www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

 QİÇS!

inamsızlıq
(yazıya əlavə olunub)

İnam çatışmazlığı sindromu

Maraqlı bir lətifə var. Bapbalaca boyu, dam dolusu toyu olan bir lilliput nəhəng və sərv boylu bir qadınla evlənir.

Zifah gecəsinin səhəri qadın onu yoluxmağa gələn rəfiqəsilə söhbətləşir. Rəfiqəsinin gecəylə bağlı sualına cavab verən “gəlin” bütün bədəninin göm-göy, qançır-qançır olduğunu deyir. Rəfiqəsi içini çəkib, deyir ki, belə çıxır, gecəniz çox atəşin keçib. “Yox, nə danışırsan, nə sevişmə, sadəcə, təzə bəy səhərəcən üstümdə o başa, bu başa qaçıb, elə bir ucdan qışqırırdı ki, yəni bunların hamısı mənimdi? Heç inanmağım gəlmir! Hə, bax buna görə bədənim bu gündədi...”

    Bu torpağın havasındandı, suyundandı, nəyindəndi bilmirəm, ama bu ölkədə yaşayanların hamısı - yəni bütün azərbaycanlılar yalnız dünənlə, keçmişlə yaşayır. Sabah haqda düşünən yoxdu, sabaha heç kim inanmır. Bizdə hansısa bir biznesmen hansısa bir yapon iş adamı kimi 100 il sonra gəlir verəcək hansısa bir sahəyə yatırım yatırsa, hamı ona dəli kimi baxar, çünki hamı sabaha yox, keçmişə baxır. Bütün gözlər keçmişə dikilib. Bu vilayətdə yalnız əskiyə tapınırlar.
    Hər sahədə belədi; qəhrəmanlıq, poeziya, siyasət, mənəviyyat, mədəniyyət, hətta sevgi də keçmişlə yaşayır. Biz bütün ürəyimizlə “ilk məhəbbət”i ideallaşdırırıq. Sabah bir yana dursun, bu gün sevməyə belə, halımız, meylimiz yoxdu. Təzə olan hər şey bizdə ancaq inamsızlıq doğurur. Biz yalnız keçmişin xəyalıyla pərvazlanırıq. Nəfəsimizi ölmüşlərdən alırıq. Dəfn olunmuş keçmişlə izdivacdan törəyən ölü rüşeymdən ən yaxşı halda yalnız ölü sabah doğulacagı sanki heç kimin umurunda deyil. Biz Ölənlərdən alınan güclə sabaha çıxmağa vərdişkarıq, vurğunuq, tutquluyuq - sabahlarımız ölü açılmasın neynəsin?.. Bizim hər yeni sabah min il qabaqkı sabahın ancaq və ancaq solğun və donuq surəti, fotosudu. Ən uğurlu məqamda yeni sabaha dinamiklik effekti verən, onda canlılıq illüziyasını yaradan bu sabahın retro film keyfiyyətində nümayişidir. O da çarx fırlandığına görə...
    Ölmüş şairlərin şeirlərindən o yana şeiri həzm eləyə bilmirik, ölmüş qəhrəmanlardan özgə qəhrəman tanımırıq, ötən nəsillərdən mərdini, kişisini, vətənpərvərini, ədəb-ərkanlısını, yol-yolaq bilənini zərrəcə təsdiqə buraxmırıq. Biz Allaha da sanki keçmiş zamanda inanırıq.

Təsadüfi deyil ki, Azadlıq hərəkatı başlayanda bircə “Azadlıq marşı” yaranmadı, bəstəkarlar hamısı öz musiqi alətlərinin arxasında gizlənib öz arxalarına baxa-baxa qaldılar, minlərlə bəstəçidən biri sabaha boylanmaq istəmədilər; bir Ştrausumuz çıxmadı ki, inqilabçıları irəli apara; onların ruhunu yeniliyə kökləyə; hərəkat yenə də geri - keçmişə boylanmalı oldu - İndiki Himnimiz, Koroğlu uvertürası, Yol ver türkün bayrağına... Nə qədər gözəl idi. Gözümüzdən gildir-gildir yaş gələrdi. Bu yaş dünəndən bu günə gəlirdi, bu günə ağıydı. Keçmiş dadımıza çatmışdısa da, nə xeyri? Bütün hallarda, bütün əzəməti-qutsallığıyla keçmiş ölüdü və bu ölmüşdən alınan gücün nəticələrini az keçmədən gördük - keçmişin doğurduğu eyforiyadan doğulan qələbə və ardıyca gələn Azadlığın dəhşətli məğlubiyyəti. Keçmişin verdiyi güc inersiyavariliyilə keçicidi. Umud olmağa dəyməz...


    
Bu torpaqda yaşamaq qədimlərin divli-əjdahalı-pərili nağıllarında yaşamaq məzmunundadı. Bizimçün sabahın qayğılı sonunu düşünmək əziyyəti, xofu yoxdu; heç kimi silkələyib ayılda, bu boynu doğuluşdan geriyə bitmiş varlığımızla o sabahın necə vahiməli gələcəyini anlamaq, düşünmək, çarə qılmaq zəhmətinə kiminsə qatlaşması söz konusu deyil - hamı içində yaşadığı nağılın keşməkeşli, dərin və qaranlıq quyulardan keçən sehirlənmiş yollarının “heppi-end”lə bitəcəyinə adı kimi əminliyinin məstliyi içindədi. “Heppi-end”ə de inanan yoxdu, əminlik var - axı bu nağıllar min il əvvəl yazılıb, oxunub və hamı parlaq sonluğu, qırx gün, qırx gecə çalınacaq toyları bilir… Bəli, biz inanmırıq, sadəcə bilirik. Kimi dindirsən, deyəcək: “Hər şey yaxşı olacaq…” Özünüzü aldatmayın, bəylər!
    Ölkədə kütləvi inamsızlıq taun kimi tüğyan eləyir. Xəstəliyə yoluxmayan qalmayıb. Bu torpaqda hava da, su da infeksiyanı yaymaqla, epidemiyanı qloballaşdırmaqla məşğuldu. İnamsızlıq xərçəng hüceyrələri kimi an-an çoxalır. Rejimin sirli karxanasında oncə seçici-vətəndaşları yoluxdurmaq üçün istehsal olunan bu virus indi o karxananın sahiblərinin özünə də yoluxub və bu virusdan kiminsə qurtulması artıq imkansız görünür. Bu boyda məmləkəti kəbinlisi sayan məmurlar bu boyda səadətin, səltənətin, dəfinələr adasının onların olduğuna heç cür inana bilmirlər və üstündə atlarını belədən-belə çapmalarıyla onun gözəl vücudunu didim-didim eləyiblər. İnamsızlıq yeni-yeni qansızlıqlar, vəhşiliklər doğurur. Onlar bu ölkəni adamlarıyla birgə gözlərinə təpirlər. Təpirlər də, yenə də inana bilmirlər...
    Daha heç kim heç kimə, heç kim heç nəyə inanmır - bircə Allaha inam qalıb - o da keçmiş zamanın hər şeyə qadir Allahına.
İnam və etibarın öldüyü yerdə fəlakət gözlənilir. Ailədə ər arvada, arvad ərə inanmır, ata oğula, oğul ataya, qardaş qardaşa. Xalqa yoluxdurulan “müxalifətə inamsızlıq infeksiyası”, indi analoqu olmayan hökumətin özünə yönəlib və daha amansız formada. Fəqət bu, yenidən müxalifətə inam yaranması anlamına gəlmir. Azərbaycan insanının inam hüceyrələri dağılıb, qanında İMMUN çatışmazlığı deyil, İNAM çatışmazlığı sindromu sağalmaz həddə yetişib. QİÇS deyəndə mən bunu düşünürəm.
Adamların bir-birinə inam və etibarı qırılıbsa, deməli, bundan sonra kimsə kiminləsə inanmadığından danışmayacaq, dartışmayacaq, dərdləşməyəcək. Artıq rejimin adamların ağzını bağlamağına da gərək qalmayıb. İnamsızlıq virusu bu işi layiqincə görüb – hamı özü öz ağzını sırıyıb. Taxılın yoxa çıxmağı belə, bu tikişi sökə bilmir. Danışıq olmayan yerdə heç nə dəyişə bilməz. Heç nə dəyişmir də. Hər şey 37-də olduğu kimi qalır.
    Bu ölkənin azman və baş məhbusu Qənimət Zahid azad edləcəyinə inanmır. İnana da bilməz. Çünki bu ölkənin dövlət başçısı da inamsızlığa yoluxub və hələ də bir türlü özünün başçı olduğuna inana bilmir. O, yenidən prezident seçiləcəyinə də inanmır, çünki ona inanmayan xalqın ona səs verəcəyinə inanmır. O, sadəcə prezident olacağını bilir. Dedim ya, biz inanmırıq, biz sadəcə, bilirik. Bilirik ki, hər şey yaxşı olacaq...
    O ancaq inamsızlıqdan tutur, asır, kəsir, xox gəlir, məhbəsə atdığını orda çürütməyə çalışır… İnamsızlıqdan humanizm deyil, yalnız aqressiv aktlar törəyə bilər. Bu min bir çaba yalnız onunçündü ki, o öz başçılığına özünü inandıra bilsin. Bilmir… Heç cür bilmir və deməli, bizi qarşıda hələ neçə-neçə Sevgiladə-Vüsal, Strekalin və Zeytunluq olayları gözləyir.
    Bu inamsızlıq bizə yaxşı heç nə vəd eləmir, bəylər - hazır olun… İnanmırsınız?..


7 May 2008


Açar sözlər:

Yazar: PARVİZ | Tarix: May 7, 2008 21:54 | intellektual | Şərhlər(7) | Baxış sayı: 228

Şərhlər

1
Eldar Salamli yazıb:

Əla blogunuz var...Halaldır!!!

May 7, 2008 22:57
2
Pərviz yazıb:

Çox sağ ol, Eldar bəy.

May 7, 2008 23:01
3
Özgür yazıb:

İNAM çatışmazlığı sindromu...
məndə də var.

May 8, 2008 7:36
4
ceyhun nagi yazıb:

salam, gozel oglan. yazin ela idi. ama sende de zelimxan yaqub kimi sininmler artib. bunu nezere almani rica edirem....
sevgilerle, ceyhun..

May 8, 2008 11:39
5
Natiq Güləhmədoğlu yazıb:

Bir nefese oxudum rolleyes
perviz bu yazisi adami sindiran yazidir.Bele yazilarin metbuata bu gun cixmasinin əleyhineyem. Nəzərə alaq ki, "Azadliq" 95 faiz etibarı ilə mübariz insanlar oxuyur. Onlara belə yazılar qılınc kimi təsir edir. Nə qədər qəribə olsada bu gun cippili optimizmizi qabartmaliyiq. Bir sozle redd olsun heyderizm yasa perviz

May 8, 2008 11:48
6
Pərviz yazıb:

Salam gözəl dostlar!

Özgür, mən əlimdən gələni eləməyə söz verirəm ki, bu sindrom sənin canından çıxsın. Bununçün elə bir çətinlik də görmürəm. İçindəki işığa arxayınam.

Ceyhun, "gözəl oğlan" ifadəsi mənə bir zamanlarda mənə ilk oxucum olmuş bir adamı xatırlatdı... Yağış dənizin gözünü dimdikləyəndə...
Ama "sininim"lər mənə çatmadı. Bəlkə sinonim demək istəyirsən? Yenə də çox sağ ol!

Natiq bəy, əzizim!
Sənin fikirlərini alqışlayıram. Ancaq mənə elə gəlir ki, bizim hansısa anlarda insan olmaq hüququmuz da toxunulmaz qalır və bu anlarda bu yazıları yazmağa və dərcə də haqqımız çatır. Onu da deyim ki, mənə elə gəlir ki, bu tip yazılar daha çox inam aşılayır, nəinki yalançı optimist yazılar.
Belə... nə bilim, məncə belədi.

May 8, 2008 12:14
7
Gülər yazıb:

"Azərbaycan insanının inam hüceyrələri dağılıb, qanında İMMUN çatışmazlığı deyil, İNAM çatışmazlığı sindromu sağalmaz həddə yetişib."

-Təəssüf ki belədi...

Avqust 8, 2008 18:02

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha