Jurnalist həbsxanası
IX əsrdə Rusiyanı xalqlar həbsxanası sayırdılar. Böyük Rus imperiyası irili-xırdalı yüzlərlə xalqı əsarət altına alıb millətləri məhv etməklə, xalqların milli mənliyini unutduraraq assimliyasiya eləməklə məşğul idi.
Bu gün Azərbaycan haqda bu sözləri işlətmək mümkün deyil. Nəinki mümkün deyil, bunu söyləmək Allaha asi çıxmaq kimi bir şeydi və tam mənasıyla küfr sayıla bilər. Türkləri çıxmaq şərtilə bu məmləkət bütün başqa etnik qrupların səadətə qovuşduğu bir məkandı. İyirminci əsrin əvvəlində Fransanın öncül bilim və siyasət adamlarından hansısa biri Osmanlıda millətlərin hüquqlarının qorunması haqda danışarkən belə demişdi: "Osmanlıda hətta türklərin də hüququ qorunur". Bu sözü də Azərbaycana şamil eləmək olmaz. Osmanlıda barı "hətta türklərin də hüququ qorunur"dusa, Azərbaycanda hətta türklərin də hüququ qorunmur. Burda qorunan bir ovuc etnik oliqarx-korrupsionerin hüquqlarıdı ki, bu çevrədə HƏTTA TÜRK OLANLAR DA var (buna, əslində sivil dünyanın anladığı hüquq demək də düz olmazdı, olsa-olsa başqalarının hüquqlarına tüpürmək hüququnun qorunması desək, bəlkə yerinə düşər). Azərbaycanda yaşayan bütün xalqlar yox, bütün insanlar tapdanır, əzilir. Daha doğrusu, tapdanıb və əzilib. Bütün azərbaycanlılar - türklər, talışlar, kürdlər, ləzgilər haqda yalnız keçmiş zamanda danışmaq mümkündü. Bir toplum ki, ona yönələn sadist eksperimentlərə heç bir reaksiya vermirsə, sadəcə astadan, səsini içinin yeddinci qatına qısıb donquldana bilirsə və bundan o yana insana xas heç bir refleksiya göstərə bilmirsə, bu halda, ümid eləyirəm ki, bir cıqqan ağlı olan hər kəs mənimlə razılaşar - bu toplum yalnız keçmişə aiddi.
Belə baxanda, sakitlikdi, hər şey qaydasındadı, millət öz keçmiş zamanda mövcudluğu ilə barışırsa və ya keçmiş zamanda yaşaya-yaşaya bu zamanda yaşadığını zənn eləyib hələ də mövcud olduğunu düşünürsə, əslində narahat olmağa dəyməz. Qismətini olduğu kimi qəbul eləmək, bunula yetinmək elə rəhbərlərin əzbərdən dediyi o analqoqu olmayan inkişafdı, xoşbəxtlikdi, səadətdi.
Bu səadət illərinin "içinə eləyən", bu xoşbəxtlik sükutunun analoqsuz dəryasına daş atan bircə zümrə qalıb bu məmləkətdə. Ziyalı zənn edilənlərin adından at boyda birisi kişi-kişiyana, mərdi-mərdana boynuna aldı ki, mən (oxunsun - "biz") ziyalı deyiləm. Bu cavabı adamın qorxaqlığı kimi qəbul eləməyin, lütfən. Bu sözün müəllifi bizim heç birimizdən nə savadca, nə təfəkkürcə, nə istedadca, nə ziylılığın nə demək olduğunu anlamaq baxımından geri qalandı, əksinə çoxunu çaya susuz aparıb, susuz da gətirə bilən biridi; deməli, bu məsuliyyətdən boyun qaçırmaq deyil, öz çilik-çilik olmuş kimliyinə-şəxsiyyətinə özünün çıxardığı ölüm hökmüdü. Mənim bu ziyalılara "Allah rəhmət eləsin", "Allah o dünyasını versin" deməkdən başqa dilim bir sözə dönmür.
Hə, yenə də, deməli, bircə zümrə qalıb - qəzet jurnalistləri.
Bu gün Azərbaycan dövləti nə torpaqlarını işğal eləyən düşmənlərlə savaşır, nə milləti çığnayan iri ranqlı canavar məmurlarla. Hətta qəzetlər də yenik durumda görünür. İndi qalsa-qalsa, 5-10 şərəfli jurnalist qalıb ki, Azərbaycan bu 5-10 adamla vuruşur. Bu 5-10 adam da hələ yenilməmiş qala da deyil, artıq ən xırda təpələrdi, bunlardan da üçü məhbəsdə oturur. 3 jurnalistin belə ciddi-cəhdlə içəridə tutulması, dünyayla bağlarının kəsilməsi təpələrin önəmini artırır, strateji məna qazandırır, möhətəşəmlik effekti verir. Əslində isə, bu 5-10 təpə özü bilir ki, onların yalnız bir dəyəri var, o da sadəcə onların varlığı, hələ təslim olmamalarıdı...
Fakt isə odur ki, Azərbaycan jurnalist həbsxanasıdı, vəssalam!
Açar sözlər: jurnalist-həbsxanası
Yazar:
PARVİZ | Tarix: May 3, 2008 22:20 |
Publisistika |
| Baxış sayı: 182