Cənnətin beş addımlığında
İlham Əliyev Zobucuq adlanan ərazidə - Quruçayın üzərində salınmış körpünün açılışında iştirak edib. Və təbii ki, qırmızı lenti kəsib qoyub məcməyiyə. Bu lent parçası tarix baxımından çox mübarəkdi.

Dövlət başçısına məlumat verilib ki, körpünün uzunluğu 24,1 metr, eni 9 metrdir. Yəqin ki, ona verilən bu məlumat səhihdi. Uzaqbaşı, 5-6 santimetrin söhbəti gedə bilər. Bunu bir elə ziyanı yoxdu. Belə-belə xəbərlər qətiyyən köhnəlmir. O şeyin ki, niyyət binasında və son ucunda əbədiyyət durur, köhnəlməz.
Azərbaycan Sovet Ensiklopediyasında yazılıb ki, Körpü - hər hansı bir maneə üzərindən salınan süni yol və ya keçid qurğusudu. Körpü salmaqla insanlar hələ quldarlıq dövründən məşğul olmuşlar və hələ də məşğul olurlar.
Müdriklərin dediyinə inansaq, körpü (ASE-yə inansaq, süni qurğu) həm də yolun bir hissəsidi. Bəs bu yol nə yoldu və hara aparır? Bu yol cənnətə aparan yoldu, salınan körpülərdə də məqsəd bizim cənnətə sarı gedən yolun üstündə qarşımıza çıxan Quruçay kimi maneələri aşa bilək (əslində qurumuş çaylar maneə ola bilməz). Bəli, bu körpülər Azərbaycanı cənnətə tez və xatasız çatdırmaq üçündü. Məsələ ondadı ki, o cənnət dediyimiz məkana bizi körpülər çatdırmır, bu körpülərin kütləvi şəkildə salınması və bu körpülərin ideyasını verinlərdi. Heç şübhəniz olmasın ki, bu başbilənlərlə çox yox, bir on il də birgə yaşamaq biz fəqir bəndələrə nəsib olsa, görəcəyik ki, bütün Azərbaycanın üstündən boya-boy, başa-baş, zolaq-zolaq, kəsmə-kəsmə, asma-asma körpülər salınacaq və məmləkətimiz ingilis avtobusları kimi ikimərtəbəli olacaq, ərazilərimiz iki dəfə artacaq və heç Qarabağı qaytarmağa da gərək qalmayacaq.
Biz isə hamımız, 10-15 məmur-oliqarxı çıxmaq şərtilə cənnətə vasil olacağıq. Niyə də olmayaq, bununçün hər tələbə cavab veririk. Üzüyolayıq, padşahı Allahın yerdəki kölgəsi sayırıq, dinə meylimiz artıb, İranda xeyli adam mollalıq dərsi alıb ölkəmizə qayıdıb, Ramiz müəllim "İstiqlal" ordeni alıb, Taxıl fondu yaranıb FHN-ə verilib, it kasıbıyıq... daha nə lazımdı ki? Əsas kasıblıqdı, o da var! Dövlət başçısı da zəhmətkeşlərlə görüşündə deyib ki, düzdü, ölkəmizdə bahalaşma gedir və gedəcək də, ancaq bundan qorxmağa dəyməz, kasıblara kömək edəcəyik. Mən buna inanıram. Ancaq bunu qoyub, keçim ona, bir az eyniniz açılsın. Bizim bir kəndli var, deyir, kasıb təcili ölməlidi. Bəli, partiya və hökumətimiz də kasıblara bu yöndə hər cür yardım göstərir və göstərəcək də. Hələ gör, qabaqda bizi neçə-neçə yeni körpülər gözləyir. Məncə, körpülərimiz artdıqca hətta şair və yazıçılarımızın övrətləri də daha kasıbçılıqlarına görə basıb ərlərinin iki gözünü bir dəlikdən çıxarmayacaq, sadəcə, başımızın üstündə ilan kimi qıvrılıb gedən körpülərə baxıb cənnət haqda xoş xəyallara dalacaqlar.
Kasıblara köməyin ilk görkünü 2-3 gün qabaq gördük - "28 may"da acından bir qadın bayılıb. Hadisə yerinə gələn həkim bildirib ki, qadın həqiqətən acından bayılıb. Deməysən, 3 günmüş ki, çörək almağa pulu olmadığından adam acmış, elmi dillə desək, 3 günmüş ki, onun həyatı dövlətin kasıblara yardım projesi üzrə aktivləşdirilibmiş. Polis nəfəri Məmmədəli Həsənov isə işıq pulu üstdə problemi yaranmış 63 yaşlı məcburi köçkün Rəfiqə Əliyevanı döyə-döyə dalağını partladıb və o dünyaya köçməsinə yardımçı olub.
Üstəlik, məmləkətdə şəffaflıq da bərqərar olub. Daha hamı açıq danışır. Prezident özü açıq deyir ki, "Azadlıq" radiosunu bağlamaq lazımdı; Natiq Güləhmədoğluna 050 224-03-15 nömrəli telefonun yiyəsi zəng vurub açıq deyir ki, başını kəsəcəyik. Əntiqə! Örtülü bazar dostluğu pozar. Azərbaycan cənnətin 5 addımlığındadı.
Xalq qəzeti də mən deyəni yazır:
""İnanıram ki, mənim axıra çatdıra bilmədiyim, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Heydər Əliyev (ümummilli lider)"
Kef eləyin, ama heç kimə deməyin.
Açar sözlər: cənnətin-beş-addımlığında
Yazar:
PARVİZ | Tarix: Aprel 24, 2008 21:49 |
Publisistika |
| Baxış sayı: 142