ŞAİR ÖLDÜ

Şair öldü,
öldürüldü,
canına qıydı...
bilinmədi,
ama öldü ölməyinə.
Bilinmədən
bu qətl kimin nəyinə?..
***
Dar dalanda
tapılmadı nəşi,
ağzı üstdə qalmadı;
evinə qalxan
qaranlıq pillələrdə
başına
armatur vurulmadı;
çörək paketiylə
boğulmadı;
tində pusu qurmadılar;
linç qurulmadı;
saplamadılar,
çatlayan
ürəyinin başından
nəfəslik açmadılar,
barı son kərə
içinə dünyadan işıq düşə,
günəş-günəş,
bir udum hava uda,
bir hovur
yanan ciyərini ovuda.
Hamı kimi yerdə
can üstdə qoyub
qaçmadılar
cəsədi...
şair son yol gülümsədi,
ama öldü ölməyinə.
***
Şairin
dodağında
laxtalanmış,
torpağa bulanmış
son nəfəsində
İlham pərisinin əl izi
və
şabalıdı bir teli...
şairin yumulmamış
gözlərində,
hələ aynası
yuyulmamış gözlərində
stop kadr -
İlham pərisinin üzü,
dolmuş
yaşıl
dəniz gözü.
***
İlham pərisi
şairdən
min işıq ili
uzaq
bir məkanda
o gecə yağan yağmurdan
asılmışdı,
yellənirdi,
çökmüşdü
tavan bulud.
Yağmur ilgəkdə
“Pəri” yazlmışdı,
şairin isti ölümündən danışan
hələ soyumamış
son şeiri yazılmışdı
şairin öz
dəsti-xəttiylə,
hərflərin mürəkkəbi axırdı
Pərinin bəyaz tənindən
qara şırımlarla
üzü aşağı.
Ah, qatillər,
ah,
it uşağı...
***
Şairin ölümünə
yer-göy ağlarkən,
çiçəyi çırtlayan
biri vardı.
İllərlə sevdiyi
qadınlar-qızlar
şairə vurulmuşdu,
ona yox,
buna yar olmuşdu.
Ona toxunası
isti-islaq dodaqlar
şairin sətirlərini
yandırmışdı,
soyutmuşdu.
Bunun gözlərini ağlar qoyub,
onu ovutmuşdu,
bunun yuxusunu ərşə çəkib,
onu uyutmuşdu.
Dərd əlindən
içdiyi zəhərdən
şair özünə bal kimi
şeirlər çəkmişdi,
öz İlham pərisiylə
bəxtəvər olmuşdu.
Onunla yaşam arasında
sipər olmuşdu.
*** 
Şair öldü...
ölümünə göylər
qan ağlarkən
kəfəni üstünə,
biri
rahat-rahat nəfəs alıb
sevincindən
qan-qırmızı şərab içir,
süzür üstünə-üstünə...
01.07.08
Açar sözlər: dəfnəli-şeir
Yazar:
PARVİZ | Tarix: İyul 2, 2008 10:51 |
poeziya |
| Baxış sayı: 749