənlər bu informasiyadan müəyyən qədər ala bilirlər. İndi kimdə nə qədər alınırsa və bu alınmağın miqdarıyla da kiminə dahi, kiminə talantlı, kiminə də eləcə istedadlı adam deyirlər. Onunçün də, deyək Danteni oxumadan onun dediyi bir fikri bu gün sən də eynən verə bilərsən. Əlbəttə bunu köçürmə kimi qəbul eləyəcəklər. Onunçün də xeyli oxumuş və tədbirli olmalısan ki, təkrar informasiyadan istifadə eləməyəsən. Fəzadan götürülən bu informasiyanın insan dilinə necə çevrilməsi, kağıza necə çıxması da bir şərtdi. Baxır kmin “drayver”i nə qədər mükəmməldi. Bu məsələni dinlərə və peyğəmbərlərə də şamil eləmək olar. Kainatın yaradılışı haqda bilgini zaman-zaman fərqli şəkildə tutub insanlara çatdırıblar. Mahiyyət isə eynidi.

- Bu yaxınlarda mətbuatda Sizin bir fikir öz reallığı ilə çoxlarının yaddaşına hopub. "Köşə yazarı olmaq bizim alnımıza yazılıb". Sizcə nədən?

- Bu həqiqətən də belədi. Dünyanın heç bir abırlı ölkəsində 22-25 yaşlı köşə yazarı görməzsən. Üstəlik də ədəbiyyat missiyasıyla dünyaya gələn adamlar ola. Çoxları bu sualı cavablyanda səhvə yol verir. Deyirlər, Markes, Hemenquey, lap elə Orxan Pamuk qəzetçi olublar. Bəli, onlar qəzetçi olublar, daha köşə yazarı yox! Reportajlar hazırlayıblar. Bu janr isə, əslində jurnalistikaya aid olsa da, elə nəsrin özüdü və həm də bu adamlar bu peşəylə bəlli bir gənclik yaşına qədər məşğul olublar, yaxşı paralar qazanıb, həm də özləri üçün dəyərli material baqajı yığıb gediblər ədəbiyyat cəbhəsinə.

Köşə yetkinləşmiş yazarların, tanınmış simaların, sanballı bir həyat yolu keçmiş adamların olaylara münasibətini çatdıracaq bir künc yazısıdı. Bizim belə adamlar isə hökumətin onları küncdə duğuzacağından və ahıl yaşlarında məhbəsə atacağından qorxub öz isti, “ağrımaz başım” künclərinə çəkilib, bu işi atıblar cavanların üstünə. Hələ bir utanmadan cavanlara - bu məhbəsləri gözə almış gənclərə hücumlar eləməkdən utanmırlar da. Gəl ki, o uşaq adlandırılanlar köşə yox, roman yazmalıydılar.  

- Yeni ədəbi qəzetlər sırasına "Proloq"da çıxıb. Biz istedadlı yazıçı olmaqla yanaşı Sizi maraqlı köşə yazarı və qəzetçiliyə bələd olan şəxs kimi tanıyırıq. Bu gün AYB-nin inhisarında olan ədəbiyyat qəzetləri və müstəqil qəzetlərin fərqini nədə görürsünüz?

- Fərqi belə müəyyənləşdirək də. Deyək ki, mənim orta məktəbdən ədəbiyyat müəllimim Alışın, haqqında Ramiz Mehdiyevə donos yazdığı “Öləngi”ni onlar heç vaxt çap eləməzlər. Bu azad qəzet və dərgilər isə... Siz çap eləyərdiz? Yəni fərqi özünüz tapın.

- Heç şübhəsiz ki, Böyük ədəbiyyat qarşılıqlı ittihamlardan yaranmır. AYB-nin "ömürlük" (artıq 20 ildir) sədri olan  Anarın  əleyhinə olan gənclərlə, onun yanındakıların yaradıcılıqları və ictimai mövqelərini necə xarakterizə edərdiniz?

- Dərhal deyim ki, o ittifaqda heç olmasa beş-on istedadlı, öyrəniləsi ustad var və onu da bildirim ki, bizdə hələ ədəbiyyatların yox, yaradıcı adamların və təşkilatların savaşı gedir. Buna şübhəm yoxdur.

Az əvvəl Anara həsr olunmuş bir yazıda belə deyilir: “O, bir proqramçıdır. Millətin yolunu müəyyən eləyən, onun gələcəyini proqnozlaşdırmağı bacaran yazardır”.

Bildiyimiz qədər isə, bu tip yazarlar özləri yalnız susmaqla məşğuldu. Məntiq onu deyir ki, bir proqramçı susursa, deməli, milləti-oxucunu da susmağa proqramlaşdırır. Daha susan millət üçün nələri proqnozlaşdırmaq olar, onu da o yazının müəllifi bilər.

Daha sonra belə bir mətn gəlir: “Ola bilər ki, elə nəsnələr var, Anar müəllim onlar haqqında düzünü demək istəmir, amma yalan da danışmır”... Bu necə olan şeydi – düzü demir, yalan da danışmır? İctimailəşmiş bir adamın haqqında söhbətin məişət məsələlərindən getmədiyini nəzərə alsaq, bu nə deməkdi? Düzü də demir, yalan da danışmır... elə isə o ümumiyyətlə danışırmı?

Bu fikirləri yazan adam, ardıyca belə bir açıqlama verir: “bəzən onu ehtiyatlılıqda qınayırlar. Bu cür adamlar anlamırlar ki, ziyalı ehtiyatlı olamalıdır. Çünki o, millətin gələcəyinin qayğısını çəkir, dediyi fikrin məsuliyyətini dərk edir”.

Az əvvəlki fikirindən belə məlum oldu ki, bu yazar ümumiyyətlə danışmır. Sizcə, nə düzü, nə yalanı deyən, yəni susan adam millətin gələcəyinin qayğısını necə çəkə bilər, demədiyi fikrin məsulliyyətini necə dərk eləyə bilər? Bəlkə o millətin gələcəyi üçün öz susmasının məsuliyyətinin dərk eləməlidi? Bax, hələ ki, fərq bu susmaq məsələsindədi.

- Ümumiyyətlə "Böyük ədəbiyyatın" yaranmağına çoxmu vaxt qalıb?

- Dünyada bir ədəbiyyat var. Azərbaycan və ya ayrı-ayrı ölkələrin ədəbiyyatı deyilən bir nəsnə yox! Sadəcə, ayrı-ayrı dillərdə yaradılmış ədəbiyyat nümunəıləri var. Fərqləri də milli mentalitetlər və ya təfəkkür tərzləri deyil, dilin psixolji qatları və yaddaş baqajı sərgiləyir, göz önünə çıxarır. “Böyük ədəbiyyat” məsələsinə gəlincə, o var da elə. Sadəcə o sualı belə ifadə eləmək olar ki, Azərbaycan dilində yazan yazarlar bu Böyük ədəbiyyatın siyahısına nə vaxt düşəcəklər? Məncə, Azərbaycan ədəbiyyatı elə indi də o böyük ədəbiyyatın içindədi. Sadəcə problem ondadı ki, dünya bizim dilimizi bilmir...

- Bu gedişlə gələcəkdə hansı "ədəbi üfiqləri" fəth edəcəyinizi proqnazlaşdıra bilərsinizmi?

- Mən bu açıdan bir az bədbinəm və esselərimin birində bu haqda yazmışam: “Sən bu yat-yatı varlığınla, vücudunla sübh səhərdən ta şami-qəribandan da o yana, yəni məsəlçün, saatın onikisinə, ikisinə, üçünə lap dördünəcən zamanını qəzetdə çalışmaqla keçirirsənsə və sən buna məcbursansa; it kimi əldən düşüb evə dönürsənsə; bu yükün altında yenə nəsə yaza bilirsənsə, qardaşım, mən sənə qibtə eləyirəm, mən sənə səcdəyə düşürəm! Sən Füzulidən də, Dostoyevskidən də, Kafkadan, Kamüdən də, Markesdən, Folknerdən də böyüksən!
Atam, inan mənə ki, böyüksən...
Amma sən heç Anar belə ola bilməyəcəksən”.

Baxmayaraq ki, mən həmişə özlüyümdə özümü yazdıqlarıma görə yox, hələ yazmadıqlarıma görə “şax” tuturam. Bu mənada, təbii ki, özümdən yaxşı yazıçı tanımıram. Tənqiddən heç vaxt qıcıqlanmıram, zəng eləyib hansısa tənqidçıni namus söyüşləriylə sulayanları da çox ədəbsiz, ədəbiyyata dəxli olmayanlar sayıram və öz sahillərini görməklə öz faciələrini yaşayan bu miskinlərə yazığım gəlir. Mən tənqiddən öyrənmək istəyərdim. “Öləngi”də Prezidentin dilindən deyilən belə bir fikir var: ... çoxları məni, öz işində yəqin ki, səni də, iş görməməkdə günahlandırır, ya da günahlandıracaq. İş, hərəkətdi; düzdü, indi biz hərəkət eləmirik, dərdləşirik; qatar ki, hərəkətdədi. Bəli, o, bizsiz də hərəkət eləyə bilər, ancaq üzü hara? Bax, məsələ də bundadı. Sən onlara fikir vermə, çünki o TƏNQİDÇİLƏR özləri də indi bizimlə bu qatardadı və mən səni əmin eləyirəm ki, onlar bu dəqiqə burda heç də bizdən şərəfli, abırlı bir işlə məşğul ola bilməzlər. Burda heç kim heç kimdən sürətli gedə bilməz, hamı qatarın sürətindən asılıdı...

Burda ən önəmlisi sifətini qoruya bilməkdi”.

- Bir daha Azərbaycanın miskin jurnalistlərinin ənənəvi sualı: Özünüz-özünüzə nə sual vermək istərdiniz?

 - Gəl, nə sən miskin sual ver, nə də mən cavablayım.


Açar sözlər: özümdən-yaxşı-yazıçı-tanımıram 

Yazar: PARVİZ | Tarix: Aprel 5, 2008 13:33 | müsahibə | Şərhlər(3) | Baxış sayı: 209

Şərhlər

1
Atilla yazıb:

... Əsas odu ki, istedad olsun, o da bu cavanların maşallah, çoxunda var.
...baxmayaraq ki, klaviaturayla yazırlar, mən deyərdim ki, onların qələmi sözün həqiqi mənasında DİYİRCƏKLİDİ-deyirsən.

-təzə qınaqlara tuş olmaqdan çəkinmirsən?

Aprel 6, 2008 15:49
2
PƏRVİZ yazıb:

Atilla, əzizim, mən dediyim sözə başımla cavabdehəm.
Baxmayaraq ki, "şair hərdəmxəyal olur"...

Aprel 6, 2008 22:13
3
Yfchciaj yazıb:

May 9, 2008 19:12

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha