www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

İt hürən tərəfə, ya işıq gələn?..

 

Yazılmaqda olan romanımdakı bəzi fikirlər üzərinə qəzet gəzişmələri

 

 

 

Sürücülər demişkən: "Allah, Məhəmməd, ya Əli!"

Dünyada hər şeyin dəminin gəlməyi var. Dəmi ki, gəlmədi, o işi görsən belə, bir xeyri yoxdu. Bəzən də tam əksinə olur. Dəmi də gəlir, ama o dəmi gələni icra eləmək olmur ki, olmur. Məsələn, məndə yazmağın hər gün bir neçə dəfə dəmi gəlir. Gəl ki, yaza bilmirəm. Bunun səbəbləri çoxdu. Məsələn, biri budu, deyirlər yazmağın nə xeyri var - nə İlham əminin dünya qulağınadı, nə millətin. Hərə bir bucaqda başını salıb aşağı kargüzarlığıynan məşğuldu, səni heç vecinə alan yoxdu. Düzdü, İlham əmi onsuz da qəzet-məzet oxuyan deyil - əlinin altında düjün-düjün Əli Həsənov kimi savadı qıcqırmış adamlar var - oxuyurlar, heç əmiyə demirlər də, Sevgiladəynən Vüsalı göndərirlər ki, səni içəridə yatan içgin bir adamın varsa, onunla elə içəridəcə vüsala yetirsinlər. Yəni humanizm bunlara ümummilli babalarından qalıb, bundan ötrü oğulbalanı öz kargüzarlığından ayırmağa nə hacət? Sonra Qərb saxtakarcasına narahatçılığını bildirəndə onsuz da adam bundan xəbər tutacaq - elə bunun özü də kargüzarlığın tərkib hissəsidi. Allah bazar versin.

Keçək millətə. Millətin elə bir kargüzarlığı olmasa da, axşama ruzu çıxarmaq üçün nə cürsə balaca bir çaxçuxu olur. Necə deyərlər, deyir, çaxçux baş aparır, dəyirman öz işindədi. İndi görək, çaxçux necə baş aparır? Sən yazırsan, millət onsuz da latın əlifbasıyla - yəni müstəqillik - azadlıq hərfləriylə heç nə oxuya bilmir. Onun bildiyi sovet əlifbası. Soruş, əzbər deyəcək. Onunçün də oxumaq istəsə belə, sənin yazdığını oxuya bilməyəcək. Gərək rus xalqçıları - "narodovolçu"lar kimi dülgər, müəllim, həkim qismində səpələnəsən əyalətə, bölgələrə, yazdıqlarını özün bitdə-bitdə hər bir adama ayrıca oxuyasan. Hə, ölmüşdü Xankişi! Elə Eldar müəllim də onu deyirdi... Hələ Ramil müəllimi demirəm. Xalqçını zərərsizləşdirmək üstündə də bir saray çəkişməsi düşəcəkdi Eldar müəllimlə.

Bu əlifba məsələsi çox ciddi məsələdi. Ciddi olmasaydı, Qənimət içəridən ismarıc yollamazdı ki, islah müəssisələrində yeni əlifbanın öyrədilməsilə bağlı kurslar təşkil olunsun və bu ciddi olmasaydı, ona kəlləmayallaq şəkildə "yox" cavabı verməzdilər. Bəli, Qənimətin dediyi o əlifba azadlıq əlifbasıdı, bunun da xalqa əyan olmasını hansı ağıllı hökumət istər?

Biz yazırıq, elə bizim kimi əlifba bilənlər də oxuyur - bir növ özümüz yazıb, özümüz oxuyuruq, hə, bir də cənab Həsənov. Həsənov da bu əlifbanı ona görə öyrənməyib ki, o da azadlıq istəyənlərdəndi, yox, sadəcə bu, savaşda olduğun düşmənin dilini öyrənmək kimi bir şeydi. Ya da məsələn, Məzahir müəllim Pənahov - bu dəqiqə əlifba ona odnan su kimi lazımdı - axı bu şoğərib seçki bülletenləri mərdimazar müxalifətçilərin dilində yazılır. Bir də gördün, alternativsiz İlham əminin yerinə götürdü sanitarın, ya da o Muxtardı, nədi, onun bülletenlərini kopyalayıb çoxaltdı 73, ya da 93 faizə çatdırdı və təsdiq eləyib xalqa açıqladı, sonra da məlum oldu ki, bu bizim əvəzsiz prezidentimiz yox, hansısa kimsə imiş. Məzahir müəllim heç əlifbasız da bu işi bacara bilər. Sadəcə, o şüurla düşünür ki, qutudan çıxan ən az bülleten mütləq YAP-ın namizədinin olmalıdı. Daha doğrusu, o bunu şüurla yox, təhtəlşüurla bilir...

Millətinsə qulağına deyil - kim azadlıq istəyir, kim onları qan qusdurur - o, öz çaxçuxundadı, əlifbanı öyrənməyi isə ağlına belə gətirmir, deyir bu müxalifətin işidi, azadlıq istəyirlər, zəhmət çəkib alsınlar. Sonra biz də baxarıq, yaxşı olsa, biz də azad olarıq. Məsələn, mənim bir yapçı qonşum var. Təbii ki, yeni yazı-pozunu bilmir. Və gəlir mənə dövlət məmurlarının qansızlığından şikayət ərizəsi yazdırsın. Ama söhbəti mənə ağıl verməklə başlayır: "...."

 

Əlillik təqaüdünə oturdulanlar

 

Hə, yapçı qonşum çəpəri adlayıb mənə yeni əlifbayla şikayət ərizəsi yazdırmağa gəlir və söhbəti mənə yaxşı yaşamağın yollarını anladan nəsihətlərlə başlayır. Onu da deyim ki, nəsihətin əsas motivi mənim dövlət başçısına, onun YAP-ına tövbə xarakterli bir ərizə yazıb bundan belə yapçı olmaq istədiyimi bildirməkdi. Qonşum bunu mənim heç bir vaxt, heç bir partiyanın üzvü olmadığımı və olmayacağımı bilə-bilə deyir. Bu yerdə yenə "ağsaqqalın" sözünü kəsib, Bakıya "qayıtmaq" zorundayam...

Dostumuz Aqşin Yeniseyin "Kübar qurbağa" essesindən bir parçanı başqa bir dostumuz "AZƏRBAYCANÇILIĞIN TƏYİNİ" adı və amacıyla öz bloquna yerləşdirib və hardasa millətə olan hirsini bu parçayla soyutmağa çalışıb:

 

"...Azərbaycanlı ilk növbədə öz məzmunundakı ucuzluğu, mənəvi kasıblığı gizləmək, ört-basdır etmək üçün var-dövlətə can atır. O, fərd olaraq, daxilən özünün çox ucuz, yoxsul, qaraqəpiklik olduğunu bildiyi üçün üstündə həmişə bahalı əşya gəzdirir, bu əşya onun bazar qiymətini müəyyənləşdirir. Azərbaycanlının bazar qiyməti ağzındakı qızıl dişdir, barmağındakı yarım kiloluq üzükdür, əlindəki mobil telefondur, kəl arabası kimi sürdüyü avtomobildir. Qızıl dişsiz, üzüksüz, telefonsuz azərbaycanlı heç kimdir, mövcud deyil. Qızıl diş, brilliant üzük azərbaycanlının özünütəsdiqidir, şəxsiyyət vəsiqəsidir, kimlik kartıdır...

...İlahi, görəsən özünü varlı, kübar göstərməyə çalışan azərbaycanlı qədər gülməli bir məxluq varmı bu yer üzündə?"

 

İnsanlığın meymunluğu

 

Mən Aqşindən bu parçanı sitat vermədən, onun adını çəkmədən də bu mövzuda sadəcə anti-tema yaza bilərdim. Sadəcə ona görə bu parçanı verdim ki, Aqşin bizim dostumuzdu, barışmayanlardandı (səhv eləmirəmsə), istedadlıdı. Məsələn, deyək ki, mən durub Etibar Hüseynova reaksiya versəm, onda ayıb olar. Aqşin isə, bu "esse"sində, görünür, bu üzəvari müşahidələrdə istedadını dincə qoymağı üstün tutub. Dərinə getmək istəməyib. Hələ bu başqa məsələdi ki,- indi mən bilmirəm o essenin tam variantında Aqşin özü bu sadaladıqlarını "azərbaycançılığın təyini" kimi təsnif eləyib, ya onu bloqa qoyan YURDdaşımız belə bir yarlıq seçib. Heç şübhəsiz, hər iki halda, yəni hər iki dostumuz "azərbaycançılıq"la "azərbaycanlılıq"ın tamamən ayrı-ayrı şeylər olduğunu bilməmiş olmazlar. Bu kobud səhvi sadəcə, bir hərf xətasına yozaq, getsin.

Azərbaycanlılığa gələndə isə... yazarın bu sadaladıqları azərbaycanlılıq deyil, meymunluqdu - dünyanın hər yerində mənzərəsilə az qala hər addımda qarşılaşılan meymunluq - insanlığın meymunluğu. Rusiyada bir xeyli olduğumdan, bu böyük və qansız imperiya qalığı olan məmləkətdə - Dostoyevskinin, Tolstoyun, Çexovun, Belinskinin millətdaşları olan rusları gərəkdiyi qədərdə müşahidə eləyən biri kimi deyə bilərəm ki, bu sadalananlar rus üçün də var - başqası üçün də. Erməni də belədi, gürcü də, ləzgi də, kürd də. Bunun "lıq-luq"lara dəxli yoxdu - bığla barama kimi.

Dostumuzun yazdığı, QÜSURları göstərməyin ən bəsit yoludu; əslində, heç qüsur da deyil bu - zarafata, eləcə bambılılıq deyə bilərik - biz də bir az dayaz yanaşsaq. Bu tənqidi-reailizm də deyil, Mirzə Cəlil yolu da. Burda dediyimiz kimi, zəmini olan ictimai motiv də yoxdu.

 

Mən 91-incilərdənəm...

 

Azərbaycanlılıq bu qonşunun bütün mövcudluğundadı - onun xahişi, nəsihət və məsləhəti, yapçılığı və yapdan şikayətçiliyi. "Gedib yandıracam,- deyir,- bu bileti babanın qəbrinin üstündə. Görüm niyə bu boyda bir rayonda bircə mənim qızımnan oğluma əlillik vermək istəmirlər. Mən bu rejimi quranda bunlar hardaydı? Niyə mənə deyir, özləri gəlib komissiyadan keçsinlər? İndi bir yapçının uşağı da komissiyaya getsin, müxalifətçinin də? Ama o istədiyi 200 manatı versəydim, göydə keçmişdim. Hələ dilimnən deyirəm a, a kişi sən mənim biletimə bax, mən yapın üzvüyəm. Mən 91-incilərdənəm. (91-lər- P.) Baxmır. Sən bunu ərizəyə də yaz,- barmağını vərəqin üstünə qoyur,- elə dediyim kimi yaz". Deyirəm, ay qonşu, sən gəl, bu 91 söhbətini eləmə, birdən başın ağrıyar. Deyir, a kişi sənə nə deyirəm, yaz. Yaz ki, İSESKONUN, YUNESKONUN PREZİDENTİ, ALİ SOVETİN SƏDRİ, HEYDƏR ƏLİYEV FONDUNUN ÇOX MÖHTƏRƏM PREZİDENTİ, mən - filankəs 91-lərdənəm...

 "Arxayın ol, Ceyran kəl də alıb..."

 Ama hələ bu da zəmini olan azərbaycanlılıq deyil. Bu, internet diliylə desək, endirilmiş cazibədar bir proqram vasitəsilə sənin kompüterinə yoluxdurulmuş virusdu. Aktivləşib. Müalicəsi mümkün deyil. Sarmaşıq kimi bütün ruhuna sarılıb. Anti-virus proqramları belədə öz tövsiyəsini verir: "Leçenie ne vozmojno. Peremestite fayl v xranilihe? - "Saxlanca yerləşdirin". Bu halda başqa bir komanda da var - istəyinə uyğun - "Udalit". Bu, təhlükəlidi. Sistem fayllarını istifadəsiz hala gətirə bilər.

Hə, bu məqamda qonşu kişinin oğluna və qızına əlillik dərəcəsi almaq istəməsi üçün savaşa başlamasını yadda saxlayın, əlillik sözünün altından bir qırmızı xətt çəkin, bir azdan o söhbətə dönəcəyik.  

Bu - avtoritar-diktatura rejimlərinin mahiyyətindədi - topluma bir heç olduğunu xüsusi-gizlin təmrinlərlə təlqin eləmək. Çağdaş Azərbaycan toplumunun 50 faizi - 20 gün qabaq doğulan körpədən 90 yaşlı Məmmədhəsən əmiyəcən hamının bir əlillik dərəcəsi var, bəri başdan 300-400 manat rüşvət verib dərəcə alıblar və bundan sonra, vaxtlı-vaxtında təkrar komissiyalardan uğurla keçməklə ölənəcən hər ayın başında, seçkidən-seçkiyə 5-10 manat təqaüdlərin artırılacağına bel bağlaya-bağlaya 50-60 manatı gözləmək... Rüşvəti alanda da komissiya sədri elə beləcə də deyir: "Bəs bilmirsən ki, prezident seçkiqabağı pensiyaları 50 faiz qaldıracaq?.." Bəli, məzənnə artırmağın bundan gözəl yolu nə ola bilər? Elə bil sədr sənə bir inək satır, bunu deməyi də unutmur: "Arxayın ol, Ceyran kəl də alıb..." Birdən anlamayan olar, qoy deyim, yəni döllənib.

Hamılıqla "əlil olmağa" belə total meyl sizcə, nədən doğur? Düşünürsüz ki, burda heç bir semiotik məna yoxdu? Heç bir gizəm mövcud deyil? Eləcə, adamların dolanışıq, yaşamaq uğrunda mübarizə instinkti rol oynayır? Məgər o 50-60 manatı rüşvət vermədən, başqa bir yerdən əldə eləmək insanlar üçün o qədərmi mümkünsüzdü? Yox. Bu, sadəcə millətə-topluma təlqin olunan, onun altşüuruna yeridilən yarımçıqlıq, fiziki və əqli qüsurluluq komandalarının bəhrəsidi - siz hamınız bir heçliksiniz, əlilsiniz - dahi şəxsiyyət və ondan törəyənlər alidi. Hamıdan ağıllıdı. Hamıdan kübardı. Əvəzsizdi. Siz isə əlilsiniz. Və bu təlqinlərlə yüklənmiş toplum "hurrey" deyib, cumur dəlilik-əlillik kağızı verən komissiyalara - heç bir qüsuru olmaya-olmaya qüsurlu olduğuna özü inandığındandı ki (axı ona bu komanda hər an içəridən ötürülür!), komissiya sədriylə cəhələ, dava-şavaya çıxır, açıq təhdid eləyir, yazacam,- deyir, prezidentin özünə yazacam. Əli Nağıyevə yazacam.- Şəxsən bizim qonşu hələ də bu "post"da Nağıyev yoldaşı bilir. O mənim dostumdu,- deyir, - o vaxt onnan Rusyətə kartof gətirməyə getmişdik...

- Dayı, bax yazırsan, birdən məktubuna baxan oldu və gəlib burda komissiya təşkil elədilər. Səninkiləri də çağırdılar yoxlanışa. Axı görəcəklər ki, bu adamlar sağlamdı. Onda bəs nə deyəcəksən? "A kişi, mən sənə nə deyirəm, yaz. Onlar yaxşı bilir mən nə istəyirəm..."

Gördünüzmü? Bəli, "onlar yaxşı bilirlər"... necə lazımdı, bilirlər. Narkotika alverçiləri adamları iynəyə oturtduqları kimi, bunlar da toplumu təqaüdə oturdublar.

Topluma öz hüquqsuzluğunu, öz çarəsizliyini, bu torpağın üstündə və altında zərrəcə haqqı olmadığını çoxdan yedirdə biliblər. Ona yeyilən neft-qaz milyardlarının artıq-urtuğundan, qırım-qırtığından verilən təqaüdlə xoşbəxt olduğunu, razı qalıb yerində oturmağın gərəkliliyini çoxdan inandırıblar.- Əks halda İynə-Təqaüd kəsilə bilər - ömrün kəsilməyi kimi. Bu, aşağıdan yuxarıya, kəndlisindən-ziyalısına kimi çoxdan uyuşdurulub - təqaüd sindiromu. Hamı oturdulub yerində. Bütün yaradıcı - ədəbi-musiqi-təsviri sənət qurumları və adamları da əlil olmadığını bilə-bilə toplum təqaüd uğrunda ölüm-dirim savaşına necə qalxırsa, yaradıcılarımız da istedadlı olmadıqlarını bilərəkdən təqaüd uğrunda min oyundan çıxırlar. Millətin cibindən oğurlanan pullar millətə böyük, hətta üç milyonluq at minnətinə sırınır. Hətta guya ənənəçiliyə, köhnəliyə, totalitar ədəbiyyata və düşüncə tərzinə savaş açan AYO (Azad Yazarlar Ocağı) da təqaüd savaşına qatqıda bulunur, umur. Bu da mənim yeni ədəbiyyatı yaradan dostlarım - adbaad və "daha 20 ad"... Hələ illər qabaq, "postmodernist"lərin bəyənilməyən bütün şairlərin gözünə qatdığı Xəlil Rza "azadlığı istəmirəm qram-qram" deyirdi, - şairin gözəl, poetik bir cümlə işlətməsi fikrindən uzağam, heç azadlıq da qram-qram olmur, ya tam olur, ya da heç yoxdu,- söhbət təfəkkür tərzindən gedir. Siz o anarların və başının dəstəsinin dövlətdən, hakimiyyətdən asılılığını qəbul eləmirsiz, üsyana qalxırsınız və onları asılı vəziyyətə salan o təqaüdlərə tamah salırsınız. Olmaz, atam, olmaz, Rasim abi!

 Dədəmizin nefti...

 Neft pullarının xalqdan gizlədilməsindən söz düşəndə, qohumum bənna Nizami dəliyə dönür: "A bala, bizə niyə verməlidilər e, neft pullarını? Bəyəm, dədəmizin nefti, neft quyusu, dənizi var idi? Kişilər bu istidə-soyuqda min zillətnən neft çıxarırlar ki, gətirib bizə versinlər??? - Nizami usta elə qızır ki, az qalır gözümü oyub töksün.- Elə belə danışırsız ki, tutub basırlar da türməyə..."

Budu topluma yedirdilən məntiq, dostum Aqşin, millətin qüsuru yarımkiloluq üzüklər deyil, yarımçıqlıq, gərəksizlik kompleksidi, əlillik mərəzidi. Sənin yazdıqların bunların təlqin elədiklərinin bir istedadlı qələm sahibinin əliylə yazılmasıdı. Sənin məntiqin, topluma bir "qaraqəpiklik" olduğunu aşılamağın onların ürəyinə su səpir, səni fikrən bağırlarına basırlar, başqa bir dostumuz da sənin bu yazından xoşlanıb onu bloquna qoyur. Yarım kiloluq üzük, qızıl diş, 07, telefon... bunlar ən bəsit qüsurgöstərmə vasitələridi. Bu təlqinlərin hesabınadı ki, öləri, orta-statik azərbaycanlının hansından soruşsan, deyəcək: "Bizim millət ən zay, ən "debil" millətdi. Bu millət düzələn deyil..." Gördünüzmü? - DEBİL... Üç-dörd gün qabaq "Azadlıq" radiosunun "Seçki qatarı" proqramında bir "ziyalı" canlı telefon bağlantısıyla studiyaya bağlandı. Adam deyir: "Əgər İlham Əliyevdən layiqli namizəd varsa, gedək ona səs verək. Axı yoxdu elə namizəd..." Bəli, hamı "debildi, layiqli deyil", təkcə ailə üzvlərindən başqa...

 Azad fransız atı - İonesoo de Brekka

 Mən bilmirəm, bu hakimiyyətin gizli bir Volf Messinqi (ötən əsrin məşhur mediumu, hipnozçu, telepat, öncəgörən, Stalinin öncəgörüm üçün dəfələrlə yanına çağırdığı adam - P.) var, ya yox. Bu hakimiyyətin daxilində, əlinin altında elə bir işıqlı adamın ola biləcəyi şübhəlidi. Ama millətin total "iynəyə oturdulması", yarımçıq, fiziki və əqli cəhətdən qüsurlu olması beyinlərə tam yeridilib. Ola bilsin, bu hipnoz ustalığı elə HƏ-izmin mahiyyətində var. Kim bilir.

Siz "əlilliyin" dərəcəsinə baxın ki, üç milyon dollarlıq fransız atı İonesko de Brekka (keçmiş sahibi jokey Olivye Giyona) Olimpiadada xosunvay oldu. Daha doğrusu, Camal qardaşımızı mədəni şəkildə tərgindən tolazladı. Çünki beynində əlillik kompleksi olan bir millətin jokeyi sürdüyü Qır At olsaydı belə, dombalanquc aşmalıydı. Azad Fransız atını əlil olduğunu düşünən millətin jokeyi səyridə bilməz. Bəlkə də, İonesko "azərbaycanlı at" olan kimi həmxasiyyətlik hiss eləyib əlil günə qaldı. Oldu-oldu da...

Qüsurlar çoxdu. Bacarsaq, gələn "dəm"lənmələrdə yazarıq. Ama o qüsurlar hər hansıdısa, 07 jiquli, bahalı telefonlar səviyyəsində bambılı deyil.

Hə bir də, heç kimə sirr deyil: əvvəla, fiziki qüsurlu olanlara rişxənd eləməzlər, sonra da ki, eləsən də, xeyri yoxdu.

Siz sağ, mən salamat.

 Mən bircə onu müşahidə eləyirəm ki, xalq qalıb girinc-giriftar və düşünür: "Allah, Məhəmməd, ya Əli???"

 

 


 


Açar sözlər: publisistika 

Yazar: PARVİZ | Tarix: Avqust 20, 2008 21:17 | Publisistika | Şərhlər(5) | Baxış sayı: 181

Şərhlər

1
Saleh yazıb:

Vallah yazi meni ele dusundurdu ki, hele de o dusunduklerimden qayida bilmirem...

Avqust 21, 2008 2:14
2
Pərviz yazıb:

Saleh, qardaşım, bax qayıtmaq dediyin mütləq lazımdı - əks halda, deməli, bizim yazdıqlarımız ancaq ziyan verə bilir sayılacaq.
Hamımıza uğurlar...

Avqust 22, 2008 10:12
3
Deniz Bilge yazıb:

Merheba ismini uluslardan, "ICHINI" kaleminden, ichinde kimlerin olmadigini ise azeri arkadashim Agilden bilgilendiyim PERVIZ kardeshim... Dun karib diyarda - Parisde, hotelde yazdiklarini okuyurduk Agille beraber... Eski bi kitabini da gordum... OLENGI - derin ve hizli bir olengi...

Avqust 26, 2008 0:41
4
Pərviz yazıb:

Öndə göy dəniz,
dənizdə -
göyərmiş özgürlük.
dənizin üzünə
yaxmac kimi çəkilmiş
neftin altında
boğulub
gəbərmiş özgürlük.
Arxada...
yasaqlanmış,
unudulmuş bir ada -
“AZADLIQ” meydanı.
Hanı,
hanı, azadlıq
hanı?

Günaydın, Dəniz qardaşım. Qardaşımın qardaşı. Siz qürbətdəsiniz. Mən isə...

Mən qürbətdə deyiləm,
Qürbət mənim içimdə...

Özünüzü qoruyun. Özünüz üçün, Vətən üçün, sabah üçün qoruyun.

Qürbət, qəriblərin gözünə düşmüş qum dənəsi kimidi - daim yaşardar gözü.

Biz isə Vətəndə - VƏTƏN bizim içimizdə - paslı xəncər tiyəsi kimi - qanımız axır...

Öpürəm qürbətçi qardaşlarımı.
TANRI TÜRKÜ QORUSUN!!!

Avqust 26, 2008 9:39
5
Enlasymyslemn yazıb:

Noyabr 7, 2008 20:06

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha