Aydın Canıyev:
İki dünyanın beş kəlməsi
onları bir-birinə bağlayan bir bağlayıcı və bir şəxsdir
... İnsan öz-özünü sevindirməyi, depressiyadan çıxarmağı, sabaha inamlandırmağı, ən başlıcası, yaşadığı dünyanın mahiyyətini dərk etməyi bacarmalıdır! Birdən-birə İKİ DÜNYANI FƏNAYA vermək günahların, qeyd-şərtsiz, tacıdır ki var! Etiraf etmək yerinə düşər, millət bütövlükdə bu qədər qabağa getməyib - ona yardımçı ola biləcək vəsilə yalnız və yalnız yazıçılar-şairlərdir! Siyasətçilərin işi tamam ayrı: onlar özlərinin nail olmaq istədikləri məqsədlərin həyata keçirilmə elementləri olan xalqdan bir mexanizm kimi istifadədə bulunurlar, guya ki, hər şeyi xalq xatirinə edirlər! Əslində, bəşəriyyətin BƏDİİ İFADƏ ÜSLUBU meydana gələndən, bu missiyanı ədiblər yerinə yetirib - bic siyasətçilər xalqla bərabər, XALQIN TƏRBİYƏÇİLƏRİNDƏN, MÜƏLLİMLƏRİNDƏN - ədiblərdən yararlanıblar. Tarix isə o ədibləri öz yaddaşında saxlayıb ki, birmənalı şəkildə təhtəlşüurdan gələn intuitivliklə işləyiblər.
İndiyə qədər kimin nə töhfəsi olubsa, nəyə nail olubsa, qiyməti də verilib - təkcə Pərvizdən başqa!
"Soyadını belə adının yanında görəndə cin atına minən" Pərviz - HƏMİŞƏ SÖZÜ YENƏN, "məzarı qazılı, başdaşı yazılı, dünyalar iki göz yaşından asılı" ƏDİBİMİZ...
"ÖLƏNGİ" - iki dünya haqqında BİR ROMAN
olmaqla bərabər, həm də iyirminci yüzilliyin sonuncu yarpağıdır: ədəbiyyatımızda! "Bəyaz zülmət"ə bürünmüş ədəbiyyatımızın əlinə belə girəvə hələ də düşməyib - səkkiz ildir ki, üstündən keçir! Belə də demək olar: "Öləngi", bu "bəyaz zülmətdə", elə öz qəhrəmanı kimi, "qardan dörd barmaq yuxarı yeriyən qaragül papağıdır".
"Öləngi"ni oxuyub BAŞA ÇATDIRAN VƏ DƏRK EDƏN hər kəsin içindən "BİR-İKİ NƏFƏSLİK VAXT ÖLDÜRMƏYƏ DƏ ÜRƏYİ GƏLMİR" - adamda hey-hərəkət qalmır!
Açan olsaydı "Öləngi"nin kodunu, biz həməncə başa düşərdik: "quşlar daha ucadan ötür, xoruzlar daha kişiyana banlayır, KÜLƏK DAHA CANDAN, DAHA ÜRƏKDƏN ƏSİR, ağaclar sinədolusu nəfəs alıb-verir".
Bu gəliş siyasi gəliş olmadığı qədərincə BÖYÜK BİR SİYASİ öncəgörümlük - laqeyd qarşıladıq, amma və həm də eyni zamanda ANLAYA BİLMƏYƏCƏYİMİZ bir töhfə oldu.
1996-cı ildə yazılmağa başlanılmış romandakı MƏKAN ağappaq bir örtükdəydi - SENTYABR AYINDA!
Ölkənin üzdə olan bu ağlığını - AĞ GÜNLƏRİNİ qaraya, daha doğrusu, "BƏYAZ ZÜLMƏT"ə bürüyən prezidentin ədəbi siması yaradıcılıq nümunələrimizdə İLK DƏFƏ OLARAQ, CANLI OBRAZDA verilir: cismən var, ruhən yox, idarəetməsi qardaşının əlləriylə həyata keçirilən prezidentin məmləkətində QAR ƏRİDİKCƏ hər topanın altında valaylanan tarixin səhifələri qan qoxuyur! Bu qan qisasa səsləməsə də, qələbəyə aparır! Əgər ibrət alsaq və nəticə çıxarsaq! İstənilən halda, 2000-ci ildə romanı anlaya bilməyənlər üçün TARİX 2003-cü İLİN QIŞINI həyatımızda qələmə aldı!
Hələ ki...
İllər ötəndən sonra bir daha və yenidən "Öləngi"ni oxuyanda gəldiyim qənaətlərin ƏKSƏRİYYƏT tərəfindən razılıqla qarşılanacağına ümidliyəm:
QƏHRƏMANLARI ADSIZ romanın "süjet, kompozisiya, zavyazka, kulminasiya, razvyazka" kimi "həssas yerləri"nə toxunmaq istəmirəm - "Öləngi"nin bunlardan da ötə bir üstün məqamı var!
Zaman "Öləngi"də İLAHİ ZAMAN kimi AĞIR gedir - hər şeyi horralayıb xortuldatmağa öyrəncəli obıvatellərin menyüsü üçün deyil!
Zaman isə, - fizikanın-astronomiyanın ölçülərindən kənar - OXUCU ENERJİSİNİN QƏNİMİ!
Enerjisi olmayanlar - istedadı, düşüncəsi, mistika, ezoterika, sufizm kodlarından məhrumlar üçün "Öləngi" TAM BİR VAMPİR! Amma həqiqətdə HƏR KƏSİ UCALIĞA YÜKSƏLDƏN BİR YOQA TƏLİMİ MİSALI "Öləngi".
Pərviz romanı yazarkən-yaradarkən nə qədər enerji sərf edibsə, o enerjini oxucudan çıxarır - o həcmi itirməyənlər anlamaz bu romanı! Hər bir oxucu sonda sanki romanın müəllifi olur!
Həqiqət bu - PƏRVİZ HAMI ÜÇÜN YAZIB - OXUCU ranqından-rütbəsindən-şərəfindən ovsaydda qalaraq BİRləşməyən, TAMlaşmayan kimsələri qəti əminliklə ƏDƏBİYYATA DƏXLİ OLMAYANlar kateqoriyasına aid etmək lazım!
Bütövlükdə romanın kompozisiyasında gözlə görüb ağılla dərk etmədiyimiz dünyanın aurasının - coğrafiyasının, demoqrafiyasının, demokratiyasının əhatə olunduğuna şahid oluruqsa, süjetində gözlə görməyib ağılla dərk etmək istədiyimiz dünyanın virtual transferinə seyrçi oluruq - bunu, bir növ, BƏRZƏX OLAYLARI da adlandırmaq olar!
2000-ci ilə qədər ədəbiyyatımızda bu yanaşma yox idi - üstünlüyün biri bu!
2000-ci ilə qədər həm də sovet ədəbiyyatının şinelindən çıxanlar yaradıcılıqlarında SON haqqında qənaətsiz idilər - ideoloji məfkurə NƏTİCƏNİ ŞÜURLA ALVERDƏ görürdü - bu ağır ittihamı bir ayrıca polemika mövzusu da etmək olar! Söhbət "Öləngi"dən gedirsə, məhz İDEAL YANAŞMAnı tutmaq borcumuzdur: "Xalqa adam canını da verər; AZADLIĞINI isə heç kimə vermək olmaz; Azadlıq adamın namusudu, həə, bax, bundan ötrü bütün xalqı qurban vermək olar... Mən illər boyu buna görə zülmlər vermişəm. Buna görə".
Haracan desən, nə qədər desən, "Öləngi"ylə düşməni qovmaq olar bu bir parçayla - birilərinin illər boyu tiranlığının, despotluğunun tam açması.
HƏR KƏS AZADLIĞININ FƏDAKARI olmalıdır
- tiran qədər, despot qədər!
Xalqa bundan anlaşıqlı nələrisə hətta Kafka, Freyd, lap Anri Sen-Simon da deməyib. Robespyeri və "dünyanın yeddi müdriki"ni də üstünə gəlsək. Ən müxtəlif düşüncə tərzlərinin xalqa-bəşəriyyətə rifah bəxş etmək niyyətiylə ifadə etdikləri dahiyanəlik bu fikirlər qarşısında aciz - budur üstün tərəfinin biri də "Öləngi"i Pərvizin!
Yenə də NƏDƏN bu qədər unikallıqla bütün söylənilənlər NƏTİCƏSİZ QALIR sualının bir cavabı var "Öləngi"də: ən ali məqsədlərdən agah prezidentlər sərxoşlaşandan sonra gözləri işıldaşır, əməlləri yox! Hər şey də onda bitir ki, onların ürəyi düşündüklərini həyata keçirmək üçün can atmır, canlarını rahatlamaq üçün atlanırlar: "gedirik bazlığa"...
Xalqın zülm və əcr içində yaşamasının səbəbi bu qədər sadə və bəsit, həm də... mürəkkəb - kimə sübut eləyə bilərsən ki!
"Öləngi"nin daha bir məqamı: "Ölümə də göyçək doğulmaq gərək!!!"
Kontekstdən çıxarmaq istəmirəm, abzası olduğu kimi sözümə söykək verirəm:
"...İnsan həyata necə diri gəlirsə və gəlməlidirsə, həyata necə sağlam gəlirsə və gəlməlidirsə... ÖLÜMƏ də eləcə dipdiri və sapbasağlam getməlidi. İntihar eləyən, içini doğrayan adam ölümə şikəst doğulur; ölüm beləsindən iyrənir, xoşlanmır - gözünün qarası olsa da! Ölümə də göyçək doğulmaq gərək. Maşının basdığı o gözəl qız ölümə kifir getdi. Və mən onda anladım ki, darağımda illərlə gəzdirdiyim o son gülləni - ölümü başıma çaxmağın əsl məqamı gəlib çatıb; anladım ki, o kifir qıza orda heç kim yaxın durmayacaq, vaxt itirmədən gedib onu özüm almalıyam; bir gecə hamını yuxuya, gülləni ayağa verib tətiyi çəkmək istədim; bir... iki... üç! Gicgahıma, allahlığıma yeritmək istədiyim o ÖLÜM gəlib gözümün önündə cilvələnməyə, məni cinləndirməyə başladı; şəkildən şəklə, sifətdən-sifətə düşdü; Ölüm məni özünə cəlb eləmək istəyən fahişə qadına bənzədi gözümdə; heyim çəkildi, gözüm qaraldı... Mən qorxdum... Ömrümdə ilk dəfə qorxdum. Mən iyrəndim. Mənim son gülləm boşa çıxdı; özü də həmişəlik..."
Açmasına getməyəcəyəm, amma həm də ritorikasız keçinməyəcəyəm: bu bir abzasda AZƏRBAYCAN DİLİNİN LEKSİK-SEMANTİK, MORFOLOJİ ÇALARLARI və ədəbi-bədii üslubun özünəməxsusluğunda ifadə olunan BİRCƏ FİKİR bütövlükdə xalqımızın MƏHKUMLUQ TALEYİNİN KODU deyilmi?!
"Öləngi"nin üstün tərəfinin biri də bu: İKİ DÜNYANI bir-birinə bağlayan O - həm də ədəbi qəhrəman - bircə VƏ BAĞLAYICISIYLA bütünlükdə bəşəriyyətin ehtiyaclısı olduğu BEŞ KƏLMƏylə FANİLİK VƏ ƏBƏDİLİK çabalarının mahiyyətini açır!
Görəsən, bizdə ədəbi mühit DAHA NƏ UMUR yazıçı missiyasını boynuna götürənlərdən?
Görəsən, sakini olduğumuz qatarlarda sərnişin yoldaşlarımız o son səfərə "Öləngi"ni anlayaraq gedə biləcəklərmi - onsuz da Qurani-Kərimi yaxın buraxmırıq: islam olan yerdə müsəlman yoxdur, müsəlman olan yerdə islam!
Bizlər Allahın kitabını oxumuruq - Allahın verdiklərinə, söylədiklərinə şeytanın təhrikiylə xor baxırıq - bu, Allah qarşısında günahımız, bəs onda nədən "Öləngi"ni yazan Pərvizi də "görmürük"?
Allah bağışlasa da, Pərvizdən halallıq almaq lazımdı - ömrünün dörd ilini sərasər bizlərə həsr etdiyi üçün.
O ki qaldı əsərin ruhunda YAD NOTLARA, bəzən Frans Kafka ilə müqayisələr səslənir. Razılaşıram - Kafkanı başa düşmək üçün gərək mütləq Pərvizi tanıyasan, dərk edəsən, sonra Fransın nə demək istədiyini anlayasan!
Bax, bu da Pərvizin üstün tərəflərinin sayılmaqla bitməyən, hələlik sonuncusu.
Oxuyun, dərk edin, özünüzün nə qədər enerjili olduğunuzu üzə çıxarın! Bu, bizim hamımızın SON BORCUMUZ: "Ölümə də göyçək doğulmaq gərək!"
Güman edirəm ki, heç kim kifir ölmək istəməz!
Di haydı, "Öləngi"ni DƏRK ETMƏYƏ DOĞRU, İRƏLİ!
SON SÖZ ƏVƏZİ: "Öləngi" haqqında adı R-yla başlayanlar birmənalı şəkildə xoş sözlər deyir - Rafiq Tağı, Rasim Qaraca, adı r-yla qurtaranlar əlli-əlliyədi - Xanəmir lehinə, Elnur bitərəf.
Mistikanın daha bir bariz nümunəsi: AMEA-nın Ədəbiyyat İnstitutunda 23 il əvvəl Mövlud Süleymanlının "Dəyirman"ı müzakirə olunmuşdu, 7 il qabaq isə "Öləngi". İLK DƏFƏ "Öləngi"ni ƏDƏBİ MÜZAKİRƏYƏ AnaR Niftəliyev çıxarmışdı! - bu "r"-nin yiyəsi qatı tərəfdarlardandır.
"Öləngi"nin daha İKİ “R” mistikası: RedaktoR Qənimət Zahid olub!
Ön sözün müəllifi və kitabın redaktoru bir az əvvəl bir-biriylə məhbəs yoldaşlarıydı...
Bu da bir cür mistikadı: "Öləngi" həm də Pərvizin DOĞUM ŞƏHADƏTNAMƏSİNİN SURƏTİDİ - özünə nə münasibət varsa, romanına da yanaşma elədir.
Neynək, Pərvizin PASPORT ALACAĞI GÜNƏ AZ QALIB...
Açar sözlər: öləngi
Yazar:
PARVİZ | Tarix: İyun 6, 2008 21:40 |
Orda-burda |
| Baxış sayı: 2140