Dünyanın ən gözəl yası
Səlim babanın ölümü hakimiyyəti ölümünə kədərləndirdi
Meysərili Səlim Zahidov dünyasını dəyişdi. Minlərlə insandan biri kimi haqqa qovuşdu. Bu, adi bir mətəm xəbəridi.
Bu isə bam-başqa bir xəbər: Azərbaycana Qənimət Zahid və Mirzə Sakit adlı iki oğul bağışlamış (məhz bağışlamış!) ata - Səlim baba, zamanında qoçaqlığı ilə Şirvanda ad çıxarmış Bığ Səlim dünyasını oğlanlarına bağışladı. Səlim baba Azərbaycana oğul sayılmağa haqqı çatan hər kəsə bir dünya bağışladı.
Sağlığında kimsəni kədərləndirmədi. Ölümüylə bir paradoksa imza atdı. Adamla bu yasda çaşıb qıldılar. Yasa da sevinilirmi, İlahi?
"Son qəminiz olsun" "Gözünüz aydın olsun"la yanaşı qopdu hər kəsin dilindən bu hüzrdə. Biz tarixdə murdar ömür yaşamış və insanlara idbar həyat yaşatdırmış insanların murdar olarkən insanların sevincdən dəliyə döndüklərini çox eşitmişik. Gözəl bir insanın ölümüylə insanları sevindirdiyini isə görməmişdik, gördük...
Bu cür dramlar da gözəlimiz Azərbaycanda yaşana bilər ancaq. Təsəvvür eləyin, yas sahibinin əlini sıxıb, "Başın sağ olsun" deyirsən, üzünün bir tərəfi gülür, bir tərəfi kədərdən əyilib və ardıyca da özünü itirmiş, çaş-baş vəziyyətdə: "Nə var nə yox, qardaş,- deyirsən,- kefin-halın necədi? Hə qədər sevindiyimi təsəvvür eləyə bilməzsən!" Bu boyda absurd olurmu? Olur-olur, bu məmləkətdə hər nə desən, olur.
Məsələ təkcə yas götürməyə gələnlərin sevinci ilə bitsəydi, burada o qədər də qeyri-adi bir şey olmazdı. Məsələdən tam xəbərsiz biri qıraqdan durub bu durumu seyr eləsəydi, sadəcə şaşırıb qalardı, özünü hansısa mistik, sürreal bir tamaşanın seyrində zənn eləyərdi, vəssalam. Bəlkə də postmodern bir toya gəlib düşdüyünü düşünərdi, Bekketin absurd teatrını xatırlayardı. Ama məsələ başqadı... İş ondadı ki, bu hüzrdə həm də yas yiyələri, mətəmə batanlar - sülaləlikcə sevinc içindədi.
Heç kim bu yasdan çıxmaq istəmir. Heç kim bu yasdan çıxıb evinə dönmək istəmir.
Heç kim sevincinin belə tez bitməsini arzulamır. İşi olan, çalışan adamlar işlərinin başına dönəcəklərinin vacibliyinə az qala lənət oxurular: "Eh bu iş hardan çıxdı eee?"
Axı matəm necə bu qədər sevinc, fərəh bağışlaya bilər? Bu nə sirrdi, nə möcüzədi? Bu bir romanmı, əcaba! Bəəəli, bu, romandı ki var. Bu, bütün cəfakeş, əzilən, nahaqqa əyilməyən, Tanrı sevgisini, Əli yolunu bütün sitəmlərə, ölümlərə inad heç nəyə dəyişməyən Azərbaycanlının romanıdı. Qoy, dünya bu romanı oxusun, yaxşı-yaxşı oxusun, bütün səfeh romanları bir yana tullayıb bu gerçək romanı oxusun. Və bilsin ki, Azərbaycan adlı məmləkətin yazdığı romanı dünyanın heç bir yazıçısı, dramaturqu, ssenariçisi, "Nobel" ödülçüsü yaza bilməz! Hələ bu Azərbaycanın yazdığıdı. Hələ görsünlər, Azərbaycanın oğulları nələr yazacaq. Həyatı bu qədər təzadlarıyla yaza bilən bir yurdun oğullarının daha gözəl yazmağa gücü çatır və çatacaq da. Qoy hələ SABAH AÇILSIN!
Həəə. Heç kim bu yasdan çıxıb evinə dönmək istəmir. İki nəfər isə... belə heeeç istəmir...
O iki nəfər yas yiyəsidi. Yas yiyəsi olsa da, onların da könlündən dönmək keçmir. Onların evi pis evdi. Lap uşaqların dediyi kimi: "Sən pissən..." Onların evi minlərlə ailəni haqq-nahaq mətəmə salan evdi. O evdə Şeytan özü belə yaşamaq istəmir...
O ev - CƏZA EVİDİ. Allah bu yas sahiblərini bir də o "EV"ə qaytarmasın.
Bir ATA dünyasını dəyişdi. Dünyasını oğlanlarının o "cəza evi"ndən çıxmasına dəyişdi. Dünyasının Tanrısevər insanların matəmdən çıxmasına dəyişdi...
Allah, Sən Özün bu yazıq Azərbaycana belə ATA qismət elə... AMİN!!!
Səlim babanın ölümü təkcə hakimiyyəti kədərləndirdi. Bu haqda isə sonralar danışarıq... Sağlıq olsun.
Açar sözlər: dünyanın-ən gözəl-yası
Yazar:
PARVİZ | Tarix: Dekabr 3, 2008 23:57 |
OVQAT |
| Baxış sayı: 3
BİZİ AYRILIQ QOYMUR ARALANMAĞA
Biz
tər-təmiz
dəmir yoluyuq birlikdə;
ölüncə qoşayıq,
dost-dosta,
qardaş-qardaşa,
baş-başayıq;
biz ömür-gün
yoldaşıyıq.
Sonuna qədər
ayrılmaq,
bir santim aralanmaq yox bizə.
Üstümüzdən
qatarlar keçər
ağır-ağır -
sərnişin qatarları -
çiçək kimi işıqlı,
yaraşıqlı,
şimşək kimi yeyin...
Üstümüzdən
qatarlar keçər
ağır-ağır -
neft qatarları -
içində işıq daşıyar,
çölündə qaranlıq -
fağır-fağır...
Sonuna qədər
ayrılmaq,
bir santim
aralanmaq yox bizə -
üstümüzdən
qatarlar keçər...
və qovuşmaq yox bizə - aramızda
qılınc kimi uzanıb gedən
qoşa ayrılıq...
Açar sözlər: ayrılıq
Yazar:
PARVİZ | Tarix: Noyabr 30, 2008 13:34 |
poeziya |
| Baxış sayı: 153
TOY DÜYÜNÜ
Allah hamınıza şadlıq qismət eləsin. Üzünüzdən sevinc, təbəssüm əskik olmasın.
“Neynəyim, nə təhər eləyim”, deməyəsiniz. Ama “Nəsimi” filmindəki dərviş demişkə, məni öldürsəniz də, deyəcəm... sözün açığı, “Allah sizə həmişə toy qismət eləsin” deyə bilməyəcəm, ürəyim gəlmir, sizə rəhmim gəlir. Ən azı, “Allah sizlərə Azərbaycan toyu qismət eləməsin”, deyim ki, aramızdakı dava ümumdünya səviyyəsi almasın.
Fikrimi səmimi qəbul eləsəniz, deyərdim ki, heç biri bir qəpiklik olmasa da, Azərbaycan yasları Azərbaycan toylarının yanında toya getməlidi, ama elə Azərbaycan toyuna ha!!! Siz acıqlanmağınızda olun, mən davam eləyim.
Hər birinizin qapısında toy olub, daha doğrusu, şadlıq evlərində, ya da ən azı hər biriniz hər hansı bir səbəbdən mırtıldana-mırtıldana, söyə-söyə, kiminsə toyuna gedibsiz. Toya gedərkən çox-çox şeyləri tapmaq çətin olsa da, mırtıldanmağa, donquldanmağa səbəb tapmaq zərrəcə çətin deyil və heç vaxt adamı naəlac qoymur – səbəb itinə tök. Lap toydan sonra artıq qalıb itə töküləcək xörəklər qədər.
Hə, mən də dəxi, sizin biriniz. Yəni uşaqlıqdan bəri toya getməkdən zəhləm getsə də, bu yaxınlarda simsar bir toya gedəsi oldum. Açığı başqa çıxış yolum yox idi.
Durub hər şeyi xırdalığına qədər yazsam, təsvir eləsəm, əlbəttə hər gün rastlaşıb, ama önəm vermədiyiniz bir düjün təfərrüat sizə kino kimi görükər və bəlkə bir iz buraxar, bəlkə də, “zalım oğlu düz yazıb da” deyər və... yenə də donquldana-donquldana eyni bir toyun tədarüklərini eyni şövqlə davam elətdirərsiz, necə ki, dünən rayondan gəldiyim taksinin o biri qadın yolçuları həmən bu toy iyrəncliklərindən danışırdılar və xoşməramlı anlaşmadan sonra xanımın biri qayıtdı ki, əşşi, elə hamımız deyirik, söyürük, ama özümüz də toy eləyəndə eynisini eləyirik; heç kim qabağa çıxıb bu biabırçılığa son qoymur.
Bax, belə... Dediyim buydu ki, mən təfsilata varsam, detallarla yazsam, gərək bu mövzuda yekə bir kitab bağlayaq. Yeri gəlmişkən, bütün ədəbi və bədii məziyyətlərin üstündə əsmədən, sadəcə, bir toyu əvvəldən-axıra ən kiçik detallarınacan təsvir eləyib göstərmək, yüksək səviyyəli ümumiləşdirməylə cəmiyyətə çatdırmaq, kitabı dövlət səviyyəsində reklam eləyib yaymaq, hətta əhaliyə parasız paylamaq çox yerinə düşərdi. Ama ki, bu elə arzu olaraq qalacaq bir məsələdi, çünki, xalqa toy tutan hakimiyyətdən belə addım gözləmək çar babanın hər şeydən xəbərsiz olmasını düşünmək qədər nadanca və bəsitdi. Rejimin xalqa tutduğu toyla xalqın vurdurduğu toy tam identikdi, yəni bir almanın yarısıdı. İkisi də sanki eyni amaca qulluq eləyir. Hökumət analoqu olmayan inkişafdan, YDM fontanından danışıb xalqın gözünə fəvvarələr üfürür, xalq da qarnı aclıqdan quruldaya-quruldaya ağzını açıb bolluq nağıllarına qulaq asır, nəticədə xatirində qalan yalnız boşboğaz natiqlərin, qulaqlarda guruldayan səsi olur, “el toylarında” da masaların üstünə yeməkləri “Kamaz” maşınlarla boşaldırlar, di gəl ki, qidalanma mədəniyyətindən az-çox halı olan adam yeməyə heç nə tapmır və evə qayıdanda hiss elədiyi güclü aclıq və xanəndənin idbar səsi, musiqinin beyin çəkicləyən cingiltisi, tamadanın xəcalət çəkmədəm yazıb camaata sırıdığı əttökən qoşmaları olur.
Təəssüf ki, getdiyim o toydan sizə danışmaq istədiklərimi danışammadım. Həmin toy sonda naməhrəm xanəndə xalayla “görək, kim-kimi yordu” bəhsiylə “Ləzginka”nı az qala köynəkçək oynayan “mömin bir ata”nın vurdurduğu toy idi. Və bu toyda mən bir şeyi dərk elədim: Azərbaycan toylarının ayıbını örtən arağmış – vallah, billah, simavallah. İnsan gərək özü də ayıb hala düşsün ki, ayıb halları görməsin.
Toyda Türkiyədən də bir qonağımız vardı, əvvəldən axıra meyvədən başqa əlini bir şeyə vurmadı, bizə təskinlik vermək üçünsə tez-tez deyirdi: “Əfəndim, düyün iştə, düyün...”
Allah kəssin belə düyünü!
Açar sözlər: publisistika
Yazar:
PARVİZ | Tarix: Noyabr 28, 2008 13:27 |
Publisistika |
| Baxış sayı: 137
GÜNLƏR
Günlər
mişar daşından hörülmüş hasar-
sığallı, yorucu.
Günlər
istəyimin mədəsində daş.
Günlər
dadsızlıqdan acı.
Günlər adaş.
... və o günlərin ardınca...

SƏNSİZLİK
Ulduzlar –
bir az ümid,
bir az
ümidsizlik qoxuyur.
...Və bu gecənin qoynunda
yuxusu ərşə çəkilmiş
bir şeyda bülbül oxuyur.
Necə qəzəbli,
necə əzablı
necə də yazıqdı...
Ulduzlar uzaqdı, qardaşım,
Çox uzaqdı...
Açar sözlər: sənsizlik
Yazar:
PARVİZ | Tarix: Noyabr 24, 2008 10:44 |
poeziya |
| Baxış sayı: 175
Köşə yazarı ətindən kabab
Sizcə bu gün Azərbaycanın ən mötəbər ali təhsil ocağı olan BDU-nun və ya başqa təhsil müəssisələrinin hansısa bir professorunu (təbii ki 96%-i nəzərdə tutulur) tələbənin dediyi hansı söz şoka və heyrətə sala bilər, qəzəbləndirər?..
Mən bu sualı bir tələbəyə verdim. Tələbə öz başına gələn bir olayı danışdı. İmtahan qabağı pullar yığılırmış...
İndi təbii ki, sovet dövründə olduğu kimi deyil. Açıq bazardı. O çağlar pullar beş-altı əldən keçəndən sonra rüşvətxor müəllimə çatardı, yəni bu al-verdə müəllimlə tələbənin birbaşa təması olmazdı. Müəllim də, tələbə də bunun AYIB olduğunu bilirdi. İndi isə, müəllim-tələbə üz-üzə dayanıb qiymət danışır - biri qiyməti öldürməyə, biri geri addım atmamağa çalışır. Axı müəllimin ozünün də oğlu və ya qızı hansısa başqa təhsil bazarında oxuyur... Və s. və. i.a.
Hə, bu tələbə müəllimə pul verə bilməyəcəyini, əvəzində isə imtahanı öz başıyla verəcəyini söyləyir. Müəllim heyrətlənir, coşur-daşır, özündən çıxır, qızarıb-bozarır. Tələbənin qudurduğunu söyləyir və sonunda onun tərbiyəsiz və əxlaqsız olduğunu bildirməklə “imtahanda görüşərik” deyir.
Əlbəttə, indi gətirəcəyim müqayisə bəlkə də uğursuz sayılsın.
Yaponiyanın ən prestijli Tokio universitetində tələbənin ağzından çıxan bir sual bu ölkədə əməlli-başlı insidentə səbəb olub. Sualı eşidən professor qulaqlarına inanmayıb, şoka düşüb, tələbəsinin yerinə utandığından qızarıb. Sonra bu verilən sualdan doğan heyrət içində geniş bir yazıyla jurnallardan birində çıxış eləyib. Sonra bütün Yapon intelligensiyası bu aksiyaya qoşulub və ölkəinn əsas KİV-lərində bu mövzuda məqalələrlə çıxış eləyiblər.
Öz müəllimiylə söhbətdə tələbə bunu soruşub: “Dostoyevski kimdi, müəllim?”
Professor bunu Yapon cəmiyyəti üçün təhqir və əskiklik sayıb. Əgər Tokio universitetinin tələbəsi Dostoyevskini tanımırsa, deməli, cəmiyyətin işi şuluqdu. Xarakiri ənənəsi bu gün Yaponiyada bir çağlar olduğu kimi aktual olsaydı, yəqin ki, özünü və xalqını təhqir edilmiş sayan o professor bunun üçün qarnını elə o tələbənin şahidliyi ilə yorta bilərdi. Bunları oxuduqca, verilən sualdan sonra paralel olaraq Azərbaycan cəmiyyətinin bir müəlliminin hansı reaksiyalar verə biləcəyini çeşidli variantlarda gözünüzün önünə gətirin. Acınacaqlı variantlar yaranır. Bu yaxınlarda bir tələbənin müəllimini öldürməsi faktı fərqi hiss eləməyə yardımçı olur...
Yapon tələbənin bu kədərdoğurucu sualından sonra hadisənin gedişatını izləyəndə Yapon intelligensiyası qarşısında təzim eləməyə məcbur olursan.
Bu təhqiramiz şapalaqdan sonra Yaponiyanın ELİTASI birləşərək cəmiyyətin bu laqeydliyinə ləyaqətli zərbə endirir. Hər fürsətdə xalqı ciddi ədəbiyyat oxumağa səsləyir. Yapon cəmiyyəti təkcə qanun və hakimiyyət qarşısında deyıl, özünün qəbul etdiyi mütəfəkkirlər qarşısında da itaətkardı. Xalqa “Dostoyevskini oxumalı!!!” əmri verilən kimi, xalq dərhal razılaşaraq “oldu” dedi.
Nobel laureatı Kendzaburo Oe “Asaxi” qəzetində yazdığı məqalədə yeni nəslə “CİNLƏR”i oxumağı tövsiyə elədi. Xaruki Murakami “Karamazov qardaşları”nı yaponcaya çevirdi. Tokio institunun rektoru, ədəbiyyatçı-rusşünas İkuo Kameyama əsərin dili və kompozisiyasındakı çətinlikləri nəzərə alaraq “Karamazov qardaşları”nı XXI əsr Yapon dilində danışdırdı. Nəticə?
Nəticə o oldu ki, 130 milyon oxucusu olan Yaponiyada “Karamazov qardaşlar”ının satışı bir milyona çatdı: bu da Yaponiya üçün çox böyük rəqəmdi və yaponların ən sevimli, ən çox oxunan yazarı Soseki Nasumenin satışını 5 dəfə üstələmək deməkdi...
Azərbaycan cəmiyyətinin, elitasının qaymaqları isə onları susduqlarına görə suçlayan köşə yazarlarının ətini şişə çəkməyə fürsət gəzir. Azərbaycan xalqı isə hələ də bu iyrənc və idbar Azərbaycan cəmiyyətini süzgəcdən keçirənə oxşamır...
Açar sözlər: publisistika
Yazar:
PARVİZ | Tarix: Noyabr 15, 2008 21:50 |
Publisistika |
| Baxış sayı: 240
ASİ Klub
Allah, Məhəmməd, ya Əli???
"Ya"dan "Ay"a gedən yol
Min iki yüz ilə yaxındı ki, Azərbaycan toplumu seçə bilmir. Min iki yüz ilə yaxındı ki, bu toplum xitabı sualla aldəyiş salıb. Hələ də cavab tapan olmayıb. Tapa da bilməyəcək - nə qədər ki, xitab cümləsini sual cümləsi kimi qavrayır; nə qədər ki, seçimin bitdiyini bildirən kəlməni seçim istixarəsi yerinə işlədəcək; nə qədər ki, "AY..." xitabı yerinə "YA?" dilemmasıyla baş-başa qalacaq; nə qədər ki, YAD dillərdən aldığı sözü öz dilində olan bir sözün omonimi bilmək əvəzinə, öz dilinin doğma sözü zənn eləyəcək... - çaşacaq... seçə bilməyəcək... Və bu toplumun seçim problemi hələ neçə-neçə min iki yüz illər də uzanacaq!
...Azərbaycan toplumu bu sualın girincliyi içində vurnuxarkən başı elə qarışdı ki, özünü, özəyini unutdu, başı əldən getdi, itdi başı, evinin, ailəsinin sayını osmanlı qardaşları "kişi"ylə sayarkən, o, mal-qara qismində "baş"la saymağa başladı ("10 baş ailəyik"; "10 başıq"), başında kimin durmalı olduğunun önəmini yadırğamağa başladı, başında duranlar çıxıb başında oturdu və ən başlıcası, bu başın yiyəsi olan kişi, başda özünü, öz fərdiyyətini, öz mənini seçmək gərəkdiyini başından bilmərrə silib atdı... Özünü isə seçmədən nə yaradanını (Allah), nə dinini (Məhəmməd), nə də yolunu (Əli) seçmək olası şey deyil, seçsə də, karı yoxdu, şair demiş, "vecə gəlməz"...
İndi hamı elə hamıdı. Hamısı da hamıdan narazıdı. Bu hamının hansının yaxasından yapışıb desən ki, narazısan, bəs niyə səsini çıxarmırsan, ayağa qalxmırsan, deyəcək ki, hamı qalxsın, mən də qalxım. Beləcə, min iki yüz ilə yaxındı, hamı hamını gözləyə-gözləyə qalıb. Bununla da hamı göstərmiş olur - heç kimin ÖZÜ yoxdu, heç kim bir KİMSƏ deyil. Hamını bir-birinə bağlayan çox şeylər var - ümumi narazılıq, küskünlük, alçaldılmaq, ayaq altına salınmaq, xar edilmək, haqqı yeyilmək, adam sayılmamaq, kişi hesab olunmamaq... Ama toplumu bağlayan bu qədər hərəkətverici səbəb bu toplumu top eləyib birləşdirə bilmir. Bilməyəcək də! Çünki nüvə yoxdu - nə qədər ki, heç kim hamıdan qabaq özünü seçməyib. Başsız orqanizmin hərəkəti olsa da, xaotik olacaq. Bu başda müəyyənlik yoxdu, məchulluq var, təsdiq yoxdu, sual var: - "Allah, Məhəmməd, ya Əli"..
***
Qara ərəbin bu işıqlı sözləri Azərbaycan toplumunu qara günə salıb, qara kütləyə çevirib. Bircə bu "YA" kəlməsi olmayaydı da. Olaydı da "AY"! Azərbaycanlı beyni "ay" kəlməsini irəli getmək, "ya"nı isə yerində dayanıb cavab alıncaya qədər gözləmək komandası kimi qavrayır.
Min iki yüz ilə yaxındı ki, gözləyirik...
Ziyalı olması lazım olan ziyalılarımız da gözləməklə məşğuldu. Son iki həftənin gündəmi onları lap çaşdırıb: Bizdə ziyalı varmı, yoxmu? Bizim ziyalılar elitamı, elita deyilmi? Bu elita elitarmı, deyilmi?
Elə həmin bu söhbəti ortalığa çıxaran, elitanın qaymaqlarından sayılan Rüstəm İbrahimbəyovun qardaşı "HAMIziyalılar"dan biri olan elitar adam - Maqsud İbrahimbəyov ziyalıların ziyalı olub-olmadığını testə məruz qoyan "Aqil Xəlil olayı"nda sanki hamının yerinə cavab verdi: "Məndən əl çəkin, mən ziyalı-zad deyiləm". Əslində, Rüstəm bəyi yayda dilə gətirib dediyi, di gəl ki, təslimçi Moskva bəyannaməsinin Azərbaycanı silkələməli olduğu, kataklizmə qədər qabardacağı bir dönəmdə "Pravda.ru"da çap edilən o müsahibədə müəllifini qəhrəman-dissident məqamına qaldıran o fikirləri öncə Maqsud bəy demişdi və mənə elə gəlir ki, cəmiyyət Maqsud bəyə haqsızlıq nümayiş elətdirdi - qəhrəmanlıq "mən ziyalı-zad deyiləm" sözləri deyilərkən susan Rüstəm bəyin yox, Maqsud bəyin haqqıydı. Maqsud bəy ən dəqiq diaqnozu qoymuşdu - həm də indi Rüstəm bəyə diş qıcıyan və guya Rüstəm bəyin müdafiəsinə qalxan cəmi ziyalıların dilindən. Sanki bütün birinci şəxslərin dilindən... Allahı, Məhəmmədi, ya Əlini seçə bilməyən toplum, təbii ki, Maqsudu, ya Rüstəmi seçəndə mütləq yanlışa uğramalıydı.
Rüstəm bəyin dedikləri ən adi və onlarla sayılı yazarımızın dediyi sözlərdi, hamının deyə biləcəyi sözlərdi, bu sözlərlə heç kimə heç nəyi isbatlamaq olmaz. Əksinə, bu fikirlər çox mənfi tendensiya yaratdı. İllərdən bəri susan, "hamı" zümrəsinə daxil olan ziyalılar öz "hamı cərgələrindən", fikir verin a, "öz hamı cərgələrindən" birinin qabağa çıxıb nəsə dediyini gördülər, hücumları seyr elədilər, düşündülər, daşındılar, asta-asta boğazlarını arıtlayıb qələmlərinin donmuş mürəkkəbini isitmək üçün beş-altı kərə isti nəfəslərini verib, "aha!" dedilər, deyəsən, "elə də təhlükə yoxdu" düşüncəsiylə hamısı öz səviyyələrində olan qəzet və saytlara cumub Rüstəm bəylərini savunmaya qalxdılar. Yenidən özlərini topluma qəhrəman cildində sırımağa çalışdılar.
Bax, Rüstəm bəy belə zərər vurdu. Ama xoşbəxtlikdən o ziyalılar yenə özlərini, öz "hamılıqlarını" yenə, özlərindən yuxarı qalxa bilmədilər. Anar Rüstəm bəyi müdafiə edərkən, "məgər Rüstəm yalan deyir?" soruşdu, "əlbəttə pis məmurlar var". Mən Anar bəyin bu sətirlərini oxuyanda dedim: "Vay dədə, indi ardıyca mütləq Kəmaləddin, Ziya, nə bilim kim... bütün yekə məmurların adları gələcək, necə deyərlər, yıxıb-sürüyəcək, od qoyacaq bu biabırçı hökumətin binasına..."
Sən saydığını say, gör möhtərəm yazar nə deyir... Məlum oldu ki, Anar müəllimin razılaşdığı o nöqsanlar, yazarın bütün yaradıcılığında olduğu kimi, indi də adi JEK müdirləri səviyyəsindədi və elə o vaxtki kimi "nöqsanı olanları işdən azad eləyirlər", - dedi. Yaxşı ki, bu məqamda yetim Heydər Babayevin kunfəkun edilməsi sənətkarın dadına yetdi. Yenə də, eynən sovet zamanlarında olduğu kimi, məlum oldu ki, bir nöqsanlı nazir vardı, onu da cəzalandırdılar, qalanları isə mələkmisaldı. Və ardıyca da Anar müəllim azad söz dediyinə görə hücumlara uğramış (hələ bu azad söz və hücumların arxasında nəyin durduğu sonralar, hardasa 2013-əcən bəlli olacaq) dostunu müdafiə elərkən, Anar, Əkrəm, Ramiz və başqa bəylərin susduğuna görə onların yerinə yazmağa məcbur olan və onları susduqlarına görə qınayan körpə azad söz yazarlarının ətindən QARA QOVURMA bişirməyə başladı. Ah... Can, Tural! Ah, körpə, Qan Tural! Anan ölməsin, bu oğuz bəyləri nə yanıqlıymış!..
Mən Maqsud bəyi sevdim. Kişi adammış! Dağıdılan dövləti, talan olan sərvəti, əzilən və əxlaqı əlilləşdirilən milləti üçün səsini çıxarmayan, daş kimi reaksiyasız adamlar, eninə və uzununa yalnız sentimental və simvolist şeir və nəsr yazmaqla, gic-gic filmlər çəkmək və ssenarilər qaralamaqla ziyalı sayıla bilərmi? Bəlkə onları ziyalı eləyən savadlarıdı?
O cür və ondan yüz qat artıq savadlı adamlar Azərbaycanda itinə tökdü. Hələ qul bazarlarında elə savadlı adamlar taparsınız ki, bu savadlılar onların əlinə su tökməyə belə yaramaz...
"Mən ziyalı-zad deyiləm", - dedi o oğuz bəyi. Maqsud bəy ağıllı-savadlı adamdı; dünya görmüş, çox oxumuş adamdı. Bilir ki, ziyalılıq avara-gor şeydi. O şey ki, yeri və dəyəri, varlığı və yoxluğu yalnız zülmətdə, qaranlıqda, zirzəmidə bilinir və kefli gün işığında deyil, İÇƏRİDƏDİ ziyalının yeri - "lotu"nun yeri "içəri"də olduğu kimi!
İş kişi başına gələr. Anar müəllimə içəri lazımdı? Yox!
Mən Qəniməti daha çox şeir yazmadığına görə sevirəm... Anar bəy isə Fikrət Qocanı şair hesab eləməyənlərə qarğış eləyir. Tutaq ki, Qoca - şairdi. Noolsun? Gözümüz aydın. Onun şairliyindən millət yox, onun özü yarıyır. Yaxşı-pis, bunun nə fərqi, yazıblar, özləri üçün yaşayış qurublar. Millət bunların yazdıqlarından bir çimdik xeyir görübmü? Bəlkə, ədəbiyyat görüb? Bəlkə, bu adamlar öz sənətlərilə Azərbaycanı dünyaya tanıdıblar?
Bunların şairliyi öz nəflərinədi. Məmməd Rahim nə gözəl deyib: "Dedim axı, sənətkaram/ Dedi, yeri şerini yaz..." Bax, beləəəə...
***
Gözəl sənətlər yalnız gözəl, yəni azad cəmiyyətlərdə gözəl olur. Sırf sənətin gözəlliyi qayğısına da o tip quruluşlarda qalmaq olar. Azadlıq olmayan rejimlərdə isə sənət azadlığın əldə olunmasının savaşçısına çevrilməlidi. Bu, banal vətəndaş ədəbiyyatı, sənətin inqilabçılığı anlamına gəlmir. Bu, sənətin gözəllikdən məhrumluğu da demək deyil. Qoy, öz dərdlərinə bəşəri matəm rəngi verib topluma sırımaq istəyənlər alıb da Nazim Hikmətin sənətini soxsunlar gözlərinə. Nazimin düşdüyü yanlış kommunist yolunu da bir yana atsınlar. Bununla Nazimin dəyəri azalmır. Şeirinin, nəsrinin, özünün... Yenə də yerdə gözəl sənət və onun içindəki millət sevgisi, azadlıq duyğusu - Məmləkətdi. Nazimin kommunizmə yuvarlanmasında da yenə Azərbaycan kommunist şairləri cinayət məsuliyyətinə cəlb oluna bilər...
Elə isə bu gün özünü ziyalı sayanların ziyalılığı nədi və ya nədədi? Bütövlükdə ziyalılıq nə olan şeydi və ziyalı kimdi? Ziyalı hansısa bir sahədə zirvə fəth eləyən deyil, çoxlu kitab oxumuş adamın da mənsəbi deyil ziyalılıq. Ziyalı - cəmiyyətdə baş verən hadisə və proseslərə adekvat, pozitiv reaksiya verən oxumuş adamdı. Bəs, özünü ziyalı kimi dartıb dağ başına qoymuş "en" qədər şair, yazıçı, rəssam, alim və başqalarından bu reaksiyanı görürükmü? Təbii ki, bəli...
Ancaq o vaxt ki, cavan yazarlar onlara ilişəcəklər. Mən hər zaman bu yazar dostlara deyirəm: "Axı adamlardan nə istəyirsiz?" A balam, axı sənin Anar müəllimlə və ya Ramiz bəylə nə işin? Onları çox istəyirsən, get, yazdıqlarını oxu, yox, zəhlən gedirsə, nə get, nə də oxu! Qoy, kişilər kirimişcə otursunlar yerlərində. Axı sən hamıdan, məsələn, Qənimət olmağı tələb eləyə bilməzsən - bu qeyri-təbii bir istəkdi. Kişilər mədəni şəkildə bizə başa salırlar ki, onların ziyalılığa dəxli yoxdu. Əlinizi vurub qıra, yapışdırıbsız yaxalarına. Yəni əl-qır olubsuz.
Keçən il bu vaxtlar idi. Qurdtəpəli Qəniməti qurdla quzunun oyunu kimi axır ki, tutub salmışdılar içəri. Qəzetlərin də bir azarı var da! Birini ki tutdular, başlayırlar ziyalı münasibəti öyrənməyə - təbii ki, məmləkətdə 5-6 ziyalıdan başqa ziyalı olmadığını unudaraq. Anlamırlar ki, ziyalı dedikləri elə tutulan adamlardı və tutulmağa namizəd olanlardı ki, onların da münasibəti aydındı.
Bəli... başladılar qocaman Bəxtiyar müəllimdən - Vahabzadədən. Dedi, ay bala, siz Allah, məni siyasətə qatmayın! Bu böyük şair uşaq deyil, dərhal anlamışdı, bu, siyasi məsələdi - ucu gedib Olimpin başına çıxır. Əkrəm bəy xəstə olduğunu dedi, uzun-uzadı nitqlə yataqda yatdığını söylədi, ama uzun izahların əvəzinə bir kəlməylə redaktorun həbsinı müsbət və ya mənfi qiymətləndirmədi. Ramiz bəyi nə gün, nə ay işığında tapmaq mümkün oldu... Vaqif bəy, bu yuğlamalı hadisədən tam xəbərsiz olduğunu söylədi. Azər Əhmədov üzündə inamsızlıq ifadəsi təmkinlə olayı danışdı yuğçuya. Və "Azadlıq"ın köhnə zamanlardan dostu olan adamın daş kimi donuq reaksiyasından pərt halda, "Vaqif bəy, Qəniməti tanıyan adam kimi, yəni siz onun kimisə döyməsinə inanırsız?", - soruşdu. Orijinallığından qalmadı, "Hə, - dedi, - elə dünən mən özüm marşrutda bir nəfəri döymüşəm..." Düzü, mənim ağlıma ilk gələn o oldu ki, nə yaxşı Vaqif bəyi tutmayıblar...
Eh........
***
Min iki yüz ilə yaxındı ki, insanımız yola çıxmaq məqamı gələndə "Allah, Məhəmməd, ya Əli" deyir; Min iki yüz ilə yaxındı ki, mən bizim insanımızı yolun başında duran görürəm. Bu qədər zamanda hələ də seçim qərarı verilməyib. Elə seçmək istəyən kimi bu şoğərib "YA" gəlib girib araya. Ama bu son iki yüz ildə heç kimin ağlına gəlməyib ki, bu "YA"nı nə ərəb, nə türkcə, barı sevimli rusca qavrasın, hətta rusdillilər belə. Nəsimi "Həqq mənəm" deyirdi, indikilər Əli olmağı yox, heç olmaya Əli yolu getməyi ağıllarına gətirmirlər.
Qənimət əvvəlcə özünü seçmişdi, sonra Allahı tanıdı, sonra Məhəmmədin ziyarətinə gedib, Əli yoluna gəldi. Qəniməti Əlinin yolundan döndərməyə ilhamlanmaqdan avara bir məşğuliyyət düşünüb tapmaq çətin ki, mümkün ola.
***
Hamı bu dəqiqə Azərbaycanda ziyalı olub-olmadığına cavab gözləməklə girincdi.
Biz isə Qəniməti gözləyirik: "Təki sən gəl e..."
Açar sözlər: asi-klub
Yazar:
PARVİZ | Tarix: Noyabr 12, 2008 23:15 |
ASI Klub |
| Baxış sayı: 344
Hədiyyə adamlar və ya savaşçı hədiyyələr
Anar Niftəliyevin doğum gününə
O çağlar çox geridə qalıb.
O çağlar bəlkə də heç olmayıb. Daim o çağların arzusu olub, bu arzu obraza çevrilib, sənətdə əksini tapıb. Ama gerçək olmadığı üçün heç vaxt insanımızın ürəyinə işləməyib – beyninə nə qədər yeridilsə də. Hələ çox sonralar bu, özünün lap iyrənc stadiya və formasına gəlib çıxıb və həm də ölkənin başında duran adamın dilindən: “Mən azərbaycanlı olmağımla fəxr edirəm...”
Bəlkə də azərbaycanlı olmaqla fəxr eləmək olar, əslində fəxr də yox, sadəcə sevinmək olar – bu diyarda yaşamaq, onun gözəl iqlimini, gözəl bölgələrini, ruha qida verən, işıq saçan guşələrini görmək adamı sevindirə bilər və bu sevinc bu məmləkətdə yaşayan hər bir millətin – rus, erməni, yəhudi, hətta türkün də ürəyində fərəh və sevinc hissi oyada bilər. Axı, doğrudan da bu xaraba çox gözəldi! Nə yazıq ki, bu gözəllik sırf coğrafidi. Məsələ sosial-siyasi-ruhi plasta gəlib çatanda aləm bir-birinə dəyir. Bu məmləkət təbiətin bir parçası olan ikiayaqlı canlı üçün yaşamağa nə qədər uyarlı olsa da, düşünən bir insan üçün yalnız ondan baş götürüb qaçmağa yarayır.
Hə, o çağlar çox geridə qalıb, bəlkə də heç olmayıb. Bu millətin övladı olmaq, onunla qürur duymaq çağlarını deyirəm. Bu gün elə bir fərdimizi görməzsiniz ki, bu millətin övladı olduğuyla fəxr eləsin. Uzaq başı fəxr eləmək üçün çox uzaq keçmişimiz var, həmin çağları deyirəm ki, ötüb keçib. Özü də hara gedib çıxır – Atillaya, hunlara, Çingiz xana... Ən yaxşı halda gəlib Babəkimizə dirənir, onunla da fəxr küfrə bərabərdi. Hələ bu küfr də bir yana, fəxr eləniləsi yenə də millət deyil, Babəkdi. Yəni millətin bir fərdi. Adamı yandıran da budu elə - əslində, Babək özü bu millətin oğlu olmaısyla fəxr eləmələyidi. Ama eləyə bilməzdi. Millət öz keyfiyyətləri ilə fəxr ediləsi bir yer qoymuşdumu? Fərd irəli çıxdı, o milləti, o toplumu bir araya yığdı və zəli ərəblərə qarşı qaldırdı. Babək qətl edilən gün artıq millət də yox idi. Və o, əsrlərcə oturub bir Babək gözləməyə məhkum idi. Eynən oturub atasının nə vaxt cəbhədən dönəcəyini gözləyən azyaşlı uşaq kimi. Atanın dönüb-dönməyəcəyi isə hələ sual altdadı...
Əgər bu gün millət-toplum özünün ATA, fərdlərinin ölvlad olması iddiasındadırsa, o zaman bu ata nə vecsiz bir atadı! Onun bir oğlu çıxıb özbaşına oturub taxtda və atasını çürütməklə, onu şərəfsizliyə alışdırmaqla, onun mülkünü talan etməklə məşğuldu. Bu necə atadı ki, oğlunu öz yerində oturda bilmir? Əlini qulağının dibinə qoyub və yatıb və gözləyir ki, o biri oğulları atalarının köməyi olmadan hərəkətə gəlib pis oğulu dəyişsinlər.
Yox, bu Ata-Millət bu gün heç bir oğlundan razı deyilsə, onda o necə atadı ki, barı bir fərli oğul yetişdirə bilməyib? Hansının adını çəkirsən, dodağını büzür, sifətini turşudur, mısmırığını sallayır, “əşşi, hamısı bir bezin qırağıdı”, deyir... Deməli, bu millət fəxr olunası millət deyil, ata deyil, heç... ana da deyil. Gözünün yaşını axıda-axıda atasının ona nə vaxt çörək gətirəcəyini gözləyən uşaqdı. Bəlkə də “saqallı uşaq”dı, ama uşaq olduğu şəksizdi.
Hətta Tanrı da bu millətə uşaq kimi baxır, ərköyün, gözünü ata əlinə dikmiş uşaq. Zaman-zaman ona hədiyyələr yollayır. Hədiyyə adamlar. Nə qədər hədiyyə adamlar gəldi-keçdi bu millətin əlindən... Babək, Nəsimi gəldi; Füzuli, Axundov, Cavad xan... Rəsulzadə, Cavid, Elçibəy... Qənimət Zahid və onun neçə-neçə hədiyyə qardaşları... Hamısını oyuncaq kimi gördü bala millət – xoşladığını xoşladığından qırdı, xoşlamadığını acığından... hamısı millətin oyuncaq ehtirasına qurban getdilər. Millətin xoşlamadığı oyuncaq olmaqdan bezib hökumətin, taxt-tacın oyuncağı olmağı seçən hədiyyə adamlar da oldu – vallah, çağında onlar da hədiyyə idi... İndi onları başqa uşaq oynadır... Bütün hallarda hədiyyələrin bu “uşaqla” fəxr eləməyə heç bir əsasları yoxdu, hələ ki, millət öz hədiyyələriylə qürur duya bilər.
Və belə hədiyyələrdən biri də Anar Mahmudoğlu Niftəliyevdi. 35 yaşı tamam olan hədiyyə. Millətin onu da nə zaman qıracağının əndişəsi içində yaşayan ANAR...
Uşaqlar, hədiyyənizə yaxşı-yaxşı baxın...
Açar sözlər: anar-mahmudoğlu
Yazar:
PARVİZ | Tarix: Noyabr 7, 2008 23:23 |
DOSTLAR ÜÇÜN |
| Baxış sayı: 135
İLHAMLA İRƏLİ
VƏ
5 İLLİK TOY
İlhamla irəli
Düzü, mən anlamıram, şir ürəyi yeyən o aslan kim imiş. Bir yapçı axı elə yavanına necə yaza bilər - İlham? Necə bunun qabağına, dalına bir söz artırmadan yaza bilər? Cənab İlham.Ə., əlahəzrət İlham.Ə., möhtərəm İlham.Ə., Azərbaycan Respublikasının prezidenti İlham.Ə. yerinə (hər dəfə bu sonuncu "Azərbaycan Respublikasının prezidenti İlham.Ə." ifadəsi elə xüsusi intonasiya ilə deyilir ki, elə bil adamlar özlərini də, milləti də inandırmaq istəyirlər: o cənab doğrudan da bu ölkənin prezidentidi, guya tutaq ki, Faiq Ağayevə, Aygün Kazımovaya hansısa başqa bir respublikanın başçısı da "xalq artisti" titulu verə bilərmiş...) - eləcə, qupquru İlham!.. Hə, bu dəfə qupquru İlham olub. Çünki söhbət bir kəşfdən, sloqandan gedir. Bu sloqanı tapan kimdisə, yüz faiz də olmasa, 96 faiz onu yapda dahi hesab eləyirlər. "Aya, zalım oğlu gör, nə tapıb da bu cinası - həm İlham Əliyev, həm də ilham!" Yəqin ki, o dahini bu kəşfinə görə indi çoxdan mükafatlandırıblar. Bəlkə də lap həbsxanayla. Ama və lakin kəşfinə görə mükafatlandırılmayıbsa, əminəm ki, adamın giley-güzarı dünyanı bürüyüb: "mənim sözümlə prezident olub, qədrimi də bilmir..."
İndi hara baxsan, bu kəlmə yazılıb: "İLHAMLA İRƏLİ". Böyründə də bir şəkil var, bir şəkil var, elə bil bu şəkli çəkdirməzdən dəqiqə yarım əvvəl hansısa xuliqan jurnalistə flan qədər hökm oxunması xəbərini alıb, "belə gedərsən!!!" deyib, ləzzətdən əlini əlinə vurub, doyunca gülüb, sonra üzündə o gülüşdən yüngülvari izlər qalıb. O izləri yox eləyəmməyib, eləyəmməyəcək də. Bu, ilham nişanələridi - hayıf almağın nişanələri.
Bir prezident, millətin siyasi, ruhani, dünyəvi atası olmaq yerinə, onu tənqid eləyənlərdən hayıf alır, qisas alır - bir tay-tuş kimi, başqa bir məhəllənin özündəndeyən cavanı kimi... Hə, gəlib çatdıq mətləbə.
Mən də bir seçiciyəm. İndiyəcən Azərbaycanın suverenliyindən başqa heç nəyə, heç kimə səs verməmiş seçici. İndi mən, bu adamdan necə ilhamlanıb, onunla necə irəli gedə bilərəm? Və ya bir jurnalist bu çağda İlhamla necə irəli gedə bilər? Həmin ilhamvericinin başında durduğu dövlət işini-gücünü buraxıb bütün ağır döyüş texnikasıyla bir çocuq, sütül jurnalistlə müharibə aparır; döydürtdürür, bıçaqlatdırır, adını üzdəniraqlarla çıxartdırır, qatarın altına saldırmaq istəyir, bu təmiz çocuğun başı üstündə neçə-neçə çaqqal-çuqqalın oyun oynamasına, alver eləməsinə, varlanmasına şərait yaratdırır. Bundanmı ilhama gəlib irəli gedək? Və bu İlhamlamı?
Ölkənin düşmənləri ilə savaşmaqdansa, bir qəzetə savaş açır. Bu qəzet sadəcə və sıradan bir qəzet deyil. Bu, Azadlıq hərəkatının tək və son övladı, yadigarıdı. Mən bu qəzetə heç vaxt tam mənasıyla bir qəzet kimi baxmadım. Onun peşəkarlığı da o qədər düşündürmədi məni. Bu, qəzet deyil, bu, hərəkatdı. Bu qəzetdə bir qarnı ac, bir qarnı tox çalışıldı həmişə. Sınanlar oldu. Halal, şirin, quru-yavan çörəyi isti it yalına dəyişənlər oldu. Olacaq da. Təki boyunları sınmasın.
Mən, heç bir partiyanın üzvü olmayan adam, bir yazıçı, zaman-zaman hərlənib-fırlanıb bu qəzetə qayıdıramsa, deməli, mən bu qəzeti, Azər Əhmədov demişkən, nə dolanışıq yeri sayıram, nə ixtisasım üzrə bir iş yeri. Bura mənim nəzərimdə yurdda hələ başa çatmamış Azadlıq Hərəkatının son dalğalarının kükrədiyi dənizdi. Aclıqdan gələ biləcək, İlhamdan gələ biləcək ölüm qapımı çalmayanacan bu hərəkatın içindəyəm.
Bir yazıçı olaraq, bir jurnalist-qəzetçi olaraq ölüb mənim ilhamım, ölüb. İdbar təhsil sistemindəki çirkablardan cana doyaraq bir valideyn və həm də bir övlad kimi də məni heç nə ilhamlandırmır. Mən ilhamla irəli gedə bilərəmmi?
MƏN QALİB GƏLƏ BİLMƏDİYİMİN FƏRQİNDƏYƏM, AMA MƏĞLUB OLACAĞIMI AĞLIMIN UCUNDAN BELƏ KEÇİRMİRƏM! Nə qədər ki, aclıq və İlham axırıma çıxmayıb, İlhamla irəli getməsəm də, dialektik olaraq sona döğru gedirəm. İlhamla birgə gedirəm - ilhamın başlanqıcına, İlhamın sonuna doğru. Zülmün sonuna doğru.
"Kəlilə və Dimnə"də gözəl bir söz var: "Zülm qılıncı işlədən həmin qılıncla da məhv olar".
5 illik toy
Gecədən bütün mobil və qeyri-mobil telefonları, saatın zəngini söndürüb əhd eləmişdik ki, uşaqlar dərsə getməyəcək, barı bir gün adam kimi yatıb dincələk. Uşaqlara da tapşırmışdım ki, səhər tezdən ayılan olsa, səsini çıxarmasın. Kimin səsi çıxsa, hökumət onun səsini oğurlayacaq. Yəni səsi əlli-ayaqlı batacaq. Məzahir əmi bu səhər səs oblavasına çıxacaq.
Kimə deyirsən, indiki uşaqları aldatmaq çətin məsələdi. Səhər tezdən balaca Alpın səsi otağı başına götürdü: "Ata, toydu, deyəsən gəlin gətirirlər. Gedim bir baxım..."
Səhər tezdən zurna-qavalın səsi məhəlləni başına götürmüşdü. Düzü, yarıyuxulu vəziyyətdə əvvəl mənə də elə gəldi ki, toydu. Mən asqırıb-öskürüb yerimdən qalxınca, Alp həyətdən qayıtdı. O qayıdanda zurna-qavalın da səsi kəsildi. Uşaq bir ondan heyrətlənmişdi ki, zurna çalanın ovurdları şişib partlamağa qalırmış, boynunun damarları şişib əndazədən çıxıb, sifəti qan-qırmızı qızarıbmış. "Toy" hər kiminmişsə, bərkgedən adammış, toya gələnlərin hamısının maşını inomarkaymış və nömrələri 90-la başlayırmış, hamısı da toya ailəvi dəvət alıbmışlar deyə, zənənlərilə qol-qola gəliblərmiş. Bir dənə kasıb-kusub gözə dəyməyib. Uşağın gözündən yayınmayan bir şey də olub - kişilərin hamısı mavi qalstuk taxıbmışlar ki, uzunluğuyla diqqət çəkirmiş - qurşaqdan bir qarış aşağıyacan sallanıbmış.
Zurnanın səsinin kəsilməyi də belə olub ki, 2-3 heyvərə adam zurnanın səsinə xitam veriblər, çalançılar dərindən adam kimi nəfəs almamış götürüb basıblar heyvərə bir Hammerə, harasa qeyri-müəyyən bir istiqamətdə aparıblar. Bunlar uşaq üçün müəmma doğuran görüntülərdi. Zurna-balaban-qavalçı Hammerlə gəzir?!!
Mən bir valideyn kimi uşağa açıqlama verməliydim ki, körpənin gözləri təzədən iki olsun. Dedim, bala, bu, sənin dediyin kimi, toy olmağına bir toydu. Ancaq bu evimizə bitişik şadlıq evində səhərəcən zəhləmizi tökən toylardan deyil. O toylar hər gün birinə çalınır və bitir. Bu toyusa 5 il dayanmadan çalırlar. Bunun bəy tərifi 5 il çəkir. Bəy tərifinə qoşuldun, qoşuldun, xələt verib bir ovuc bəy noğulundan götürdün, götürdün, götürmədin işin şuluqdu. Sənə elə bir toy tutacaqlar ki, dədənin toyu yadına düşəcək.
Uşağa onu da başa saldım ki, bu toy belədi də. Burda bəy bir deyil, bir neçədi. Yəni bir gözəl var ki, onun da uğrunda yarış gedir. O gözəlin atmalı olduğu almanı namizədlər üçün qutuya millət atır, kiminçün alma çox atılsa, o da olur padşah. Əslində qızın atası çoxdan qızı da verib, almanı da yeyib, toy da olub, kəbin də kəsilib, "ZAQS" da. Sadəcə, elimizin ta qədimlərdən demokratiya adlı mənasız bir adəti var ki, bu adətə görə də bu cür zurna-qaval vurulmalıdı. Camaat gəlib almasını atmalıdı ki, adət yerinə yetsin. Yoxsa ki, nə almabazlıqdı, qız bu-gün sabah "azad" olur. Elə millət də bunu deyir də... O biri namizədləri də ona görə tapıblar ki, hampa-havar, Avropa-flan deməsin ki, bunlar toya qədər işi bitiriblər. Əslində, o namizədlərdən biri bəyin sağdışı, biri soldışı, biri yoldaşı, o birilər də tay-tuşudu. Burda nə əğyarlıq ola bilər ki?
Uşaq ikinci dəfə həyətdən yeni xəbərlərlə döndü. Hammerlə gedən zurnaçılar təzədən qayıdıblar. Təzədən üfləməyə başlayıblar. Sən demə, kişiləri bu gün bütün mağarları gəzdirirlər ki, camaata toy olduğunu başa sala bilsinlər. Sonra zurnaçılar çala-çala yolun o tayındakı xəstəxananın həyətinə keçiblər. Həkimlər dəstə-dəstə çıxıb, milli üslubda sındırıblar. Xəstələr, tibb bacıları xəstəxananın küləfirəngisindən boylanıb oynadılan kişiləri süzüblər. Lap dastanlarda olduğu kimi.
Aşıq dili yüyrək olar. Günortaya yaxın arada gəzən söhbətlərdən məlum oldu ki, alma İlham bəyə atılıbmış. Qalır el ağsaqqalı Məzahir müəllimin xeyir-duası.
Nə isə, Allah mübarək eləsin, siz isə bir 5 il də bəy plovundan yeyib kef eləyin, bığlarınız yağa batsın.
Açar sözlər: publisistika
Yazar:
PARVİZ | Tarix: Oktyabr 19, 2008 11:16 |
Publisistika,
Orda-burda |
| Baxış sayı: 93



Vaxtanq Kikabidze: İndi Mimino yəqin ki, hərbi vertolyotçuların təlimatçısı olardı
”Biz nə cürsə bu ölkəylə qurtarmalıyıq. Bu işdə Qərb bizə yardımçı olmalıdı”. - Məşhur gürcü Vaxtanq Kikabidzenin dediyi bu sözlərdən sonra bir anda ruslar çaşqınlığa düşdülər.
Buna qədər isə Mimino Medvedevin təltif etdiyi “Dostluq ordeni”ndən nümayişkaranə şəkildə imtina eləmişdi. Ömrünün çox hissəsi Rusiyayla bağlanmış, Rusiyada tanınıb-şöhrətlənmiş ünlü gürcü ziyalısının-incəsənət xadiminin məhz bu məqamda vətəni üçün ayağa qalxması, çoxlarının üstəlik əl-ayaq öpərək qəbul elədiyi orden-medaldan boyun qaçırması biz azərbaycanlıların da ilgisinə, bəlkə də daha çox həsəd hisslərinə təsirsiz ötüşmədi. Qeyd eləmək yerinə düşər, bizcə - Rusiyada bizim də neçə-neçə tanınmış ziyalımız var (ziyalı deməyə adamın dili də gəlmir) - Azərbaycanın da başına az fəlakətlər gəlmədi... Maraq doğuracağına inandığımız üçün “Komsomolskaya pravda”nın yazarı Qalina Sapojnikovanın Kikabidze ilə intervüsünü oxucularımıza təqdim edirik.

- Məni Rusiyada çox sevirlər! Hətta məndən həmişə soruşurlar ki - sizi daha çox harda sevirlər - Gürcüstanda, ya Rusiyada? - adətən müsahibələrinə başladığı bu cümləni təkrarlamaqla başladı. Dərhal da sözünü düzəltdi: - daha doğrusu “sevirdilər”. Artıq mən Vaxtanq Kikabidzenin ətrafında nələr baş verəcəyini bilmirəm.
-Həm də ondan sonra ki, “Kvela Siaxle” qəzetində sizin “ruslar bu varvar savaşı qəsdən başlatdılar” dediyiniz intervünüz çıxır...
- Mən dediyim bütün sözlərin arxasında dururam.
- Elə isə bir başa məni sizinlə söhbətə gətirmiş o frazadan başlayaq: ”Biz çalışmalıyıq ki, nəcürsə bu ölkəylə qurtqraq. Bu işdə Qərb bizə yardımçı olmalıdı”.
- Bu tam da mənim sözüm deyil! Bəlkə mən düyməni basacaq feldmarşalam? Pinoçetmiyəm? Vaxtanq Kikabidzenin bir əmriylə Rusiya yer üzündən silinəcək! Adamı vahimə basır. Əslində belə demişdim: “Bu ölkədən aralanmaq lazımdı”. “Bu ölkəylə qurtaraq” isə tamam ayrı şeydi. Mən belə deməmişəm. Bu çox ədəbsiz ifadədi. Bu söz “qafqaz xalqlarının sifəti” ifadəsindən də betərdi. Düzü, mən gicbəsər də deyiləm... Eşidən, görən, tam yetkin yaşda olan bir adamam. Belə hiss eləyirəm ki, Kikabidzeni persona non qrata elan eləmək üçün bir bəhanə gəzirlər. Bununçün də İnternetdə telefonda mənə oxuduqları “Rusiya olmasaydı, Kikabidze indi dağlarda “Suliko” oxuya-oxuya qoyun otarırdı” sözlərimi yox, ayrısını verirlər.
- Elə isə niyə anında tərcümədəki yanlışlığı göstərmədiniz - axı istənilən müsahibə setdə azından bir həftə qalır!
- Mən telefonu belə, ancaq açıb-bağlamaqdan o yanasını bilməyən bir ixtiyaram. Adi şəkil çəkməyi bacarmıram telefonla. İnternetdən də başım çıxmır. Nəvəm deyir ki, orda belə bir cümlə var. Deyirəm ki, ola bilməz!
- Amma Qərblə bağlı frazadan imtina eləmirsiniz. Məhz nədə Qərb Gürcüstana yardım eləməlidi?
- NATO-ya daxil eləməklə. Qoy bir də bura tanklarla yox, qonaq kimi gəlsinlər - mən bunu demək istəmişəm. Biz neçə illərdi sizdən soruşuruq: bizdən nə istəyirsiz? İstəyirsizsə, NATO-ya girməyək, elə belə də deyin: - Biz NATO-ya girməyinizi istəmirik. Girsəniz, onda sizin başınıza nələri gətirərik və s! Bütün bu mərəkələr də bununçün başlayıb. Niyə biz NATO-ya istəyirik? Onunçün ki, bizi müdafiə eləyən olsun. Kimdənmi? Zatulindən, Jirinovskidən, Roqozindən - bundan beş dəfə artıq adam var ki, artıq illərdi deyirlər: - Gürcüstanı quberniyalara bölmək, nə bilim bombalamaq lazımdı... Həmişə demişəm: Vladimir Putin abxaz məsələsini çözməyə yardım eləsə, bütün gürcü evlərində onun rəsmi asılmış olacaq! Ölkəmiz balacadı, qonaqpərvərdi, xeyirxahdı, yaxşı insanları var. Biz dostluq eləməyi bacarırıq, başa düşürsüz?! Bunu bütün rusiyalılar bilir. Siyasətçilərdən başqa.
- Açığını desəm, məni daha çox sizin emosional fon narahat eləyir.
- Elədi, emosional fonum çox pisdi. 1989-cu il 9 apreldə Tiflisə ağır texnikanın yeridildiyi, əsgərlərin qadınları kürəklə doğram-doğram elədiyi o gündən emosional fonum daim pis olub.
-Baxın, mən indi lap Stanislavski kimi qışqırıram ki, inanmıram! Bununçün siz Rusiyaya hələ 20 il qabaq etinasızlıq göstərməliydiz. Elə cəmiyyətə də indi yox, o zaman meydan oxumalıydız.
- O vaxt orden söhbəti yox idi. Burda isə orden bombardmanla üst-üstə düşdü. Bunu anlamamağınız mənimçün aydın deyil, bilmirəm sizi necə başa salım, hətta bunu demək də mənə bir təhər gəlir - sizə orden verirlər və elə o vaxt da sizin şəhəri bombalayırlar... Gərək onda özümü daha adam saymayaydım. Qaçqınların necə daşındığını, şəhərlərin, rayonların, kəndlərin necə alovlar içində yandığını görə-görə hansı Xalqlar Dostluğu Ordenindən söhbət gedə bilər axı?!. Borjomi dərəsində yanan 250 hektar meşəni düz yeddi gün söndürə bilmədilər... Bunun adı bir ölkəni məhv eləməkdi!
- Deyək ki, siz düşündüyünüz kimi Rusiyadan uzaqlaşdız. Onsuz necə yaşayacaqsız? Konkretləşdirsək, siz - Vaxtanq Konstantinoviç Kikabidze üçün necə olacaq?
- Vaxtanq Konstantinoviç Kikabidze Rusiyasız pis yaşayacaq. Ona görə ki, mən rusiyalılar üçün oxumağı sevirəm. İşə qalanda, mənimçün o hər bir halda olacaq, o qədər dəvətlər var ki... Ancaq mən rus dilində oxumağı sevirəm - bu dildə çox yaxşı, gözəl mahnılarım var. Görəsən rusiyalılar məni nədən sevirlər? Hə, ona görə ki mən heç vaxt bayraqdan, tankdan-topdan, atom bombasından oxumamışam. Mən həmişə bir gün onların dа həyətlərində toy-bayram olacağına inanan balaca adamlardan oxumuşam.
- Məncə isə, sizi buna görə yox, “Mimino” filminə görə seviblər. O saf və sevimli obraza, təəssüf ki, artıq olmayan o beynəlmiləl ruha görə seviblər... Bir anlıq düşünün ki, birdən o yaşlanmış, yorulmuş Mimino haqda film çəkmək ideyası yaranır. Görəsən, o indi harda olardı və hansı işdə çalışardı?
- Yəqin ki, hərbi vertolyotçuların təlimatçısı olardı. Mimino kimi adamlar indi varmı ki? İndi birinci planda puldu, paradı. O çağlarsa mənəviyyatıydı. İndi belə film çəkilsə, inanın ki, baxan olmayacaq.
- Amma Miminonun təlimatlandırdığı təyyarəçilərin Sxinvalini bombalamağa getməsindən bəhs edən film çəkilsə, əmin olasınız, mütləq baxacaqlar...
- Elə isə gəlin, Sxinvalidən danışaq, yoxsa, sonra bu cümləni kəsib reklam eləyəcəklər: Kikabidze Sxinvalini bomalayan təlimatçıymış... Nəyə görəsə heç bir jurnalist ora gedib göstərmir ki, şəhəri kimlər bomabalayıb!
- Bəyəm bu aşkar deyil ki? Siz bu savaşı gürcü teleekranlarından seyr eləmisiz, ya Tiflisin küçələrindəki tankları gözünüzlə görübsüz, o da, gürcü mətbuatının təbirincə desək, rus əsgərlərinin köhnə unitaz və alt köynəklərini necə oğurladığı şəklində?
- Bir tamaşadan danışırsızsa, onda rejissorunu deyin mənə! Bu kimdisə, dahi rejissordu - ya Robert Sturuadı, ya da Yuri Lyubimov. Mən bombardmandan 5 dəqiqə sonra Qoridən keçmişəm. Ailəmi Batumidən çıxarmaq üçün gedirdim. İnanmırsızsa, bu günlərdə mən bir kərə də dənizə yaxın düşməmişəm, onunçün ki, bir düzə televizorun qabağında oturub baxıram ki, nələr baş verir - oradakılar nə deyirlər, burdakılar nə... Hələ Moskvadan da hər gün zəng vurub soruşurlar: -Vaxtanq, düzünü de, doğrudanmı sən deyibsən ki, Rusiyaynan qurtarmaq lazımdı? Özünüzü mənim yerimə qoyun da...
“Bu müharibə olmamalıydı”
- Eşidirsiz, heç ağlınıza gəlməyib ki, sizli-bizli hansısa fantastik manipulyasiyanın qurbanı olmuşuq, - kimsə yuxarıda oturub düymələrə basır, bizə fərqli səhnələr göstərməklə hamımızı gic yerinə qoyur?
- Mən buna alışmışam. Həyatım boyu görmüşəm bunu. Hər gün televizorun qənşərində oturub səhərdən axşamacan izləmişəm ki, yüksək çinli məmurlarımız cənubi osetiyalı liderlərlə bir masa arxasında əyləşib necə danışıqlar aparırlar. Günortalar danışırdılar, axşam, günün gözü qaralan kimi o yandan başlayırdılar atəş açmağa. “Bu ölkənin bir hökuməti var, ya yox? Bizə kömək eləyin!” - qocalarımız qışqırırdılar. Və bilirdik ki, gec-tez bizi provokasiyaya çəkəcəklər... Məntiqlə düşünmək lazımdı. Gürcüstanın nəyinə lazımıydı ki, bu boyda ordunu öz üstünə çəksin, hə, deyin mənə... Saat yarımın içində mindən çox tank çıxdı ortaya! Balam, nə yaman belə tez gəldilər, hə? Bu, düşünülmüş bir əməliyyat idi. Mənə belə olmadığını sübut eləsinlər, hamıdan üzr istəyim.
- Dediyiniz o tanklar düz bir sutka sonra, avqustun 9-da axşamtərəfi çıxdılar, orda bizim müxbir yaralanmışdı deyə, dəqiq bilirəm..
- Sizinkilər, ya bizimkilər - qoy, bunu onlar özləri ayırd eləsin. Başa düşürsüz, adamlar cana doyublar. Bu savaş olmamalıydı. Rusiya ordusu ancaq Cənubi Ostiyayla məşğul olmalıydı. Bombalarsa tamam başqa yerə - Kaxetiyaya, sonra isə burda, Batumidən yarım kilometr bu yana düşdü. İndi adamların dilinə gətirdiyi “İntervensiya” deyilən bir söz var - bundan təəccüblənmək lazım deyil. Baxın, indi əsir götürülmüş adamları qaytarırlar. Heç bilirsiz onların neçə yaşları var? 85, 80... Qoca, gözüyaşlı adamlar... Və bunun üstündən Kikabidze gedib Dostluq ordenini qəbul eləməliydi sizcə?
- Sizə elə gəlmirmi ki, sizi illərlə sevən adamları təhqir eləməmək üçün nə cürsə, bir az daha intelliqentcə davranmaq olardı?
- Əmin olun ki, yenə də sevəcəklər! Necə ki Gürcüstanda rusları sevirlər.
- Adamlarla dil tapmaq mümkündü. Elə ki səhnəyə sizin Okruaşvili öz “nəcis kütləsi” kəlməsiylə, ya da ağzından dürr tökülən Saakaşvili çıxır, - daha heç bir sevgiyə inanmağın gəlmir.
- Amma o biri yandan da Züqanov çıxıb, “bu əclaf Saakaşvili” deyir... elə bil adam onun əmisi oğlu-zadı, ya da qonşusudu... Prezidentləri təhqir eləmək olmaz. Özgəsinin işinə burnunu da soxmaq lazım deyil. Hansısa ölkədə nəsə qaydasında deyilsə, qoy o bunu özü yoluna qoysun. Mənə elə gəlir ki, indi müharibə şəxsiyyətlər arasında gedir. Məni isə uşaqlığımdan anam belə tərbiyə eləyib ki, öncə vətəni, sonra dostları, bundan sonra isə ailəni sevmək lazımdı. Mən Vətənin yolunda başımdan keçərəm.
Kiçik qardaş böyük olmaq istəyir
- “Bizim ölkəmiz”in sizinçün “o ölkə”yə çevrildiyi günü xatırlayırsınızmı?
- “Orero” adlı əfsanəvi bir ansanbl vardı. Bax, onda biz ilk dəfə xaricə getdik və haradan olduğumuzu dedik,- adamlar nə üçünsə ağız-burnunu büzürdülər. Bu təəssürat o zamandan qaldı məndə. Hara gedirdiksə, Sovet İttifaqından olduğumuzu bilən kimi, beləcə ağız büzürdülər. Güllər bağışlardılar, di gəl... Hər şeyin günahkarı o oraq və çəkic idi.
- Mən onu demirdim. Biz - ruslar heç xəbərimiz olmadı ki, gürcülər nə vaxt və nə üçün bizdən üz döndərdilər. Özümüzçün yaşayırdıq - bir gün ayılıb gördük ki, daha qardaş deyilik.
- Bu gün ruslar mənimçün yenə də qardaşdı. Mən bunu ürəkdən deyirəm, mənim hiylə gələcək vaxtım deyil. İnsanın xəmrəsi belə yoğurulub ki, o heç nəyi unutmur, anlayırsız,- biz kürəklə böltələnmiş qadını torpağa necə tapşırmışdıq... Və ya Tiflisə mal-qara daşıyan təyyarənin uçmağı, ordan Rusiyada işləmiş əli zənbilli qadınların iməkləyə-iməkləyə çıxması... Bir gözəl gündə Onişşenko soyadlı biri elan eləyir ki, guya o, qida və içkilər üzrə ən mükəmməl mütəxəssisdi və bildirir ki, gürcü çaxırı da, borjomi də xalis zəhərdi - mən bunu unuda bilmədim. Gülüncdü, vallah. Belə şeylər yaddan çıxmır axı! Gürcüstanda o vaxt birdən-birə işıqlar kəsiləndə, isti su yoxa çıxanda, anam uşaqlığımdan xatırladığım kerosin lampamızı tapıb çıxardı. Dedi ki, hə, Buba, nəynən başlamışdıqsa, onnan da qurtarırıq. Burda da gülməli heç nə yoxdu, biz insanlar özümüz öz həyatımızı korlayırıq. Dünyada savaş istəyən bir xalq tanımıram. Gürcüstanın belə tarixi olmayıb. Bu ölkə həyatı boyu vuruşubsa da, müsəlman ölkələrilə vuruşub. Biz çoxdan bilirdik ki, Gürcüstanın prezidenti Moskvaya sərf eləmir. Gəl ki, belə bir prezident seçdiyi üçün xalqı tənbeh eləmək nə üçünmüş? O da bizim öz işimizdi. Mən onu seçmişəm və onunla yanaşı dayanmışam. Öz qonşusuna kiçik qardaş gözüylə baxmaq lazım deyil. Bu, elə də yaxşı iş deyil. Mən yenə də oraq və çəkici xatırlamalı oluram.
- Elə isə, yaxşısı Georgiyev traktatını yada salaq: axı “böyük-kiçik” məsələsi Sovet İttifaqından əsr yarım əvvəl başlayıb. O zaman traktatı imzalamasaydı, indi heç Gürcüstan adlı belə bir dövlət də olmazdı yer üzündə...
- Deməzdim. Traktatacan gürcülər 250 min dəfə müsəlmanlarla çarpışmışdılar. Amma ki, yıxılmamışdılar.
- Axı Gürcüstan nədən bunları unutdu?
- Gürcüstan heç nəyi - heç 1921-də rus ordusunun soxularaq onu zorla necə qırmızılaşdırdığını da unutmayıb.
- Demək istəyirsiz ki, Gürcüstan tarixi boyu Rusiyadan yaxşı bir şey görməyib?
- Söhbət Rusiyadan getmir. Biz çox yaxın ölkələrik, birlikdə çox acılardan keçmişik. Bu cür emosiyalarla yazmaq olmaz ki: Bizim yaratdığımız Buba dünən yaxşıydı, bu gün isə yaramazdı. Məni heç kim yaratmayıb. Rusiayaya ona görə çağırdılar ki məni, bu, hamının ürəyincəydi. Mən Moskvada oxumağı sevirəm, Armavirdə, Voloqdada oxumağı sevirəm. Əlbəttə, bunsuz elə də asan olmayacaq. Amma indi orda çıxıb rahatca oxuya bilmərəm. Bütün bu gördüklərimdən sonra Rusiyada necə oxuya bilərəm axı?
“Sən öldürdün Miminonu!”
- Sizinçün nə qədər ağır olsa da, mən bunu eləməliyəm. Mən sizin o qalmaqallı müsahibənizə gələn şərhlərdən hələ ən yumşaqlarını köçürmüşəm. Yazırlar ki, siz bizim sevginin hesabına yaşayırsız. Bizim pulumuzun hesabına qudurubsuz. Sizi unutmaq gərəkdi. Siz bizə xəyanət eləmisiz. Bəlkə də siz ilk həyəcanlı anlarınızda dediyiniz o sözlərin peşmançılığını çəkirsiz. Baxın, belə bir fikir də var: “Sən Miminonu öz dilinlə öldürdün”...
- Razı deyiləm ki, ordeni götürməməyim satqınçılıqdı... ağzımı açdımsa, həqiqəti deyəyəcəm. Bu da ən böyük çatışmazlığımdı mənim. Ancaq demədiyim sözləri lütfən ayağıma yazmayın.
- Bilirsiz, hələ sizə nə məsləhət görürlər? Baleri Georgiyevin gözlərinin içinə baxmağı. Sizə onun Sxinvalidə verdiyi konserti göstərməyiblər ki?
- Nə üçün onun gözünün içinə baxmalıymışam, hə? Qoy o baxsın mənim gözlərimə. Georgiyev osetindi, konsert də verməlidi. Öz vətəninə gəlib də! O Piterdə yaşayır, konsertini verdimi, yenə də döndü Piterə. Qoy Tiflisə gəlsin, mən onda baxaram onun gözlərinə! İstisna deyil, hələ mən də Suxumidə konsert verəcəm. Elə Sxinvalidə də.
- Düşünmək olarmı ki, bir də Rusiyaya getməyəcəksiz?
- Günü sabah gedərəm - hələ yanvarın sonunacan viz