Bir saatlıq ədalətlə qırx illik ibadət arasında
Ə. ELÇİBƏY: TALEYRANIN SATMADIĞI BİR ŞEY QALMAMIŞDI.
TƏKCƏ QOCA ANASIYDI QALAN, O DA ARTIQ İŞƏ GETMİRDİ...

MƏN: ... TƏKCƏ QADINI QALMIŞDI,
O DA ARTIQ DÜNYADAN GETMİŞDİ...
Hər il iyundan avqustacan olan sürə Əbülfəz Elçibəyin gündəmə gəldiyi aylardı. Üç ayın içində bu adam DOĞULUR, PREZİDENT SEÇİLİR, DEVRİLİR və bütün ömrünü yolunda qurban verdiyi HAQQA QOVUŞUR. Elə bil dünyada bu insan üçün cəmi üç ay və bu üç ayın içində də DÖRD YOLDAN keçmək yazılıbmış. Bu, sufizmin dörd etaplı yolu idi. İnsanların, böyük sufilərin bir ömrə qət elədiyi bu yolu Bəy üçcə ay keçdi. Bu üçcə ay isə keçici deyil - yaşadığımız hər ildən üç ayı bəyin payına düşür. Adamlar gündəmə gəlir və gündəmdən düşür. Bu hesabla Elçibəyin gündəmdən düşdüyü il yox!
Kimi Bəyi sufi, kimi azadlıq mücahidi, kimi müəllim, kimi də adi adam sayır. Qoy kim nə sayır, saysın. Əsas odu ki, hamı ONU sayır. Onu sayıb qurtara da bilmirlər. Mənə görə isə Bəy DÖRD QATLI adam idi. Bu qatların adını da kim nə qoyur, qoysun, mən özüm də indicə bir "dörd yol"dan yazdım. O yolun adını isə hamıdan əvvəl və dəqiq olaraq Füzuli söyləyib:
Edəmən tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətənim!
Bax, beləəə. İnanmaq istəyən Bəylə bu söhbətimizi oxusa gərək. Əmin olmaq üçün. 1994-ün martıydı. Qənimət (Allah tezliklə qapısını açsın) mənə Kələkiyə gedib Bəydən müsahibə almaq gərəkdiyini söylədi. Bəyi hədsiz sevirdim deyə, getmək istəmədim - qorxdum ki, birdən Bəyi ayrı cür görər, sınaram. "Get,- dedi Qənimət,- get, mən sənə deyirəm ki, peşman olmayacaqsan". Getdim. Getdik desəm, daha doğru olar - Elşən Nərimanoğlu, Mustafa Hacılı və mən. Onda Əli bəy də prezidentin yanında - Kələkidəydi.
Üstündən nə qədər keçib. Bu yazını təkrar verməklə bir daha hiss eləyirəm ki, Qənimətə inanmaq olar. İnanmırsınızsa, başlayaq 94-ün söhbətini oxumağa...
23.08.08
Həmən gün Bakıda bir yağış yağırdı, bir yağış yağırdı - tut ucundan göyə çıx. Biz də elə bu yağışın ucundan tutub göyə çıxdıq. Və bir saatdan sonra Göydən yerə endik. Yer Naxçıvan idi. Göydə qızdırma-titrətmənin içində ağlıma qızdırmalı fikirlər gəlir, yadıma titrətməli şeylər düşürdü.
...Həmən il dövlət quruculuğu ili elan olundu, qırıcılığı ili oldu. Müdrik xalqımız tibb tarixində görünməmiş bir kəşf eləyib beyin nahiyəsində insan və ya (çox hallarda) hər hansı bir heyvanın mədə-bağırsaq orqanlarını yerləşdirməklə Adəm və Həvva sələflərinin mədə-bağırsaqla da (acı və şirin bağırsağın fərqi olmadan) düşünə və yaşaya biləcəyi subyektiv gerçəkliyini Amerika və Yapon xalqları kimi döşünə döyənlərə sübut eləyərək göstərdi ki...
Daha sonra fəndgir xalqımız dünya praktikasına sarsıdıcı zərbələr vurub dövlət qurmağın yeni, özünəməxsus, daha tez və itkisiz yolunu - məkan dəyişikliyi apararaq - çörək və ərzaq dükanlarında, metro və avtobus, trolleybus və başqa ...bus-larda, Naxçıvana uçan, əyləşmə salonunda yük və zənbillərdən barrikadalar qurulmuş təyyarələrdə və ən nəhayət, padişahi-mülkümüzün dediyi tək və i.a. və i.a. və i.a. yerlərdə tapdı. Nöşün ki, bu yerlərdə xalqımız sözün əsl və müstəqim mənasında, lap belə partiya və xalq kimi bir olur - Allah atalara rəhmət eləsin - el bir olsa, zərbi kərən sındırar.
Nə isə, elə yenicə bütün şübhələrim dağılır, qanımda milli vurğunluq və velikorus şovinizminə tən bir millətçilik qaynamağa başlayırdı ki, təyyarə 60 dərəcə bucaq altda sol böyrü üstə əyildi və yuxarı rəfə qoyulmuş iri bir zənbil başıma düşdü; yanımda əyləşən mal sahibi boynumu və kürəyimi niyə bu qədər çox irəli əyməyimdən gileyləndi və elə o an beynimə yeni bir fikir gəldi ki, bizdə prezident seçilənlər and içmək əvəzinə milli və milsiz ifadələrlə kişi kimi söyüş qoysunlar. Və prezidentlik müddəti beş yox, bir il olsun - bunu hamımızın səbri az olduğuna və onsuz da qiyam və inqilab nəticəsində hər bir ildən bir çevriliş olduğuna görə eləyək ki, əcnəbilər bizə gülməsinlər. Həm də hamımıza prezident olmaq səadəti nəsib olsun... Əlqərəz, o gecə Naxçıvan şəhərində bir Allah bəndəsinin evində gecələyib, 4 nəfərlik heyətimiz kibrit qutusu boyda pendirlə iftarını açıb (gecə 2-də), səhər saat 9-da obaşdan eləyib KƏLƏKİ-yə yol aldıq.
KƏLƏKİ
Bu kənd Naxçıvan şəhərindən təxminən 70 km.-lik bir məsafədə yerləşir. Ərazisini soruşduqda eləcə "iki dağın arası, qartaların yuvası" - deyə məlumat verirlər. Üç tərəfdən sıldırım dağlarla əhatə olunub. Kiçik Qafqazın ən yüksək zirvəsi kəndin arxasında dağ kimi dayanıb. Nüfuzu 360 nəfər. "Yayda çoxalacaq" - deyirlər. Bu adamların incə yumoru az qala bütün dərdlərini unutdurur adama. Kənddə evlər arasında bircə çəpərə (və qonşu davasına) belə rast gəlməzsən. Şarl Furye sağ olub, bu kəndi görsəydi, öz nəzəriyyəsinin həqiqiliyinə necə də sevinərdi. 1992-ci ildən kolxozu ləğv eləyiblər. İşlər mövsümidir. Kənd camaatının hamılıqla çalışdığı Geoloji Kəşfiyyat Ekspedisiyasıdır. Əlvan metallar axtarırlar. Hərənin 4 sot torpağı var. Bostanlarda kələm, lobya, kartof və b. tərəvəz bitkiləri əkilir. Ləqəbsiz Soltan isə - "mən hər şey əkirəm..." - deyir. Az qala hər addımda bir bulağa rastlayırsan. Meyvə ağacları: qoz, alma, ərik, şaftalı, armud, gilənar... Kəndə rayon mərkəzi Ordubaddan həftədə iki dəfə avtobus gəlir. Evlər İrandan gətirilmiş, keyfiyyətinə quzey azərbaycanlılarının həsəd aparacağı neft sobalarıyla qızdırılır və İran lampa(çıraq)ları ilə işıqlandırılır. Tavanlardan asılmış elektrik lampalarını görəndə, nə vaxtsa bu kənddə işıq olduğuna inanmağın gəlmir və təəccüblənirsən. Kəndin içindən və Əbülfəz bəyin iqamətgahı sayılan GKE-nin "kənd soveti" binalarının eyni olan, yalnız GKE rəisinin yaşaması üçün tikilmiş bu tikilinin iyirmi addımlığından keçən çayda müxtəlif çay balıqları və qızıl balıq kənd mətbəxinin daimi xammalıdır. Nə qədər desələr də, inanmayın - GKE-nin binasında heç bir kəşfiyyat aparılmır.
MÖVZUDAN İKİ KİÇİCİK SAPMA...
Birinci sapma. Bu kəndin adı "ştatnı" dastannəvis şairciklər üçün həm texniki, həm üslubi baxımdan xeyli sərfəli olardı, - o halda ki, bu kəndə başqa bir siyasi xadim gələydi. Onda o dastannəvislər qoşma, gəraylı, müxəmməsləri və başqa nəsnələri bir-birinə düyünləyib, inci və mirvariləri sıralayıb upuzun bir dastan yaza bilərdilər. Qafiyələr də ki, öz-özünə gələcəkdi - Kələki, hələ ki, elə ki, gülə ki, güllə ki... ölə ki!!! və s. ki. Ancaq axırıncı iki qafiyəni yazmaqdan, qafiyə ixtisarı nə qədər acı olsa da, qorxardılar. Əgər o şair şir ürəyi yeyib, o qafiyəni yazsaydı belə və o şairlə mənim azca tanışlığım olsaydı - "Yazma, - deyərdim, - kişi, yazma. Bəs ölsə, millət hara tüpürər. Hələ tezdi. Yazma!"
İkinci sapma. Evində gecələdiyimiz Bünyad bəy danışır ki, 90-cı il olardı. Moskvadan bir general gəlmişdi. Ruka Zapax Dom familli. Görüşəndə əli yumulmuş, cəhəngləri buldoq cəhəngləri kimi sallanmış, gözləri gürzə gözünə oxşayan biriydi. Elə yazıq görkəmdəydi ki... Bəylə görüşmək istəyirdi. Bəy onu qəbul eləmədi. Nədənsə adamın ona yazığı gəlirdi. 700 qramlıq "Şirvan" konyakını içib ayaqlarını çaya salladı. Və birdən - ən təəccüblüsü - qıçlarını yelləyə-yelləyə Şəhriyardan deməyə başladı: "...yolum səndən kəc oldu...", "...gün dalını dağlasın..." Eh... özün rus generalı olasan və elə şeir deyəsən...
Söz arası: Bu yazıda 9 mart 1994-cü ildə keçirilmiş AXC Ordubad RŞ-nin Əlifba mitinqi və elə həmin gün Ə.Elçibəyin jurnalistlər üçün mətbuat konfransı haqda heç bir bilgi vermirəm - onsuz da qayçılanacaq deyə (yazı ilk çapında senzorların yaçısını xeyli incitməli olmuşdu - P). Nə, Əlifba mitinqi, nə mətbuat konfransı haqda...
VƏ NƏHAYƏT ELÇİBƏYLƏ ŞAM İŞIĞINDA SÖHBƏT
Söhbətə başlamazdan əvvəl oxucularda bu söhbətin gedəcəyi məkan və zaman haqda bəzi təsəvvürlər yaratmaq pis olmaz məncə. Əbülfəz bəyin oturduğu bina haqda bir az öncə cizgi verdim. İndi isə birinci qapını açıb içəri keçək. Bura aynəbəndsiz bir eyvandı. Eyvanda super benzinlə işləyən elektrik generatoru qoyulub. Yuxarıda bayrağımız dalğalanır. İkinci qapı dəhlizə açılır. Dəhliz ala-qaranlıqdı. Burda birinci qapı bağlıdı, üstünə "istifadə etmək olmaz" sözləri yazılmış kağız yapışdırılıb.
İkinci qapı. İçəridə soyuducu, miz, stul, qaz peçi, İran sobası, divarda növbətçilər cədvəli, tavanda siqaret dumanı, aşağıda dama, şahmat oynayanlar; 5-ci qapı - otaqda bir stul, bir miz; 6-cı qapı - Vanna otağı; 3-cü qapı. O birilərinə nisbətən geniş bir otaq. Bəyin köməkçiləri oturub burda. Faksın, teleksin və b. aparatların arxasında əyləşənlər tez-tez informasiya alır və ötürür. Bura həm də gözləmə otağıdı. Gözləyin, indi Əbülfəz bəyin otağına keçirik; 4-cü otaq - Saat 4-dən 6-ya kimi çəkən mətbuat konfransı bitib. Sonra bir neçə xarici və yerli jurnalist Elçibəydən müsahibə alıb və gediblər. Yəqin ki, arada Bəy orucunu açmağa imkan tapıb. Otaqda dördkünc odun sobası. Sol güncdə televizor. Taxta döşəməyə döşənmiş xalça üstə stol və stullar. İşıqsızlıqdan şam işığında söhbətləşirik. "Komutan" çağırılan birisi arabir içəri girib ocağı əlləşdirir, çay təklif edir. Otağa tüstü dolduğundan pəncərəni açmalı oluruq.
Əbülfəz bəy son bir-iki ildə geydiyi qara kostyum əynində, yaxasında da həmin - Atatürkün surəti nəqş olunmuş dairəvi şəkil. Üzündə elə bir dəyişiklik olmasa da, saçının bir xeyli ağardığı duyulur. Səhhəti sağlam. Stolun üstündə ərəb, fransız, ingilis, türk dillərində yazılmış 7-8 siyasi ədəbiyyat.
Əbülfəz bəy Azərbaycanın gələcəyinə, başı üstündə portretləri vurulmuş Atatürk və Rəsulzadə isə Əbülfəz bəyə ümid və nikbinliklə, - Atatürk azca sərkərdə qəzəbi, Rəsulzadə isə azca kədərlə, - baxır. Söhbətə başlamamış Bəydən yorulub-yorulmadığını soruşuruq. "Özünüz yorulmusunuzsa, bu, başqa məsələ, mən elə bu vaxtlar (axşam) daha keyfiyyətli çalışıram", - deyir və söhbətə başlayırıq.
- Bəy, Sizin xarakteriniz haqda cürbəcür - həm obyektiv, həm subyektiv təsəvvürlər var. Bəs Siz özünüz nə fikirdəsiniz, bunu öz dilinizdən eşitmək maraqlı olardı.
- Düzü bu, çox çətin məsələdi. Məsələn, götürək Robespyeri - o qədər ziddiyyətli şəxsiyyət olub ki, tarixçi və psixoloqlar hələ də onun xarakterini tam aça bilmirlər. Və bir də hər yaşın öz psixologiyası var. İçində yaşadığın
ictimai-siyasi proseslər adamı o qədər dəyişir ki, özün də məəttəl qalırsan - "axı, on il qabaq mən belə beyildim..." Bu fizioloji prosesdir və biz bundan qaça bilmərik. Tutaq ki, mən gəncliyimdə daha çox sərt və tələbkar idim. İndi isə, daha çox humanizmə meylliyəm. İnsanlar arasında, deyək ki, gəncliyimdə mübarizəni çox xoşlayırdım, indi isə barışdırmağı xoşlayıram. Bəzən elə olur, ən qəddar düşməninə də rəhmin yaranır ki, əşşi, insandı da... Belə bir söz var - bütün insanlar bədbəxtdirlər, çünki hərə bir cür bədbəxtdi - əgər belədirsə, onda niyə də adamlara yamanlıq eləyəsən? Ancaq sonradan qarşıya konkret bir məsələ də çıxır - yamanın qarşısını almayanda, axı, fağırı öldürür bu. Yaxşı, onda ədalət harda qaldı? Ümumi insanlıq baxımından yaxşı insan olursan, ancaq onda da ədalətsiz olursan. Qalırsan ədalətlə rəhm, hər şeyi bağışlamaq arasında. Və bu iki hissin arasında çabalayırsan. Hər şeyi bağışlamaq, rəhm çox xeyirli və ilahi bir işdi. Bəs onda ədalət harda qaldı? Təqribən mən də bunların arasında çabalayıram.
- Mən burda - kağızda belə bir şey qeyd eləmişəm - "Böyük inkvizitor - İsalıq". Dediyiniz o humanizm, bəzən Sizdə də İsalıq həddinə çatır. İsa bir fərd kimi, İnkvizitoru bağışlayır, çünki o çox ucada durur və məsələlərə Allahın yanından baxır. Ancaq burda da ədalətsizlik yaranır - sağ qalan inkvizitor yenə də adamları oda atmaqda davam eləyir. Və burda nəhəng bir təzad görünür...
- Son vaxtlar fikrimi ümumiləşdirəndə mən, 3-4 nəfərə istinad eləyirəm. Biri - Həzrəti peyğəmbərdi (S.A.V) - onda da elə bir şey var. Peyğəmbər, əmisi Əsədül-islam (islamın dayağı) adı almış Həmzəni öldürüb ürəyini çıxaran Həbəşi bağışlayır. O Həbəş ürəkdən peşman olub, səhv etdiyini söyləyir. Və peyğəmbər də islam dininin xatirinə, doğru yola gəldiyinə görə, onu bağışlayır. Söhbət prinsip xatirinə bağışlamaqdan gedir. Allah tövbə qapısını açıq qoyubsa, bəndə niyə qoymasın? Ancaq yenə də deyirəm, o cür bağışlamağın sonra çox böyük xatası çıxa bilər. Bağışlarsan, bağışlarsan, sonra cəmiyyət dağılar. Ona görə bircə əsas qalır - məsələləri ədalət prinsipiylə həll etmək.
Daha doğrusu, fərdi təfəkkürlə yox, sən necə istəyirsən yox, cəmiyyətdəsənsə, cəmiyyətin içində fəal adamlardan birisənsə, deməli, bircə ədalət prinsipini əsas götürməlisən. Ədalətli qanun qoymaq, onun yeganə yoludu.
- Hardasa, Allah və İnsan arasında bir tarazlıq yaradırsan.
- O prinsip əsasdır. Yəni bəndənin fəaliyyəti elə olmalıdır. Bir də, biz özümüzü Allahın fəaliyyəti ilə çox uyğunlaşdırmayaq - O, hər şeyi bağışlayıb, hər şeydən keçə bilər.
- Sizin 17 iyunda çıxıb getməyinizdə də belə oxşar cəhətlər var. Yəni həmin gecə 200-300 gəncin qanının tökülməsini istəməyib getmək və əvəzində beş rayon, on minlərlə qaçqın, demokratiyanın çarmıxa çəkilməsi və s.
- Yox, əvvəla, mən orda qala bilməzdim. Bir də ki, 200-300 nəfər yox, bütün Azərbaycanı vətəndaş müharibəsi bürüyəcəkdi. Nə üçün? Çünki o vaxt iki qütb yaranmışdı - həm bizi müdafiə edənlər, həm qiyamçılar. Bütün döyüş rayonlarında bizə sadiq olan top-tüfəngli qüvvələr vardı. Biz onları döyüşə çəkə bilərdik. Onlar hətta bunu bizdən tələb də eləyirdilər. Bu iki qütb toqquşsaydı, onları asanlıqla susdurmaq olmayacaqdı. Və bu da milyonların, ölkənin taleyilə nəticələnərdi. Ona görə də mən məsələdən birtərəfli uzaqlaşdım.
- Deməli, bu gedişdən Azərbaycanın qazancı oldu?
- Şəksiz. Mən elə düşünürəm. Vətəndaş müharibəsinin olmaması əsas şeydi.
- Yaxşı, Bəy, Sizdən sonra gətirilən, haqqında "Allah kimi hər şeyi bacara bilər" fikri formalaşdırılmış adam və onun "komandası" elə bir iş görübmü ki, sizlər onu bacarmazdınız?
- Düzü, bu da çox çətin sualdı. Ancaq mən tam dəqiqliklə deyim ki, bizim komanda nə qədər pis işləsəydi, yenə də belə böyük dağıntı və məğlubiyyətlər olmazdı. Mən Azərbaycanı ta bu cür dağıdacaq qüvvəni görmürəm..., yoxdu. Heç Ayazın qüvvələri də Azərbaycanı belə pis günə sala bilməzdi. Burda iqtisadiyyatın vəziyyəti də göz qabağındadı, əhalinin yaşayış səviyyəsi də, qaçqınların sayının iki dəfə artması da göz qabağındadı. Ta bundan böyük nə fəlakət eləmək olar ki!
- Və bunları siz bacarmazdınız...
- O, başqa məsələ... (utancaq bir şəkildə gülümsünür)
- Siyasətdə əxlaq məsələsi. Bu da ən mürəkkəb problemlərdən biridi. Bir-iki nümunə: Hansısa siyasi bir xadimin ürəyi istəmədiyi, məsələn Yeltsinin, patoloji nifrət etdiyi bir başqa siyasətçiylə - H.Əliyevlə - görüşüb-öpüşüb, üzünə təbəssüm verərək söhbətləşməsi. Halbuki, hər ikisinin bu nifrətdən xəbəri var. (Deməli, daxili fərdi azadlıq pozulur.) Başqa bir əks örnək - Elçibəy nifrət etdiyi Petrosyanın əlini geri qaytarır, siyasət və diplomatiyada məqbul sayılmayan bəzi sözləri Çin və İran haqda deyir. Bax, burdan "əla siyasətçilik və əla diplomatlıq əla əxlaqsızlıqdır" məntiqi nəticəsi çıxmırmı?
- Yox, mən sizin dedikləriniz və mənim haqda deyilənlərlə razılaşmıram. Fikrimdə qətiyəm. Və tarix də bunu sübut eləyəcək. Diplomatiya o deyil ki, kim gəldi onunla "hə-hü" eləyib görüşəsən. Diplomatiya bəzən çox sərt addım tələb edir, - rəqibini şok vəziyyətinə salmaq üçün. İran Azərbaycanın bütün daxili işlərinə qarışır və təxribat aparır. Onda mən heç nə deməməliyəm? Və yaxud biz Rusiya ilə dostluq müqaviləsi bağlamışıq. Bu, o demək deyil ki, rus qoşunu burda qalmalıdır. Prezident kimi mən bunları bildirməliydim. Mən Petrosyanla elə edəndən sonra, o, çox pis vəziyyətdə qalmışdı. Sonrakı dəfə isə Ukrayna, Gürcüstan, Türkiyə və b. dövlət başçılarının, Amerika, İngiltərə nümayəndələrinin xahişi ilə onunla görüşdüm.
Bir vardı, onun dediyi ilə gedək, bir də var bu adamların xahişi ilə addım ataq. Görürsünüz, mən, özümün sərt, üz-üzə durduğum adamla görüşdüm. Ancaq kim üçün və kimin hesabına - bu, bilinsin. Mən o diplomatları eşitdim, güzəştə getdim. Onların da bizə rəğbəti artdı. O məqamda bu jest lazım idi.
Yəni mən Levon Ter-Petrosyanla düşmənəm, ancaq Azərbaycan-Ermənistan sülhündə maraqlı olan dövlət nümayəndələrini eşidir və ona gedirəm. O yerdə ki, millətin mövqeyi və mənafeyi məsələsi var, orda fərdi-daxili azadlıqdan söhbət gedə bilməz. Millətin, dövlətin taleyinin tələbiylə hər şeyə getmək olar. Burda fərdin əxlaqı heç bir rol oynamır. İkincisi, mən siyasətdə bir fikri əsas götürür, əxlaqsız siyasəti qəbul etmirəm. Yəni ki, milli əxlaqa zidd, milli adət-ənənəni pozmaq, arxadan zərbə... buna, bizim xalq namərdlik deyir, bunlar mənim əxlaqıma ziddi. Siyasətçi, diplomat siyasət yürüdərkən bunu öz millətinin əxlaq-ənənə süzgəcindən keçirib yürütməlidir ki, bunlar bir-birinə hopub daimi olsun. Milli işə çevrilsin. Siyasətdə müxtəlif yollar var. Məsələn, Taleyran yolu - hər şeyi qurmaq, yalan, kələk və s. Hətta Taleyran öləndə deyiblər: - Görəsən, ölmək onun nəyinə lazım idi ki, ölüb? Və ya deyirlər ki, - ifadəyə görə, çox üzrə istəyirəm, Taleyran hər şeyi satardı. Bircə qoca anasını satmırdı, çünki o da işə getmirdi. Və ya Napoleon deyirdi ki, mən Taleyransız yaşaya bilsəydim, sabah onu asardım. Ancaq onsuz işim keçmir. Bismark isə başqa cür deyirdi: Açıq və sərt!
Çünki Bismark o cür gedə bilərdi, Taleyran elə. Açıq və sərt getdi və uddu - Almaniyanı birləşdirdi. Hərə öz təbiətinə uyğun yol tutub getməlidi. Yolun düzü-əyrisi yoxdu. Sən yolu tut, get. Əsas məsələ sona kimi getməkdi. Nəticə sonda bilinəcək. Ancaq o təbiətə uyğunluqdan çıxmaq da çox çətindi. Mən də çox vaxt belə çıxa bilmirəm..
- Bu qədər haqq-hesabdan, dönüklükdən, dözümsüzlükdən sonra Siz yenədəmi millətə, daha doğrusu xalqa (millət hələ yoxdu) inanırsız?
- Mənim millətə iki cür yanaşmam var - birincisi, istər bu millətə inan, istər inanma, sən bunun övladısan, sən buna xidmət eləməlisən. Millət nədirsə, bunun sənə dəxli yoxdu, sən bunun övladısan. Sən bunu rədd edib qəbul etməyə bilməzsən. Etmirsənsə, etmə, - ancaq onda çıx millətin içindən. Mən də pisəmsə, yaxşıyamsa buyam, millət də yaxşıdırsa, pisdirsə budu. Bu - gerçəklikdi. İkincisi, bunu çox səmimi deyirəm, mən Azərbaycan xalqının gücünə çox inanıram. Çox güclü xalqdı. Bunun o qədər gücü, o qədər enerjisi var ki...
Sadəcə olaraq, biz bu enerjini, fizikada olduğu kimi, gücə çevirə bilmirik. Bu nədəndi? Biz elə təşkilatlana bilmirik ki, o təşkilatlarımız bu xalqın enerjisini gücə çevirsin. Bu, asan məsələ deyil, ancaq yavaş-yavaş yaranır. Siz onda baxarsız. Bir də ki, bu xalqdan nə istəmək olar? Allah bizim üzümüzə baxıb. Bizim çox böyük mədəniyyət sistemimiz var. Bu cür mədəniyyəti olan bir xalq hökmən güclü siyasi xadimlər yetirəcək. Amma hələ ki, yetirməyib. Və mən bununla razılaşmıram. Azərbaycan xalqı çox duyğusal, duyğusu güclü bir xalqdı. Duyğusu güclü olan millətə bircə şey lazımdı - güclü elmi təlim. Yəni duyğunu elmi əsaslarla təlimləşdirmək lazımdır. Vay o millətə ki, onun duyğusu zəifdi. Hələ ona duyğu, hiss-həyəcan bəxş etmək lazımdı. Bu da çox uzun, üzücü bir işdi. Məsələn, biz mübarizəyə başlayanda artıq bir çox şeylər hazır idi. Deyək, Üzeyir bəyin "Üvertüra"sı. O bunu bizimçün hazır qoyub getmişdi. Əgər bu olmasaydı, bizimçün çox çətin olacaqdı. Onda nəsə yeni bir musiqi bəstələmək lazım gələcəkdi. Ya üçrəngli bayrağımız. Əvvəl o gizlədilmişdi və meydana gah islam, gah sovet bayrağı çıxırdı. Sonra isə...
Sonrası da bəlli. Bunlar hamısı millətin içində var - bunu yığmaq, tapmaq, üzə çıxarmaq lazımdı. O da bizim özümüzdən asılıdı. Hər şey təşkilatlanmadan keçir.
- Əbülfəz bəy, mən bunlarla razı. Məsələn, bizim Mirzə Cəlil, Sabir, Üzeyir bəylərimiz olub. Ancaq onlar bu gün də müasirdirlər. Yəni bizim milli mentalitetdə heç nə dəyişməyib. Burdan belə çıxmırmı ki, birincisi, bizim millət düzələn deyil, ikincisi, tutaq ki, jurnalistkanın, ya hər hansı yazı-pozunun heç bir xeyri yoxdu?
- Yox, bəy, bu, tamam yanlışdır. Yəqin bilə-bilə sualı belə qoyursuz ki, mən bir az danışım. Hər bir xalq fəaliyyətə keçərkən ilkin olaraq ədəbiyyatdan başlayır. O ədəbiyyatın siyasi olub-olmamasının heç bir fərqi yoxdu. Ədəbiyyat inkişaf eləyib-eləyib özünə siyasi və fəlsəfi fikirləri toplayır. Fransaya, İngiltərəyə baxın. Buna deyirlər siyasi maarifçilik.
Ədəbiyyat siyasi maarifçiliyi yaradır, siyasi maarifçilik siyasi xadimləri. Bizim yazarlar bunu başladı, ədəbiyyat siyasəti topladı. Gəldik çıxdıq nəticəyə - Demokratik Respublika. Bunun qabağını saxladılar. Yarımçıq qaldı.
Ona görə biz təzədən başlayanda və başlamalıyıq, həmin o ənənəni yığmalı, Məmməd Əminin ideyasını götürüb getməliyik. İndi baxın: Biz o vaxtkı xəttdən təqribən üç addım irəliyik. Xalqın siyasi savadı da bir o qədər inkişaf eləyib.
Yadınızdadırsa, 89-da Azərbaycan xalqı "ilin xalqı" sayıldı. Bu azdırmı? Biz ənənələrdən istifadə eləyib irəli gedirik. Adi bir şey deyim, biz azsaylı xalqlar haqda qanun qəbul etmişdik. Moskva Pribaltika ölkələrində, Qazaxıstan, Özbəkistan və s. ölkələrdə rusların incidilməsindən danışır, bizdə isə yox? Götürdüyümüz bu xətt bizim irəliləyiş idi. Belə şeyləri çox sadalamaq olar. İndi qoymadılar da... (kövrəlir...- P.) Ancaq bu sadəcə, əyləc idi, - tormoz. Eybi yoxdu, xalq bir də qüvvəsini toplayacaq, nə qədər ağır, itkilərlə olsa da, bu fırtınadan çıxacaq, ancaq bu dəfə xalq kimi yox, millət kimi çıxacaq.
- Bir şey soruşum, ancaq şablon saymayın. Əgər siz şair - azad bir şair olsaydınız, hansısa prezidentə, devrilmiş prezidentə (çünki məsələ belə qoyulur) şeir yazardızmı? İkincisi, şair R.Rövşənin Sizə və İ.Qəmbərə şeir həsr eləməsinə necə yanaşırsız və həmin şeirlərin səmimiyyətinə inanırsızmı?
Üçüncü, bəzi ramizsevərlər kimi, buna təəssüflənmirsiz ki?
- Birincisi, R.Rövşən çox sərbəst adamdı. O, içinin diqtəsi olmadan bir şey yazmaz. Yəqin nə isə içindən onu rahatsız eləyib, o da yazıb. Ramizlə biz onun gəncliyində mübahisə eləmişik. Çox vaxt onun şerilərini qəbul etsəm də, fikirlərini, həyata baxışı, siyasi baxışını qəbul etməmişəm. Ancaq şeirlərinin gücünü etiraf etmişəm. Onun heç tarixən mənə çox böyük rəğbəti olmayıb... Doğrudan da olmayıb. Düzü, mən o şeiri oxuyanda təəccübləndim. Fikirləşdim ki, yəqin onun içində nə isə bir şey yaranıb. Deyim ki, şairlərin duyumları çox güclü olur. Şeirdəki o "daş atan qardaşlar", düzü, mənə çox təsir elədi. İsada (s) bir şey var, bəlkə də o mənfi xüsusiyyətdi, bəzən mən nədənsə döyülmək, daşa qonaq olmaq istəyirəm. Və xüsusən də məni haqsız döyəndə, kütlə halında hücum gələndə, o mənə çox qəribə gəlir və mən öz-özümə fikirləşirəm ki, bu niyə belə olur?.. Və sonra da fikirləşirəm ki, bəlkə məni daşlaya-daşlaya özləri ayılacaqlar. Tarixən belə şeylər olub. Mən yenə də deyirəm, böyüklərdən misal çəkmək, özünü onlara oxşatmaq deyil, sadəcə... sufiləri götürək. Onları döyüblər, ancaq zaman ötdükcə peşman olublar ki, o bizə nə pislik etmişdi axı?
Birdən fikirləşirsən ki, bu daşqalaq edilmək tarixən olub Azərbaycanda... Nəsimi, Nəimi, Eynəlqüzzat Mianəci, Sührəvərdi və b. şeyxləri məhv eləyiblər. Nə isə...
Əgər doğrudan da ramizsevərlər bundan darılıblarsa... qoy, o şeiri geri götürsün. O şer mənə yazıldığı üçün heç bir münasibət bildirmirəm. İsa bəyə yazılan üçün doğrudan da sevinirəm. Deməli, şair və bəstəçi duyub ki, bu adam yalnız Vətən üçün çalışır. Heç bir təmənnası olmadan. Əgər Ramiz sabah mənə həcv yazsa, elə Əkrəm də, hətta bunu gözləyirəm, mən heç incimərəm. Çünki onlar bütün yaradıcılıqlarıyla bu hüququ qazanıblar. Ancaq vay onda ki, belə həcvi, çox üzr istəyirəm, "sandıq tulaları" yaza...
- Bəy, Allah düşməni də bağışla deyir, Vətən isə öldür! Sizə bir düşmən əsirini aparıb güllələmək tapşırılarsa, bu nəhəng təzadı necə həll edərdiniz?
- Mən Vətəni çox sevirəm, ancaq deyəsən, Allaha daha çox yaxınam. Öldürməyi bacarmıram. Ancaq burda Vətən əsas götürülməlidi. Buna görə də mən bəzən bu cəhətlərinə görə Mustafa Kamalı Məmmədəmindən də çox istəyirəm. Rəsulzadə də
mənim kimi olub. Mən bir ruh, bir ideya kimi Rəsulzadəni, bir sərkərdə kimi Atatürkü sevirəm, qibtə edirəm. Özümü də, Əmini də danlayıram ki, əşşi, belə olmaz da, vallah belə olmaz, dövlət başçısı tamam başqa şeydi.
- Mənəvi rəhbərlikdən prezidentliyə enməyiniz Sizi əzib, sındırmadı ki... Və məncə, Siz sonra da onu davam etdirdiniz.
- Bəla burasındadır ki, ikili hisslə yaşayanda adam çox əzab çəkir. Bir tərəfdən fikirləşirsən ki, prezident olmaq heç də aşağı enmək deyil. Prezident millətin rəhbəridi. Mən, məsəlçün deyək ki, mənəvi rəhbər olsam və doğrudan da xalq yaxşı bir prezident seçsə, mənəvi rəhbər kimi, bütün ömrümü o prezidenti ucaltmağa və onu müdafiəyə özümü sərf eləyərəm. Çünki millətə mənəvi rəhbərdən çox siyasi, dövlət rəhbəri lazımdı. Doğrudan da elə bir adam, həm özümün, həm xalqın sevdiyi bir adam seçilsə, onun şəxsiyyətini ucaltmağa, tərifləməyə çalışaram ki, Azərbaycanda dövlət və dövlət rəhbərliyi müqəddəsləşsin. Millətdə dövlətçilik müqəddəsliyi yaransın. Mən həmişə Azərbaycan alimləri ilə maraqlanmışam. Onlardan biri də, çox qəribə taleli Ağ Şəmsəddin olub. Bu böyük sufi, Sultan Fateh Mehmetin müəllimi və mürşidi olub. Sultan İstanbulu fəth eləyəndən sonra mürşidinin yanına gəlib. Və deyib ki, şeyxim, icazə ver, sənin yanından daha getməyim. Şeyx deyir ki, dur, buranı tərk elə və bir də bura gəlmə. Mürşidə də "niyə" sualı vermək olmaz. Sual verən təriqətdən çıxır, orda belə bir sistem var: - Mən mürşidimin sözünü ata-anamın sözündən üstün tutacağam, dediyi, mənimçün göydə Allahın, yerdə onun sözüdür. Və sultan gedir, üç aylıq narahatçılıqdan sonra nəhayət, mürşidindən xahiş eləyir ki, onu qəbul eləsin, hansı günah işlətdiyini ona anlatsın. Onda Ağ Şəmsəddin deyir: "Sənin bir saatlıq ədalətin, xalq üçün, Allah yanında, mənim qırx illik ibadətimdən üstündür". Bax, bu prinsip əsas olmalıdır. Biz də mənəvi rəhbərin 40 illik ibadətindən bir saatlıq ədaləti qiymətli olan prezidenti seçməliyik. Azərbaycanın belə bir adama ehtiyacı var. Və mənə elə gəlir ki, xalq elə birini yetişdirəcək. Və canı qurtaracaq.
- Axı, Siz də ədalətli adamsınız...
- Yox, mən o məqamda deyiləm... Mən daha çox... Ədalət tamam başqa şeydi. Tamam...
- Bəy, Siz xalqa azad, müstəqil respublika, mənəvi (daha çox) var-dövlət vəd etdiniz. Razısızmı ki, bunların əvəzinə 1 kq. makaron və s. təklif etsəydiniz (nağd), onda o xalq sizin ardınızca gedərdi, nəinki inkvizitorun? Mən belə fikirləşirəm.
- Mən bayaq da dedim. Çox yekəxana çıxmasın, bir tarixçi olduğum üçün, tarixin özünün fəlsəfəsi var mənim beynimdə. Orda belə bir şey var - insanların ən yüksək işi ruh məsələsidi. Ancaq bu ruh maddisiz də olmur. Maddiyyatdan kənar o ruh müəyyən bir dövr bədəndə qərar tuta bilər. Müəyyən bir dövr. Nəcib Fazilin "Gəncliyə xitab"ında da belə bir yer var ki, maddiyyatı təmin edərək, mənəviyyatı yüksəldəcəksən. Məqsəd mənəvi aləmə getməkdir. Burda maddiyyat bir pillədir və bu pilləsiz olmur. Bu, bir pillə, bir vəsilədir o yolda. Kimsə şeyxlik eləyə bilər. Başına müridlər toplayıb cəmiyyətdən ayrılar, öz ruzilərini toplayıb öz mənəvi aləmləriylə də yaşaya bilərlər. Ancaq bu, bir hissəcikdi, cəmiyyət deyil. Cəmiyyət isə tələb eləyir, yaşamaq istəyir.
- Adamlar düşünmək yox, yaşamaq üçün doğulur...
- O nağıldı ki, deyəsən, mən bir dua oxuyaram, cəmiyyət dolanar. Bu, boş şeydi. Cəmiyyətin tələbatı var və o ödənməlidi. Yəni iqtisadiyyat əsasdı. Mən "tələbat ödənməlidi" deyəndə, harın-qarınlığı demirəm. O harınlığa keçiddə sən onun qarşısın almalı və üzü mənəviyyata istiqamətləndirməlisən. Maddi tələbat reallıqdı və sən bu reallıqla barışmalısan...
- Siyasətdən, hərəkat və milli azadlıq mübarizəsindən tanıdığımız Ə.Elçibəy o sadalananlardan kənar kimdi?
- Heç kim!
P.S. Bir neçə məqamda Elçibəylə mübahisəyə qatılmaq olardı. Nəticədə isə heç kim öz fikrindən, məsələlərə baxışından dönməyəcəkdi. Və mən ümid eləyirəm ki, Əbülfəz bəy bu yazını oxuyub həm mənim, həm özünün yerinə Elçibəylə mübahisəyə qatılacaq.
Pərviz
1994, Kələki
Açar sözlər: elçibəylə-söhbət
Yazar:
PARVİZ | Tarix: Avqust 26, 2008 9:56 |
müsahibə |
| Baxış sayı: 162