Quşlar, döyməyin aynamı...
“Kirvə” Zeynəb Xanlarovanın ilk konsertini, dediyinə görə, Montində hansısa konsert zallarından birində dinləyən günün sabahı Azərbaycandan çıxıb getmişdi bir baş Sibirə.
“Ha Sibir, ha qəbir... Sibir bataqlıqdı, düşdünmü, bir də burdan çıxa bilməzsən...”
Hə... “Ha Sibir, ha qəbir... Sibir bataqlıqdı, düşdünmü, bir də burdan çıxa bilməzsən...” Kirvənin bu sözləri Sibirdə uzun illərdən bəri yaşayan köhnə, sovetdən qalma azərbaycanlıların da, ermənilərin də dilinin əzbəriydi. Elə vətəni xatırlayan kimi, sonda mütləq bu kəlmələrlə sözlərinə yekun vurub dərin bir ah çəkirdilər.
Altımışı haqlamışdı. Arıq, çəlimsiz, bapbalaca kişiydi; ömrü boyu şişman olmağı arzulamışdı; özünü “baba Qalya”nın əlyerisində asdıqdan üç gün sonra tapılanda arzusuna çatmış görkəmdəydi. Ama boynu uzanmışdısa da, boyu elə həmənkiydi... Kirvədə arzuların inkişafı dərininə yox, eninə getmişdi.
Ölümündə təkcə taleyi günahkar deyildi; bu kriminal olayda bir az mənim, bir az da Alim Qasımovun əli vardı... Yaxşı ki, “ment”lər bu olayın dərin araşdırmasını aparmadılar...
Hadisə yerinə gələn milislər özlərinə əziyyət verib Kirvəni ilgəkdən çıxarmadılar - eləcə, urvatsızca kəndiri kəsdilər və guppultuyla döşəməyə düşən şişmanlamış, tuluğ cəsədi bomba kimi partladı, min qəlpə olub ətrafa yayıldı... Kirvə ömründə ilk və son dəfə qiyama qalxmışdı... ömrü boyu bacarmasa da, ölümüylə dünyanın üzünə lomba-lomba tüpürə bildi.
Son günlərində meyvə köşkündə satıcılıq da eləyirdi. Məmləkətdən gəlmiş meyvə dolu yeşiklərin altına və üstünə döşənmiş Vətən qəzetlərini çıxarıb bürüşüyünü düzəldir, yeni əlifbanı höccələyə-höccələyə min ilin acı kimi gözünə təpişdirirdi. Gözü qəzetdə olsa da, qulağı köşkün bacasının nə vaxt döyüləcəyinə qurulmuşdu. Allahın unutduğu kimin umurundaydı? Ancaq hər iki dəqiqədən bir, səsə ayılırdı, qəzetdən ayrılırdı ki, deyəsən müştəridi...
Vitrində düzülmüş meyvələrə adamlar gəlməzdi ama . Quşlar idi Kirvəni diksindirən. Bayırdan dəmir çərçivəyə qonub şüşənin arxasında görünən meyvələri dimdikləyirdilər.
Kirvə durmadan quşlardan gileylənirdi...
Qəlbimi az döyündürün,
Yalan yerə sevindirin,
Bircə gün dayanın-durun,
Quşlar, döyməyin aynamı...
***
Aynada nə görmüsüz, dən?
Özünü aldatmaq nədən...
Bəxtimi oyadarsız birdən,
Quşlar, döyməyin aynamı...
***
Aynam mənim eynimdi, eyy,
Cəftəsizdi, neynim, de, eyy?
Oturun lap çiynimdə, eyy,
Quşlar, döyməyin aynamı...
***
Saçımın dənin dənləyin,
Başımdan çəni dənləyin.
Nə olar, məni dinləyin,
Quşlar, döyməyin aynamı...
***
Gözlərimi oyun, durun,
Əynini lüt soyundurun.
Haçansa bir doyun, durun,
Quşlar, döyməyin aynamı...
Açar sözlər: quşlar-döyməyin-aynamı
Yazar:
PARVİZ | Tarix: Aprel 11, 2008 1:26 |
proza |
| Baxış sayı: 161